"Dünyada kədərsiz şair yoxumuş..."

 

Şair Vahid Əlifoğluya həsr olunmuş ədəbi-bədii gecədən düşüncələr

 

... Dan üzü şəfəqli, hava sıcaq, bağ-bağçası, düz-dərəsi ətir qoxuyur, nur saçırdı, - dünən!

Gecə də ulduzlu bir gecəydi, - dünən!

Ancaq... sübh çağı, qaranlıqlar öz rübəndini büküb-bürmələyib uzaqlaşdığı bir anda göyləri burum-burum buludlar öz cənginə aldı. Həzin-həzin yaz yağışı yağmağa başladı.

Mən... pəncərəmdən təbiətin bu əsrarəngiz mənzərəsini seyr edə-edə xəyala daldım; bəlkə... təbiət bu gün dünyadan vaxtsız köç eləyən nakam şair Vahid Əlifoğlunu yad etdiyimizi bildiyindən belə tutqundur?!.

Bəlkə heç... bu yağış deyil, təbiətin göz yaşlarıdır?!. Bəlkə də...

Açıl, sabahım, açıl!

Açıl, ağ günlər eşqinə!..

Müdriklərdən biri deyib: "Şair gərək xalqın ruhunu başa düşsün, onun yaşadığı ağrıları qanında, canında hiss edə, onun səviyyəsində dayana bilsin".

 

Şair gərək torpaq kimi bar versin,

Şair gərək bayraq kimi ucalsın.

Yazanda da,

xalqdan, eldən güc alsın.

Şair gərək öndə getsin dar gündə,

Vətəndaşlıq ruhu olsun köksündə.

Daş kimi ovulsun,

su tək içilsin.

 

az, nə azacıq, - düz 10 il çadırın dar kölgəsinə sığmayan şair Vahid Əlifoğlu uzun müddət özünə gələ bilmədi. Yuxarı baxdı, - bığ, aşağı baxdı, - saqqal gördü. Nə edəcəyini yəqinləşdirə bilmədi. Uzun-uzadı düşündü, özünə qapıldı. Baxdı ki:

 

Dünyada kədərsiz şair yoxumuş,

Şairlik taleyin qəsdindən keçir.

Asanca yazılan şeir yoxumuş,

Şeir ölümlərin üstündən keçir.

 

Vahid bu 10 ildə asan şeir yazmadı, yazanda da gördü ki, Əzrayıl dayanıb başının üstündə.

 

Qabağıma ölüm çıxar,

Qırxım ötər, ilim çıxar.

Yüz çörəkdən əlim çıxar,

Bir şeir yazana kimi.

 

Və... təkcə şairlər bilir ki, şeir necə yaranır, ərsəyə gəlir. Bir şeir yazana kimi min yol ölüb dirilirsən, cəhənnəm əzabı çəkirsən.

Onda da ola Vahid Əlifoğlu. Hər günü min aya bərabər olan çadır həyatı, onun ağır yükü çiyinlərini döyənək eləyən şair Vahid Əlifoğlu.

 

Qaçqın bir kümə tikdi,

Köksündə qəmə tikdi.

Tikmədi ürəyincə,

Zamanın hökmü tikdi.

 

Şair V.Əlifoğlu yazdı:

 

Bu tale hökmüdür, aman qalmayıb,

Əl atıb tutmağa saman qalmayıb.

O yurda, o kəndə güman qalmayıb,

Məni bu çadıra bağlayan nədir?

Əslində, özü yetərincə dərk eləyirdi onu çadıra bağlayan nədir. Bilirdi ki, qədəri budur, "alın yazısı"dır, taleyin hökmüdür. "Çadırdan-çadıra gəlin köçən qız"ı yazdı və həyat ona çox qəribə gəldi. Çünki çadır əbədi yurd yeri deyildi, necə ki, bu gün izi-tozu belə yoxdur. Ancaq "Doğum haqqında şəhadətnamə"yə doğum yeri kimi "çadır şəhərciyi" yazanda, diksindi. Eləcə də, çadır şəhərcikdə kimsəsiz, tənha qarının özünə ev tikməsinin həyat eşqindən irəli gəlməsini bilsə də, bir ayağı gorda olan qarının həyat tərzi istər-istəməz izzət-nəfsinə toxundu.

 

Güman var qabaqda, demə bu yaşda,

Qırıldı ömrümün simi bu yaşda.

Kimə ev tikirsən, kimə, bu yaşda,

Çadır şəhərcikdə ev tikən qarı?

