Dağlarda görüş

 

Deyirlər, gedilməyən yol insanların çox olduğu vaxtlarda belə kimsəsizdir. Bizim getdiyimiz yol isə həmişə haqq yolu olub. Odur ki, biz bu yolu seçmişik, özü də mənən, qəlbən sevə - sevə. Ona görə də bu yol heç vaxt kimsəsiz ola bilməz. Sadəcə, təəssüf ki, zamanın bizə göndərdiyi əlamətləri dəyərləndirə bilmədik. Sən demə, atdığımız hər bir addım fövqəltəbii güc tərəfindən izlənirmiş. Bəs biz nə edirik? Bu addımları atdıqca durmadan vaxtı öldürməkdən danışırıq. Lakin dərk etmirik ki, vaxt özü bizə sitəm edir, getdikcə itiririk - Canımızdan əziz müqəddəs torpaqlarımızı, ulu dağlarımızı itirdiyimiz kimi.

...İtki ağır dərddir, gözün həmişə nəyisə, kimisə axtarır. O da ola torpaq itkisi, yurd həsrəti. Ağırdır, çox ağır. İndi o yurd haqqında keçmiş zamanda danışmaq xüsusilə ağır gəlir bizlərə.

Böyük anlamımda vətənpərvərlik - Vətənini və xalqını sevənlərin hiss və duyğularını özündə təcəssüm etdirən bir kriteriyadır. Ümumiyyətlə, haradan başlayır Vətən? Vətən - ana saçının ətrindən, doğma evin tüstüsündən, torpağın, dağ çiçəklərinin rayihəsindən, kəndin cığırından, qoyun-quzusundan, xalqın qeyrətli oğullarının qəhrəmanlığından, istəyindən, elə məhəbbətindən, o müqəddəs məkanlara, milli-mənəvi dəyərlərə rəğbətindən, ulularımızın bizə yadigar qoyub getdiyi abidələrdən başlayır Vətən!

...Getdik, gördük. Döyüş bölgəsinə, Füzuli rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəyə səfərimiz, ordumuzun cəsur əsgər və zabit heyəti ilə görüşlərimiz, xidmət mövqelərində, xüsusi ilə düşmənlə üzbəüz ön mövqelərdə görülmüş tədbirlər, əsgəri intizam, məsuliyyət, əsgər və zabitlərimizin yüksək döyüş ruhu, düşməni daim, gecə-gündüz nəzarət altında saxlamaları, gələcəkdə ildırım sürətli döyüş əməliyyatlarının müvəffəqiyyətlə başa çatdırılması üçün hərbi hazırlıq tədbirləri bizi həmin qənaətə gətirdi.

...Qarabağ uğrunda döyüşlər xain qonşuların xəyanəti ilə baş tutdu. Bir-birinə daş atmaqla başlanan qarşıdurmalar silahlı toqquşmaya çevrildi. Dövlət tərəfindən heç bir lazımi köməklik görməyən Qarabağın digər bölgələri kimi Füzulilər də silaha sarıldılar, 11 özünümüdafiə batalyonları yaradıldı. Əhali bu tədbirlərdə fəal iştirak edirdi. Bu mənada vətənpərvərlik ruhu o vaxt daha yüksək olsa da, amma bununla bərabər o zamanlar vahid komandanlıq yox idi. Komanda heyətinin əksər hissəsi kifayət qədər hərbi biliyə malik olmayan vətənpərvərlərdən ibarət idi. Ayrı-ayrı dəstələrsə müxtəlif partiyalara və şəxslərə xidmət edirdilər. Ona görə də rayonun müdafiə sistemində boşluq var idi. İlk döyüşlər həmsərhəd olan Qaradağlı, Xatunbulaq, Çəmən, Qacar, Cəmilli, Aşağı və yuxarı Divanalılar, Govşad, Dilağarda, Aşağı və yuxarı Veysəlli kəndləri uğrunda başlandı. Füzuli şəhəri isə hər yerdən müntəzəm olaraq raket, top atəşinə tutulurdu. Müxtəlif siyasi qüvvələr tabeçiliklərində olan müdafiə dəstələrini çəkib apararaq, respublikada hakimiyyət uğrunda mübarizəyə qoşmuşdular. Ona görə də rayonların müdafiəsində ciddi boşluqlar yarandı. Bunun nəticəsiydiki rayonun dağlıq ərazidəki kəndləri, eyni zamanda Füzuli şəhəri bir neçə ay ərzində erməni-rus birləşmələri tərəfindən işğal olundu.

