Qədim və sirli diyar

Bura Naxçıvandır - qədim və sirli diyar; özü bir möcüzə, söhbəti-sözü möcüzə... Dünyanın ilk inanışlarından biri - Nuh tufanının ümid sahili, ədəbiyyatın, mədəniyyətin ilk addımlarına çıraq tutan, əsrlərin tufan sınağından keçə-keçə üzü bəri gələn "Gəmi qaya" burda uyuyur. Bir ucu möhtəşəm dağlar, bir ucu nəğməli Araz - beləcədi bu diyar, sinəsindən yanğısı İlanlı dağ olub baş qaldırar ki, Əcəmi dühasının bir dilim alovuna - Möminə xatuna qarışsın. O yanda Qarabağlar abidələri, bu yanda Gilan şəhərinin aranılıb-araşdırılan qalıqları. Hərəsi bir tarix səhifəsidir bunların.

Bu nurlu diyarın indikindən və daha parlaq sabahlarından danışarkən, xəyalən keçilmiş yollara bir daha qayıdırsan.

O yollara ki, hər biri bir mübarizə və zəfər salnaməsidir.

O yollara ki, onları keçə-keçə nəsillər daha mətinləşmiş, böyük tarixi bir təcrübə məktəbi əldə etmişdir.

O yollara ki, bizi sınaqlardan keçirə-keçirə bizi ikinci dəfə milli azadlıq, demokratik rejimə qovuşdurmuş; indiki nəslə onu göz bəbəyi kimi qorumağı tövsiyə etmişdir.

Müasir Naxçıvan qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.

Yaşı barədə söhbətlərin kəsilmədiyi (birisi 5, kimisi isə 10 deyənlər də var) Naxçıvan bir çox tarixi mərhələlərdən keçmişdir, acılı-şirinli.

Söhbət elə bir yerə gedir ki, inqilabdan əvvəl oranın sənayesi ibtidai üsulla işləyən 5-10 karxanadan ibarət idi. Buəssisələrdə ildə cəmi 150 min manatlıq məhsul istehsal olunurdu.. Elə kənd təsərrüfatı, səhiyyəsi, maarifi də bu sayaq. Bax, belə bir yerdə qısa müddətdə əsrlərə bərabər nailiyyətlər qazanılmışdır.

İndi çox yaxşı xatırlanır ki, inqilabdan sonra Ordubadda konserv zavodunun, barama qurdu toxumu zavodunun ilk fiti necə sevinclə qarşılandı, baramaaçan fabriki sex-sex necə böyüdü; Naxçıvanda ət-süd kombinatının, mebel fabrikinin, asfalt-beton, kərpic zavodlarının istifadəyə verilməsi yada düşür. Sonra yeni adlar, yeni ünvanlar: taxıl məhsulları kombinatı, mineral sular, şüşə və alüminium qablar, elektrotexnika, mərmər zavodları, trikotaj mallar fabriki, Şahbuzda avtomobil təmiri, Şərurda tikinti materialları zavodları, dünyaya səs salan allerqoloji xəsətxana...

İnqilabdan əvvəl Naxçıvan əhalisinin 93 faizindən çoxunun savadsız olduğunu xatırlayanda, necə iftixar və qürur hissi ilə fikirləşməyəsən ki, indi burada ali məktəblər, çoxsaylı tərbiyəəssisələri fəaliyyət göstərir. Son on ildə muxtar respublikada onlarla məktəb binası tikilib istifadəyə verilib. Muxtar Respublikada Azərbaycan SSR Elmlər Akademiyasının Naxçıvan Elm mərkəzi, elmi tədqiqat idarələri fəaliyyət göstərir.

Naxçıvan bu gün inkişaf etmiş sənayesi, yüksək dərəcədə mexanikləşdirilmiş kənd təsərrüfatı, qabaqcıl mədəniyyəti olan diyardır.

İndi bir gündə bütün 1924-cü ildəkinə nisbətən on dəfə çox sənaye məhsulu istehsal olunur.

