Xeyirxahlıq əsl ziyalılıqdır

Əkbər Hüseynzadə

Yumruq boyda bir ürəyin nələrə qadir olduğunu, dünyanın, bizi əhatə edən bütöv bir aləmin orada özünə necə sığınacaq tapdığını fikirləşəndə bəzən heyrətə gəlirsən.

İnsanlar da ağaclar kimidir. Bir-birlərinə bənzəmirlər. Hər ağacın öz meyvəsi, hər meyvənin öz dadı, tamı, rəngi olur. Bax, insanlar da eləcə müxtəlif olur. Yaşadığımız həyat bizi çox insanlarla qarşılaşdırır. Hər kəs də qəlbimizdə, ürəyimizdə, xatirəmizdə bir cür qalır. İnsan var, onu xatırlayanda ürəyin gülür, qəlbin işıqlanır, ruhən yüngülləşirsən. Bəlkə də dünya elə bu cür mərhəmətli ürək sahiblərinin çiyinləri üzərində dayanıb.

Biz dünya qədər qəlbi, ürəyi olanları da görmüşük. Onlara çox vaxt seçilmişlər deyirlər. Xeyirxah əməl, xeyirxah iş, mərhəmət sahibi olmaq - bu, bir səadətdir. Atalarımızın sözüdür. O ev varlı deyil ki, orada çoxlu varidat, daş-qaş var, o ev varlıdır, zəngindir ki, orada sevgi var, məhəbbət, mərhəmət var. Böyük ürəyə sahib, elə varidatı olmaq deməkdir. "Böyük ağıl qarşısında baş əyir, böyük ürək qarşısında isə diz çökürəm" - deyimi də təsadüfdən yaranmayıb:

Gənclik, tələbəlik illərində Kamran Hüseynovla (vaxtiylə Azərb.SSR Nazirlər Sovetinin sədr müavini olmuş, müxtəlif məsul vəzifələrdə çalışmış, əsil xalq adamı, əsil vətəndaş olan şəxsiyyət) tez-tez görüşərdim. Atamın dostu olmuşdu. Mən əsil ziyalılığı, vətənpərvərliyi, şəxsiyyət bütövlüyünü bu insanda görürdüm. Ensiklopedik biliyə, fövqəl yaddaşa malik olan Kamran müəllimi tanıyanlar onun xeyirxahlığını, onun yaxşılığını unuda bilərlərmi? Əsil xalq adamı bax belə şəxsiyyətlərə deyərdim. Belələri Azərbaycanın tarixində çox olub və onlar heç vaxt unudulmayıb. Neçə illər, qərinələr keçsə də belə insanlar xalqımızın yaddaşında yaşayacaqlar. Deyirlər, ölməz o adamdır ki, ondan sonra vətən üçün böyük və faydalı yadigarları qalır. Onlar bu əbədiyyəti özləri qazanır. Öz parlaq, nurlu əməlləri ilə. Bir də ki, axı biz kim üçün yaşayırıq. Hamı bir ömrə borcludur. Həyat, dünya isə əbədidir?!. Əgər mənə sual olunsa ki, həyatda nədən zövq alırsan, düşünmədən deyərdim: - Xeyirxah olmaq, kimsəyə əl tutmaq, təmənnasız yaxşılıqlar etmək, köməyə ehtiyacı olanların yanında olmaq... Əgər şam yanması ilə yaşayırsa, insan da əməlləriylə, etdikləri yaxşılıqlarla yaşayır. Şair dostumuz Tapdıq Əlibəyli demişkən: "Bu dünyadan iki şey aparırıq, rəhmət və lənət".

 Həyatda təsadüfi tanış olan, ancaq o tanışlıq dostluğa, belə desəm, bir doğmalığa dönən insanlar az deyil. Adil Teymurov, Əlyar Əsgərov, Azər Hətəmov, Bilman Vəliyev və s. Bu siyahını uzatmaq da olar, ancaq söhbət kimisə tərifləməkdən, onun reklamından getmir, söhbət bu insanların nə xoş ki, bu gün həyatda olmasından, varlığından gedir. Xeyirxahlıq təkcə o deyil ki, sən kiminsə ehtiyacını ödəyəsən, kimsəyə əl tutasan, yardım edəsən. Doğrudur, yeri gələndə bunlar da gərəkdir, ancaq xalqının, millətinin rəhbərlik etdiyin kollektivin dərd-sərinə şərik olmaq, nəyəsə yarımaq bu, başqadır. Bəzən bu insanlarla görüşüb söhbət edəndə sanki dincəlirsən, içərində bir rahatlıq, təskinlik tapırsan.

