YASA GETMİŞDİM...

 

(Düşüncələr)

 

Dövrü mətbuatın gündəmə gətirdiyi qədim adət-ənənələr, ələlxüsus toy-yas mərasimlərinin keçirilməsi, daha doğrusu, necə təşkili haqqında yazılar, müxtəlif düşüncələr rayon yazarı kimi məni də bu mövzuya əl uzatmağa sövq elədi. Necə olsa, zəngin həyat təcrübəm, gördüyüm həqiqətlər ortadadı.

Komsomol toyları, yaxın dostların, qohumların 50-60 nəfərlik şənlik, çal-çağır məclislərini sevinclə, şadyanalıqla təşkil eləmək, subaylığın daşını atan gənclərə xeyir-dua vermək lazımdır. Bəs yas mərasimləri neçə gün və hansı səviyyədə olmalıdır? Bax, mənim niyyətim bu istiqamətə doğru, bilgilərimi ortaya qoymaqdı.

"Ölüm haqdı, qaçmaq olmaz əmrdən" söyləyib Aşıq Alı... Əslində labüd və qaçılmaz həyat gerçəkliyi - xöşbəxt ölüm hamınındı. Ağlı başında olan hər kəs sinəsinə döyüb deyə bilməz: mən əbədi, dünya durduqca yaşayacam. Əgər belədirsə, niyə yas mərasimlərinə gah sağa, gah sola doğru yön veririk? Qədim bir adəti saxtalaşdırıb dələduz, fırıldaqçı, millətin başına torba tikən, bəsit düşüncəli, karyerasını göylərə qaldıran savadsız mollacıqların ixtiyarına niyə veririk? Saqqal buraxıb, yaşıl əba geyən, başına fəs qoyan, özünü Allah yolunun təqvaçısı kimi təqdim edən mollacıqlar bizim ölənimiz üçün vay-şivənimizi, kədərimizi hiss edib, daha çox qazanc əldə etsinlər deyə ağlımızı alırlar əlimizdən, bəhsəbəhslik xəstəliyimizi şiddətləndirməklə yas təziyyələrinin mahiyyətini öz bildikləri səmtə yönəldirlər.

3-4 il bundan irəli hər yanda 3 gündən sonra çadır yığışdırılsın-kampaniyasına başlanıldı. Rayonun icra başçısı dəfələrlə barmaq silkələdi, tapşırıq verdi yerli nümayəndələrinə: yas 3 günlük bəsdir. O müddət kifayət eləyir qohum-qonşuya gəlib təziyyədə iştirak eləsin, ölənə rəhmət oxusun! Çəkinib eləməyin, 4-cü gün çadır qalsa, orda oturan molla haqqında xəbər verin polisə. O, polis rəisinə də ucadan dedi: qorxma yazı-pozudan, gətir həyasız mollanı, at kepezeye, mən cavab verəcəm...

Başçının sərt mövqeyi dələduz mollaların əl-ayağını möhkəmcə bağladı, heç cınqırlarını çıxara bilmirdilər. Əksinə, mədhnamə oxuyurdular rayon rəhbərinin ünvanına: - Qanundu hökumətin sözü. Ağa deyir sür dərəyə, sən də sür. Haqqın yoxdu böyüyün bir tapşırığını iki eləyəsən.

Valın o biri üzünü qoymuşdular ha! Moizələr söyləyib deyirdilər ki, onsuz da neçə müddət təziyyə saxlamağın, ehsan verməyin haqq dünyasına qovuşana nə istisi var, nə soyuğu. Təziyyə, ehsan, yeyib-içmələr ancaq dirilər üçündür. Mizan-tərəzi Axirət evindədi, savabın çox, günahın az, günahın çox, savabın az, bax, haqq-hesab ordadı. Mələklər hamısını bitdə-bitdə yazıblar...

Heyf, uzun müddət davam eləmədi bu haqq-ədalət kampaniyası. Başçı getdi təzəsi gəldi. O, heç maraqlanmadı ki, rayonda yasla bağlı hansı tapşırıqlar verilib və o, necə icra olunur.

Hə, burda vəziyyət təzədən dəyişdi. Dələduz, fırıldaqçı mollalar və yasdan xeyir götürən ünsürlər, "dirildilər", baxmadılar bu kasıb, o dövlətlidi, girdilər ölü sahibinin cibinə - yası yenə qaldırdılar 7 günə, hələ cümə axşamları, 40, il təziyyələri... görün necə soyğunçu oldu onlar:

 

Ölü götürülməsi - 100 manat.