Vaxtilə məşhur rus sənətşünası Alpatov yazmışdı ki, Firdovsinin "Şahnamə"si, Nizaminin "Leyli və Məcnun"u kimi, Şərqin ölməz klassik əsərlərində duyduğumuz bəşəri təravət qoxusunu biz Naxçıvanın abidələrində görürük.

Bəli, bütün nəsillərin çağdaşı olan bu sənət örnəkləri həmişə psixoloji-emosional zənginlik aşılayıb, memarlığın bədii-emosional, informasiya "yükünü" artırıb.

Əcəmi yurdunun övladları əsrləri adlayıb gəlmiş bu incilərin qayğısını, "nazını" oğul qeyrəti ilə çəkirlər.

Son illər muxtar respublikada abidələrin bərpası işi razılıq doğurur. Kompozisiya baxımından fərdi xarakter daşıyan tikililərin hamısının təmirində həcm düzgün hiss edilib - çalışıblar ki,heç nə əskildilib-artırılmasın, bu abidələr ötən əsrləri necə yola salıbsa, gələcək əsrləri də eləcə qarşılasın.

Muxtar respublikanın paytaxtı qədim Naxçıvanda "Qızlar bulağı" kompleksi, tikilən yeni binalar, böyük həssaslıqla təmir olunan abidələr qədim şəhərə yeni görkəm vermişdir. Son altı ayda şəhərdə aparılan quruculuq işləri keçmiş on illərdə görülən işlərə bərabərdir. Hara baxırsan könül açılır. Bu gün burada milli-memarlıq abidələri ilə əsrlər görüşür. "Zaviyyə" məscidi təmirdən sonra poeziya teatrına verilmiş və naxçıvanlıların sevimli yerinə çevrilmişdir, onlar tez-tez bura görüşə gəlirlər, öz unudulmaz həmyerliləri, "tanrısı gözəllik və sevgi olan", bu yaxınlarda qərib diyardan həmişəlik doğma yerlərə qayıdıb gəlmiş Hüseyn Cavidin görüşünə: Cavid poeziya teatrı ilə bu qədim abidənin əsl həyatı başlanmışdır - ulu və əsrarəngiz, hikmətli və sehrli. Müasirlərimiz şəhərdə "Təbriz" mehmanxanasını ucaltmaqla yanaşı, onun qarşısındakı qədim hamamı da bərpa ediblər - əsrlərin bu görüşü ideya-tərbiyə işində əsl əyanilikdir.

Bir məsələdən bəhs etmək xüsusilə zəruridir: on il əvvəl xalqımızın böyük sənətkarı, "Qeyrət" mətbəəsində dünyaya göz açaraq nəinki Azərbaycanın, bütün Şərqin qeyrəti və vicdanı və tərcümanı olan "Molla Nəsrəddin"in ürəyi və düşünən beyni Mirzə Cəlil heykələ dönərək Naxçıvana qayıtdı. Və bu qayıdış əsl ümumxalq bayramına çevrildi.

Bu gün o bayram sevinclərini göz önünə gətirə-gətirə fikirləşirik: gözəl mehmanxana, son vaxtlar ucaldılan yaraşıqlı, çoxmərtəbəli binalar arasında böyük ədibin heykəli görünməz olub. Bizə belə gəlir ki, ya abidənin özülünü 4-5 metr qaldırmaq, ya da onu başqa yerə köçürmək lazımdır.

Qoruq şəhərdə - Ordubadda olan abidələr - "Mədrəsə", "Cami məscidi", "Buzxana", "Zorxana", "Dilbər məscidi" haqqında dəfələrlə yazılıb, onlara xas gözəl forma, yüksək tikinti mədədniyyəti, zövqoxşayan naxışlar incələnib, öyülüb.

Bəli, bu abidələrin hər biri canlı tarixdir, tərbiyə tarixidir.

Bu gün bu gözəl diyarın gəncləri dünyanın bir sıra ali məktəb və kolleclərində təhsil alırlar. Bu diyarda elmə, maarifə olan həvəs həmişə heyrətli olub.

