ŞƏRƏFLİ ÖMÜR

(Sənədli hekayə)

 

 (Əvvəli ötən saylarımızda)

Vəzifə köhlən ata bənzəyir. Bu gün onun yəhərində sənsən, yüyən sənin əlindədi, sabah başqasının. Həqiqət belədi və M.Quliyev sövqi-təbii hiss edirdi ki, gec-tez vəzifədən gedəcək. Onunçün zərrə qədər narahatçılıq keçirmirdi.

Şər-böhtan püskürən erməni millətçilərinin əl çalıb, ayağı oynayırdı...g Hara gəldi danoslar yazırdılar, guya DTK rayon şöbəsinin rəisi idarə rəhbərlərindən rüşvət alır, məşuqə saxlayır, Biləsuvarda özünə imarət tikdirirsair və ilaxır...

Üç il əvvəl ona: "Quliyev, heç kimnən, heç nədən qorxub çəkinmə. Səni şərə, böhtana salsalar bil ki, mən burdayam" deyən şəxs cəllad kimi, Vətən xaini kimi güllələnmişdi... Ərizə verib işdən çıxdı və döndü doğmalarının yanına. Rayon bu köhnə bolşevikə - 1930-cu ildən cibində Lenin partiyasının biletini gəzdirən kişiyə hansı vəzifə etibar elədisə, vicdanla, namusla işlədi, dövlətin və millətin etimadını qazandı. Əvvəlcə, təmir-tikinti sahəsinin rəisi, sonra sənaye kombinatının direktoru işlədi. Axırıncı vəzifəsi Puşkin qəsəbə sovetinin sədri idi. Və onun təşəbbüsü, haqlı mövqeyi "göyərdi", Bəydili və Çaylı kəndləri birləşdirildiyi üçün əhalisinin sayı 10 min nəfərdən çox olan qəsəbə yanvar 1969-cu ildən dönüb oldu Puşkin (indiki Biləsuvar) şəhəri.

Məmmədtağı Quliyev təqaüd zamanı evdə rahatca oturub düşüncəsi ilə yaşaya bilmirdi. Rayon Ağsaqqallar Şurasının sədri idi. O zamanlar ölkə rəhbəri M.Qorbaçovun, onun başını ovcunda gəzdirən, pulla, qızılla ələ alınan zövcəsi R.Maksimovnanın havadarlığı ermənilərin əl-qolunu açmışdı. Ermənistandan qovulan soydaşlarımızın acı taleyi Ə.Vəzirovu səbatsızlığı, Qarabağ daşnaklarının "miatsum, miatsum" çığır-bağırı, Volskinin qondarma idarə üsulu... bütün bunlar canlı xatirəyə dönən Məmmədtağı kişini odsuz-ocaqsız yandırdı. O, bütün tədbirlərə qatılır, idarə və müəssisələrə, məktəblər gedərək erməni xisləti, düşüncəsi, görüb şahidi olduğu hadisələr haqqında yana-yana, ürək ağrısı ilə maarifləndirmə işləri aparmağı özünün vətəndaşlıq borcu bilirdi.

 

***

 

1993-cü ilin soyuq, qarlı-şaxtalı günləri. Noyabrın 29-da hər yan örpəyə bürünüb. Məmmədtağı kişinin macal tapıb, bir hovur nəfəs aldığı, necə deyərlər, qıç qatladası yox idi. Bir zamanlar işlədiyi Zəngilan rayonunun camaatı ev-eşiklərini, hətta pal-paltarını qoyub, Arazı keçməklə İran tərəfdən Biləsuvara pənah gətirmişdilər. Bu hadisə əsəblərini tarıma çəkmişdir ağsaqqalın. Qaçqınların -yaşlı nəslindən çoxlarını tanıyırdı o - məktəb, bağça, çörək zavodu, peşə liseyi, klublar və digər obyektlərə müvəqqəti yerləşdirmək üçün gecə dayandısı-durdusu yox idi onun. Biz birlikdə (mən o vaxt RHİB-nin şəhər üzrə nümayəndəsi idin) bölgü aparır, ata-baba yurdlarını qoyub gəlmiş, acı-ağrılardan göz yaşları yanaqlarında donan insanların üzüntülərini dinləmək, onlara müvəqqəti də olsa sığınacaq, gün-güzəran təşkil təşkil eləmək necə də ağır, məsuliyyətli idi. İndi xəyalən o günlərə dönərək istər-istəməz kövrəlirəm əlimdə qələm "ağlayır".

Yerli camaatdan hədsiz razılıq edirdi onlar. Kimin nə imkanı vardı, əsirgəmirdi erməni faşistlərinin zülmünü görmüşlərə... Kiçik bir epizod:

Avtobazanın qonaq otağına sığınan 83 yaşlı Güllə nənənin söylədikləri: Oğul, var-dövlət, mal-mülk bir yana, o çörək itirənlərə sinəmə iki dağ çəkdi: ərimi, qoca kişini gözümün qabağında güllələdilər, oğlumu sürüdülər. İndi o yaraları sizin camaat qaysaqlandırır. Dəhlizə bax ey, nə qədər azuqə gətiriblər: un, qənd, düyü, yağ... Çoxu qadınlardı. Boynumu qucaqlayıb, üzümdən öpüb, təskinlik verir, dolu zənbillərini qoyub gedirdilər".

... İki gündür gəlmir nümayəndəliyə. Bəlkə inciyib, küsüb məndən? Ola bilməz! Soraqlaşıram və xoş xəbər almıram: xəstəxanada yatır. gedib deyirəm, infarkt keçirib ağsaqqal...

 

***

 

1998-ci il icra başçısı Şura iclasında elan verir:

- Yaxın günlərdə böyük tədbirimiz olacaq. Rayon Ağsaqqallar Şurasının sədri Məmmədtağı Quliyevin yubileyini keçirəcəyik. Hədiyyəsiz gəlməyin ha!

Sədheyf, 90 yaşının tamamına sayılı günlər qalan, ürəyində ağrılar azalmayan Məmmədtağı kişi kəskin viruslu qripdən dünyasını dəyişdi... Evindən qəbiristanlığa gedən yol izdihamlı idi. Azı 300-400 nəfər onun cənazəsini əlləri üstə məzara aparırdıb orada çıxışlar oldu... Zəngilanlı müəllimin sözləri mütəəssir etdi hamını... Buraya toplaşanlar böyük şəxsiyyət, işıqlı əməl sahibi kimi tanıdıqları, sevdikləri insana Ulu Yaradandan rəhmət dilədilər...

Məntiqi sonluq: həqiqət budur ki, şərəfli ömür yaşayan, el-oba dərdini özününkü bilən şəxs unudulmur, yaddan çıxmır. Məmmədtağı Quliyev də belələrindən biridir.

 

Əlibala Rəhimov

Ədalət.-2014.-26 aprel.-S.16.