O qıza haqsızlıq olunmuşdu...

 

Hal-hazırda şahidi olduğumuz ədəbi mühit öz zəngin dövrünü yaşayır. Hər gün yeni imzalar, kitablar çap olunur. Lakin bu çoxluğun içərisində davam gətirmək, imza təsdiq etmək də həmişə mümkün olmur. Bunun üçün hərtərəfli dünyagörüşü, mükəmməl bilik, güclü ədəbi mütaliə tələb olunur. İmzası yetərincə tanınan, lakin üzdə olmağı çox sevməyən bir xanım var ki, mən onu hər zaman bəyənmişəm. Maraqlı hekayələrin, romanların müəllifini artıq bir neçə ildir ki, izlədiyimdən onunla söhbətləşmək qərarına gəldim.

Beləliklə gənc, istedadlı qələm sahibi olan Sahilə İbrahimova ilə iki saata yaxın davam edən söhbətin müsahibəsini sizlərə təqdim edirik.

- Ədəbiyyata gəlişini, ilk hekayələrinin yayımlanmasını necə xatırlayırsan?

- Bunu o qədər də dəqiq xatırlamıram. Çünki ilk hekayəm səkkiz yaşım olanda qəzetdə çap olunmuşdu. O yaşlarımda mən teatrda kiçik uşaq rollarında oynayırdım. Ümumiyyətlə uşaqlığım çox maraqlı keçib. Bir çox tədbirlərə, müsabiqələrə, şairlərin gecələrinə qatıldığımdan və çox erkən yaşlarımdan bu mühitin içərisində olduğumdan belə deyək də, bir az yorulmuşdum.

Sonra bir müddət ara verdim, yəni heç yazmırdım. Təxminən 2006-cı ildən sonra yenidən yazmağa, yayımlanmağa başladım. Universitetin son kursunda hiss elədim ki, mən yazıçı olmaq istəyirəm.

- Sahilə bildiyimə görə sən ixtisaca tarixçisən. Sənin fikrincə tarixin ədəbiyyata nə dərəcədə təsiri olur?

- Məncə tarixin ədəbiyyata təsiri çox olur. Və bir çox hallarda tarix ədəbiyyata diqtə edir. Baxmayaraq ki, biz o ədəbiyyatı sifarişli ədəbiyyat hesab edirik. Amma görünən və görünməz tərəfləri ilə tarixin ədəbiyyata mütləq müəyyən təsirləri var.

Mən həmişə deyirəm ki, əgər sovet hökuməti dağılmasaydı, inanmıram ki, kimsə Pasternakı tapıb oxuya bilərdi. Ya da ki, Amerika ilə Sovet hakimiyyəti rəqabətdə olmasaydı, Pasternak bu qədər məşhurlaşmazdı. Podsovet məkanı onu qərbin vasitəsi ilə öyrəndi.

Bir tarixçi kimi tarix şəxsən mənim yazılarıma da təsiri edir. Çünki həm tarixi, həm də ədəbiyyatı çox sevirəm. Mənə elə gəlir ki, onların ikisini sintez etsək çox maraqlı, məlumatlı bir əsər ortaya qoymaq olar. Çox istərdim ki, tarixi bir roman yazım. Lakin buna özümü o qədər də hazır hiss etmirəm. Həm də dilim hələlik buna imkan vermir. Amma gələcəkdə mütləq yazmağı düşünürəm.

- Tarix hər zamanmı təhrif olunur?

- Bilirsən, məsələ burasındadır ki, heç bir hadisə, heç bir əhvalat, hekayə olduğu kimi nəql oluna bilməz. Məsələn, bizim öz həyatımızı bizdən yaxşı heç kim bilmir. Amma buna baxmayaraq biz özümüz haqqında bir başqasına danışanda mütləq bizə sərf edən, yaxşı tərəfləri qabardırıq. Sevmədiyimiz o illərimi, günlərimi deyək, ixtisar edirik. Və bu çox normal haldır. Çünki ikinci dildə həmişə təhrif olur. Bir halda ki, biz özümüz haqqında bunu etməyi bacarmırıqsa, o zaman bunu başqasından gözləmək də düzgün deyil. Eləcə də arada olan zaman kəsiyinin də çox əhəmiyyəti vardır. Necə əsrlər bundan əvvəl baş vermiş hadisələrin milyonuncu dildən bizə çatdırılmasında təhrif olunmamaq mümkünsüzdür.

