Unudulmayan şəxsiyyət-general Məhəmməd Əsədov

 

"Vətənə sevgi-imandandır".

 

Məhəmməd peyğəmbər (s.ə.s.)

"Məhəmməd Əsədov "OMON"u yaratdı ki, erməni separatizminə qarşı vuruşsun".

Heydər Əliyev,

Azərbaycan xalqının ümumilli lideri.

"O, son dərəcə istiqanlı, alicənab, mədəni adam idi... Möhkəm yaddaşı vardı. Çox güclü potensiala, enerjiyə malik olan kadr idi. Dövlətçilik yolunda fəal mövqe tuturdu".

Kamran Bağırov

Azərbaycan KP MK-nın sabiq birinci katibi.

"1988-ci ilin əvvəlindən Məhəmməd Əsədovla DQMV-nə ezam olunduq və orada separatçıları, qondarmaları susdurmağa başladıq. Xankəndinin birinci katibi Zaven Movsesyan bizim yanımızda M.S. Qorbaçovla danışdı, bizim DQMV-dən geriyə Bakıya çağırılmağımıza nail oldu".

Vasili Konovalov

Azərbaycan KP MK-nin sabiq ikinci katibi.

"Məhəmməd Əsədov nəinki güclü sərkərdə, həm də güclü ictimai-siyasi dövlət xadimi idi".

Ramiz Məmmədov

Daxili işlər nazirinin sabiq birinci müavini, general-mayor.

"M.S. Qorbaçov, sizdən soruşuram: "20 noyabr 1991-ci ildə üç dövlətin yüksək rütbəli dövlət xadimləri DQMV-nin Qarakənd səmasında axı niyə qətlə yetirildi???".

Sucəddin Abdullayev ehtiyatda olan polkovnik.

Zəngəzur mahalı Qafqazda qədim tarixə və zəngin ənənələrə malik Azərbaycan torpağıdır. Bu torpağın bir parçası olan Zəngıilan rayonu həm təbiətinə, həm insanlarına görə seçilib. Ulu öndər, ümummilli lider Heydər Əliyevin sözləri yada düşür: "...Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan, həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir".

Zəngilan torpağı Azərbaycan xalqının fəxr etdiyi onlarca oğul yetirib. Onların arasında Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı və digər şərəfli adlara layiq görülmüş igidlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər, yazıçılar, şairlər, pedaqoqlar, hüquqşünaslar və sair peşə adamları vardır. Həmin oğullardan biri də general Məhəmməd Əsədovdur.

Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Onun doğulub boya-başa çatdığı Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşduğu yerdə yerləşir. O, 1958-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Statistika texnikumuna daxil olmuşdur. 1960-cı ildə texnikumu müvəffəqiyyətlə başa vurduqdan sonra, əmək fəaliyyətinə öz doğma rayonunda - Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində inspektor vəzifəsində çalışmaqla başlayır. 1961-ci ildə ordu sıralarına həqiqi hərbi xidmətə çağırılır və 1964-cü ildə "Sovet ordusu əlaçısı" döş nişanı ilə hərbi xidmətdən ehtiyata buraxılır. Həmin ildə gənc sənaye şəhəri Sumqayıtda Sənaye Tikinti Nazirliyinin 2 saylı trestində işləməyə başlayır. 1965-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin "Maliyyə və kredit" fakültəsinə daxil olur.

1965-66-cı illərdə 2 saylı trestdə mühasib işləyərkən, yüksək isgüzarlıq keyfiyyətlərini və təskilatçılıq bacarığını nümayiş etdirir, bilik və bacarığını, iş təcrübəsi, o cümlədən rus dilini mükəmməl bilməsini nəzərə alıb, onu 1967-ci ildə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edirlər. (Onu da qeyd etmək lazımdır ki, o illərdə bu ixtisas üzrə trestdə işləyənlərin 80%-i qeyri-millətlər idi).

