YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR SİLSİLƏSİNDƏN

 

2012-Cİ İLDƏ ƏN ÇOX OXUNAN YAZIM

 

VİDADİ MƏMMƏDOV - 2 (2023 dəfə OXUNUB)

 

Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da, artıq yaşamağa davam edirəm. 70 yaş az yaş deyil. Şükürlər olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm. Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda, bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxanda həmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da, deyim ki, həm də maraqlıdı. Bu insanların bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin. BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram. Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı, bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.

 

BU İNSANLAR KİMLƏRDİ?

 

Birici yazımdan xatırlatma:

Heç unutmuram: görkəmli və unudulmaz yazarımız Sabir Əhmədov Vidadi haqqında gözəl bir ifadə demişdi:

"ƏDƏBİYYATA BU CÜR ADAMLAR DA LAZIMDI".

Sabir müəllimin Vidadi Məmmdova verdiyi bu qiymət həqiqətən son dərəcə layiqli bir qiymət idi və bu ifadədə Vidadinin yazar kimliyi, şəxsiyyəti bir az zədə görsə də, amma çox dəqiq bir ifadə idi.

"Bu cür"... Yəni nə cür?

... Hörmətli yazarımızın fikrini yorumlasaq belə demək mümkündü: Vidadi Məmmədov bir ədəbiyyat sərrafi idi. Nəyin yaxşı, nəyin pis olduğunu bir zərgər dəqiqliyi ilə görürdü və fikrini də söyləyirdi, amma bu fikirləri yazmırdı. İnanın, mənim əlacım olsaydı onun ardınca düşüb, orda-burda danışdıqlarını və qumar oynayarkən (onun bu xasiyyətini ayrıca yazmağa dəyər, mən zarafatla onu həmişə Dostoyevskiyə bənzədirdim, Allah ona bu qisməti də vermişdi və çox azartla qumar oynayardı, elə bunun ucbatından da bir dostunun toyundan çıxıb evə gec saatlarda gələrkən qəza keçirdi və baxımsızlıq ucbatından xəstəxanada vəfat etdi. Burada mən gözəl yazarımız Elçinin bu hadisəni eşidən kimi xəstəxanaya getməsini və xəstəxana günlərində ona neçə dəfə baş çəkdiyini və necə kömək etdiyini xatırlamasam vəfasızlıq olar, Vidadi Məmmədov İlyas müəllumlə və eləcə də Elçinlə qohum düşürdülər) söylədiklərini lentə alardım. Ədəbiyyat haqqında son dərəcə uzaqgörənliklə danışan və ədəbiyyatın nə olduğunu, nəinki ədəbiyyatin, hətta ən kiçik bir yazının nə olduğunu bilən ikinci bir tay-tuşumuz yox idi. Bəlkə ona görə də İsa kimi sofu bir şair onun fikirlərindən heç də vaz keçmirdilər və onun fikirləriylə mən bilən hər zaman razılaşırdılar.

(Aman Allahım, hələ idmanı bilməyini demirəm)

Və Sabir Əhmədov deyəndə ki, ƏDƏBİYYATA BELƏ ADAMLAR DA LAZIMDI, məhz onun çox az bədii şeylər yazdığını yox, ədəbiyyat haqqında dəqiq və tutarlı, sanballı və mübahisəsiz fikirlərini nəzərdə tuturdu ki, həqiqətən Allah ona belə bir istedad da vermişd