 

Vahid Əlifoğlu apreldə, - çiçək ayında dünyaya gəlib, - düz 62 il öncə. Füzuli Rayon Mədəniyyət Evi bununla əlaqədar yazın ilk ayında ədəbi-bədii gecə təşkil etdi. Maraqlı keçən görüşdə şairin həyat və yaradıcılığına güzgü tutuldu, xatirələr çözələndi. Əvvəlcə "Qayıdış-1" qəsəbə tam orta məktəbin şagirdi Aytac Cəfərli V.Əlifoğlunun həyat salnaməsi haqqında danışdı. Qeyd etdi ki, şairə "Görənlərdən xahiş olunur ki..." adlanan və həcmcə əvvəlkilərdən böyük olan dördüncü kitabını görmək qismət olmadı. Ötən il yaxın dostu, şair-publisist Əbülfət Mədətoğlunun qayğı və diqqəti, xeyriyyəçi, "Vektor" Elm Mərkəzinin Prezidenti, professor Elçin İsgəndərzadənin maddi dəstəyi sayəsində işıq üzü görən bu kitab dörd il əvvəl dünyasını dəyişən şairə, onun poeziyasına olan əvəzsiz ehtiramdır.

Həmin məktəbin Ana dili-ədəbiyyat müəllimi Sevda Rüstəmova isə vurğuladı: "Vahid Əlifoğlunun həcmcə kiçik olan bu kitablarında hər sözün, hər misranın məna yükü o qədər böyükdür ki, onların hər biri ayrıca bir əsərin mövzusu ola bilər. Başdan-başa dərdlə yoğrulub bu misralar. Bu, şəxsi dərd deyil, bu, vətənsizlik, haqsızlıq ədalətsizlik dərdidir. Bu;

 

Hamı doğma bildiyi dərd,

Sən demə, heç kimin deyil, -

 

deyə haray çəkən bir şairin Qarabağ fəryadıdır".

Mərasimdə şair Qafqaz Qorqanlı, eloğlusu Yasir Heydərov ürək sözlərini dilə gətirdilər, dost itkisinin ağrısından danışdılar. Şagirdlərdən Şamil Cəfərli, Ağa Ağazadə, Leyla Məmmədli, Fəxri Fərmanlı, Leyla Hacızadə, Dilbər Rzaquliyeva, Gülnur Fərmanlı Vahid Əlifoğlunun şeirlərindən nümunələr söylədilər. Müğənnilərdən Sərvan Sərvanlı və Müşfiq Əliyev mahnı çələngini ərməğan etdilər. Şairin sözlərinə bəstələnmiş "Nə bilim" mahnısı ifa olundu.

Təntənəli gecədə "Dost gedib, özümə gələ bilmirəm" adlı kompozisiya tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Aparıcı qeyd etdi;

Vahidin qələm dostları, onu sevənlər çox idi. Adi həyatda da dostları vardı, əksər hallarda sadə insanlarla təmasda olardı, ancaq ürək dostu, can sirdaşı barmaqla sayılan qədər idi. Zaman göstərdi ki, can sirdaşı hesab elədiyi bir neçə insana güvənməkdə yanılmamışdır. Onlar - Aqil Abbas, Rəşad Məcid, Elçin İsgəndərzadə, Əbülfət Mədətoğlu və başqaları V.Əlifoğlu dünyadan köçdükdən sonra da onun ailəsi ilə sıx əlaqə saxlayırlar.

Əməkdar jurnalist, şair-publisist Əbülfət Mədətoğlu haqqında tədbirdə daha geniş, minnətdarlıqla danışıldı. Qeyd olundu ki, Əbülfət müəllim Vahidin sadiq, sədaqətli dostu olduğunu zaman keçdikcə sübut və təsdiq elədi. Heç şübhəsiz, V.Əlifoğlunun ürəyində Əbülfət Mədətoğlunun xüsusi yeri vardı. Vahid heç kəsə ərk eləmədiyini çəkinmədən Əbülfətə edərdi. Bəzən lap danlardı, - acığını onun üstünə tökər, "Sənin nə ölümün var bu şəhərdə" deyərdi. O, bunu amansızcasına deyərdi, çünki "şəhərdən baxanda çadır görünmürdü". Ona görə Vahid Əlifoğluna elə gələrdi ki, Azərbaycanın paytaxtı Bakı deyil, - çadırdı!

