GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ

 

(Sonuncu Kəngərli generalı)

 

Şəmistan Nəzirli

 

istefada olan polkovnik-leytenant

 

(əvvəli ötən saylarımızda)

 

1923-cü ildə Moskvadakı qısa müddətli Ali Hərbi Akademiya kursuna göndərilən Cəmşid xan Naxçıvanski 1924-cü ilə qədər orada hərbi təhsil almışdı. Azərbaycana qayıdandan sonra yenidən diviziya komandiri təyin edilmişdi. Üç il sonra o, ikinci dəfə Hərbi Akademiyaya oxumağa göndərilmiş və 1928-ci ildən 1929-cu ilədək məşhur generalımız Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri olmuşdur.

Mərhum general Akim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu diviziyada xidmət edib. Onun dediklərindən:

- Cəmşid xan Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması, səliqəylə yana ayrılıb daranmış qara saçları və qalın qaşları altında açıq, aydın baxışları indi də gözümün önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə məxsus dəyanəti ilə müasirlərindən seçilirdi. Biz - Cəmşid xan Naxçıvanskinin diviziyasında xidmət edənlər, bu istedadlı sərkərdədən hərbi peşənin sirlərini öyrənmiş komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün də keçmiş ənənələrə görə onu "Xan Naxçıvanski", döyüş təxəllüsünə görə "Şamo" deyə yad edirik. Xanlar rayon ərazisindəki iki kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və qızıl əsgərlər, həmçinin yerli sakinlər komandirimizə ehtiram əlaməti olaraq "Xan Naxçıvanski dağı" adlandırırdıq.

Cəmşid xan komanda məntəqəsini bu dağda qurmuşdu. Buranın relyefi elədir ki, həmin dağdan ətrafda Azərbaycan diviziyasının təlim meydançaları aydın görünürdü.

Cəmşid xan Naxçıvanski hərtərəfli mütəxəssis, siyasi cəhətdən hazırlıqlı, hərb işinə sədaqətli zabit idi. Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə Hərbi İnqilab Şurasının əmri ilə Cəmşid xan Qızıl Ordunun Ali Komanda Heyəti kursuna dinləyici qəbul olundu. Bu kursu müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931-ci ildən M.V.Frunze adına Ali Hərbi Siyasi Akademiyanın xüsusi qrupunda təhsilini davam etdirdi. Buranı da fərqlənmə diplomu ilə başa vuran Cəmşid Naxçıvanski Xalq Müdafiə Komissarının əmri ilə akademiyada müəllim saxlanıldı.

Həmin dövrdə C. Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq:

"C. Naxçıvanskiyə əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın. O, hər cəhətdən inkişaf etmişdir. Cəmşid xan Naxçıvanski hərbi təlimlərdə, operativ taktiki təlimatlarda özünü bacarıqlı sərkərdə kimi göstərmişdir. C. Naxçıvanskidən korpus komandiri kimi də istifadə etmək olar. O, təmkinli, sakit təbiətlidir, tükənməz enerjiyə malikdir, təşəbbüskardır, gözəl inzibatçıdır, yaxşı təşkilatçılıq qabiliyyəti vardır..."

Bu da Hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttifaqı marşalı Boris Şapoşnikovun həmin attestasiyasının təsdiqi barədə rəyi:

"Cəmşid Naxçıvanskinin attestasiyası ilə razıyam, atıcı diviziyasının komandiri vəzifəsinə münasibdir".

Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid xan orduda bir qoşun növünə vətəndaş müharibəsinin təəssüratı ilə həddən artıq aludə olanlarla razılaşmır. Akademiyanın dinləyicilərini köhnəlmiş şablonlardan tezliklə yaxa qurtarmağa çağırırdı. Sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi üstünlük təşkil edəcək: döyüş meydanlarında o kəs qalib gələcək ki, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətini təmin edə bilsin, döyüşün idarə olunmasına yaradıcı şəkildə yanaşmağı öyrənsin. Toxum münbit zəminə düşmüşdü. Lakin bu toxumun cücərməsi...