İlk hekayəsi və sonralar biləcəyik son hekayələrindən biri (cəmi birmi, ikimi hekayə yazdı) "Vağzalda..." hekayəsi elə bir səs gətirdi ki, hətta ağsaqqal Yazarımız İlyas Əfəndiyev özünü saxlaya bilməyib (bəlkə qohumluq da bir az öz işini görmüşdü əlbəttə, amma belə qohumu müdafiə eləyən hər kəsə qurban olum mən) bu hekayə haqqında (yəni, bir hekayə haqqında) böyük bir yazı yazmışdı ki, indi o yazı mənim əlimin altında deyil ki, misal gətirim mənə inanmayanlara (hər halda ədəbiyyatda misal gətirmək, məişətdə and içmək kimi bir şey olub, rəhmətlik Vidadi Məmmədov deyərdi: hər hansı bir ağıllı fikri həyata keçirmək istəyirsinizsə o zaman deyin ki, Pikasso demişdir və döşəyin getsin. Pikossonu tapıb ondan soruşan olmayacaq ki, bunu demisən, ya yox...) amma bu bir həqiqətdir ki, böyük-böyük romanlar haqqında belə yazılar yazılmadığı və qismən də qısqanclıqla yazıldığı bir zamanda İlyas kimi böyük bir yazarın belə bir yazı yazması, təbii geniş bir söz-söhbət yaratdı ki, oxucular həmişə "Ulduz" jurnalının səhifələrində onun imzasını axtardılar mən bilən... Vidadi isə susdu...

...amma Vidadi yazacağı hekayələrin süjetini orda-burda danışır və bizlər qınayanda isə "dədəmin goru üçün yazacağam" deyirdi və amma yazmırdı...

Və yazmadı ki, yazmadı... O hekayələri, o ədəbi düşüncələri...

Yazmadı və yazamağa da tələsmədi.

Sonra bir gözəl hekəyə də yazdı. "D-4" adında. Ada bir baxın.

Bu adın nə oluduğunu mən hələ də bilmədim.Yekə çıxmasın, Ədəbiyyatda və Həyatda belə əllaməçilik heyranı olan və az-çox əllaməçilik eləyən bir qələm sahibi və ədəbiyyatçı olaraq mən bu adın nə ifadə etdiyini çox düşündüm və özündən də soruşurdum, qaçırdı izah eləməkdən. Bəlkə heç bir izahı da yox idi: amma bu "qarğa məndə qoz var" demək də deyildi. Bu bir düşüncə tərzinin üsyanı, bir düşüncə tərzinin sıxışdırılıb bomba kimi partlaması demək idi ...

Zəki Mürəndən soruşacaqlar: "Sən niyə yubka-tuman geyib səhnəyə çıxırdın? "

Zəki Mürən deyəcək: "Bu bir üsyan idi... Bu bir qadın haqlarının müdafiəsi idi... "

Bu hekayənin adının "D-4"-ün nə ifadə etdiyini yalnız Yazar Vidadi özü bilirdi və inanın ki, bu gün də o hekayənin adının niyə belə olduğunu bilmirəm. Amma bu hekayənin məncə ikinci bir adı vardı ki, çap olunanda icazə verməsələr həmən dəyişsin, onu da mən indi xatırlamıram.

Hər iki hekayə son dərəcə söz-söhbətə gərək olan bir ortam yaratdı, bizim, xüsusilə gənclik ədəbiyyatımızda və həqiqətə qalsa ədəbiyyatımızda da və Vidadinin şəxsi həyatı kimi qarşısıalınmaz bir dedi-qoduya səbəb oldu onun hər elədiyi...

Təbii, mənim məqsədim bu hekayələrin nəyinin gözəl olduğunu açmaq və yazmaq deyil. Çünki, bunu eləmək üçün mən həmin hekayələri yenidən oxumalıyam (inanın əlimdə imkan olsa, azad bir qəzetim olsa və qəzet sahibi olsam mən zaman-zaman belə unudulmuş hekayə və şeirlərə qayıdaram və yenidən çap edərəm) və ola bilsin o zaman mənə son dərəcə gözəl görünən şeylər indi bir az təravətini itirmiş ola da bilər, amma mən buna inanmıram, oxuyub açmaq imkanına malikəm və o gözəl şeylər hələ də bizim ədəbiyyatımıza gəlməyib bəlkə də...

 

DİQQƏT! DİQQƏT!

 

"Vağzalda" hekayəsində gecələr vağzallarda gecələyən sahibsiz itlərin həyatı acı bir tərzdə ifadə edilmişdi məncə. Pambıq, kartof, badımcan qəhrəmanlarının həyatı təsvir edilən və Əfqanıstanda Rus Ordusu içərisində Azəri əsgərlərin müsəlman qardaşlarını öldürdüyü ədəbiyyata fəxrlə gətirilən və bunula fəxr edən yazarlarımız olduğu bir dövrdə və bütün bunlarla öyünən bir xalqın ədəbiyyatında bu cür şeyin yazılması bir inqilab idi məncə.