Hər kəsin həyatda öz yeri var və hər kəs öz ömrünü yaşayır. Heç kəs heç kəsə görə cavabdeh deyil. Bizi yaşadan iki cəhəti - yaxşılıq və pisliyi də məhz insan özü seçir.

Xeyirxahlıqda bir ziyalılıq, işıqlıq var. Bu işıq gərək insanın öz qəlbində, ürəyində, canında, qanında olsun.

Redaksiyamıza vaxtı ilə müxtəlif vəzifələrdə çalışmış, çox hörmət, izzət sahibi olmuş bir qələm sahibi gəlmişdi. Bu gün isə onun çətinlik içərisində yaşaması hiss olunurdu. Gündəlik çörək almağa belə çətinlik çəkən həmin adamın bircə arzusu vardı - qoltuğuna vurub gəzdirdiyi əlyazmalarını, nəyin bahasına olursa-olsun, çap elətdirmək.

Nimdaş geyimli, yazı-qışı eyni geyimdə keçirən bu insana yardımçı ola bilmədim. Özümü qınasam da, ancaq neynəyim? Söz yox, indi yazı-pozu zamanı deyil, hər şeyi hörmətdən salıblar, yerindən duran yazır. Belələri yazı-pozu sahiblərini də, kitabı da hörmətdən salıblar. Ancaq biz mətbuatımızın, kitabımızın üstündən xətt çəkə də bilmərik. Kimə müraciət etdiksə "bəhanə" eşitdik.g

Əlbəttə, bütün bunlar xeyirxahlığın tükəndiyindən xəbər vermir. Ancaq xeyirxahlığımızı da bezdirməməliyik, biz çox,  onlarsa azdılar...

Türkiyə kanallarının birində "Kimsə yokmu" adlı proqram yayımlanırdı. Çox maraqlı idi, insanların bir-birinə necə sayğı ilə, mərhəmət hissi ilə yaşandıqlarını, bir-birlərinin dərdlərinə neçə yardımçı olduğunu görəndə ürəyin dağa dönür ki, kaş bunlar bizdə də olaydı. Kaş bizdə də onların sayı çox olaydı. Axı onların bu dünyada varlığı hər kəs üçün gərəklidir, desəm yanılmaram.

Tanınmış alim Zərifə Əliyevanın həyat yolu çoxlarına tanışdır. Onun xeyirxah, əsil ziyalı olduğunu da çoxları bilir. Bu yerdə bir tələbənin xatirəsini oxucularla bölüşmək istəyirəm: - "Zərifə Əliyeva Moskvada xəstə yatanda belə soydaşlarımızla maraqlanırdı. Ona baş çəkən alimlərdən birinə üzünü tutub: - Uşaqlara kömək et, qoy onlar müdafiələrin Moskvada etsinlər. Çətinlikləri olanda kömək elə..."

Eşq olsun bu böyük ürək, qəlb sahibinə... Dünya nemətlərinin şahı olan canın ağrısında belə yaxşılıq etməkdən, kiminsə dərdinə şərik olmaqdan belə usanmır:

İndi təhsil pulludur. Təbii ki, bu, dünya prosesinin bizə etdiyi diktədir. Ancaq gəlin görək hər ödənişli təhsilə düşən tələbə oxuya bilirmi? Neçə-neçə savadlı, bəlkə də gələcəyin ən qiymətli mütəxəssis ola biləcək uşaqlarımız, maddi mkan ucbatından təhsilini yarımçıq qoyub uzaqlaşmışlar. Mən özüm də bu çətin prosesin şahidi olmuşam. Ali məktəbin ödənişli təhsilinə düşən qızımın təhsil haqqını heç cürə ödəyə bilmirdim. Ancaq o uşaq oxumalıdır, - deyib öz mərdliyini, xeyirxahlığını göstərənlər tapıldı. Söz yox ki, bu yaxşılıq mənim üçün olduğuna görə belə deyirəm. Mən, eləcə də ailəm bu təmənnasız yaxşılığı unuda bilmərik.