İstehsalatda çalışdığı müddətdə M.Əsədov trestin və Sumqayıt şəhərinin ictimai-siyasi-iqtisadi həyatında yaxından iştirak edir, müxtəlif tədbirlərin hazırlanmasında, onların həyata keçirilməsində fəallıq göstərirdi.

Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi Nadir Balakişiyev yüksək iş keyfiyyətlərini və təşkilatçılıq qabiliyyətini nəzərə alıb Məhəmməd Əsədovu Sumqayıt şəhər Partiya Komitəsinin "Sənaye, inşaat, nəqliyyat və rabitə" şöbəsinin təlimatçısı vəzifəsinə təyin edir. 1973-cü ildən həmin şöbənin müdiri, 1975-ci ildə isə Mərkəzi Komitədə işləyən Təşkilat şöbəsinin müdiri İsmayıl Əsgərovun təklifi və Heydər Əliyevin razılığı ilə Sumqayıt şəhər partiya komitəsində əsas aparıcı şöbənin müdiri təyin olundu.

M.Əsədov 1978-1980-ci illərdə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. Ağsu camaatı onun quruculuq fəaliyyətini, xeyirxah əməllərini bu gün də hörmətlə xatırlayırlar.

Məhəmməd Əsədovun adı Azərbaycan KP MK-nın perspektivli ehtiyat kadrlar siyahısında idi. 1980-ci ildə Dövlət Təhlükəsizliyi sistemində kadrların sayını artırmaq məqsədilə Azərbaycan üçün də DTK-nın Mərkəzi Ali Məktəbinə bir yer ayrılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onlarca namizədin arasından Məhəmməd Əsədovu seçib onu bu yerə məsləhət görmüşdü. DTK-nın komissiyası tərəfindən yoxlanıldıqdan sonra Məhəmməd Əsədov Moskvaya göndərildi. 1982-ci ildə isə DTK-nın Ali Məktəbini qırmızı diplomla başa vurub Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində məsul vəzifədə çalışmağa başladı. Qısa müddət ərzində DTK rəhbərliyinin böyük etimadını qazandı.

M.Əsədovun təşkilatçılıq qabiliyyətinə Sumqayıtda bir yerdə işlədiyi illərdən yaxşı bələd olan Azərbaycan KP MK-nın birici katibi Kamran Bağırov DTK polkovniki Məhəmməd Əsədovu yenidən partiya işinə gətirir.

Məhəmməd Əsədov 1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində Jdanov rayonunu Azərbaycanın ən qabaqcıl rayonuna çevirir (bunun üçün 1983-1986-cı illərin statistikasına baxmaq kifayət edər).

1986-cı ildə M.Əsədov daha məsul vəzifəyə - Azərbaycan KP MK-da "İnzibati orqanlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1988-ci ildə Dağlıq Qarabağ hadisələrində, həmin ilin fevral-mart aylarında Sumqayıt hadisələrində Azərbaycan xalqının, dövlətinin haqq işini prinsipiallıqla və obyektivcəsinə müdafiə etdiyi üçün, erməni-daşnaq fırıldaqlarını başa düşməyən sadəlövh respublika rəhbərləri onu heç cür anlaya bilmirlər. Sumqayıt şəhər partiya komitəsinin sabiq birinci katibi, bundan qabaq isə Azərbaycan SSRİ-nin Gənclər Təşkilatının birinci katibi kimi parlaq fəaliyyət göstərmiş Cahangir Mövsüm oğlu Müslümzadənin xatirələrindən: - "Mən Mərkəzi Komitədə Məhəmməd Əsədov kimi güclü potensiala, yüksək siyasi-ictimai hazırlığa malik olan şəxs demək olar ki, görmürdüm. İstər Dağlıq Qarabağ, istərsə də bununla əlaqədar Sumqayıtda süni sürətdə ermənilər və onların havadarları tərəfindən törədilmiş hadisələrə çox kəskin və səriştəli qiymət verirdi".

