İmişlinin sabaha inamı daha böyükdür

(Əvvəli ötən sayımızda)

 

Lakin İmişli rayonunun əsas iqtisadiyyatını kənd təsərrüfatı təşkil edir. "Xalq sözü" qəzetinin redaktoru Səməd İsmayılovla da söhbətimiz bu barədədir. O rayonun kənd təsərrüfatı haqqında çox səmimi və ürəklə danışır:

- 2013-cü ilin I yarısında heyvandarlıq və quşçuluq sahəsinin inkişafı təmin edilmişdir. Mal-qaranın sayını 89785 başa çatdırmışıq. Xırda buynuzlu heyvanların sayı da xeyli artaraq 239074 baş olmuşdur. Quşçuluğa da ayrı fikir vermişik. Nəticədə 1284094 say əldə edə bilmişik. Müqayisə üçün deyim ki, iri buynuzluların sayı bu il 1874 baş, xırda buynuzlular 5400 baş ötən ilin müvafiq dövrü ilə müqayisədə artıq olmuşdur. Ət istehsalı diri çəkidə 5217,6 ton, süd istehsalı 22777,5 ton, yumurta 48908,4 min ədəd, yun istehsalı isə 296,6 ton olmuşdur. 01 iyul 2013-cü il tarixə kimi 10757 hektar sahədə buğda, 5199 hektar sahədə arpa, 345 hektar sahədə kartof, 342 hektar sahədə bostan, 486 hektar sahədə tərəvəz, 308 hektar sahədə dən qarğıdalı, 1535 hektar sahədə pambıq, 611 hektar sahədə isə şəkər çuğunduru əkmişik. Nəticədə, 12437 ton arpa, 23295 ton buğda məhsulu əldə etmişik. 2899,6 ton kartof, 2188,6 ton tərəvəz də bu ilin birinci yarısında tədarük edilmişdir.

Haqqında danışdığımız müddət ərzində rayon Aqroservis filialı tərəfindən 248 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşquları fermerlərə servis xidməti göstərmişdir. Onlara güzəştli qiymətlərlə 487,95 ton amonium-nitrad gübrəsi satılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaqmotor yağlarına görə kompensasiyanın ödənilməsi üçün sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə göndərilmişdir.

2013-cü ilin ilk yarısında "MelorasiyaSu Təsərrüfatı" ASC-nin yerli idarələri tərəfindən kollektorlarda 122,5 kilometr, suvarma kanallarında isə 210 kilometr lildən təmizlənmə işləri aparmışıq. Rayonun uğurları çoxdur. Bu uğurların qazanılmasında İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin rolu çox böyükdür. Əl-ələ verib işləyirik ki, sabah daha yaxşı yaşayaq.

Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrini də unutmamışıq. 550 məcburi köçkün ailəsinin fərdi yaşayış evlərinin tikintisi üçün Bəhrəmtəpə qəsəbəsində 100 hektar torpaq sahəsi ayırmışıq. İndi 325 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin və 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binasının tikintisi başa çatdırılmışdır. 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqəsinin tikintisi bu günlərdə yekunlaşacaq. Müvəqqəti qonağımız olan köçkün ailələri də torpağa bağlı olan insanlardır.

Qəzet redaktorunun kənd təsərrüfatı işlərini belə dərindən bilməsi xeyli ürəkaçan oldu.

Rayon prezident seçkilərinə çox ciddi hazırlaşır

Vaxt tapıb İmişli rayonunda qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı işlərin gedişi ilə maraqlandım. Məlum oldu ki, ölkə həyatında çox önəmli yer tutan prezident seçkilərinə İmişli rayonunda çox ciddi hazırlıq gedir. Küçə meydanların müəyyən hissələrində prezidentliyə namizədlərin şəkilləri asılmışdır. Seçki ilə bağlı plakatlar da seçiciləri 9 oktyabr 2013-cü ildə keçiriləcək seçkilərdə daha fəal olmağa çağırır.

İmişli rayonunda 2 dairədə - 79 və 80 saylı dairə seçki komissiyalarında, ümumilikdə 64235 nəfər seçici bu siyasi kompaniyada iştirak edəcək. 38811 nəfər seçici 43 məntəqədə 79 saylı dairə seçki komissiyasında, 25424 nəfər seçici 30 məntəqədə 80 saylı dairə seçki komissiyasında bu siyasi kompaniyaya qoşulacaqlar. 79 saylı İmişli rayon, 80 saylı İmişli-Beyləqan dairə seçki komissiyalarında, ümumilikdə yaşı yüzü haqlamış 17 nəfər də seçkilərdə öz seçimini etmək imkanı əldə edəcək. 79 saylı dairənin 8 saylı məntəqəsi rayon mərkəzindəki Həsən Şirinovun adını daşıyan 5 nömrəli məktəb-liseydə yerləşir. 2013-cü ildə təmir edilmiş məktəbin səliqə-səhmanı, yaşıllığı, geniş meydançası diqqəti cəlb edir. Məntəqə sədri Validə Ziliş qızı Zülfüqarova həm də bu məktəbin direktorudur. Məktəbin səliqəli və böyük idman zalında 1301 nəfər seçici üçün gözəl şərait yaradılmışdır. Seçici siyahılarından tutmuş anauşaq otaqlarına qədər hər şey yerində idi. Səsvermə guşələri, qutular səliqə ilə öz seçicilərini gözləyir. Validə xanım bildirdi ki, 6 nəfərdən ibarət olan 8 saylı məntəqədə seçicilərin səs verməsi üçün bütün qabaqlayıcı tədbirlər görülmüşdür. Hətta hər ehtimala qarşı yanacaqla işləyən generator da məntəqədə öz yerini almışdır.

79 saylı dairənin 7 saylı məntəqəsi rayon mərkəzi kitabxanasında qərarlaşıb. 905 nəfər seçicisi olan bu məntəqənin də 6 nəfər üzvü var. Seçki məntəqəsinin katibi, kitabxananın xidmət şöbəsinin müdiri Kamilə Ələkbərova bildirdi ki, bu il bu məntəqədə 10 nəfər seçici ilk dəfə səs verəcək. Təbəssümlə əlavə elədi ki, çox təəssüflər olsun ki, yaşı yüzdən yuxarı olan heç bir seçicimiz yoxdur.

Burda da səsvermə üçün bütün şərait göz önündə idi. Seçki qutuları, səsvermə üçün yerlər artıq hazırdır. Seçici siyahıları da artıq dəqiqləşmək üzrədir. Kamilə xanım bildirdi ki, məntəqəni əhatə edən yaşayış massivində məntəqəyə gələ bilməyən seçicilər də nəzərə alınmışdır. Beləcə, bir payız günü İmişli rayonunun sakinləri ilə görüşümüzdən, müşahidələrimizdən belə qənaətə gəldik ki, rayonun daha işıqlı sabahları hələ qabaqdadır.

 

Səxavət Məmmədli

ədalət.-2013.-27 sentyabr.-S.3.