"BİZ BU AĞRINI, BU GÖYNƏRTİNİ EVİMİZƏ, OCAĞIMIZA DÖNƏN ZAMAN OVUDACAĞIQ"

(əvvəli ötən sayımızda)

 

- Cavid müəllim, Ağdabanın işğalı həm də mənəviyyatımızın işğalı oldu. Dədə Şəmşirin, Ağdabanlı şair Qurbanın qızıldan qiymətli nə qədər əlyazması yandırıldı...

- Bəli, elədir. Ağdaban müsibəti birona görə ağrılıdır ki, bu dəhşətlərdən dünyanın xəbəri yox idi. Burada təkcə vətən oğulları qətlə yetirilməmişdi, zəngin mənəviyyatımız da işğala məruz qalmışdı. Dədə Şəmşirin ev-muzeyinin dəyərli eksponatı olan 40 mindən artıq qızıldan qiymətli əlyazmalar (şeir nümunələri), dədə-babadan qalmış qədim arxiv materialları yanıb kül oldu.

Atası Ağdabanlı şair Qurbanın təxminən 10 kitablıq əlyazması - qəsidələri, qəzəlləri, gəraylıları, bayatıları, təcnisləri, müxəmməsləri, məsnəviləri yoxa çıxdı, xain ermənilər tərəfindən yandırılaraq külü göyə sovruldu. Bəlkə Azərbaycan göyü üzündə dolaşan qərib buludlar şair Qurbanın, Dədə Şəmşirin nisgili, ruhudu. Ağdabanın tamamilə yandırılması bəşəriyyətə, sivilizasiyaya utanc yeri, üz qaralığı idi. Bu həm də bütün olanlardan sonra ermənilərin arxasında bu günduran, onların başına sığal çəkən, üzdə ədaləti qorumaq görüntüsü yaradan bəzi dövlətlərin ikiüzlü siyasətidir.

Ağdaban döyüşə-döyüşə öldü. Düşmənə təslim olmadan, geri çəkilmədən, öz evini, ocağını tərk etmədən... Kişi kimi, ər kimi köksündən vuruldu. Diri-diri odlara qalandı. Yanan bir kəndin tüstüsü, acı fəryadı ərşə dirəndi.

Kəlbəcər, onun bir parçası olan Ağdaban açıq səma altında canlı muzey idi. Qədim abidələr, tarixin daş yaddaşı yazılı qayalar, qəbirüstü abidələr, nənələrimizin yüzillərdən bəri toxuduğu əlvan çeşnili sehrli xalçalar... Mən hələ qədim mağaraları, Şamil Dəlidağın min bir əziyyətlə illər uzunu topladığı eksponatlardan ibarət, yer üzünün nadir muzeylərindən olan Kəlbəcər muzeyini demirəm. Təbiətin qoynunda olan, Tanrının möcüzəsi sayılan tarixin bu yadigarları babalarımızdan bizə qalan əmanət idi. Biz o əmanəti qoruya bilmədik. Xəyanətlərin, vəzifə, stol davasının qurbanı olan yurd yerlərimizin ağrısını, acısını hələ çox çəkəcəyik. Kəlbəcər, onun kəsilmiş qolu olan Ağdaban elə səma altında muzey, çəkiliş meydançası kimi də dünyanı heyrətə gətirirdi.

Xalq şairi Sabir Rüstəmxanlının "Ömür kitabı"nda Kəlbəcərin möcüzələri haqqında oxuduğum bir parça yadıma düşür: "Dünyanın bəlkə də möcüzəli, qeyri-adi yerlərindən birində - kəlbəcərlilərin Qayabaşbaşadəyən yer adlandırdıqları qəribə dərədə dayanmışıq. Qayalar adamın başı üstündən neçə yüz metr yuxarıda, doğrudan da, az qala baş-başa dəyir. Qayaları yarıb keçən çayın qırağıyla üzü yuxarı neçə-neçə kəndə gedən yeganə yol qıvrılır. Nə qədər irəliləyirsənsə, baxırsansa bax, hər yerdə başının üstündən nəhəng qayalar asılıb. Yuxarıda ən uca qayanın heç bir vəchlə insan ayağı dəyməsi təsəvvürə gəlməyən döşündə isə mağara kor göz kimi qaralır. Onun qabağında əllə hörülmüş divar zorla seçilir. O göz min ildir ki, beləcə baxır. Tək-tənha bir qartal üz-üzə dayanmış nəhəng qaya sütunlarının arasında asta-asta süzür. Mənə elə gəlir ki, o, nə vaxtsa bu mağaraya sığınmış bir igidin ruhudur. İndiöz ocağının keşiyini çəkir".

Bu qeyri-adi, bənzərsiz səhnə Hollivud filmlərində gördüyümüz səhnələri xatırladır. Tanrının yaratdığı təbii dekorasiyalarla insanı heyrətə gətirən bu möcüzə qədim insan məskənləri bizim Kəlbəcərdədir.

Cavid müəllim "Kəlbəcər dərdini sözlə ifadə etmək mümkündümü" sualıma elə sualla cavab verdi:

- Kəlbəcər qiymətə gələrmi? Onu itirməklə Azərbaycan, elə bil, havasını itirdi. Havasızlıq bilirsiniz nə deməkdi?

Kəlbəcəri tərəziyə qoymaq istəyənlər səhv eləyirlər. O, qiymətsiz, əyarı hələ təyin olunmamış nadir incidir. Bizə adi, quru statistik məlumat kimi görünən rəqəmlərdə belə faciəmizin, itkimizin nə qədər böyük olduğu göz qabağındadır.