O vaxtlar, cəsarətli çıxışları ilə Respublikada vəziyyəti təhlil edən məşhur siyasi icmalçı, müxbir Ələkbər Abbasov xatirələrində yazır: "Məni Mərkəzi Komitəyə Məhəmməd Əsədov dəvət etdi. Mənim iştirakımla birinci katib Kamran Bağırova erməni separatizmiylə bağlı məruzə etdi. Kamran Bağırov bir az səbr etməyi məsləhət gördü. Məhəmməd Əsədov dedi: "Əşşi, nə səbr? İcazə verin inzibati orqanlara göstəriş verim, hamısı məlumdur, qandallayıb, gətirsinlər Bakıya. O ki, qaldı əhalinin məlumatlandırılmasına Ələkbər Abbasov yanımdadır, bu işi ona həvalə edərik".

Belə olan halda o, Ağdaş rayonuna birinci katib getməyə üstünlük verir və qısa bir müddətdə (1988-1989-cu illər) öz təşkilatçılığı və səriştəsi sayəsində Ağdaş rayonunu respublikanın qabaqcıl rayonları səviyyəsinə qaldırır. O, bir daha sınağa çəkilir. Mərkəzi Komitə onu olduqca ağır ictimai-sosial vəziyyətdə olan Quba rayonuna birinci katib təyin edir və o, 1989-1990-cı illərdə burada sakit-stabil şəraitdə fəaliyyətini davam etdirir.

Uzun illər səmərəli fəaliyyətinə, DQMV ilə bağlı verdiyi təkliflərinə və təhlükəsizlik orqanlarında çalışdığını nəzərə alıb, 1990-cı ilin may ayında Məhəmməd Əsədov Azərbaycan Respublikasının Daxili İşlər Naziri təyin edilir. Bu təyinat, o dövr üçün, vaxtında və yerində verilən təyinat idi. Bu təyinatı Ulu Tanrının Azərbaycan xalqına töhfəsi kimi qəbul etmək olar. Əvvəla ona görə ki, o əsl ictimai-siyasi xadim idi. Nazir təyinatının ilk günlərindən, Moskvadan təyin olunmuş birinci müavin Barannikovun Qarabağ haqqında yox, "Xlopkovoe delo", "Raşidovşina" haqqında fikirləşdiyini dəqiqləşdirərək, onu müstəqilliyimizə böyük mane olacağına görə, çox çətinliklə, lakin qısa bir müddətdə bu vəzifədən azad olunmasına nail oldu, yerinə isə əsl vətənpərvər-hərbiçi Ramiz Xosrov oğlu Məmmədovu təyin etdirdi. Bununla da Daxili İşlər Nazirliyinin əsas fəaliyyətini Qarabağ probleminin həllinə yönəltdi. Ramiz Məmmədova yorulmaz fəaliyyətinə, vətənpərvərliyinə görə general-mayor rütbəsi verdirdi. Sonralar general Ramiz Məmmədov öz xatirələrində yazdı: - "Bizim nazir Məhəmməd Əsədov ərazilərimizin erməni quldurları və separatçılarından təmizlənməsi əməliyyatlarında özü şəxsən iştirak edirdi. Hesab edirəm ki, bizim çox hörmətli prezidentimiz cənab İlham Əliyev ayrıca fərmanla Məhəmməd Nəbi oğlu Əsədova Milli Qəhrəman fəxri adını verməlidir".

Nazir işlədiyi müddətdə onun sorağı Qarabağ bölgəsindən, sərhəd rayonlarından gəlirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda, sözün əsil mənasında, əsgərlərlə çiyin-çiyinə, vətəni, torpağı qoruyurdu. Azərbaycan vətəndaşlarının müstəqil dövlətimizdə sərbəst yaşayacaqlarına çox inanırdı. 1985-89-cu illərdə MK-da inzibati şöbəyə rəhbərlik edən Məhəmməd Əsədov nə qədər cəsarətlə hərəkət etsə də Moskva "yenidənqurma" pərdəsi altında erməniləri M.S. Qorbaçovun dəstəyi ilə müdafiə edirdi.

Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək erməni-daşnaq təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün Moskvaya - SSRİ Daxili İşlər Nazirliyinə müraciət ünvanlayır, asayişi qorumaq üçün silah-sursat tələb edirdi. Tez bir zamanda xüsusi təyinatlı milis dəstəsini (OMON) yaradır. Xocalı aeroportunda ermənilərin gediş- gəlişinə nəzarəti gücləndirmək üçün DİN-in qüvvələrini səfərbər edir. DİN Respublikanın çıxış yollarını ciddi nəzarətdə saxlayırdı.

Məhəmməd Əsədovun əsl sərkərdə məharətini görən yerli vətənpərvər insanların təkidi ilə mərkəzi rəhbərlik ona general Ali hərbi rütbəsinin verilməsini vacib bilir.

Ali rütbənin verilməsi onu heç də arxayın salmır. O, yenidən sərhəd rayonlarına, Qarabağa, Ağdama, Xanlara (indiki Göygöl rayonu), Gədəbəyə, Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəc, Mənəşid və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir. "Azərbaycanın Milis Dəstələri Göranboyun içərisinə doğru irəlilədi. Mənəşidə, Buzluqda, Erkəcdə erməni baza məntəqələri dağıdıldı. 1991-ci il yaz-yay əməliyyatından sonra ermənilər ciddi şəkildə geri çəkildilər" (Vikipediyadan "Çaykənd əməliyyatı" haqqında yazıdan çıxarış).

General Ramiz Məmmədovun xatirələrindən: "Məhəmməd Əsədovun adından belə erməni separatçıları qorxurdular. Ratsiya vasitəsi ilə danışıqlar zamanı onun gizli kodu "Çornıy polkovnik" idi. Vaxtı ilə bizimlə əziyyət çəkmiş milis zabiti, həmkarımız, müstəqilliyimizin, sabitliyin qorunmasında xüsusi xidmətləri olan respublikamızın daxili işlər naziri, general-polkovnik çox hörmətli Ramil Usubov bunu bilir".

XTMD-nın (OMON) yaradılması, milis rotaları və alaylarının qaynar nöqtələrdə fəallığı dinc əhalidə tezliklə münaqişəyə son qoyulacağına inam yaradırdı. Bölgələrdən Bakıya dönən Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli №2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə kəskin müraciətlər edir, təkliflərini bildirirdi. Respublikamızın ərazi bütövlüyü artıq təhlükədə idi. Əsl hərbiçi, general Valeh Bərşadlı müdafiə naziri təyin edilsə də ordu quruculuğunun formalaşmasında operativ kömək yox idi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Milli Ordunun yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün Azərbaycan Prezidenti tərəfindən dövlət müşaviri təyin edilir. Təyinatı zamanı Prezident ona deyir: " Siz bütün güc strukturlarına rəhbərlik edəcəksiniz, qaldırdığınız məsələlərin həllini isə özünüzə tapşırıram. Ona görə Sizi dövlət müşaviri təyin edirəm."

1991-ci il noyabrın 19-da Ağdama uçan Məhəmməd Əsədov orada Dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü ilə keçirilən geniş müşavirədə iştirak edir. Bu müşavirədə həmçinin Rusiyanın, Qazaxıstanın qondarma Dağlıq Qarabağ problemi ilə məşğul olan yüksək çinli rəsmi nümayəndələri də iştirak edirdilər.

Azərbaycanın Dövlət katibi T.İsmayılov Qarabağda, Xocavənddə, ümumiyyətlə, azərbaycanlılar yaşayan kəndlərdə qırğınların, terrorun aparıldığını, dinc azərbaycanlılara qarşı genosid siyasətinin həyata keçirildiyini Qarabağın Hərbi komendantına kəskin şəkildə bildirmişdi. Bunu sübut etmək üçün hər üç dövlətin nümayəndələrinin Xocavəndə uçmasını təmin etməyi hərbi komendantdan tələb edir. Hərbi komendant hər vasitə ilə bu işdən yan keçməyə çalışsa da, Tofiq İsmayılovun haqlı tələbinə tərəfdaş çıxan Qazaxıstanın Daxili İşlər nazirinin birinci müavini, general Serikov Qazaxıstandan olan Mİ-8 N72 hərbi vertolyotuna tələb olunan göstərişi verir. Dağlıq Qarabağda istənilən sayda qanunsuz erməni-daşnaq dəstələrinin olduğunu bilən general da bu məsələyə aydınlıq gətirmək məqsədilə söhbətə qarışır: - " Əzizim Tofiq müəllim, sizin tələbiniz və istəyiniz çox düzgündür. Bizim ora uçmağımız çox çətin olacaq, amma uçmalıyıq. Bu, bizim torpaqdır, qırılanlar da, məhv olanlar da bizim vətəndaşlardır. Biz sizin və xalqın tələbinə uyğun olaraq ora getməliyik."

