Şərəfli vəzifənin şərəfli təmsilçisi

 

O həm də mehriban ata, gözəl dost idi

 

İlham Abbasov,

hüquq üzrə fəlsəfə doktoru

Baş ədliyyə müşaviri

 

Yazının sərlöhvəsini seçməyim təsadüfi deyil. Bu göstərdiyim məziyyətlərin hamısı Tələt Babakişi oğlu Qənbərovda vardı.

Mənim Tələt Qənbərovla şəxsi tanışlığım 1975-ci ilin oktyabr ayının son günlərinə təsadüf edirdi.

Tale belə gətirdi ki, 1975-ci ilin oktyabrın axırlarında mən Puşkin rayon (indiki Biləsuvar rayonu-İ.A.) prokuroru vəzifəsinə təyinat aldım. Yeni iş yerinə getmək üçün Mingəçevir-Bakı avtobusuna bilet aldım, Əlibayramlı dairəsində (indiki Şirvan şəhəri-İ.A.) avtobusdan düşüb, təsadüfü yol maşını ilə yeni iş yerimə-Puşkin şəhərinə çatdım. Axtarıb rayon prokurorluğunun binasını tapdım. Burada aydın oldu ki, prokurorluqda məni rayonun keçmiş prokuroru Çingiz Qədirov və qonşu Cəlilabad rayon prokuroru Tələt Qənbərov isə respublika prokurorluğunun nümayəndəsi kimi təhvil-təslimdə iştirak etmək üçün gözləyirlər. Mən o zamana kimi, hər iki şəxsi şəxsən tanımırdım. Çingiz Qədirov mənə dedi ki, ay yoldaş prokuror, hardasan, səhərdən səni gözləyirik? Cavab verdim ki, Mingəçevir-Bakı avtobusu ilə gəlib, Əlibayramlı dairəsinə düşüb, yol maşını ilə gəlmişəm və ona görə də gec gəldim. İnsafən onların heç biri də əlavə söz demədilər.

Həmin vaxta qədər yeni təyin olunmuş prokurorların təhvil-təslimində yaxın rayonların təcrübəli prokurorlarından biri respublika prokurorluğunun nümayəndəsi kimi iştirak edirdi. Lakin mərhum Abbas Zamanov respublika prokuroru təyin edildikdən sonra bu sahədə də vəziyyət tamam dəyişdi. Belə ki, bundan sonra keçmiş SSRİ Baş prokurorunun bu haqdakı əmrinin tələbinə müvafiq olaraq, rayona yeni prokuror təyin olunarkən işlərin təhvil-təslimində hökmən respublika prokurorluğunun Mərkəzi Aparatının məsul işçiləri iştirak edirdi.

Rayonun sabiq prokuroru təhvil-təslim sənədlərini əvvəlcədən hazırladığına görə təhvil-təslim prosesi təxmini yarım saat çəkdi. Burada aydın oldu ki, Çingiz Qədirov bütün ev əşyalarını artıq yük maşını ilə yeni təyin olunduğu Qutqaşın (indiki Qəbələ-İ.A.) rayonuna göndərib, onu və ailə üzvlərini aparmaq üçün minik maşını isə hazırdır. Ona görə də təhvil-təslimdən dərhal sonra Çingiz Qədirov məni bir daha təbrik edib, ailə üzvləri ilə birlikdə rayonu tərk etdi.

Bundan sonra Tələt Qənbərovda məni təbrik etdi və mənə oturmağı təklif etdi və dedi:

- Sənə bir neçə məsləhətim var.

Mən stol arxasından durub onunla qarşı-qarşıya oturdum.

Həmin vaxt Tələt Qənbərov təcrübəli bir prokurorluq işçisi kimi, mənə dəyərli məsləhətlər, o cümlədən rayon partiya komitəsi ilə, Dövlət Təhlükəsizlik Komitəsinin rayon şöbəsi ilə, milis orqanları ilə (indiki polis orqanları-İ.A.) və digər orqanlarla münasibətlərimizi qurmaq haqqında məsləhətlər verdi. Tələt Qənbərov təxminən orada mənimlə bir saat söhbət apardı və sonra xudahafisləşib işlədiyi Cəlilabad rayonuna qayıtdı. Mən hörmət naminə, onu günorta yeməyinə dəvət etdim. Lakin o dedi:

- Yox, başqa vaxt oturarıq. Biz hələ çox görüşəcəyik. Nə çətinliyin olsa istənilən vaxt bizə gələ bilərsən.