- Ən çox sevdiyin tarixi şəxsiyyətlər kimlərdi?

- Makedoniyalı İsgəndəri çox sevirəm. Çünki o şərqlə qərbi birləşdirmək istəmişdi. Çox cavan yaşlarından öz siyasətini bəşəri ideyalar üzərində qurmuşdu. Baxmayaraq ki, bu çox adamın sevdiyi bir şəxsiyyətdi. Amma mən onu seçmişəm. Bir də Fidel Kastronu sevirəm. Bəlkə də çoxları üçün bu qəbuledilməz sayılar. Çünki onun öz qızı belə Fidel Kastronun siyasi xəttini bəyənmirdi. Ola bisin ki, tarixin müəyyən dönəmində o yolundan çıxdı, belə deyək də büdrədi. Amma mən həmişə düşünürəm ki, tarix tərəfindən ona qarşı haqsızlıq olunub. Bəlkə də onun başından vuran Amerika olmasaydı, Fidel Kastro Kubanı düşündüyü ölkə kimi dünyaya təqdim edəcəkdi.

- Yaddaşında hər zaman yaşayan ədəbi qəhrəman necə var?

- Mənim ən çox sevdiyim ədəbi qəhrəman Jan Valjandır. Orta məktəbdə oxuduğum zaman inşa yazanda da onun adını yazmışdım, yeddinci sinifdə də. Və bu gün yazsam yenə də Jan Valjanın adını yazardım. Bir də mənə nədənsə, Cenni Herhard obrazı daha doğmadı. Bəlkə də əsər olaraq o güclü ədəbi əsər deyil, amma Cenni Herhard obrazını çox sevirəm. Və onun əsərdəki çarəsizliyi həmişə mənim xatirimdədi.

- Bu yaxınlarda yeni kitabın çap olundu. Bir çox yazarların narazı qaldığı oxucu azlığı sənin kitabının satışında da özünü büruzə verdi? Yoxsa, oxucularından razısan?

- Mən sözün açığı ikinci kitabımda oxucularımdan razıyam. Və mənə elə gəlir ki, ətrafıma keyfiyyətli oxucu yığa bilmişəm. Mən dediyimi, demək istədiyim anlada bilirəm. Həm də birinci kitabıma nisbətən, ikinci kitabımın dili daha asandır. Çünki bu kitabda artıq hesablamışdım ki, məni kimlər oxuyacaq. Bir söz də deyim ki, dərdli olanda dərddən, sevincli olanda sevincdən yazan yazıçıları da qəbul etmirəm. Bunları ədəbiyyat deyə oxucuya sırımaq olmaz. Çünki oxucu o kitaba pulunu, vaxtını və enerjisini sərf edir ki, zövqlü məlumat əldə etsin. Bir halda ki, mən də kitab çıxarıram, mütləq oxucunun zövqünü nəzərə almalıyam.

- Xasiyyətcə necə insansan?

- Mehribanam, ünsiyyətciləm. Sevinməyi və insanları sevindirməyi çox sevirəm. Məndən xahiş edib hər şey elətdirmək olar, sözsüz ki, əgər o mənim prinsiplərimə zidd deyilsə. Hətta mənə əziyyət verə biləcək, vaxtımı ala biləcək işləri də mənə elətdirmək olar. Hərdən özüm haqqında yalandan da informasiya verirəm ki, çox kinliyəm. Əslində isə kinli insan deyiləm. İnsanların xoşuna gəlməyi xoşlayıram. Bəzən bu hal məni narahat edirdi. Sonra bir dəfə Markesin bir fikrini oxudum. O deyirdi ki: "Mən bilsəm ki, dünyada bir adam var və o məni sevmir, mən hər şey edərdim ki, o məni sevsin". Bu həqiqətən belədir. Mən istəyirəm ki, hamı məni sevsin, çünki mən də insanları sevirəm.