M.Əsədov həmin qanlı uçuşdan Daxili İşlər nazirinin müavini Natiq Talıbovu təkidlə geri qaytardı və ona: " - Siz Ağdamda - qərargahda qalın, Xocavənddən, Kərgicahandan olan yaralıları, evsiz-eşiksizləri yerləşdirin. Biz tez qayıdacağıq...". Natiq Talıbov "Qarakənd faciəsi"ni ürək ağrısı ilə xatırlayaraq, deyir: "Bəli, Sucəddin müəllim Mİ-8 N72 hərbi vertolyotu Qazağıstana məxsus idi, mən də uçmalı idim, general Məhəmməd Əsədov məni qoymadı. Onlar hamısı şəhid oldular. Məhəmməd Əsədov torpaqlarımızın azadlığı uğrunda cəsarətlə, mərd-mərdanə vuruşdu. O, əsl təşkilatçı və sərkərdə idi".

Mİ-8 vertolyotuna üç dövlətin yüksək rütbəli nümayəndələri ilə Ağdamın Milis idarəsinin rəisi, polkovnik İslah Paşayev də əyləşmişdi. Məhəmməd Əsədov bu dəfə də sakit, özünəməxsus zarafatla polkovnik Paşayevi zorla uçuşdan azad etdi də ona dedi: "Sən qal, yaxşı yemək hazırlatdır, qonaqlar bizimkidir, biz bir azdan qayıdarıq. Yəqin ki??? "

Bir azdan çox vaxt keçdi. Xəbər yayıldı ki, Mİ-8 vertolyotu gah yoxa çıxıb, gah da ki, dağa çırpılıb. O vaxtın səriştəsiz rəhbərləri min-bir yalanlar uydurmaqla həqiqəti gizlətməyə çalışırdılar. Lakin məlum oldu ki, sülhməramlı nümayəndə heyəti Mİ-8 vertolyotunda Qarakənd səmasında "olmayan dağa" çırpılmış və hamısı da həlak olmuşlar. Bu hadisəni erməni terrorçularının törətdiyi ən dəhşətli, ən qanlı cinayətlərindən hesab etmək olar.

Qarabağın, Azərbaycanın azadlığı yolunda 20 noyabr 1991-ci il faciəsindən sonra faciələr davam etdi. Xocalı, Şuşa, vətənimizin Qarabağ ətrafı rayonlarının işğalı. Məhz 20 noyabr 1991- ci il "Qarakənd faciəsi"ni "20 yanvar 1990-cı il faciəsi"nin davamı və digər faciələrin çox ağır başlanğıcı kimi qiymətləndirmək olar.