Tələt müəllim onu da əlavə etdi ki, buradan Cəlilabada yarım saatlıq yoldur. O, bundan sonra xudahafisləşib işlədiyi rayona qayıtdı.

Açığın deyim ki, həmin vaxt mən heç prokuror köməkçisi də işləməmişdim. Axrıncı vəzifəm mənim Mingəçevir şəhər prokurorluğunun baş müstəntiqi olmuşdu. Ona görə də təbii ki, prokuror işini kifayət qədər bilmirdim. Bu səbəbdən çətinə düşəndə Cəlilabada gedir, Tələt müəllimdən məsləhət alırdım. Tələt müəllim belə hallarda həmişə mənə dayaq olmuş, dəyərli məsləhətlər vermişdir. İş vaxtının axırı olanda Tələt müəllim həmişə qonaqlığa dəvət edir, belə hallarda qonaqlıqsız mənim rayona qayıtmağıma imkan vermirdi. Belə qonaqlıqlarda rayon Daxili İşlər Şöbəsinin rəisi, rayon məhkəməsinin sədri, Dövlət Təhlükəsizliyi Komitəsinin rayon şöbəsinin rəisi və digər şəxslər də iştirak edirdilər.

Həmin dövrlərdə Lənkəran rayon prokuroru vəzifəsində işləmiş Ələddin Sultanovun da köməyini qeyd etməmək mənim tərəfimdən bir ədalətsizlik olardı. Ələddin Sultanov da çox savadlı, təcrübəli, peşəkar, alicənab prokurorluq işçisi olmaqla, mənə yaxından köməklik edirdi. Onu da qeyd edim ki, Ələddin Sultanov sonralar Bakı şəhərinin Lenin rayon (indiki Sabunçu rayon-İ. A.) prokuroru, Bakı şəhər prokurorunun birinci müavini, Bakı şəhər prokuroru əvəzi, Naxçıvan Muxtar Respublikasının prokuroru, keçmiş Azərbaycan SSR Baş prokurorunun birinci müavini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifələrində işləmiş, III dərəcəli dövlət ədliyyə müşaviri olmuş, hazırda təqaüddədir. Allah ona da möhkəm cansağlığı və xeyirli ömür versin.

Qısaca onu deyə bilərəm ki, mənim bir prokurorluq işçisi kimi formalaşmağımda hər iki şəxsin böyük rolu olmuşdur.

Həmin vaxtlar mən subay idim və hər görüşdə Tələt müəllim mənə tövsiyə edirdi ki, ailə qurmağı sürətləndirim. Elə də oldu. Təxminən il yarımdan sonra mən ailə həyatı qurdum.

Həftənin beşinci günü, axşam saatları olardı ki, Tələt müəllim mənə zəng vurdu. Məndən soruşdu ki, sabah evdəsinizmi? Dedim bəli, evdəyik.

Tələt müəllim dedi ki, sabah ailə üzvlərimlə Bakıya gedəcəm, yolüstü sizə baş çəkib, təbrik etmək fikrimiz var.

Səhəri həftənin altıncı günü-iş günü deyildi. Mən evdə idim. Bu zaman həyət qapısının zəngi çalındı, qapını mən açdım, gördüm ki, Tələt müəllim, həyat yoldaşı, uşaqları ilə gəliblər. Ona qədər isə mənim həyat yoldaşım qonaqları qarşılamaq üçün bütün tədarükü görmüşdü. Mən qonaqları evə dəvət etdim. Qonaqlar evə yenicə daxil olmuşdular ki, prokurorluğun sürücüsü əlində bir qazan həyətə daxil oldu. Soruşdum bu nədir? Sürücü cavab verdi ki, bu prokurorun payıdır. Mən elə qazanı yenicə alıb evə qoymuşdum ki, sürücü bir qazan da gətirdi. Sürücü dedi ki, bu qazandakı yarpaq dolmasıdır. Mən elə onuda alıb evə qoymuşdum ki, sürücü bir də küçəyə gedib əlavə bir qazanla gəldi. Soruşdum bəs bu nədir? Sürücü cavabında dedi ki, bu da balıq kababıdır. Mən qazanı mətbəxə qoyub, sürücünü də evə dəvət etdim və Tələt müəllimə dedim:

- Tələt müəllim, siz də, həyat yoldaşınız da böyük zəhmət çəkmisiniz. Mənim həyat yoldaşım qonaqları qarşılamaq üçün bütün tədarükü görüb, plov da bişirib. Lakin siz xanımınıza əziyyət verib bu qədər yeməyi bişirtdirmisiniz. Çox böyük zəhmət çəkmisiniz.