Bəli, nadanlar, şər və iftira düşkünləri bu toxumun cücərməsinə imkan vermədilər. Onun tərbiyə edib yetirdiyi müdavimləri - S.Biryuzov, A.A.Qreçko, P.F.Batistki marşal rütbəsinə çatdılar. Özü isə günahsız məhv edildi. Onun fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə tanış olandan sonra Cəmşid Naxçıvanskinin "xalq düşməni" olmasına inanmaq çox çətindir. Bu ağa qara demək kimi bir şeydir. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar. Lakin o, istintaqda heç bir iftiranı boynuna almayıb, özünün günahsız dostlarını satmayıb, xalqının, nüfuzlu nəslinin adını ləkələməyib.

İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında ürək dolusu ilə danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə məlumat vermək imkanı yarandı. İndi onun adına Bakıda Hərbi lisey var. Boya-başa çatdığı Naxçıvanda isə ev muzeyi açılmışdır.

Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmlər doktoru, professor Əyyub Əsgərov vaxtilə yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının sıralarında zabit kimi xidmət edib. O, istedadlı sərkərdə Cəmşid xan Naxçıvanskinin son günlərinin şahidi olub:

- 1937-ci ilin payızında Sankt-Peterburqda keçirdiyim məzuniyyətdən geri qayıdırdım. Moskvada hərbi kursda oxuyan yoldaşlarımla görüşmək üçün Frunze adına Hərbi Akademiyaya getdim. Yaxın dostum və Akademiyanın müdavimi Hacıbaba Zeynalovun qonağı oldum, həmyerlilərimiz Cəlil Əliyev, Əhmədəli Əliyev, Bayram Şıxıyev, Fərhad Şahbazov və başqaları ilə də burada görüşdüm.

Bir gün Hacıbaba Zeynalovun otağında şam yeməyinə toplaşmışdıq. Bu vaxt C. Naxçıvanski otağa girdi. Biz hamımız ayağa qalxdıq, ehtiramla, rəsmi təzim edərək onu salamladıq. Görkəmli sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü. Üz-gözündə xoş təbəssüm cilvələnirdi... O, 77-ci Azərbaycan atıcı diviziyasında xidmət etdiyimi biləndə məni söhbətə tutdu. Azərbaycan xalqının həyatı ilə yaxından maraqlanırdı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi uğurlar barədə məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin müdafiə qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq, yüksək bilikli kadrlar hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib olduğunu bildirdi. Sonra: "Oğul, bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır",-dedi. Gedərkən hamıya müraciət etdi: "Bu Ali Hərbi məktəb-Akademiya əsl siz gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim nümayəndələrimiz burada çox azdır". Üzünü mənə döndərdi: "Çalışın, qoçaq olun, mən elə sizi də burada görmək istərdim".

 

DÖRD QARDAŞIN FACİƏSİ

 

Xan nəsilli generalın Naxçıvandakı ev muzeyində 1898-ci ildə çəkilmiş köhnə bir şəkli var. Tən ortada oturmuş ana - Fərəntac xanım körpə qızını bağrına basıb. Yanında şux qamətli üç oğlu - Ehsan xan, Kəlbalı xan və Cəmşid xan əyləşib. Çərkəzi geyimdə olan üç qardaşın duruşunda yaşlarına uyuşmayan ciddilik, mərdanəlik və vüqar oxunur. Həyatın hələ dinclik və rahatlıq dövrüdür. Yastığın üstündə oturan üç yaşlı Cəmşid uşaqlara məxsus heyranlıqla obyektivə baxır. Dünyaya uşaq marağı ilə baxan, iki ildən sonra başlanacaq yeni əsrdə onu nələr gözlədiyindən hələ bixəbərdir. Dünyanın inqilab tufanı, həyat qasırğası və müharibənin alovları balaca Cəmşidi on altı il sonra polad kimi bərkitdi... Hələ qarşıdakı həyat faciəsinə bir qərinədən çox qalırdı. Elə bir faciə ki, orada Cəmşid xan yox, onun qardaşları Ehsan xan, Kəlbalı xan və hansı təsadüfdənsə bu fotoşəkilə düşməyən Davud xan da məkr və böhtanın qurbanı olacaq.

1920-ci ilin iyununda Cəmşid xanın xidmət etdiyi ikinci Qarabağ süvari alayı Şuşada yerləşirdi. Podpolkovnik Naxçıvanski nizami hissə üzrə müavin idi. Qardaşı Ehsan xan onun qonağı idi. Ondan iki yaş böyük olan Ehsan xan da peşəkar hərbçi idi.