7 gündə 2 Quran oxunuşu - 200 manat.

Çadırqurma - hər gün 100 manat, cəmi 700 manat.

Aşpaz - 7x20=140 manat.

Çayçı - 7x10=70 manat.

Montyor - yəni mollanın aparatını, mikrofonu nizamlayan, işıq sönəndə benzinlə işləyən mühərriki xəttə qoşan - 7x10=70 manat. Mollanın iki yançısı - 7x20=140 manat.

Günorta və şam yeməkləri - azı 10-12 növ soyuq və isti yeməklər, sular- 7x200=1400 manatlıq ehsan.

Saat 15-də qadınların, 16-da kişilərin qəbir üstə getmələri üçün taksi çağırmaq - 7x10=70 manat.

Bunlar çadırda kişilərin məclisi üçün zəruri xərclər. Qadınlar ayrıca böyük otaqlardan toplaşır, 7 gün Mollabacının rəhbərliyi ilə ağlaşır, bozbaş yeyib, çay içirlər.

Mollabacının xidmətini başqası yox, öz xanımım şərh etdi:

- On birin yarısında onu maşınla gətirməli, saat 4-də göndərməlisən evinə. Gedəndə fətir, lavaş, bozbaş, şəkərbura, paxlava yığmalısan torbaya, verməlisən əlinə. 7-də 140 manatın qoymalısan cibinə. Hə, hər gün də qazancı olur onun.

-Necə? Hardandı o qazanc?

-Hər yasa gələn ona 1 manat verməlidi ki, ölüsünə salavat çevirtdirsin. Üçdə gülməli söz oldu.

-Nə təhər? Yasda gülərlər?

4 qadın ayağa durub, manatı ötürdü ona. Üç dəfə "salavat" dedi o. Dördüncü dilləndi:

- Ay bacı, bu mənim pulum? Yaddan çıxdım?

Molla ucadan qışqırdı:

-O, daldan verənin də əmvatına bir salavat!

Asta-asta gülüşdülərə

-Deyəsən kişi mollasından az qazanmır o mollabacılar...

-Hə, hə, büyün 30 qadın təziyyəyə gəlibsə, 30 manatı var.

Xanımım susdu və az keçməmiş yadına nə düşdüsə soruşdu məndən:

-Tanımırsan onu? Mehdi Hüseyn küçəsində olur. Zavod tərəfdə. Adı Gülsümdü. Göyçək qadındı, yaxşı səsi var... Mərsiyə deyəndə adamın ürəyi gedir.

Qəsdən dedim:

-Yox, yox tanımıram. Əslində gözəl, nazlı-qəmzəli, hündürboylu univermaq satıcısı Gülsüm yaşlıların hələ yadındadı. Alışıb-yanan vaxtı idi. Rəhbər vəzifədə işləyən yoldaşla "dostluq" edirdi. Ikisi birlikdə Soçi, Qaqra, Kislovodsk... kurortlarına gedib-gəlirdilər...

-Bilirsən, o gün məni yanlamışdı. Xısın-xısın dedi:

-Ay qız sənin ərin söz adamıdı. Çadırda şıkil çəkdirim, ver ona. Qoy mənim haqqımda yazsın rayon qəzetinə. Oruc tuturam, namaz qılıram. 4 dəfə Məşhəddə, 1 dəfə Kərbəlada olmuşam... Dedim: "sənə nə lazımdı o yazı?" güldü: "Heç ağlın yoxdu ki... qoy o biri mollalar yanıb tökülsün də".

Mən avam, sadəlövh xanımımı öyrətdim:

-Harda səni yenə yanlasa, de: yox, yox, bacı, bizim kişi mənim sözümə baxmır. Çöl-bayırda sakitdi, amma evdə ağızdan pərtovdu... Qorxuram...

 

* * *

 

İlk və son məkanım Biləsuvar İİR-nın qulağının dibindədir. O tayla aramız 18.5 km-dır. Bəzi kəndlərə gediş-gəliş çətindi, nəinki İrana. Bizim cammat üçün get-gəl su içmək kimi asandı. Elə pasportun olsun, bəs eylər. 5-ci gündən başqa hər gün İrana gedib gələrsən. Saat 10-da gömrüyü keç, Ərdəbilə kimi gəz-dolan, axşamüstü dön geri. Un, ət, araq, narkotik maddədən başqa nə istəsən alıb gətir. Onların pulu olan tümənlə bizim manatın fərqi yerlə göy qədər. 1 manat bərabərdi 4.500 tümənə. 100 manatın varsa, azı 2-3 həftəlik, bir aylıq ərzaq və sənaye məhsullarını al, gətir. Yağ, qənd, çay bizlə müqayisədə ucuzdu.