128 kəndi, 1 şəhəri və 2 şəhər tipli qəsəbəsi olan Kəlbəcərin xalq təsərrüfatına 35 milyard ABŞ dolları həcmində ziyan vurulmuşdur. İşğal nəticəsində Kəlbəcərdən 58340 adam didərgin düşmüş, 258 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüşya itkin düşmüşdür. Ümumilikdə 131 yaşayış məntəqəsi, dünya şöhrətli "İstisu" sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət obyekti, 201 mədəniyyət ocağı, 105 ümumtəhsil məktəbi, 116 səhiyyə ocağı, 1 muzey darmadağın edilmişdir. 18 sənaye müəssisəsi, 627 kənd təsərrüfatı obyekti, 13 tarixidini məbəd, 625 km avtomobil yolu, 21 körpü, 192 km su kanalı, 560 km elektrik xətti, 39 min hektar meşə sahəsi, 48008 hektar torpaq, 15 min ədəd nəqliyyat vasitələri, 100 min baş iribuynuzlu mal-qara (şəxsi), 11 min 325 baş ictimai təsərrüfat, 500 min baş (davar), qoyun-keçi 29 min baş (şəxsi), 50 min ədəd (şəxsi) arı ailəsi, 10 min ədəd ictimai təsərrüfat, 911 hektar meyvə bağları (şəxsi), 10 min ədəd ictimai təsərrüfat, 627 ədəd mexanika, 3 sanatoriya dağıdılmışdır.

Kəlbəcər uğrunda döyüşlərdə neçə-neçə igid, ər oğullarımız qəhrəmancasına şəhid oldu. Azərbaycanın milli qəhrəmanları Şahlar Şükürov, Sərdar Səfərov, Yunis Nəcəfov bunlara misal ola bilər.

- Cavid müəllim, itkilərimiz böyükdür. Amma bu itkilərin, faciələrin qoynundan sıyrılıb vətənimizin, yurdumuzun azadlığını düşünməliyik, elə deyilmi?

- Tamamilə doğrudur. Min illərdi bizim dədə-babalarımız bu dağların qoynunda yaşayıblar, bir qarış torpaqlarını düşmənə verməyiblər. Torpaqlarımız xəyanətin, laqeydliyin qurbanı oldu. Bi gün hər bir kəlbəcərli yurdunun, elinin-obasının həsrətindədir.

Yanmış Ağdaban, əsirlikdə qalmış Dədə Şəmşir ruhu, o boynubükük dağlarımız, dərələrimiz, dili bağlı bulaqlarımız yolumuzu gözləyir. Hər bir kəlbəcərlinin, ağdabanlının qəlbində sönməz bir ocaq yeri var. Yanmış, odlara qalanmış yurd yerlərimizin yanıq yeri. Yaralar soyuyur, qaysaq bağlayır. Ancaq ağrısı, göynərtisi çəkilmir. Biz bu ağrını, bu göynərtini evimizə, ocağımıza dönən zaman ovudacağıq.

- Kəlbəcər, onun başına qara bağlamış qapısı Ağdabana novruz gəldi. Yetim qalmış yurd yerlərimizdə bir vaxtlar ilin axır çərşənbəsi, Novruz bayramı zamanı dağlar yerindən oynardı. Şamlar yanar, damarda qan çağlayar, Dədə Şəmşirin sazı, avazı yeri-göyü əsir edərdi.

İndi isə o yerlər həsrətlə yolumuzu gözləyir. Elə bil doğmalarımızın ruhudu, Kəlbəcərin, Ağdabanın ruhudu bizi çağıran.

Bəs bu gün könlü Kəlbəcərdən yana sızıldayan vətən övladları ən çox harada məskunlaşıblar?

- Kəlbəcər rayonundan olan məcburi köçkünlər Bakı, Sumqayıt, Gəncə, eləcə də Azərbaycanın 44 rayon və şəhərində məskunlaşmışlar. Onlardan 116 ailə çadırda, 8988 ailə ictimai binalarda, məktəblərdə, 351 ailə yol kənarında və humanitar təşkilatlar tərəfindən tikilmiş müvəqqəti yaşayış yerlərində yerləşdirilmişdir. Kəlbəcər rayonunda erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfər yetim qalmışdır. Kimlərəsə bunlar adicə quru statistik rəqəmlər kimi görünə bilər. Ancaq hər bir quru rəqəmin arxasında insan taleyi var, faciələr, göz yaşları var.

Belə bir söz var: haqq nazilər, üzülməz. Vaxtın, zamanın işığa, aydınlığa doğru işləməsi bizə haqq verir ki, sabahlarımıza ümidlə baxaq. Azərbaycanımızın günü-gündən artan qüdrəti, oğullarımızın yurd həsrəti ilə qovrulması, ordumuzun qələbəyə olan inamı, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin torpaqların azad edilməsi istiqamətində gördüyü işlər bizə əminliklə deməyə əsas verir ki, biz Kəlbəcərə, Ağdabana dönəcəyik! Ruh bədənə döndüyü kimi dönəcəyik. Mütləq dönəcəyik. Çünki bu vətən bizim vətənimizdir. Ana südü, dağ çiçəyi kimi halal olan vətənimizdir!

 

Cəmilə ÇİÇƏK

ədalət.-2014.-9 aprel.-S.6.