Respublikamızın həyatında siyasi yenilik baş verdi. Ulu Öndərimiz Ali Baş Komandan Heydər Əliyevin səyi nəticəsində Azərbaycan ordusu bütün cəbhə boyu düşmənin hücumlarının qarşısını alaraq əks hücuma keçib Horadiz qəsəbəsi də daxil olmaqla Füzulinin 22 kəndini işğaldan azad etdi.

 

El ağsaqqalı Eyvaz Aslanov:

- Nə yaxşı ki Azərbaycan öz dövlətçiliyini bərpa edə bildi. Heydər Əliyev cənablarının apardığı böyük ordu quruculuğu və təşkilatçılığı sayəsində xalqımızın üzərinə azadlıq günəşi doğdu. Heydər Əliyev siyasi kursunu inamla davam etdirən hörmətli prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları, Azərbaycan ordusunun inkişaf etdirilməsi, müasir hərbi texnika ilə təchizatı, mütəxəssis komanda heyətinin təmin edilməsi, ölkədə vahid ordu sisteminin daha da möhkəmləndirilməsi üçün böyük tədbirlər həyata keçirdi. Bu hamımızı ,xüsusi ilə cəbhə bölgəsində yaşayanları ruhlandırdı, el-obamız bu qayğıdan daha da həvəsləndi, quruculuq işləri genişləndi.

... Faktlar göstərir ki, Qarabağ uğrunda döyüşlərdə respublikamızın 880 yaşayış məntəqəsi işğal olunmuşdur. Tebii ki, itirilmiş hər bir kənd, hər bir qəsəbə, hər bir şəhər, itirdiyimiz hər bir ocaq yeri xalqımızın faciəsidir. Füzuli rayonunda bu döyüşlərdə 6000 nəfərdən çox insan iştirak edib. Bunlardan 1000 nəfərdən çoxu şirin canından keçib, şəhid olmuşdur, 150 nəfərdən çox insan müxtəlif dərəcəli əlil olmus, 100 nəfərdən cox itkin düşmüşdür. Qəddar erməni təcavüzi nəticəsində, 36361 nəfər uşaq zərər çəkib, onlardan 1550 nəfəri yetim qalıb. Bu rəqəmlər özü deyir ki, füzulilər düşmənlə qarşı-qarşıya mübarizədə böyük çətinliklərə sinə gərmişlər. Kənd-kənd, oba-oba talan edilib, oda qalanan Füzuli rayonunun böyük bir ərazisi 1993-cü ilin avqustun 23-də erməni-rus hərbi birləşmələri tərəfindən işğal olundu. Hazırda 51 kənd və rayon mərkəzi ermənilərin tapdağı altındadır. 55000-ə yaxın füzulili qaçqın və məcburi köçkün həyatı yaşıyır. Mərkəzi Horadiz şəhəri olan Füzulinin 73 kəndindən yalnız 22-si ordumuz tərəfindən qorunur. Onun da böyük əksəriyyəti 1993-cü ildə düşmənlər tərəfindən darmadağın edilərək yandırılmış, ərazidə olan tarixi abidələrimiz yerlə-yeksan edilmişdir. Nə yaxşıkı dövlət qayğısı və yerli əhalinin köməkliyi sayəsində həmin kəndlərdə həyat yenidən öz axarına düşüb.