Bizim bilmədiyimiz son günlərində demək olar ki, Vidadi Məmmədov heç yazmırdı və yazanda da bir çox zaman öz imzasını yazmadı o yazıların altında. Məsələn, mən xatırlayıram ki, "Ədəbiyyat və İncəsənət" qəzətində bir araşdırma yazısı çap olunmuşdu onun, Vidadi Qarayazılı imzasıyla, amma biz hamımız bilirdik ki, onun Qarayazıya heç bir dəxli yoxdur, bir vətəndaş kimi, İsa İsmayılzadəyə zarafatla sataşmaq üçün eləmişdi. Adı da beləydi məncə: "Yollar qayıdır geri..." Ya da bu məzmunda bir şey idi...

Yazı nə yazıydı, Allahım nə qədər duyğusal bir yazı idi, nə qədər danışıldı o yazı haqqında, bunu gedin Abbas Abdulladan soruşun...

Möcüzəsi o idi ki, bu adamın yaşının dibinə dünyasına dayihanə qədər heç kim bilmədi. Hər halda mən bilmədim. Onun heç pasportu oldumu görəsən, o pasportda harda nə zaman doğulduğu vardımı görəsən? Gah Gəncədənəm deyirdi, gah Bərdədənəm deyirdi və ən böyük imanı da "Dədəmin goru üçün" idi.

Və zarafatla əlavə edərdi: heç dədəmin də qəbrinin harda olduğunu bilmirəm...

Vidadi Məmmədov bizim ədəbiyyatımızda və həyatımızda bir möcüzə idi. Yəni möcüzə Yazar idi və möcüzə İnsan idi...

Gecə saat on ikidə, birdə bir də görərdin ki, gəlib bizə. Voyeni Qospitalın yanında Naxalstroy, gecəqondu deyilən səmtdəki evimizə: mən də o zamandan tez yatan adam. Qapını yox pəncərəni döyərdi. Çünki, pəncərə tam başımın üstündə idi. Qapı isə məndən uzaqda. Söyürdüm... və çağırıdım içəriyə... Qoruxdurm ki, sabah bir yazımı oxuyub vayımı verəcək... haqlı, ya haqsız...

Düşmən da istəməzdi onun dilinə düşsün, elə yumuşaq, elə incitmədən şeylər deyərdi ki, özün də gülüb keçinərdin...

 

***

 

Bu ştrixlər Vidadi Məmmədov haqqında nə vaxtsa yazacağım böyük bir yazının üvertürü kimi bir şey ola bilər.

Yəni bir daha heç yazmaya da bilərəm onun haqqında. Amma bizim nəslin (69-cu illərin nəsli) hər bir adamı və hətta bizdən sonra gələn nəsillərin hər adamı onun haqqında vicdan əzabı çəkmədən yaza bilər...

Bu yazı da vicdan rahatlığı ilə yazdığım bir yazıdır, amma bütöv yazı deyil. Mən güman ki, Vidadi Məmmədov haqqında daha çox şeylər yaza bilərəm.

Açığını deyim, hər zaman düşünmüşəm: mən öləndən sonra onun yarısı qədər xatırlansam, çox rahat bu dünyaya əlvida deyə bilərəm.

Yox, elə buradaca bu yazını kəsib həmən ayağa qalxıb, evdən çıxmaq lazımdı və eləcə də eləyəcəyəm... Amma hara gedəcəyəm...

Gözəl yazarımız Aslan Qəhrəmanlı şəhərin o biri başında, Akif Qəhrəmanlı blok qonşum olsa da, dünən və həftənin çox günü bir yerdəyik və üstəlik də gözlərim alacalanır.

"Gedən yerim olaydı gedən yerim

Kiminsə həsrətiylə açılaydı səhərim... "

Aman Allahım, gözəl şairimiz Qabil gör nə zaman yazıb bu misraları. O zaman Vidadi də sağ idi...

Biz də hələ cavan idik...

 

 

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

 

Ədalət.-2013.-19 yanvar.-S.15.