Bu dünyada özünü əbədi bilib haram varidat əldə edənlər lazımsız, yeri gəldi, gəlmədi, ətək-ətək pul xərcləyənlər qoy heç olmasa, bircə dəfə nəfislərinə "stop!" desinlər. Axı yaşayış tək bizimlə bitmir...

2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələ hamımızın yaxşı yadındadır. Küçələrə qaçıb canını ölümün pəncəsindən qurtarmaq niyyətli insanların hamısı eyni görkəmdə idi, hər kəs evdən əli boş çıxmışdı. Və hər kəs üzünü Ulu Tanrıya tutub, ondan imdad diləyirdi. Mərhəmətlisi də, mərhəmətsizi də, Alahını tanıyan da, tanımayan da. Hamı eyni idi...

İnsan var ki, onunla bir binada, bir həyətdə yaşadığına, hər gün rastlaşdığına, eyni hava udduğuna görə təəssüf hissi keçirirsən, əsəbiləşirsən, özün-özünə acığın tutur və s.

Neyləmək olar, belələri də yaşamalıdır. Həm də deyiblər ki, pis olmasa, yaxşının qədri bilinməz. Bir də düşünürsən, axı, niyə biz yaxşıları qoyub, pisləri yada salırıq...

Dünya varının dünyada qaldığını, heç kəsin bu dünyadan heç nə aparmadığını yaxşı bilirik, anlayırıq, görürük, dərk edirik. Varidat sahiblərinin sanki varının keşikçisi olduğunu da görmüşük, dünyanı talayıb əli dünyadan boş gedənləri də... Dünyanı tərk edən kimi unudulub, yox olanları da.

Həyat yaşamaq, nə qədər gözəl olsa da, ona zinyət verən insandır. İnsan bir-birinin həyatını cənnətə də döndərər, cəhənnəmə də. Bəzən Bakı şəhərinə baxıram. Elə ərazi var ki, sanki o yerdə biz nə vaxtsa düşmənə təslim edəcəyik. Adama elə gəlir ki, yəni sabah Bakını boşaldacağıq. Bir insan yeri nə qədər qazar, nə qədər talayar, yaşıllığı nə qədər məhv etmək olar?! Tanrının bəxş etdiyi təbii gözəlliyi korlamağa, məhv etməyə heç kəsə haqq verilmir. Ancaq bir qrup simasız məmur var ki, öz şəxsi məqsədləri, öz acgözlükləri ilə nəinki təbiəti, hətta, insanları da məhv edir, onların yaşam tərzinə zəhər qatır. Özü də bu şəhərdə yaşayan bu bədbəxt, bədxah insanın ağılı onu kəsmirmi ki, təbii gözəlliyi məhv etmək böyük qəbahətdir. Miras yığmaq, haram varidat toplamaq bu bədbəxtin həyat amalına çevrilib. Sonu isə qızıl teştə qan qusmaq olur. Heç kəsə, heç nəyə yaramayan, vəzifə gücünə həyatımızı zəhərləyən bu tiplərə qarşı barışmaq olmalıyıq. Belə tiplər bizim yaşamaq eşqimizi məhv edir, həyatı gözümüzdən salır.

Atalarımız onu da deyib ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Adam var, hansısa bir kasıba bir kisə un, yaxud 2 kq şəkər tozu aparanda, reklam xatirinə bütün mediyanı ora dəvət edir...

Bəli, doğma elinə, obasına, böyüyüb boya-başa çatdığı kəndinə yardımçı olanlar bu gün də az deyil.  Sökülmüş bir bulağın, uçulub dağıdılmış körpünün, yolun, daha nələrin əzabını çəkənlərin yeri əl cənnətdir, deyərdim. Elə cənnəti də gərək bu dünyada qazanasan.

Yaponiya sunamisindən sonra mağazadan çörək alan qadına "nə qədər istəsəniz alın" - deyən satıcıya, "bir dənəsi bəsimdir, axı məndən sonra da çörək alanlar olacaq" cavabı çoxlarının yadındadır. Küçədən tapılan pulları insanlar qaytarıb banklara, polis bölmələrinə təhvil verirdilər: Eşq olsun belə xalqa, heç olmasa dünya gör-götür dünyasıdır. Nəyisə əxs eləmək lazımdır. Vallah.

Ədalət.-2013.-18 aprel.-S.7.