"DÜNYA BİR PƏNCƏRƏDİR"

 

"Dünya bir pəncərədir, hər gələn baxar gedər". Bu gözlərdə ibrətamiz və dərin məna var. Baxmağına hamı baxır. Amma hara baxır, necə baxır? Əsl insan özündən sonrakı nəslin baxması üçün bir iz, görüb götürməsi üçün pak əməl, yaxşı ad-san qoyub gedir.

Bunun üçünalim, nə də dahi olmaq lazımdır. Sadəcə ulu Tanrının verdiyi ömür payını, keçdiyin həyat yolunu vicdanla, şərəflə, ləyaqətlə yaşamaq kifayətdir. Bunu isə əsl nəcabətlilər, daxili dünyası xeyirxahlıqla, mənəvi sərvətə, sevgi ilə dolu olanlar bacarırlar.

Ömür yolu insanın özüdür. Yollar çoxdur, hamısı da bir-birindən fərqli. İnam, əqidə, mənlik yolu var. İnsanları birləşdirən və ayıran yollar var. Əsas odur ki, öz yolun olsun, bu yolu tutub gedəsən. Bir yol da var. Onun adı ömür yoludur. Bu yol hər kəsin yalnız özünə məxsusdur. Bu cür adamlar haram tikə yeməzlər. Həyatlarının mənasını xalqa, vətənə xidmət etməkdə görür, bir şəxsiyyət kimi yetişirlər. Bunun üçün isə çətin, mürəkkəb həyat yolu keçməli, həmişə xalqa arxalanmalı, ağlının gücündən istifadə etməlisən. Xalqda dağ gücü var. Atalar əbəs yerə deməyiblər: "Dayağı dağ olanın başı göylərə dəyər".

Belə insanlardan biri haqqında söhbət açacağam. O, bu cür yaşamağı bacardı. Özü yaşadı, insanları da yaşatdı. Təmənnasız ömür sürdü bu dünyada. Bu gün isə başı uca gəzir, hamının gözünə düz baxır.

Deyirlər həyat yaranışla ölüm, beşiklə məzar arasında olan bir yoldur. Hər kəs bu yolu bir cür addımlayır. Kimi elin, obanın, vətənin yükünü çiyinlərində daşıyır. Kimi də vətənə yük olub yaşayır. Elinin, xalqının, vətənin yükünü yorulmadan çiyinlərində çəkənlərdən biri oldu Zülfüqar Abdullayev. Halal çörək verdi övladlarına. Onun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində ailə mühitinin böyük təsiri olmuşdu. Milli təfəkkür, milli kök, babalarımızdan miras qalmış Azərbaycan adət ənənələri üzərində qərar tutan bir ailədə uşaqlıqdan aldığı düzgün tərbiyə, düzgün istiqamət onu şərəfli ömür yoluna hazırlamışdı.

Çalışdığı vəzifələrdə xalqı və dövləti həmişə uca tutan, milli-mənəvi dəyərləri qoruyan sadə və səmimi insanların ömrü adətən yaşanmış illərin sayı ilə deyil, bu illərin dəyəri ilə ölçülür. Belə insanlar həyatı boyu xeyirxah əməlləri, cəmiyyət üçün gərəkli və faydalı işləri ilə seçilir və sevilirlər. Böyük hörmət sahibi olan Zülfüqar Abdullayev də yaşadığı illərin dəyəri və bəhrəsi ilə fəxr ediləsi insanlardandır.

Şəmkirin Qaracəmirli kəndində dünyaya göz açıb. Böyük bir nəsil olub Abdullayevlər. Varlı, dövlətli, hamıya əl tutan, xeyirxah, qoçaq, təhsilə, oxumağa dəyər veriblər həmişə. Əmisi İsa Hacıməmməd oğlu hərtərəfli inkişaf etmiş adam idi. Nuru paşa ilə dostluq əlaqələri vardı. Birlikdə çəkdikləri şəkil türk sərkərdəsinin bu böyük insana olan məhəbbətinin rəmzi kimi dəyərləndirilir. "Qaracəmirli kəndinin ziyalılarl" kitabında bu böyük nəsil haqqında maraqlı tarix var. "Bulağın suyu dərindən çıxırsa, qurumaz" deyib babalar.