- Həyatda səni sarsıdan, əzmini qıran haqsızlıqlar çox olub?

- Elə də çox olmayıb. Çünki mən həmişə özümə müəyyən qədər yer saxlamışam ki, bu sözü desəm artıq uduzacam. Bəzən olub ki, çox pis vəziyyətdə olmuşam, lakin bunu özümə belə etiraf etməmişəm.

Amma indiki yox, hardasa bir üç il bundan əvvəl özümü yadıma salanda, düşünürəm ki, o, qıza bir dəfə haqsızlıq olunmuşdu. Bunu mən yalnız yaxın adamlarıma demişəm. Bəlkə də indi o hərəkət mənə qarşı olsa, onu haqsızlıq kimi qəbul etmərəm. Amma o vaxtkı qıza kənardan müşahidəçi kimi baxanda deyirəm ki, bəli o qıza haqsızlıq olunmuşdu...

- Bəzi yazıçılar ədəbiyyata şeirdən gəlirlər. Sənin şeirə münasibətin necədir?

- Şeirə münasibətim çox yaxşıdı. Bilirəm ki, çox adam şeirdən gəlib ədəbiyyata. Ancaq bizim cəmiyyətdə nədənsə, ədəbiyyatla məşğul olan adamları şair kimi təqdim edirlər. Məncə cəmiyyətin tanıdığı şair, şairə obrazı yaxşı deyil. Bunu korrektə edib yenidən təqdim etmək lazımdır. Mənə belə gəlir ki, yazıçı sonradan olmaq olar. Ancaq şair olmaq üçün insan mütləq şair doğulmalıdı. Orxan Pamuk deyirdi ki, "mən özümdən yazıçı düzəltdim". Ancaq kimdənsə şair düzəltmək olmaz. Olsa da, onların şairliyi də süni olar.

 

- Bəşəriyyətin tarixinə, ədəbiyyatına nəzər saldıqda görərik ki, kişilərin statusları hər zaman daha güclü və sarsılmaz olub. Bəs qadınların tarixdəki yerləri nə dərəcədə möhkəmdir?

- Mənə elə gəlir ki, sən də, mən də bu sualın cavabını artıq bilirik. Qadına tarix boyu haqsızlıq olunub. Mən özümü haqsızlığa uğramış cinsin nümayəndəsi hesab edirəm. Biz doğulanda artıq bu etirafla doğuluruq. Tarixin qadınlara vermiş olduğu imtiyazlar, hüquqlar ki, var, mənə hərdən elə gəlir ki, bu kişilər tərəfindən qadınlara bir sədəqə kimi verilib. Lakin qadınlar daha mübariz olmalıdılar. Lazım gələrsə, o hüquqlarını zorla tutub almalıdılar. Mən demirəm ki, Azərbaycanda gender problemi var. Ancaq məişət səviyyəsinə gələndə görürük ki, belədir.

Tarixə nəzər salsaq görərik ki, o vaxtı fizika, astranomiya, kimya fənləri ilə məşğul olan, bir azca belə deyək də ayıq, haqqını tələb edən qadınları şeytanla ittifaqa girməkdə lənətləyib, tonqallarda yandırırdılar. İndi ya şeytanlar ağıllanıb, ya da qadınlar.

- Bəs feminizmə münasibətin necədir?

- Feminist qadınları sevmirəm. Feminist düşünən kişiləri daha çox sevirəm. Mənə bu sahə maraqlı deyil. Adətən dünya ədəbiyyatında belə söz var: feminist yazıçı. Bu adı da sevmirəm. Çünki bu artıq yanaşmanı əvvəlcədən bəlli edir ki, qadının tərəfini saxlayacaq. Halbuki mən kişi obrazına girib düşünməyi də çox sevirəm.

