ÜRƏYİNİN YOLLARI İLƏ ADDIMLAYAN ŞAİRƏ

 

"İctimaiyyət və təhsil" ictimai-siyasi hüquq qəzetinin təsisçi və baş redaktoru şairə-publisist, "Əsrin ziyalısı-ilin şairəsi", fəxri diplom təltifçisi, "Qızıl qələm" mükafatçısı, Mayisə Əsədullaqızının sayca ikinci olan "Ürəyimin yolları var" kitabı haqqında mülahizələrim.

Mayisə Əsədullaqızını həm təsisçi və baş redaktor kimi, hə də qələm yoldaşımız kimi tanıyıram. Bu müddət ərzində Mayisə xanımı işgüzar, zəhmətkeş bir yazar kimi görmüşəm. Mayisənin özünün dediyi kimi, uşaq vaxtından ədəbiyyata olan həvəsi onu elə bu sahəyə möhkəm bağladı. İstər şeirlərində, istərsə də publisist məqalələrində olan səmimilik, duyğusallıq özünü bariz şəkildə göstərir. Bütün bu göstəricilər həssas şairə qəlbindən süzülüb gələn hisslərdir.

Keçən il Mayisənin "Zəfəran ətirli Bakı gecələri" ilk şeirlər kitabı işıq üzü gördü. Kitabda Vətənə, torpağa bağlılıq, Qarabağ mövzusu, insanlığa sevgi, qadına sədaqət, mərhəmət, xəyanətə nifrət və s. öz əksini tapıb.

"Ürəyimin yolları var" yeni şeirlər kitabında da şairənin ürəyindən keçən özünəməxsus hisslər öz əksini tapıb.

Mayisə Əsədullaqızına ədəbiyyata həvəsi elə öz qonşuları, ədəbiyyat müəlliməsi rəhmətlik Şükufə xanım oyatmışdı. Dediyinə görə, hələ orta məktəbdə oxuyarkən ilk şeirləri çox zəif və qısa olsa da rəhmətlik Şükufə xanım ona dəstək vermiş, yavaş-yavaş hər şeyin öz axarına düşəcəyini tapşırmışdı.

Mayisə xanıma məhsuldar və eyni zamanda keyfiyyətcə də sanballı şairə desək, yanılmarıq. Həm təsirli şeirlər yazmaq, həm gələcəyimiz olan uşaqların təhsili ilə əlaqəli, eyni zamanda ictimaiyyətimizlə bağlı təsisçisi və baş redaktoru olduğu qəzetə həm də jurnalist kimi publisist materiallar hazırlamaq, müsahibələr almaq, gəlin razılaşaq ki, hər insanın bacardığı deyil. Çünki, Mayisə Əsədullaqızı xaraktercə çox sadədi, özündən yaşca böyük həmkarlarının işinə, məsləhətlərinə həmişə hörmətlə yanaşıb, hər bir həmkarından nəyi isə öyrənməyə çalışıb. Mayisə Əsədullaqızı eyni zamanda, "İnsan və cəmiyyət" ictimai-siyasi hüquq qəzetinin neçə illərdir ki, məsul katibidir.

Bizbu ziyalı qələm yoldaşımıza şərəfli peşəsində uğurlar, can sağlığı, yeni kitabının nəşri münasibətilə təbrik edirik.

 

Əbülfət MƏDƏTOĞLU

ədalət.-2013.-23 oktyabr.-S.6.