Mən İranın farspərəst molla rejiminə nifrət edirəm deyə bir balaca ehtiyatlanıram, daha doğrusu, qorxuram keçəm o taya, dilimi dinc qoymayam və "Ettellata" təşkilatının böhtançı, şərçi, satqın ünsirlərinin güdazına gedəm, ahıl vaxtımda iki cavan şairimizin taleyini yaşayam.

Dözdüm, dözə bilməyib, öz-özümə dedim: hisslərimi cilovlamaq, ağılla hərəkət eləyib, hətəran-pətərən söz-söhbəti bir kənara qoymaq bəyəm çətindir?

Bir yaz günü keçdim sərhəddi, üz qoydum qədim Ərdəbilə. Gəzdim-dolandım. Naxçıvan, Gəncə, Lənkəran, Şəki kimi şəhərdi Ərdəbil. Hamı bizimkidi, azərbaycanlıdı... İstədim axşamçağı gələm. olmadı, istiqanlı, xoşüzlü Qasım, təzəcə tanışım bərk yapışdı. "hara gedirsən, baba 2-3 gün qal, qonağım ol"... sözarası deyim ki, mənim o tayda yaxın-uzaq qohumum yoxdu, çünki nəsil-nəcabətim Ağdamın Əvətli kəndindədi.

Sağ olsun Qasımı, tanış kimi yox ey, dost kimi 3 gün qonaq saxladı məni. Gəzdirdi Ərdəbili, görüşdürdü qohumları ilə.

Getdiyim günün səhərisi, qonşuda dünyagörmüş ahıl bir kişi rəhmətə getmişdi. Maraq məni götürdü, əhə, fürsətdi, qoy öyrənim, bilim bu islam ölkəsində yas mərasimi necə keçirilir. Bizdəki kimi, yoxsa?

Darvaza açılmışdı, vay-şivən qopmadı, molla gətirilməlidi, ehsan üçün hazırlıq görülmədi... Həyətə göy rəngli maşın və 4 nəfər yaşıl libaslı adam gəldi. Onlar ölənin cənazəsini qoydular maşına və çıxıb getdilər... Qasımı çəkdim sorğu-suala:

-Baba qonşu sonsuz idi? Niyə onun meyitini urvatsız, vay-şivənzis harasa göndərdilər?

-Yox, baba o kişinin 4 oğlu, 4 qızı, nəvə-nəticələri var. Bizdə dəfn başqa cürdü. Xəbər verirsən məscidə, qurtardı getdi... Kəfn-dəfnlə məscid məşquldu.

-Necə? Nə təhər?

-Məscid sənə kağız verir. Orda hamızı yazılıb:

Meyiti aparmaq, yumaq, qəbir qazmaq, dəfn eləmək... Sən ancaq kağızda göstərilən xidmətin haqqını ödəyirsən.

-O kağızın birini tapa bilərsən?

-Hə, hə, baba, nəmənə şeydi. Keçən il nənəm ölmüşdü, sandığımda var ondan. Gətirim, bax... adicə vərəqdi, məscidin möhürü üstündə. Sıra ilə xidmət, qarşısında qiymət.

-Qasım oxudu, mən tümni çevirdim manata. Təxminən 120-130 manat civarında. Bizdəkindən qat-qat fərqli rəqəm.

-Bəs ehsan vermirsiz?

-Bu gün yox. Sabahdan başlayacaq ehsan. Qayda belədi: səhər-səhər sənə ehsana çağıracaqlarının sayını bilib, kağız verəcək, get dükan-bazardan bu qədər ərzaq al, gətir ver məscidin arxasındakı yeməkxanaya, sonra adamlarına xəbər elə gəlsinlər. Sən də, tutaq ki, 30, ya 40 nəfərə - qohuma, qonşuya deyirsən: ay filankəs bu gün zöhr, ya şam namazı vaxtı filankəs səni rəhmətə getmiş atasının ehsanına dəvət edir.

-Mən də ora gedə bilərəm, Qasım?

-Hə, hə, aparacam səni.