Hələ ötən əsrin 90-cı illərində Məhəmməd Tağı Sidqinin Naxçıvanda açdığı məktəb sağlığında şeir, sənət, maarif auditoriyasına çevrilmişdir. Bu gün böyük pedaqoq Sidqinin arzu və əməlləri yetişməkdə olan Naxçıvan gənclərinin həyat tərzinə çevrilmiş və onları doğma Azərbaycanımızın uğurlarının miqyaslılığına həvəsləndirir.

Naxçıvan muxtariyyətinin ruh yüksəkliyi ilə keçirilən 90 illik yubilyei onu da xatırladır ki, imperiya xarabazarlığı üzərində sivil demokratik dəyərlərə əsaslanan milli dövlət qurmaq heç də asan məsələ deyil. İlk növbədə milli ruh, əzmkarlıq, milli təməllər üzərində qurulmuş təbliğat maşını yaradılmalı, vətənsevərlik, vətənə sədaqətlilik, maarifçilik, yaddaşın bərpası önə çəkilməlidir. İstər əmək qabaqcılları olsun, istər yaradıcı gənclər olsun...

Naxçıvan muxtariyyətinin 90 illik statusu rəsmiləşdirilməsinin qeyd olunması günlərində unutmamalıyıq ki, onun ərazisinin 80 faizi indiki Ermənistanın ərazisinə qatılmışdır. Gülüstan (1813), Türkmənçay (1828) müqaviləsi ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdir. 2 ilərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox adam) gətirilmişdir. Köçürmə prosesi 20-ci əsrdə daha da gücləndi. 1918-20-ci illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırım cinayətləri dəətli, faciəli şəkil aldığından Naxçıvan məsələsi 1918-20-ci illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasında və parlamentində, erməni Milli Şurasında, Ermənistanın və Türkiyənin paralmentlərində, Təbriz bələdiyyə idarəsində, Parisdə Versal sülh konfransında (1919), 1919-20-ci illərdə ABŞ-ın Ermənistan və Azərbaycan nümayəndəliklərində, 1920-ci illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan SSR inqilab komitələrində, 1921-ci il martın 16-da RK(b)P-nin siyasi bürosunda, 1920-21-ci illərdə RSFSR Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi. Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan dövlətləri Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanıdılar və ona beynəlxalq hüquqi təminat verdilər. 1923, 27 fevral - 1924, 9 fevral müddətlərində isə sovet rejiminin təzyiqi altında Moskva və Qars müqavilələrinin bir sıra şərtlərinin pozulması hesabına muxtar qurum yaradıldı.

1992-ci ilin mayında Azərbaycanda hakimiyyət dəyişikliyi, Azərbaycan Xalq Cəbhəsinin iqtidara gəlməsi də vəziyyəti dəyişmədi. Naxçıvan AXC iqtidarı da siyasi blokadaya alınmışdı. Heydər Əliyevin Naxçıvan dövrü, irəliyə sürülən qərarlar, edilən təşəbbüslər Azərbaycan tarixinin ən parlaq tarixinə çevrilmişdir.

Bu gün Naxçıvan sürətli inkişaf yoluna çıxmışdır. Sənayenin ümumi məhsulunun həcmi 1924-cü ildəkinə nisbətən 1990-cı ildə 200 dəfədən çox, 2001-ci ildən isə 1995-ci illə müqayisədə 1.7 dəfə artmışdır. Son 20-25 ildə əldə edilən uğurlar cildlərə sığmayan mövzudur. Əsası budur ki, Naxçıvan Muxtar Dövləti inamlı addımlarla sabaha doğru irəliləyir.

Muxtar Respublika özünün muxtariyyətinin 90 illik yubileyini təntənə ilə qeyd edir. Bayram sevincləri isə həmişə qədim diyarın zəhmətkeşləri ilə olacaq, onları yeni qələbələrə, yeni zəfərlərə çağıracaq.

Arif Əliyev

Azərbaycan DBTİA-nın

kafedra müdiri, Əməkdar müəllim

Ədalət.-2014.-13 fevral.-S.6.