- İndi yeni çap olunmuş romanlarda filosofların, klassik yazıçıların əsərlərindən götürülmüş qədərindən artıq sitatlara rast gəlmək olar. Bax mən sənin romanında buna rast gəldim. Bir çoxları bunu intellekt görməmişliyi hesab edir. Sənin fikrincə yazıçı öz intellektini bu cür yolla nümayiş etirməlidir? Ümumiyyətlə yazıçıya intellekt nümayişi lazımdırmı?

-Tamamilə razıyam. Çox düzgün müşahidədi. Bəli, bunu mən özümdə də müşahidə eləmişəm. Və bunu artıq aradan qaldırmağa çalışıram. Təzə-təzə yazmağa başlayanda doğurdan da adam istəyir ki, öz savadını göstərsin. Olur ki, bəzən bu təbii, bəzənsə qeyri- təbii alınır. Məsələn, mən fikirləşirəm ki, mənim vasitəmlə qoy bu kitablar oxunsun. Digər tərəfdən də ola bilər ki, mən ciddi bir material ortaya qoymaq istəmişəm və həmin sitatları ora daxil eləmişəm. Amma indi bundan qaçıram. Çox vaxtı həmin intellekt göstərən faktları özümdən uzaqlaşdırmaq üçün onları sosial şəbəkələrdə paylaşıram ki, yazıma təsir etməsin. Mənə elə gəlir ki, yazıçının öz savadını oxucuya bu cür göstərməsinə ehtiyac yoxdur.

- Zəif, gücsüz qadınlar cəmiyyət də bir balaca büdrəyən kimi insanlar tərəfindən acınacaqlı hala salınıb, alçaldılırlar. Sonra da elə o insanlar tərəfindən əfv olunub cəmiyyətə qaytarılırlar. Lakin bərbad və biabırçı şəkildə. Çox vaxt da həmin qadınlara elə öz cinslərinin nümayəndələri, yəni qadınlar qənim kəsilirlər. Yəni qadınlar bir-birlərinə qarşı bu qədərmi qəddardılar?

- Ola bilər... Açığı mən etiraf etmək istəmirəm ki, bizi bu günə salan elə özümüzük. Düzü mən bu barədə heç fikirləşməmişdim. İndi sən dedin, mən fikirləşirəm ki, deyəsən belədir. Bəlkə də bu qısqanclıqdan irəli gəlir. Məsələ burasındadır ki, qadınlar açıq rəqabətdə deyillər. Bəzi qadınların əllərində imkanlar daha çoxdu, bəziləri isə bu imkanlardan məhrumdular. Və bu qeyri-sağlam rəqabət içəridə istər-istəməz üsyan yaradır. Heç bir şeyə əli çatmayan qadınlar artıq hücuma keçməyə başlayırlar. Çünki onların da içində önə keçmək, qalib olmaq istəyi var. Lakin bir çox qadınlar bu hisslərini etiraf etmirlər, əksinə hücuma keçirlər. Çox vaxt etiraz haqsızlıqdan doğur. Və haqqı tapdalanmış insanlar da aqressiv olurlar.

- Belə bir fikir var ki, məişət yazıçını, sənət adamını məhv edir. Məişət yazıçı üçün doğurdan bataqlıqdır?

-Təəssüf ki, mənim məişətdə, mətbəxtdə xüsusi bir təcrübəm yoxdu. Evdə anam, bacılarım olduğuna görə mənə hələ növbə gəlib çatmayıb (gülür). Çoxlu reseptlərim var, ancaq onların heç birini hazırlamamışam.

Ancaq mən belə fikirləşmirəm ki, məişət bataqlıqdır. Biz niyə romantik əsəri mətbəxtdə düşünməyək?!

- Açıq-saçıq yazan yazarlara münasibətin necədir? Nə zamansa belə yazılar yazarsan?

- Belə yazıları sevmirəm və özüm də yaza bilmərəm. Çünki mənim özümün buna heç vaxt daxili tələbatım olmayıb. Mənim çevrəm, iş yoldaşlarım bu cür yazıları bəyənmirlər. Və düşünürəm ki, o yazılanların sırf on faizi onların içindən gəlir. Qalanları reklama hesablanmış mətnlərdir. Bunun üçün vizual effektləri olan mənbələr var. Bunu ədəbiyyat deyə ortalığa çıxartmaq doğru deyil. Ola bilsin ki, mən çox mühafizəkar yanaşıram. Demək olmaz ki, konkret bu pisdi. Amma bir halda ki, mənim çevrəmdəki oxucu belə mətnləri sevmir. Bir halda ki, oxucu sevmir, onda bu yazılar niyə yazılır anlamıram.