Qasımın sözü düz çıxdı. Sabah biz ikilikdə olduq məsciddə. Günorta namazı qılındı, sonra süfrə salındı, ehsan verildi. Məclisi aparan orta yaşlı molla söz-söhbətdən dərin mühakiməsi, həyata, bu günə optimist baxışı ilə yadımda qaldı. O, bizimkilər təki əlindəki risalə, təfsir kitablarını ərəbcə qırıldadıb, sonra tərcümə eləyib çatdırmırdı ehsana gələnlərə... Allah kəssin bizimkiləri, yas təziyyəsində özlərini alimi-biəmməl, hətta ərəb dilinin qramatikasını dərindən bilən mütəxəssis kimi göstərirlər. Moizələrində ancaq bir məqama tez-tez toxunurlar: hamını cəhənnəm oduyla qorxuzmaq!

Ərdəbilli molla təxminən yarım saat kitabsız, dəftərsiz, sadə, hamının başa düşəcəyi dildə danışdı. Təqva yolu, onun üş mərhələsi - iman, həya və abır haqqında moizə elədi. Sonda Həzrəti Əlinin şücaətini, qeyrətini önə çəkib, dedi:

-İki il bundan əqdəm, elə ötən gecə (iyunun 21-i idi) o üzdəki Biləsuvardan Əli qeyrətli Mübariz İbrahimov torpağını, Vətənini yağmalayanlara ağır zərbə endirdi, təkbaşına nə qədər düşməni məhv elədi. O, bizim hamımızın qəhrəmanı oldu. Gəlin bir ağızdan fatihə oxuyub, Mübarizin ruhunu şadlandıraq!

-Qürur duydum, təsirləndim, Milli Qəhrəmanımız, 2010-cu ilin adamı Mübarizimizi yada salan mollaya ürəyimdə "sağ ol" dedim.

-Fatihə verildi, süfrə yığışdırıldı. Dağılışdıq. Kimi iş başına, kimi ev-eşiyinə. Beləcə, Ərdəbildə sadə, yığcam, urvatlı yas mərasimi.

Axşamçağı Qasımla getdim qəbiristanlığa. Səliqə-sahman, güllü-çiçəkli, bir-birinə bitişik qəbirlər. Rəhmətə gedənin adı, soyadı, doğum və ölüm tarixləri əks edilən kiçik başdaşları. Hamısı bir boyda, bir biçimdə.

Bizdə isə tamam bambaşqa mənzərə, görünüş. Imkanlının ya atası, ya anası ölübsə, o uca, bahalı heykəl qoydurur və 2-3 sotluq torpağı qamarlayıb dəmir hasara alır ki, gələcəkdə ailədə kimsə ölsə, o da burda dəfn edilsin. Başqa bir mənzərə. Bu fani dünyada eyş-işrətlə gün keçirən narkomanın, içki aludəçisinin, oğrunun, dələduzun məzarı üstdə qara saqqallı, başında əmmamə, əlində təsbeh olan heykəl ucaldılır, yəni bax, gör, ay millət, mənim ölənim ömrü boyu Allaha hidayət yolu tutan, təqvalı bəndə olub.

Qasımla tanışlığımız dostluğa çevrildi, üç gündən sonra, o, oğlunun maşınında məni gətirdi sərhəd-keçid məntəqəsinə. Yolda soruşdum:

-Qasım qardaş, sizin o məsciddəki molla Mübariz İbrahimovu hardan tanıyır?

Dostum təəccübləndi:

-Nə danışırsan, baba, bizim camaat Mübarizin qəhrəmanlığını unutmur. Yas təziyyələrində, namaz üstdə, onun ruhuna dualar oxuyuruq... 22 yaşında, vətən uğrunda düşmən üstə gedəsən, ona ağır zərbə vurasan. Bu qəhrəmanlığın iki-üç qat ucalığıdı, baba.

Özlüyümdə düşündüm: "bizimkilər, savadsız mollacıqlar bəhsəbəhslik mərəzimizdən yararlanıb azı 7 gün təziyyə keçirir, pul qazanırlar, amma Mübariz İbrahimov kimi qəhrəmanın adını dillərinə gətirmirlər. Əclaflar!".

Beləcə yas mərasimini təşkili haqqında gördüklərimi və eşitdiklərimi gətirə bildim gündəmə.

 

 

Əlibala Rəhimov

 

Ədalət.-2013.-24 yanvar.-S.7.