Düşmənin işğal etdiyi hər bir kənd, qəsəbə talan olunub yerlə-yeksan edilib, xarabalığa çevrilmişdi. Horadiz qəsəbəsi daxil olmaqla Araz boyunun bir çox kəndləri də yaşamaq üçün yararsız idi. El oğulları, işğaldan sonra heç güzarınız doğma yurda düşübmü? Qanlı döyüşlərdən sonra xarabalığa çevrilmiş bu yerlər indi çiçəklənən gülüstanı xatırladır. Çinarlaşan yollar səni gədikdən aşırır, Araz ovalığı boyu elin xoş ətrini duyursan. Qarabağın Füzuli bölgəsinin özünə məxsus payız gözəlliyi insanı valeh edir. Qövsü-quzeyi xatırladan bağ-bağatın xınalı rəngi insanın ruhunu oxşayır. Çatırsan yolqovuşana, tanınmaz olub, ətraf genişlənib, sınıq-salxaq köşklər, vaxtilə nizamsız tikilmiş dükan-bazarın indi səliqə-səhmanı var. Şəhər tipli binalar, istirahət guşələri, əhalinin yaşayıb-işləməsi, alış-verişi üçün lazımi şərait yaradılıb. Dağların qoynunda tikinti-quraşdırma işləri aparılan su elektirik stansiyasında canlanma nəzərə çarpır. Ətraf kəndlərin, yeni yaşayış məskənlərinin də görkəmi dəyişib, səliqə-səhman hər yerdə hiss olunur. Rayonun Qayıdış və Zobcuq qəsəbələrində 4300 qədər ev tikilib, 20000 nəfərə qədər rayon əhalisi hər birinin geniş həyətyani və əkin sahələri olan gözəl yaşayış binalarında məskunlaşmışlar.

...Rahat yollar boyu səliqə-səhmanlı əkin-biçin sahələri qurtarmamış, Horadiz şəhərini ünvanlayan yolgöstəricisinə çatar-çatmaz özgə aləmə düşürsən. Keşikdə dayanmış əsgər kimi cərgələnmiş, müasir şəhərsalma üslubu, zövqlə əkilmiş həmişəyaşıl ağacların yaratdığı xoş mənzərə Avropa ölkələri şəhərlərini xatırladır. Qısa müddətdə belə möhtəşəm işlərin görülməsi könül oxşayır. Hiss edirsən ki, əsil şəhərə daxil olursan. Yaradılmış infrastruktur, Horadiz şəhərinin inkişafı, burada aparılan quruculuq işlərindən soraq verir. Nəğməli suları ürəkləri fəth edən Xan Arazın ləpədöyənində yerləşən Horadiz şəhərinə yaxınlaşdıqca, yol boyu yaradılmış səliqə-səhman, müxtəlif ağaclardan salınmış yaşıllıq zolaqları, hər yerdə qaynayan tikinti-quruculuq işləri göz oxşayır. Vaxtı ilə bir qəsəbə kimi tanınan, düşmənin işğalından sonra xarabalıqları xatırladan Horadizdə aparılmış abadılıq işləri bu yerlərin hüsnünü xeyli dəyişib. Görülən böyük kompleks tikinti, abadlıq, yaşıllaşdırma, işıqlandırma, estetik zövq verən, milli ornomentli bəzək işləri müasir şəhərsalma qaydalarının son nailiyyətləri əsasında aparılır.

Regionların İnkişaf Proqramı uğurla icra edilir. Camaat bu qənaətdədir ki, ölkəmizin əldə etdiyi bu uğurlar məhz Respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində qazanılmışdır, həm də bu qələbələrin dinamik şəkildə inkişaf edəcəyinə hər kəsin böyük inamı vardır. Ölkəmizdə gedən inkişaf bütün sahələri əhatə edir və həmçinin respublikanın bütün regionlarında özünü bariz şəkildə göstərir. Ölkə rəhbərinin siyasi dəst-xəttinə sadiq olan füzulilər də rayonun ictimai-siyasi həyatında dinamik inkişafa nail olmuşlar.