Aparıcı qeyd etdi;

V.Əlifoğlu şifahi xalq ədəbiyyatından qaynaqlanan bir şair idi. Məsələn; Atalar sözü var deyir, "Allah dağına baxıb qar yağdırar"

Vahid isə yazır:

 

Bəndə dönük, dözər Allah,

Əzəllərdən-əzəl Allah.

Qarladanda gözəl Allah,

Baxar dağına, qarladar.

 

Yaxud, yenə belə bir ifadə var,-"Ələkçinin qıl verəni".

Görün V.Əlifoğlu bu ifadəni necə poetikləşdirib...

Bəxt yazıdır, baxmır yaşa,

Qismət dərdə yol verəndir.

Bu məmləkət başdan-başa,

Ələkçiyə qıl verəndir.

 

Yenə bir misal... "Məsləhətli don gen olar". Atalar sözüdür.

Vahid isə deyir:

 

Don qalıbsa məsləhətə,

Dərzilərin adı nədir?

 

Daha bir misal; çox sərtliklərə dözənlər haqqında deyirik ki, filankəsin canı elə bil it canıdır.

Vahid bu xalq deyimini şeirdə aşağıdakı kimi ifadə edir:

 

Hər it ömrü yaşıyanın

Canı da bərk olmur, kişi!..

 

Şair V.Əlifoğlu yaradıcılığı əsas verir ki, onun poeziyası araşdırılmalı, tədqiqat işi aparılmalıdır.

Aparıcı qeyd etdi;

Övlad sevgisi heç bir sevgiyə bənzəməz. Vahid Əlifoğlu "iki övladım-iki gözüm" deyib iki qız balasını böyütdü çadır şəhərciyində. Ancaq siz onların adına fikir verin: Günel - Elgün! Lap düzü, mən ilk dəfədir belə güzgülü adlara rast gəlirəm. Şair övlad adlarında da bir poetiklik yaratmışdı.

Fərəhli hal odur ki, övladları da bu dünyaya atalarının gözü ilə baxırlar, onunla qürur duyurlar. Mən bu gün Vahid Əlifoğlunu xatırlayarkən yenə də onun səsinə diqtə kəsilirəm. Sanki o səs "Çadırda boy atdı mənim qızlarım" deyir.

 

Hələ pöhrəydilər dan ulduzlarım,

Hələ körpəydilər dan ulduzlarım.

Hələ... görmüşdü mənim qızlarım,

Məni bağışlayın, canım, - qızlarım!

 

Çadır ağrıları qəlbimi sıxır,

Çadır ağrıları dağ yeli kimi,

gur şəlalə kimi içimə axır.

Mən çəkə bilmirəm bu dərd yükünü,

Bu dərd duz salıdır,

bu dərd çox ağır...

 

Məni bağışlayın canım, - qızlarım,

Çadırda boy atan dan ulduzlarım!

 

Müəllifdən: Mən bu yazımı şair V.Əlifoğlunun sözləriylə yekunlaşdırıram:

 

Harda ki dərd artır gündə bir ovuc,

Ağla bu nağıla sən də bir ovuc.

Vətən torpağıyam mən də bir ovuc,

Bir gün qoyacağam üzümü yerə.

 

Epiloq

 

Ən gözəl azadlıq ölməkdir! - V.Əlifoğlu belə deyir. Özü də (ən yaxşısı!) ölməmişdən qabaq 5-10 ermənini də azad eləyəsən Qarabağdan. V.Əlifoğlunun qənaəti, istəyi belədir.

Və yenə deyir: Əbülfət, yatanda qulağına pambıq tıxa. Qoyma məni ölməyə. Haçan qulağında adımı haraylasalar, bil ki tay ölmüşəm.

V.Əlifoğlu həm də deyir: Adamın şəkli də ölür, - özü öləndə... Ancaq şeirləri qəlblərdə yaşadığı kimi, şəkli də yaşayır.

Bu gün -2014-cü ilin aprel ayında 62 yaşının tamamında V.Əlifoğlu sözünün, şeirinin işığında onun Əbədiyyətə dönən ömür kitabı vərəqləndi. Xatirələr çözələndi. Biz - "Başı gətirmişəm, papağım qalıb" deyən V.Əlifoğlunu qəlbən sevənlər onunla dünən də birlikdəydik, bu gün də birlikdəyik, sabah da birlikdə olacağıq.

Məkanı cənnət olsun!

 

Sabir Arazlı Özgün,

AYB və AJB üzvü, "Yaddaş" Milli mükafatı, "Qızıl qələm" və "Araz" media mükafatı laureatı

Ədalət.-2014.-25 aprel.-S.6.