Unudulmaz insan

 

Fizika-riyaziyyat elmləri doktoru,professor, BDU-nun bərk cisimlər kafedrasının müdiri, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik, prezident təqaüdçüsü, 'Şöhrət' ordenli Bəhram Əsgərovla 30 ildən artıq qonşu olmuşuq. Onunla ilk görüşümü yaxşı xatırlayıram.

Rəhmətlik atamla günlərin birində rayona getmək üçün həyətimizə düşdük. Bizi aparacaq maşın hələ gəlib çıxmamışdı, gözləməli olduq. Birdən universitetin müəllimlərinin binasından çox səliqəli geyinmiş, əlində çantası, nurani baxışları olan bir şəxs çıxdı. Atamla olduqca səmimi salamlaşdılar.

Atam dedi: 'Oğlum, görkəmli alimimiz, yüksək ziyalı Bəhram Əsgərovla tanış ol'. Məndə onunla çox səmimiyyətlə görüşdüm. Üçümüz bir yerdə xeyli söhbət etdik. Maşın gəlib çıxdı. Əyləşib Bəhram müəllimi universitetə işə apardıq. Yol boyu o, 'Sağlığında qiymət verin insanlara' şeirini əzbərdən deməyə başladı. Nəhayət təhsil ocağının qarşısında yeni qonşumuzla sağollaşıb yolumuza davam etdik. Atam onunla ilk tanışlığından mənə danışmağa başladı. Dəyərli ziyalı olmaqla yanaşı şeirə-sənətə bağlılığından söz açdı. Beləcə qonşumuz barədə məndə geniş təsəvvür yarandı. 40 gün əvvəl onun vəfatı xəbərini eşidəndə ilk görüşümüz yadıma düşdü. Oğlu Firuza, kürəkənləri Araza, Xəqaniyə, əzizlərinə başsağlığı verdim. Dərdlərinə şərik çıxdım. Bəhram Əsgərovla son dəfə vidalaşmaqdan ötrü uzun illər çalışdığı BDU-ya gəldik. Universitetin rəhbərliyi vida mərasimini təhsil ocağında müxtəlif vəzifələrdə işləmiş Bəhram Əsgərovun adına layiq yüksək səviyyədə təşkil etmişdilər. Uşaqlıq dostum Arazla birgə əyləşdik. Səhnədə Bəhram müəllimin cənazəsi qoyulmuşdu. Şəkili isə bizə baxırdı. Öz-özümlə, içimdə onun işıqlı baxışlarına baxa-baxa bütün qonşuluq illəri göz önümdən keçdi. Nənəmin, anamın, atamın, qardaşımın vəfatı günlərində Bəhram müəllimin yaxından iştirakı yadıma düşdü. Oğlu Firuzla keçirdiyim günlər hafizəmdə yeniləndi. Bəhram müəllimin həyat yoldaşı, vaxtsız bu dünyadan köçmüş Almaz xanımı xatırladım. Qudası, əməkdar jurnalist, qonşumuz Hidayət Səfərlinin yas mərasimində Bəhram müəllimlə söhbətlərim diqqətimi çəkdi. Nəvəsi beynəlxalq qroysmester, şöhrətli şahmatçı Eltac Səfərli haqqında böyük fəxrlə danışardı. Möhkəm fikir içində idim. Xatirələr məni özünə çəkmişdi. Birdən mərasimdə atamın səsini eşitcək duyğulara qərq oldum. Yenə də 'Sağlığında qiymət verin insanlara' şeiri. Bu məqamda Bəhram müəllimin vaxtilə maşında söylədiyi eyni adlı şeir məni yamanca kədərləndirdi. Yeganə təsəllim o oldu ki, nə yaxşı Bəhram müəllimin ləyaqətli qiymətini sağlığında vermişdilər. Matəm mitinqi keçirildi. Akademiklər Abel Məhərrəmov, Arif Mehdiyev, Vasim Məmmədəliyev, Akif Hacıyev həmkarları olmuş akademik Bəhram Əskərov barədə yana-yana danışdılar. Oğlu Firuz Əsgərovun çıxışı isə hamımızı kövrəltdi. Bəhram Əsgərovun vəsiyyətinə uyğun olaraq onu ömür-gün yoldaşı Almaz xanımın yanında dəfn etdilər.

Yaşasın belə sevgi, yaşasın belə məhəbbət. Övladları Firuzun, Fəridənin, Fəxriyyənin başları sağ olsun. Onun ölümündən bizi cəmisi 40 gün ayırır. Çox illər keçəcək. Lakin unudulmaz insan, akademik Bəhram Əsgərovun adı Azərbaycan elmi ilə yanaşı çəkiləcək. Ona görə ki, belə insanlar ölmürlər. Allah rəhmət eləsin!

 

Müşfiq Cabiroğlu

Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü

Ədalət.-2014.-17 aprel.-S.5.