Tələt müəllim dedi:

- Bilirsən, siz təzə ailəsiniz. Hesab etdik ki, yeni ailə qurmusunuz, birdən hazırlığınız olmaz, pərt olarsınız. Amma görürəm heç xanımınız da bekar qalmayıb, qonaq qarşılamaq üçün bütün tədarükü görüb. Buna görə xanımınıza da təşəkkür edirəm.

Tələt müəllim ailə üzvləri ilə birlikdə evimizdə, təxminən, bir saata yaxın oturdu, o, bizi yeni ailə həyatı qurmağımız münasibəti ilə təbrik etdi, bir sözlə məclisimiz çox xoş keçdi.

Bundan sonra Tələt müəllim ailə üzvləri ilə birlikdə Bakıya doğru istiqamət götürdülər.

Qonaqlar gedəndən sonra həyat yoldaşımla vəziyyəti müzakirə edərək Tələt müəllimin, onun həyat yoldaşının alicənablığını xüsusi qeyd etdik.

Bundan sonra da dəfələrlə Cəlilabadda Tələt müəllimin ailəvi qonağı olmuşuq. Hər dəfə Tələt müəllim və ailə üzvləri bizi çox mehribanlıqla qarşılayırdılar.

Yaxşı yadımdadır. 1978-ci ilin iyul ayının 19-u idi. Şənbə günü olduğundan növbəti dəfə məsləhət almaq üçün Lənkəran şəhərinə getmişdim. Prokurorluqda Tələt müəllimdən müəyyən məsləhətləri aldım, bundan sonra Tələt müəllimlə xudahafisləşib işlədiyim rayona qayıtmıq istəyirdim. Lakin o, razılaşmadı, dedi ki, sən həm də mənim qonağımsan, gedək dənizin qırağında yaxşı bir yer var, orada sənə qonaqlıq verəcəm. Elə də oldu. Biz Lənkəran şəhərinin girəcəyinə az qalmış dəniz qırağındakı restorana gəldik. Oranın müdiri gərək ki, Aydın adlı bir şəxs idi. Gözəl də balıq kababı verirdilər.

Tələt müəllim bilirdi ki, mən ilk övladımın anadan olmasını gözləyirdim. Tələt müəllim növbəti sağlığı mənim gələcək övladımın dünyaya gələcəyi münasibəti ilə məni əvvəlcədən, avans olaraq, təbrik etdi. Səhəri telefonla mənə məlumat verdilər ki, ilk qız övladım dünyaya gəlib.

Ən ağır günlərimdə Tələt müəllim mənə həmişə mənəvi dayaq olub. Həmin vaxtlar respublika prokuroru dəyişdirilmişdi. Yeni təyin olunmuş prokurorların fəaliyyətini yoxlayıb, respublika prokurorluğunun kollegiya iclasında müzakirə edərək, çox hallarda həmin prokurorları vəzifədən çıxarırdılar. Mənim də ilk on bir aylıq fəaliyyətimi yoxladılar, nəticəsini respublika prokurorluğunun kollegiya iclasında müzakirə etdilər. Lakin həmin vaxt prokurorluğun fəaliyyətində müsbətə doğru xeyli dönüş olmasını nəzərə alaraq məni vəzifədə saxladılar. Həmin ağır vaxtlarda da Tələt müəllim məni yaddan çıxartmır, mənə bir növ mənəvi dayaq olurdu.

Tələt müəllimin prokurorluq orqanlarında böyük nüfuzu vardı. O, 1971-1976-cı illərdə Cəlilabad rayon prokuroru, 1976-1987-ci illərdə Lənkəran, 1987-1992-ci illərdə Göyçay rayon prokuroru, sonra isə 1995-ci ilədək Baş Prokurorluqda şöbə prokuroru vəzifələrində işləmiş, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası fəxri adına layiq görülmüşdü. O, incəsənətə qəlbən bağlı idi. Rayona gələn aktyor truppasını hörmətlə qarşılayar, onlarla maraqlı vaxt keçirər, tamaşalarını heyranlıqla seyr edərdi. Rayonda çalışdığı illərdə onun həyat və fəaliyyətindən bəhs edən "Prokuror" pyesi Lənkəran Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuşdu və uzun müddət teatrın repertuarından düşməmişdir.

Tələt müəllimi, o mənada, varlı adam hesab etmək olar ki, onun gözəl, savadlı, özünə layiq dörd övladı vardır.

Allah Tələt müəllimə qəni-qəni rəhmət eləsin.

 

 

Ədalət.-2013.-17 yanvar.-S.6.