Zülfüqar Abdullayevin işgüzarlığı, təşkilatçılıq fəlsəfəsi, xeyirxahlığı, gözü, könlü toxluğu onun soyundan, kökündən gəlir. Əmiləri, əmisi oğlanları kimi qardaşları da respublikanın tanınmış elm adamları, alimləridir.

Hələ sovet dönəmində Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirib gənc mütəxəssis kimi işlədiyi illərdə, Moskvada ali partiya məktəbini bitirib Azərbaycan KP Mərkəzi Komitəsində, Yevlax Şəmkir rayonlarında çalışdığı illərdə, Ucar Tər-Tər rayonlarına rəhbərlik etdiyi dövrdə, iyirmi ildən çox respublika texniki peşə təhsili sahəsində çalışdığı rəhbər vəzifələrdə onu bu vəzifələrə təyin etmiş dövlət başçısının etimadını, etibarını həmişə doğrultmuş, ölkənin ən yüksək mükafatlarına layiq görülmüş, dəfələrlə respublikanın ali sovetinə depudat seçilmişdir. Bir əlində qanunu, bir əlində xalqı tutmuşdu Zülfüqar Abdullayev. Tutduğu vəzifələrdən yüksəkdə onun sadəliyi, insanlığı, xeyirxahlığı dururdu. Müdriklərdən kimsə deyib: "Çox şeyi zor sərvətilə qazanmaq olar. Amma hörməti yalnız öz əməllərinlə qazana bilərsən."

Rəhbər vəzifələrdə çalışdığı illərdə müxtəlif xarakterli, əqidəli insanlarla da üz-üzə gəlib. Belə adamlara pislik etməyib. Vəzifəsinin gücü ilə yox, insanlıq baxımından yanaşıb onlara. Sanballı dayanıb, səbirli olub, təmkinini, məğrurluğunu, qürurunu pozmayıb. Uşaq vaxtı kölgəsində oturduğu Qaracəmirli kəndinin çinar ağacları kimi vüqarlı dayanıb. Ən başlıcası insanlıq hissini itirməyib, insanlara yuxarıdan aşağı baxmayıb. Yalnız bir halda insanlara yuxarıdan aşağı baxıb. Bu da insanların qolundan tutub yerdən qaldıranda olub. Belə adamlar isə yenidən güc tapıb yaşayıblar. Yaşadığı illərdə qolundan tutub qaldırana duaçı olub, gecə-gündüz alxış ediblər. İnsanın mövqeyi qədər yüksək olsa da o, adi insan olduğunu heç vaxt unutmamalıdır. Burada Həzrəti Əlinin bir kəlamı yada düşür: "Özüm insan olduğum üçün heç kəsi özümdən kiçik görmək istəmirəm." Bu minvalla çalışdı, işlədi, sadə insanlarla oturub durdu. Dəyər verdi ona etibar olunan vəzifələrə. Atdığı bütün addımlarda haqq ədaləti göz bəbəyi kimi qoruyub, milli-mənəvi dəyərlərimizi gözünün üstündə saxlayıb. O, heç vaxt adlı-sanlı, şöhrətli olmağı ağlına belə gətirməyib. Elə övladları Şahin Cavanşir belədi. Ataları kimi haqq ədaləti hər şeydən uca tutur, alnı açıq, başı uca gəzirlər. Şahin Ədliyyə orqanlarında, polkovnik - leytenant Cavanşir isə daxili işlər sistemində çalışır.

Ömür Tanrının insanlara bəxş etdiyi paydır. Bu payın təmənnası xeyirxah əməllər, təbiətə, cəmiyyətə verilən xoş töhvələrdir. Xoş o kəsin halına ki, Tanrının verdiyi əvəzsiz payın müqabilində borclu qalmır. Cəmiyyət qarşısında alnı açıq, üzü olur. Tarix xeyirxah insanları unutmur. Onlar yaddaşlarda qalır, qəlblərdə heykələ dönürlər.

Ömrünün çox hissəsini xalqının, vətəninin yolunda çalışmış Zülfüqar Abdullayevin səksən yaşı tamam oldu. Bir insan qəlbinin arzularının fonunda səksən il çox qısa bir zamandır. Amma yaşanmış illərin səksəninci pilləsindən geriyə boylananda görülmüş işlər, bəhər vermiş əməllər baxımından az da deyil. Səksən yaş deyəndə insanın təsəvvüründə başı buludlara dəyən əzəmətli bir dağ canlanır. Bu dağın zirvəsi günəş işığında bərq vuran gümüşü qar, ətəkləri isə xeyirxah əməllərin, zəhmətin bəhrəsi olan əlvan çiçəklərə bənzəyir.