- Səncə yazıçı köşə yazısı yazmalıdır?

- Mən özümə söz vermişəm ki, köşə yazmayacam. Baxmayaraq ki, bir çox saytlardan belə təkliflər almışam. Mənə elə gəlir ki, bu insanın qarşısına məcburiyyət qoyur. Yalnız köşə yazan insanı yazıçı kimi də qəbul eləmirəm. Heç olmasa, o adamın bir hekayəsi olsun, mən oxuyum görüm ki, burda bir uydurmaçılıq da var, çünki mən ədəbiyyatda uydurmaçılığı sevirəm. Ondan sonra həmin adamı yazıçı kimi qəbul edə bilərəm. Bir də ki, köşə yazmaq dərin düşünməyin qarşısını alır. Bəlkə də yanılıram. Amma hər halda yazıçılığa zərbə vurur hər dəfə bir mövzudan başqasına, atlanmaq.

- Gənc, subay, yaradıcı bir xanım kimi ailəyə münasibətin necədir? Yaradıcılıq baxımından ailə gözünü qorxutmur?

- Yox, qorxutmur. Məncə çatdırmaq olar. Sadəcə olaraq düzgün adamı seçmək lazımdır ki, dünyaya baxışlar eyni olsun. Həm də ki, ailə elə bir birlikdəlikdir ki, ona düstur müəyyən etmək olmur. Amma gələcəkdə ailə quranda sözsüz ki, həyat yoldaşıma da, körpəmə də özüm qulluq etməyə çalışaram.

- Bilirəm ki, filmlərə baxmağı çox sevirsən. Sevdiyin rejissorlardan bir də Trierdi. Bir çoxları onu həm dahi, həmdə qəddar rejissor adlandırırlar. Sən necə Trierin "qəddarlığını" hansı filminə görə bağışlayardın?

- Mən sözün açığı Trieri o qədər də qəddar rejissor saymıram. Trieri çox sevirəm. Düzdür, mən bilirəm ki, o həyatı çılpaqlığı ilə verir. Bax bayaq biz açıq-saçıqlıqdan danışdıq. Məncə onun filmlərində bu olmasa, olmaz. Onun məhsulu, filmi o qədər keyfiyyətli və maraqlıdır ki, mən onun qəddarlığına göz yumuram. Məsələn, onun "Antixrist" filmi mənim baxdığım ən ağır filmlərdəndir. Bu filmə baxmaq üçün adam özünü mütləq hazırlamalıdı. Çünki o film nəinki kiminsə çəkə biləcəyi, hətta baxa biləcəyi bir film deyil. Bir də ki, insanın xislətində qəddarlıq, haqsızlıq etmək var. O da insanın xislətini özünə göstərir ki, sən busan. Biz doğurdan da buyuq axı, bizim genlərimiz budur. Mən özüm də bilmirəm ki, kütlənin içinə girəndə necə hərəkət edəcəm. Ola bilər ki, kütlənin emosiyası mənə keçə bilər. Bəlkə mən də xilas olmaq üçün kiminsə boğazına ayağımı qoyub, onu öldürüb keçəcəm...

- Həm dünya, həm öz ədəbiyyatımızdan kimləri oxuyursan?

- Hal-hazırda Devid Robertsin "Şantaram" əsərini və Şəms Təbrizi oxuyuram. Sevdiyim yazıçılar isə Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Con Steinbek, Viktor Hüqo, Lev Tolstoydu.

- Gənc yazarlarımızdan kimləri oxuyursan?

