Saatlı rayonu Prezidentin etimadını doğrultdu

 

Bütün ölkə, eləcə də rayonların sosial-iqtisadi inkişafı ilə bağlı görülən tədbirlər öz nəticəsini verməkdədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara silsilə səfərləri də bu işlərin uğurlu nəticəsinə həsr olunmuşdur.

29 avqust 2013-cü ildə Saatlı rayonuna səfər edən Prezident İlham Əliyev Qarayevkənd-Sımadakənd avtomobil yolunun çəkilişində iştirak etmişdir. Qeyd edək ki, yerli əhəmiyyətli avtomobil yolu müasir səviyyədə tamamilə yenidən qurulmuşdur. Azərbaycan Prezidentinin "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 16 iyul tarixli sərəncamına əsasən 44 min nəfərin yaşadığı 12 məntəqəni birləşdirən Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdır. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdırmışdır. Sonra Prezident Bayraq Meydanı və muzeyin açılışında iştirak etmişdir. İnşasına 10 may 2013-cü ildə başlanan Bayraq Meydanı tez bir zamanda sakinlərin ixtiyarına verilmişdir. Şəhərin giriş hissəsində yerləşən meydanda 82 metr hündürlüyündə bayraq dirəyi ucaldılmış, uzunluğu 24, eni 12 metr olan dövlət bayrağı asılmışdır. Kompleksin ərazisində qurulan 2 metr hündürlüyündəki 4 postamentin üzərində Azərbaycanın metaldan tökülən xəritəsi, dövlət gerbi, Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyi barədə sözləri və Azərbaycanın Dövlət Himninin sözləri həkk olunmuşdur. Meydanın ətrafında orta əsrlərin memarlıq ənənələrinə uyğun qala tipli daş hasarlar, eləcə də tağşəkilli hasarlar hörülmüşdür. 3 qədim qala qapısı da meydana xüsusi gözəllik verir.

Ümumi sahəsi 124 kvadrat metr olan Bayraq Muzeyinin aypara şəkilli binası sərgi və iki köməkçi otaqdan ibarətdir. Muzeyin "Azərbaycanın tarixi dövlətləri" adlı bölməsi Manna dövlətindən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinədək olan dövrü əhatə edir. Papirus formasında asılmış 5 hissədən ibarət bölmədə Azərbaycanda mövcud olmuş tarixi dövlətlər və onların rəhbərləri, dünya mədəniyyətinin inkişafına töfhə vermiş mədəniyyət və incəsənət xadimlərimiz, ziyalılarımız, Azərbaycan xanları, Azərbaycan Xalq Cümhuriyyətinin generallarının rəsmləri yer almışdır. Ulu Öndər Heydər Əliyevə həsr olunan bölmə isə "İstiqlal! Tam və Mütləq Qələbə" adlanır. Muzeyin divarlarında həmçinin, ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizlə bağlı tarixi kəlamları, bayraq haqqında dediyi sözlər həkk edilmişdir.

Daha sonra İlham Əliyev Saatlı rayon Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir. 2012-ci ilin dekabrında inşasına başlanan kompleksin tikintisi məqsədilə "Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon manat, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat vəsait ayrılmışdır. Burda bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.

Kompleksin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmış, layihə-smeta sənədləri "Sosial İnkişaf Layihə" MMC tərəfindən hazırlanmışdır. Layihəyə əsasən ümumi sahəsi 3340 kvadrat metr olan universal idman zalında 432 oturacaq vardır. 400 tamaçaşı yarışları lojadan izləyə biləcəkdir. Bu ilin sonuna kimi 900 yerlik açıq stadion, tennis kortu, basketbol meydançasının tikintisi yekunlaşacaqdır. "Sizi ürəkdən salamlayıram. Saatlıda olimpiya mərkəzi açılır, gözəl hadisədir. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Gözəl mərkəzdir və idmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm ki, gənclər bu məktəbdən səmərəli şəkildə istifadə edəcəklər". Bu sözlərin müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm də saatlılılara olan inam və rəğbətini ifadə etmişdir. Elə 31 avqust 2013-cü ildə İlham Əliyevin imzaladığı "Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" buna bariz nümunədir. Prezident Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Saatlı rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayırmışdır.

 

Hər bina bir yadigardır

Buna qədər isə Saatlı rayonu doğrudan da yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Rayonda görülən irihəcmli işlər sakinlər və qonaqlar tərəfindən rəğbətlə qarşılanır. Rayon mərkəzinin və kəndlərin abadlaşdırılması istiqamətində tədbirlər indidavam etdirilir. Saatlı şəhərinin mərkəzi hissəsi tamamilə yenidən qurulmuşdur. Təkcə ötən 6 ayda Heydər Əliyev prospektinin, başqa küçə və meydanların abadlaşdırılması məqsədilə 4 min kub metr torpaq daşınmış, aqlay materiallardan olan balyastivlar quraşdırılmaqla 110 metr məhəccər düzəldilmiş, 9 ədəd müasir tipli dirəklər qoyulmuşdur. Prospekt boyu asfalt yoldan su, işıq, qaztelekommunikasiya xətləri keçirmək üçün 190 metr keçid polietilen borularla düzəldilmişdir.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

ədalət.-2013.-20 sentyabr.-S.3.