Saz səsi qədər müqəddəs

 

Məmləkətimizin, millətimizin başının urvatı olan istedadlı insanlardan biri də heç şübhəsiz ki, Məmməd Dəmirçioğludur. O, Dəmirçioğlu ki, mən onu ilk dəfə şirin bir yazıçı kimi tanıyıb, sevmişəm. Onunla tanışlığa, dostluğa can atmışam. Şükür olsun o bir olan ulu Tanrımıza ki, mənə onunla tanış olub, dostlaşmaq, onunla ünsiyyətdə olmaq, sevinmək qisməti verib. Qismətə bax ki, sonradan öyrənəcəm ki, biz həm də qonşu məhəllədə yaşayırmışıq.

Milli Azadlıq Hərəkatının liderlərindən olan rəhmətlik Ağamalı Sadiq Əfəndi ilə mənim də isti münasibətim olub. Onunla bağlı unudulmaz xatirələr kino lenti kimi gözlərim önündə canlanır. Milli mətbuatımızın yaradıcılarından idi Ağamalı Sadiq Əfəndi. Vaxtiylə onun fədakarlığı, min bir əzab-əziyyəti sayəsində araya-ərsəyə gətirdiyi "FV-ÇP" adlı gizli nəşrin yayımına görə "Təki vətən sağ olsun!" zindan həyatı da keçirmişəm. Ağamalı bəylə VƏTƏNDAŞ ŞAİRİMİZ, BÜTÖVLƏŞMİŞ TÜRK KİŞİSİ AKİF SƏMƏDİN qəbirüstü abidələrin müəllifinin də Məmməd Dəmirçioğlu olduğunu biləndə isə Dəmirçioğlunun sufi ürəyindən öpmək istədim.

İş elə gətirdi ki, Məmməd bəylə tanışlığım da gözəl bir günə təsadüf elədi. Şair dostum Ehtiram İLHAMın Sumqayıt şəhərində məşhur "YAŞAR" restoranında keçiriləcək 45 illik yubiley tədbirinə hər ikimiz də dəvət almışdıq. Dəmirçioğlu tədbirin sonlarına yaxın məclisə təşrif buyursa da görüşümüz xeyli uzun çəkdi. Tədbirdən çıxıb hər ikimiz ustad şairimiz böyük Məmməd İLQARIN (hər adama böyük deyilmir) ziyarətinə yollandıq. Quda məmmədlər bir yerdə olanda sanki bir-birindən 100 şamanın ruhunu alırdılar. Zaməddin Ziyadoğlu lap doğru deyirmiş ki, "Məmməd bol olarsa basılmaz Vətən". Uca ruhlu gənc və istedadlı dostumuz Ramin Cilovdarlının astausta barmaqlarla çaldığı sazının sehrində Dəmirçioğlunun Akif Səməddən, Ağamalıdan danışdığı sözü-söhbəti hamımızı hayıl-mayıl etmişdi. Usdadın səsi, nəfəsi, şeir deməyi sehirli idi. İlk dəfəydi ki, bu qədər ürfan səs eşidirdim. Şairin səsi də Akif Səmədin səsi kimi sazın səsi qədər müqəddəs olmuşdu. O, səsə and yeri kimi tapınmaq olar. Anladım ki, Dəmirçioğlu külçə qızıl kimi açıldıqca-açılır. Onunku Allah vergisisevgisidir. Allah yalnız ən istəkli, seçkin bəndələrinə bu qədər istedad, nur, işıq, gözəllik və sevgi verə bilər. Allahın sevgisi Səndən əskik olmasın Məmməd Dəmirçioğlu. Dünyamızın sevgiyə, nura, işığa,ghəmişə ehtiyacı var

 

Əkbər PAŞA

(Xudulu)

Ədalət.-2014.-28 fevral.-S.6.