Həyat qəribədir, çox sürətlə dəyişir. Bizim özümüz kimi. Görkəmimizdən daxili aləmimizədək. Dəyişməyən təkcə düşüncələr, münasibətlər və yaşantılardır. Zülfüqar Abdullayevin də mənəviyyatı, əqidəsi, doğulduğu Qaracəmirli kəndində uşaq vaxtı bir yerdə oynayıb, böyüdüyü insanlara, Gəncədə, Moskvada birlikdə ali təhsil aldığı yoldaşlara, oturub durduğu, dostluq etdiyi adamlara olan münasibəti dəyişmədi, daha da istiləşdi. Vaxtı ilə oxuduğu "Qobusnamə"də Keykavusun oğlu Gilanşaha nəsihətində dediyi sözləri indiyadda saxlayır. - "Dünyada eyibsiz adam ola bilməz. lakin sən mərd ol, mərd adamlarda nöqsan olmaz. Yalnız yaxşı və istedadlı adamlarla dostluq et. Dostun və adamların haqqını tapdalama". Deyir, bu gün də uşaqlıq dostum Arif Verdiyevlə, həyatda yoldaşlıq və dostluq etdiyim Bilal Mahmudovla, Zöhrab Məmmədovla, Qədim Əhmədovla, Aslan Nəsibovla sıx münasibətlərimiz var.

Deyirlər insanın alın yazısı, taleh yazısı var. Hamı kimi Abdullayevlər də talehin hökmündən qaça bilmədilər. Böyük qardaşı Ələkbər dünyasını dəyişəndən sonra nəslin övladları Zülfüqar müəllimi özlərinin ağsaqqalı, yolgöstərəni, məsləhət yeri bildilər. Böyük hörmət və ehtiram göstərdilər ona. Yaşadıqca qayğıları çoxalır, çoxaldıqca mətinləşirdi. Tanrı sınağa çəkirdi onu elə bil. Bir-birinin ardınca olan itkilərin ağırlığını ömür gün yoldaşı Səmayə xanımla birlikdə çəkdi. Birgə gəldilər bu acıların öhdəsindən. Təsəlli verdilər bir-birinə. Səbirli oldular. Nazildilər, amma üzülmədilər. Yenidən güc tapdılar yaşamaq üçün, övladlarını, nəvələrini böyütmək üçün. Belə bir qadının dəyanəti, mətanəti güc verirdi evin kişisinə. Səmayə xanım adi qadınlardan deyil. Yüksək təhsil almış ziyalı anadı, nənədi. Filosoflardan biri deyib ki, "əgər qadın şahlıq kimi dəyərləndirilsəydi, ana şahlığın tacı, nənə şahlıq tacının zirvəsi hesab olunardı." Ana ilahi qüvvə, ulu varlıqdır. Alilik, adilik, aqillik zirvəsidir. Yaradan, yaşadan, ərsəyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır.

Dərdi verən illər keçdikcə onu yavaş-yavaş unutdurur. Unudulmayan həyatda qoyduğun iz, yaxşı ad - san, pak əməl, xeyirxahlıq olur.

Zülfüqar müəllimin evində sevgi və məhəbbət dolu günlər yaşanır. Gəlinləri Afət və Rüxsarə xanımdan ağız dolusu danışır, razılıq edir. Hər ikisi həkimdi. Ziyalı ailəsində tərbiyə alıblar. Biz onları gəlin yox, doğma qızlarımız bilirik. Beş nəvəsi, dörd nəticəsi var Zülfüqar müəllimin. Nəvələri həkim, iqtisadçı, müəllimdilər. Talelərini versin Ulu Tanrı. Deyir illərə nə var ki, onlar quş qanadlı olur. Heç bilmirsən haçan gəldi, haçan getdi. Biz isə ömür yolumuza nəzər salanda ötən illəri xoş duyğularla, minnətdarlıqla yad edirik.

 

Ədalət.-2014.-19 avqust.-S.4.