Şəhid məktubları

 

Şəhid məktubları uçur havada

bu kəndin göyləri məktubla dolu.

Ağaclar məktublu, otlar məktublu,

bu gün bu toylarda məktublar uçur,

bu gün bəy üzündə tər puçur-puçur.

Xəyallar, röyalar uçur, hey, uçur.

Danışan, dolaşan, uçan məktublar,

hərdən dövrə vurur başının üstə,

hərdən dövrə vurur yaşının üstə.

Bu kəndi məktublar alıb qoynuna-

şəhid məktubları tut dərir indi,

şəhid məktubları dərd sərir indi.

Bir cavan gəlinin röyalarında

şəhid məktubları gül dərir indi,

məktubun üstünə tül sərir indi.

Dünən növbədə, bu gün növbədə,

şəhidin növbəsi qurtaran deyil.

Gör neçə aylardı, gör neçə ildi,

şəhid sərhəd boyu növbədə durur,

ruhları Vətəndə dövrələr vurur.

Şəhid məktubları uçur havada

bu kəndin göyləri məktubla dolu.

Nişanlı qızların adı yazılı,

sevdiyi qızların kodu yazılı,

arzu məktubları uçur havada.

Gözləri qapıya, yola dikilən

ananın qoynunda şəhid məktubu,

ananın gözündə toy mağarları,

düzülüb dalbadal, həyətbəhəyət.

Ana ürəyinə damanlar damır,

ana ürəyinə gümanlar damır.

Bulud arxasına çəkilən ay da,

səmada məktublar oxuyur indi,

bu dünya məktublar toxuyur indi-

sevinc məktubları, qəm məktubları.

Göylərin gözləri dolub bu gecə,

parlayan ulduzlar solub bu gecə.

Qaralı-qırmızı lentlər yellənır,

qırmızı yağışlar yağacaq indi,

məktublar gecəni boğacaq indi.

Qara-qırmızıdı bölgə hər gecə,

qara-qırmızıdı ölkə hər gecə.

Şəhid məktubları uçur havada

bu kəndin göyləri məktubla dolu.

Dünənki döyüşün təəssüratları,

sabahkı döyüşün xoş ovqatları,

sevginin, həsrətin vüsal anları,

arzunun üzündə güllə qanları.

Məktublar güllədi, sözlər güllədi,

bu güllə məktublar, bu söz məktublar,

bir qıza, gəlinə bu göz məktublar,

anaya-ataya bu köz məktublar,

döyür qapıları, döyür evbəev.

Əlləri xınalı gəlinlər açır,

məktubun dalınca neçə qız qaçır.

Bu gecə royalar işıqlar saçır

bu gecə, bu gecə hamı göylərdə.

Şəhid məktubları uçur havada,

bu kəndin göyləri məktubla dolu.

Bu gecə məktubu paylayan külək

neçə qapıları qəfil döyəcək.

 

 

Rafail Tacızadə

 

Ədalət.-2013.-19 yanvar.-S.10.