- Şərif Ağayarın yazılarını çox sevirəm. Baxmayaraq ki, köhnə mövzularda yazır. Bunu özünə deməmişəm. Amma mən çox istərdim ki, o müasir mövzularda da yazsın. Məsələn, feminizmlə bağlı yazılarını görmək istərdim. Seymur Baycanı da çox bəyənirəm. Axırıncı romanı mənim xoşuma gəldi. Nərmin Kamalı oxumuşam, o xanımı həm də bir obraz olaraq çox sevirəm. Svetlana Turanın hekayələrini, düşüncə tərzini çox bəyənirəm. Feyziyyəni, Cavidi də oxuyuram.

- Yerində olmağı arzuladığın ədəbi qəhrəman olubmu?

- Çox qəşəng sualdı (gülür). Orta əsrlərdə quvernantka olmaq istərdim. Kiçik bir çamadanım olsun, uşaqları başıma yığıb, onlarla məşğul olardım.

- Yazıçı istedadını necə cilalamalıdı?

- Yazıçnın ən yaxşı vasitəsi oxumaqdır. Çünki oxuduqca yazmaq istəyi yaranır. Amma bunu elə etmək lazımdır ki, təkrarçılıq olmasın. Dünyadan xəbərdar olmalıdı. Bir də ki, yazıçı öz oxucusunu, oxucu da yazıçısını yetişdirməlidir. Və yazıçı öz-özünün oxucusu, tənqidçisi olmağı bacarmalıdı.

- İş prosesin necədir?

- İşdən saat 7-8-də gəlirəm. Bir, iki saat dincəlirəm. Sonra mütləq yazıram. Bəzən dostlarım məni qınayırlar ki, sən çox ütülü, burjua rahat həyat keçirirsən. Ancaq mən düşünmürəm ki, yazıçı mütləq havalı gəzib-dolaşmalıdı. Bu bəlkə də şairə aid ola bilər. Amma yazıçı üçün adiyyəti olmamalıdır. İki-üç gün yazmayanda soyuyursan. Bir həftə yazmayanda isə tamamilə yazıdan uzaq düşürsən. Bunun üçün də mən hər gün mütləq nəsə yazıram.

- Bayaq dedin ki, ədəbi qəhrəmanın, Jan Valjandır. Bax indiki dövrdə real həyatda onun kimi bir qəhrəman görürsən?

- Yox, hal-hazırda Jan Valjnan kimi bir qəhrəman görmürəm. Ümumiyyətlə indi ədəbiyyatda qəhrəmanların iflas dövrüdü. Biz indi ədəbiyyata qəhrəmanlar verə bilmirik. Daha çox kədərli, bədbin obrazlar yaranır ki, onları oxuyanlar da elə o cür olurlar.

- Sartr deyirdi ki, "insan azadlığa məhkumdur". Azadlıq sənin üçün nədir?

- İnsanın şəkli çərçivəyə sığa bilər. Onun özü isə sığmır. Məsələn, mən özüm üçün deyə bilmərəm ki, mən çox azadam. Bəzən azadlıq məni qorxuda bilir. Lakin azadlıq insanla doğulan bir məhfumdu. Və insan məhkumluğa öyrəşmir, məhkumluğu sevmir. Bəlkə özünü elə göstərə bilər, amma sevməz.

- Son sualımı isə yeni kitabındakı "Məhv edilən xilaskarlar" povestinin başlığına uyğunlaşdırıb vermək istərdim. Səncə, Xilaskarlar hər zaman məhv edilirlər?

- Həmişə yox əlbəttə. Bu məsələyə bir az bədbin yanaşsaq, deyərik ki, çox vaxt edilirlər. Bu qədər əsərlər yazılırsa, filmlər, humanist fikirlər meyana çıxırsa və yenə də müharibələr davam edir, insanlar ölürlərsə, belə çıxır ki, məhv edilirlər. Amma nikbin yanaşsaq, özümüz də xilaskar ola bilmiriksə, heç olmasa xilaskara kömək edək. Və ümid edək ki, xilaskarlar hələ də hardasa vardırlar. Şəxsən mən özüm belə düşünürəm ki, nə zamansa mənə bir xilaskar lazım olsa, o mütləq peyda olacaq.

 

 

Samirə Əşrəf

 

Ədalət.-2013.-23 yanvar.-S.6.