SSRİ prezidenti M.S. Qorbaçov tərəfindən süni yaradılmış "Qarabağ problemi" 20 noyabr 1991-ci il "Qarakənd faciəsi" ilə daha da ağırlaşdı və davam etdi. Üç dövlətin sülhməramlıları məhv edildi. Günahkarların cəzalandırılması istiqamətində heç bir tədbir görülmədi. Dövlət xadimi, general Məhəmməd Əsədovla birgə dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət xadimləri Zülfi Hacıyev, Qurban Namazəliyev, Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Qazaxıstanın daxili işlər nazirinin müavini general Sanlal Serikov, Qarabağın prokuroru İqor Plavski, Qarabağın daxili işlər idarəsinin rəisi Vladimir Kovalyov, Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Serqey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, milis general-mayoru Mixail Lukaşov, onları müşaiyət edən digər şəxslər, kütləvi informasiya vasitələrinin nümayəndələri və Mİ-8 N72 hərbi vertolyotunun uçuş heyəti həlak oldular. Erməni quldurları general Məhəmməd Əsədovu Haaqa Məhkəməsinə vermişdilər, onun başına külli miqdarda pul vədd edirdilər və axır ki, 20 noyabr 1991-ci il tarixində "Qarakənd tələsinə" salıb, məhv etdilər. Lakin unutdular ki, Məhəmməd Əsədov kimi cəsur oğlu olan xalq bu faciəni heç vaxt unutmayacaq.

Hal-hazırda Sumqayıtda, Ağsuda, Beyləqanda, Ağdaşda, Qubada və Bakı şəhərində bir neçə təhsil müəssisəsi, gəmi, küçə və xiyaban, idarə və müəssisə general Məhəmməd Əsədovun adını daşıyır.

İnanırıq ki, Məhəmməd Əsədov kimi simurq quşuna çevrilmiş mərd və qəhrəman oğullarımızın köməyi ilə yurdumuzu zülmətdən işığa çıxarmağımıza az qalıb. Bu işin öhdəsindən prezidentimiz möhtərəm İlham Əliyevin rəhbərliyi ilə mütləq gələcəyik.

Məhəmməd Əsədov müstəqil Azərbaycanın ilk generalı, ordusu olmayan dövləti milis dəstələri ilə, xalqının köməkliyi ilə müdafiə edən unudulmaz şəxsiyyətdir. Həyatını Azərbaycan Respublikasının ərazi bütövlüyünə, xalqının azadlığına qurban vermiş general Məhəmməd Əsədova bu yaxınlarda həsr edilmiş tarixi, sənədli, sanballı kitab görkəmli yazıçımız Elçin Mehrəliyevin böyük sənət əsəridir. Əsərdə müəllif generalın Vətəni Zəngəzurdan, onun orada doğulub, yaşadığı illərdən, ömrünün faciəli Qarabağ günlərinə qədər rastlaşdığı bütün hadisələri qələmə almışdır. Bu tarixi, sənədli əsər gələcək nəsillərin milli-mənəvi ruhunun formalaşmasına, vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaqdır. Əsərə ön sözü mərhum akademik Bəkir Nəbiyev yazmışdır. General Ramiz Məmmədov Məhəmməd Əsədovu yaxından tanımış, 1981-91-ci illərdəki fəaliyyətini gözləri ilə görmüşdür. Adı çəkilən kitabın işıq üzü görməsi üçün 2009-2012-ci illər ərzində müəllif Elçin Mehrəliyevlə birlikdə mən də bir çox ziyalarımızın Məhəmməd Əsədov haqqında danışdıqlarını, olmuş hadisələri, müstəqillik yolundakı cəsarətini, gördüyü işləri, xatirələri dinləmişəm.

Bəli, vətənimizin bölünməzliyi, bütövlüyü uğurunda canından keçən, işıqlı əməlləri ilə hər birimizə örnək olan insanlar barədə ümumilli liderimiz demişdir: "Azərbaycanın müstəqilliyi yolunda, xalqın rifahı naminə fədakarcasına çalışanlar həmişə hörmət və ehtiramla yad ediləcəklər".

Ölkəmizin inkişafı, regionda nüfuz sahibi olması naminə ölkə başçısı, möhtərəm Prezidentimiz İlahm Əliyev tərəfindən aparılan uğurlu siyasət, insanlarımızın maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər bir daha onu deməyə əsas verir ki, general Məhəmməd Əsədov kimi tarixi şəxsiyyətlər xalqımızın yaddaşında əbədi yaşayacaq, onların xatirəsi hər zaman sevgi ilə anılacaqdır.

 

 

Sucəddin Abdullayev,

Ehtiyatda olan polkovnik

 

Ədalət.-2013.-18 yanvar.-S.4.