O, Moskvada zadəgan balalarına məxsus kadet korpusu məktəbini bitirmişdi. Ehsan xanın da, çox saylı gənc Naxçıvanski zabitlərinin də tam süvari generalı Hüseyn xan Naxçıvanski kimi örnək əmiləri vardı. Hüseyn xanın şöhrəti bütün Rusiyaya yayılmışdı. Onlar belə igid əmiləri ilə fəxr edir, onun hərb sənətinin davamçısı kimi orduda şərəflə xidmət edirdilər.

Elə Əlahəzrət imperator adına şöhrətli on yeddinci Nijeqorodsk Draqun alayında ştabs-rotmistr Murad xan, qvardiya rotmistri Kəlbalı xan (nəvə), poruçik İsgəndər xan Naxçıvanskilər göstərdikləri şücaətlərə görə cəbhədə ad-san qazanmışdılar.

1914-cü ildə bölüyü ilə düşmən qüvvələrini pərən-pərən salan Murad xanın döyüş xidmətləri "Müqəddəs Anna" ordeninin dördüncü dərəcəsinə, 1915-ci ildə "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), "Müqəddəs Anna" ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), "Müqəddəs Stanislav" ordeninin ikinci dərəcəsinə (qılıncla birgə) və 1916-cı ildə "Müqəddəs Anna" ordeninin ikinci dərəcəsinə (qılıncla birgə) layiq görülmüşdür.

Birinci Dünya müharibəsindən sonra Vətənə qayıdan rotmistr Murad xan Naxçıvanski Milli Ordunun üçüncü Şəki alayında birinci bölüyün komandiri oldu.

Döyüşlərdə igidliklə vuruşan poruçik İsgəndər xan Naxçıvanskinin xidmətləri isə "Müqəddəs Anna" ordenin üçüncü dərəcəsinə (qılınc və bantla birgə), "Müqəddəs Anna" ordeninin dördüncü dərəcəsinə (İgidliyə görə yazısı ilə) və "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə) layiq görülmüşdür.

1916-cı il aprelin 1-də "Kaspi" qəzeti yazırdı: "Ulan Leyb - qvardiya alayının rotmistri Kəlbalı xan Naxçıvanski 1914-cü il avqustun 15-də Sokokov kəndini düşməndən geri aldığına görə "Georgi silahı" ilə təltif olunmuşdur. Onun komandir olduğu vzvod heyəti alayın sol cinahında döyüşlər apararkən qəflətən avstraliyalıların bir eskadronunun basqısına məruz qalmışlar. Özünü itirməyən rotmistr Kəlbalı xan az saylı qüvvə ilə hücuma keçərək düşməni qaçmağa məcbur etmiş, qaranlıq düşənə qədər onları təqib dərək döyüş ərazisindən çıxartmışlar. Ötən döyüşlərdə də uğurlu qələbələr qazanan rotmistr Kəlbalı xanın xidmətləri üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə) və ikinci dərəcəli "Müqəddəs Anna" ordenləri ilə (qılıncla birgə) qiymətləndirilmişdir".

1918-1920-ci illərdə Azərbaycan Milli ordusunda xidmətini davam etdirən Kəlbalı xan Naxçıvanski və Kərim xan İrəvanski haqqında Respublika Nazirlər Soveti sədrinin adına 1919-cu ilin mart ayında yazılmış raport saxlanılır. Həmin sənədi Hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş Qərargah rəisi general-mayor Həbib bəy Səlimov imzalamışlar. Sənəddə oxuyuruq: "Qvardiya ştab-rotmistrləri Kəlbalı xan Naxçıvanskinin və Kərim xan İrəvanskinin keçmiş Rusiya hərbi nizamnaməsinə görə rütbələri ştab-rotmistr idi. Bugünkü orduya dəyişdirildikdə isə həmin rütbə podpolkovnik olmalıdır. Şərur və Naxçıvan qəzalarının erməni daşnaklarından azad olunmasında fərqləndiklərinə görə onlar polkovnik rütbəsi almağa tam mənada layiqdirlər".