Bu gün xüsusi ilə cəbhə bölgəsində olan rayonların inkişafına, düşmənlə üzbə-üz mərdliklə dayanan, ordumuza arxa və dayaq olan, Azərbaycan dövlətçiliyinə daim öz töhfələrini vermiş, özünəməxsus qədim tarixi və əmək ənənələri olan Füzuli rayonuna göstərilən böyük qayğı və diqqət öz bəhrəsini vermişdir.

Bu günlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Tele-radio Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə lahiyəsinə uyğun olaraq, bir qrup yazıçı və şairlər, eləcə də incəsənət ustaları bu günlərdə döyüş bölgəsi olan Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissənin qonağı olmuşdur. AYB-nın mətbuatla əlaqələr şöbəsinin rəhbəri, şair Ədalət Əsgəroğlu, yazıçı-publisist Oqtay Əliyev və Asif Cəfərli, şairlərdən Oqtay Rza, Musa Ələkbərli, Məmməd İlqar, Əlamdar Quluzadə, Sabir Sarvan ön döyüş mövqelərinə gedərək əsgərlərlə görüşlərdə çıxış etmiş, onların məişət şəraiti ilə yaxından tanış olmuşlar.

...Vətənpərvərlik ruhunun yüksəldilməsi, xüsusi ilə xalqın Qarabağ kimi taleh yüklü məsələdə çox vacib şərtdir. Bizim qəhrəman oğullarımız ermənilərlə döyüşlərdə çox böyük şücaət göstərirdilər. Füzulidə 9 Milli Qəhrəman var. Salatın Əsgərova, Rasim İbrahimov, Pəhlivan Fərzəliyev, Seymur Məmmədov, Nazim Quliyev, Bəşir Kərimov, Elxan Zülfüqarov, Faiq Rəfiyev və başqaları. Amma burda qəhrəmanlığa layiq olan, mən deyərdimki nə qədər döyüşlərdə iştirak eliyənlər varsa Azərbaycan xalqının qəhrəman oğullarıdır. Azərbaycanın ilk qırıcı-bombardımançı təyyarəçisi Adil İsmayılov, cəsur döyüşçülərdən Qeyrət İbişov, Ərzanalı Ərzanalıyev, Ağabala Quliyev, Xankişi Kərimov, Əbülfət Əliyev, Şikar və Azər Qara oğulları, Adil Quliyev, Çapar Həsənov, Yusif və Adil İmanov qardaşları, tağım komandiri Seymur Əliyev, Ernest Hüseynov, Yavər İsgəndərov kimi yüzlərlə başqalarının adını çəkə bilərəm. Xalqın qeyrətli oğullarının göstərdikləri böyük qəhrəmanlıqlar məhz onların yüksək vətənpərvərlik ruhundan irəli gəlirdi.

Bütün bunlar barədə hazırda Füzuli rayonu ərazisində düşmənlə üzbəüz mövqe tutmuş əsgərlərimizə ətraflı məlumat verildi və döyüş bölgəsində olan camaatın qorunması sahəsində onların üzərinə düşən şərəfli vəzifələr bildirildi.

Baş çavuş S. Cavadov, K. Rəfiyev, X. Quliyev və bir çox başqaları düşmənin təxribatçı qüvvələrinin dəf edilməsində fəal iştirak etmişlər. Tabor komandiri Z. Xudiyev iftixarla dedi:

- Ordu qüvvələri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıb. Düşmən tərəfin hər bir hərəkəti diqqətlə izlənilir. Yüksək döyüş ruhu olan əsgərlərimiz Azərbycanın bu qədim diyarının camaatının keşiyində dayandıqları üçün böyük məsuliyyət hiss edir, qürur duyurlar.

Hörmətli prezidentimiz İlham Əliyev cənablarının xalqın, xüsusilə gənclərin vətənpərvərlik ruhunun gücləndirməsi barədə tapşırığı vacib məsələdir. Çox arzulayardım ki, bütün mətbuatda vətənpərvərlik mövzusunda vaxtaşırı çıxışlar olsun. Radio, televiziya, dövrü mətbuat Qarabağ kimi taleyüklü məsələsi olan xalqımızın hərbi-vətənpərvərlik tərbiyəsinə geniş diqqət yetirsinlər. Çünki sözün böyük qüdrəti var. Sözün qılıncdan iti kəsəri, gül kimi zərif lətafəti var. Deyirlər söz sərkərdədir, insanı idarə edir, yaxşı işlərə doğru yönəldir, zirvələr fəth etməyə, qrub-yaratmağa ruhlandırır. Doğrudur, qəzetlərdə, tele-radio şirkətleri vasitəsi ilə aparılan hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı verilişləri hazırlanır. Arzu edərdik ki, bizim bütün televiziyaların, dövrü mətbuatın, redaksiyaları, əqidəcə hansı mövqedə dayanmağından asılı olmayaraq, vətənpərvərlik mövzularına geniş diqqət yetirsinlər. Gənclərimizin müqəddəs torpaqlarımız uğrunda mübarizəyə ruhlandıran həmin dəyərli söhbətlərə, eyni zamanda xalqımızın yüksək səviyyəli söz deyən, söz sahibi olan insanların vətənpərvərlik mövzusunda çıxışlarına böyük ehtiyacı vardır.

Vətənpərvərliyi əməli surətdə təlqin edən, insanları yüksək amallar uğrunda, respublikamızın müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi uğrunda səfərbər edən başlıca şərtlərdən biri kimi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi və gündəlik qayğısı sayəsində bölgələrdə, xüsusi ilə cəbhə bölgəsində gedən böyük quruculuq işləridir. Bu möhtəşəm tədbirlər xalqın vətənpərvərlik ruhunun daha da yüksəldilməsində, insanların doğma torpağa, öz yurduna və elinə bağlılığının möhkəmləndirilməsində, Vətənini sevməkdə böyük rol və əhəmiyyət daşıyır.

...Yazıçıların, İncəsənət ustalarının iştirakı ilə "N" saylı hərbi hissənin şəxsi heyyət qarşısında keçirilən geniş tədbirdə Əməkdar artist Zakir Əliyev, Muğam müsabiqəsi iştirakçılarından Səbinə Ərəbli, Günay İmamverdiyeva, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Aris Hüseynov, Zabitə Alıyeva maraqlı konsert proqramı ilə çıxış etmişlər.

...Yollar insanları qovuşdurur, arzularına çatdırır. Müqəddəs Qarabağ torpaqlarını ziyarət edirik, müvəqqəti düşmən işğalında qalan ulu dağlarımız şəhər, kənd və qəsəbələrimiz bizi azadlıq mübarizəsinə, yağı düşmənin işğal etdiyi Oğuz elindən birdəfəlik süpürüb atmağa çağırır. Görünür bu müqəddəs mübarizənin də zamana ehtiyacı var. Bu gün yağı düşmən işğalında qalan, bağrı dağlı dağlar vətən oğullarına azadlıq sorağı verir. Möhtəşəm ordumuzun cəsur oğullarının qətiyyəti, ən müasir silah-sursatla təchizatı düşmənlə müqayisə olunmazdır. "N" saylı hərbi hissənin zabit və əsgər heyəti ilə görüşlərimiz, ordumuzun böyük döyüş ruhu, əsgərlərimizin qəhrəmanlıq əzmi inamla deməyə imkan verir ki, Qarabağın azad olunması günü uzaqda deyildir.

 

 

Əbülfət MƏDƏTOĞLU,

 

Oqtay ƏLİYEV

 

Ədalət.-2013.-15 yanvar.-S.5.