Naxçıvan və Şərur qəza qoşunlarının komandanı olan Kəlbalı xanın polkovnik rütbəsi alması barədə fakta təəssüf ki, sonrakı arxiv sənədlərdə rast gəlmədik. Dörd qardaşdan ikisi - Ehsan xanın və Cəmşid xanın doğma qardaşı Davud xan və Kəlbalı xan 1920-ci ildə bolşevik istilasından sonra İrana mühacirətə getməyə məcbur oldular.

Birinci Dünya müharibəsi illərində ştab-rotmistr Ehsan xan da leyb-qvardiya Varşava Ulan alayında şöhrətli döyüş yolu keçmişdir. 1914-1916-cı illərdə üstü "İgidliyə görə" yazılı dördüncü dərəcəli "Müqəddəs Anna", yenə həmin ili üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə), 1915-ci ildə "Müqəddəs Anna" (qılınc və bantla birgə), 1916-cı ildə ikinci dərəcəli "Müqəddəs Anna" (qılınc birgə) ordenləri ilə təltif olunmuşdur.

Polkovnik Tuqanov 1918-ci il avqustun 20-də Tiflisdə Ehsan xana verdiyi xasiyyətnamədə yazırdı ki, alayın bütün yürüş və döyüşlərində, xüsusilə 1916-cı il aprelin 3-də apardığı kəşfiyyat işlərində bacarıqlı komandir kimi fərqlənmişdir.

İmperiya ordusu dağılandan sonra Vətənə qayıdan ştab-rotmistr Ehsan xan 1919-cu il mayın altısınadək dördüncü Borçalı süvari alayında bölük komandiri kimi Lori nahiyəsində və Qarayazı ərazisində daşnak ermənilərə qarşı döyüşlər aparmışdır. Həmin ildən üçüncü süvari alayında, üçüncü bölüyün komandiri olan Ehsan xanın Qarabağda göstərdiyi qəhrəmanlığa görə rütbəsi də polkovnikə çatmışdı.

Cəmşid xan kiçik qardaş kimi onun şücaətinə, döyüşlərdə aldığı ordenə və rütbədə sürətlə irəliləməsinə çox sevinirdi. Podpolkovnik Ehsan xan yenə Qarabağı daşnaklardan qorumağa gəlmişdi. 1920-ci ilin aprelində Azərbaycana soxulan silahlı bolşeviklər hər şeyi tar-mar eləmişdi. Azərbaycan hökuməti buraxılmış, ordusu dağıdılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini yenicə qurtarmışdılar. Amma müsavat əsgər və zabitlərinin sorğu-sualsız güllələnməyi hələ də davam edirdi. Gecə yarısı qapı döyüləndə Ehsan xan hamıdan tez ayıldı. Qardaşı Cəmşidin oyanmasına qıymayıb durub qapını açdı. Bolşevik-daşnak əsgərlərinin tüfənglərindəki süngülər ay işığında parıldadı. Taxta qoburlu mauzeri olan daşnak zabiti soruşdu: "Cəmşid xan Naxçıvanski sizsiniz?" Ehsan xan dərhal məsələni anladı. Bir anlığa ləngidi, kandarı o tərəfə adlayıb qapını bağladı. "Bəli, Cəmşid xan mənəm" - dedi.

Onu şəhərin kənarına aparıb müsavat zabiti olduğuna görə sorğusuz-sualsız güllələdilər...

1920-ci il iyunun 11-də isə Fövqəladə Komissiya 1108 saylı "Həbs sənədi" tərtib etdi.

Nəyə görə həbs olunub güllələnmişdir sualının qarşısında : on birinci orduda xidmət etmək istəmədiyinə görə müsavat zabiti kimi güllələnmişdir. - Cavabını yazdılar. İyirmi yeddi yaşı yenicə tamam olan Ehsan xan Naxçıvanskinin ömrünə namərdlər nöqtə qoydular.

Otuzuncu illərin axırlarında isə İran ordusunda xidmət edib yüksək rütbələrə çatan Davud xanı və Kəlbalı xanı şah 1934-cü ildə qvardiyaçılarına güllələtdi. Çünki bu taydan gedən bolşevik-daşnak donoslarına əsaslanan şah, igid Kəngərli qardaşlarına inamını itirmişdi. Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat çıxmadı...

 

 

Ədalət.-2013.-23 yanvar.-S.5.