GÖYDƏN ALMA DÜŞƏN DEYİL

 (Özümə söylədiklərim)

 

Çox baxma sən göy üzünə,

Göydən alma düşən deyil.

Döy başına, döy dizinə,

Göydən alma düşən deyil.

 

 

Ruzusu daşdan çıxanım,

Baharı qışdan çıxanım

Durub göylərə baxanım,

Göydən alma düşən deyil.

 

Buludlarının tağı yox,

Dən bitirən torpağı yox.

Göylərdə alma bağı yox,

Göydən alma düşən deyil.

 

Ələk tut - ələyə düşməz,

Fitnəyə-kələyə düşməz,

Qurduğun tələyə düşməz

Göydən alma düşən deyil.

 

Ha dikəl, bax, nur üzünə

İstəyirsən dür üzünə.

Götür daşı vur üzünə,

Göydən alma düşən deyil.

 

Bu göy o göydən deyil ki,

O göy bu göydən deyil ki.

Göylər bu göyə deyir ki,

Göydən alma düşən deyil.

 

Dərdilər sənə qalmadı,

Günah bəlkə bu bardadı.

Göydə üç alma hardadı,

Göydən alma düşən deyil.

 

ÇIXDIM SÖZÜN SAHİLİNƏ

 

Çıxdım sözün sahilinə,

Güldü yenə an beləcə.

Şəfəqlərdən bir don biçdim

Söküldü bu dan beləcə.

 

İçimdə yudum sözümü,

Sıxıb qurutdum sözümü.

Getdim unutdum özümü,

Düşdü yenə dan beləcə.

Axdı ömür, axdı getdi,

Könülləri yaxdı getdi.

Baş götürüb çıxdı gxetdi,

Yandı, yandı can beləcə.

 

HƏSRƏT QALMIŞAM

 

Dodağımda bitən gülsən,

Qoxuna həsrət qalmışam.

Mənə həsrət arzuların

Çoxuna həsrət qalmışam.

 

Yığılan çirk sızaqdadır,

Ruhum-canım sazaqdadır.

Uzaq elə uzaqdadır,

Yaxına həsrət qalmışam.

 

Gülsün üzü ana yerin,

Şehli çəmən silsin tərin.

Ölüb keçən o günlərin

Sağına həsrət qalmışam.

 

AND İÇDİYİM SÖZDƏN ÖZGƏ

 

İndi bildim dünya gözəl,

Qışı da yaz imiş, Allah.

Çəkdiyim dərd deyilmiş ki,

Bir ovuc duz imiş, Allah.

 

gördüm ki, "döz"dən özgə,

Bircə baxış gözdən özgə.

And içdiyim sözdən özgə,

Hamısı söz imiş, Allah.

 

Göy üzündə ötməliyəm,

Arzuları öpməliyəm.

Bu torpaqda bitməliyəm,

Bir ömür az imiş, Allah.

 

ÖZÜNDƏN UZAQDA DAYANAN OĞLAN

 

Əlini, üzünü yuyub içində

O qədər söz yeyib doyub içində.

Hər gün öz-özünü döyür içində,

Özündən uzaqda dayanan oğlan.

 

Bir addım atmağa ayaq istəyir,

Bir saman çöpündən dayaq istəyir.

Başına döyməyə çomaq istəyir,

İzindən uzaqda dayanan oğlan.

 

Unudub özünü hardasa qalıb,

Bəlkə qışda qalıb, baharda qalıb?!

Ay Allah, o hansı diyarda qalıb,

Sözündən uzaqda dayanan oğlan.

 

Razim PAŞAYEV

ədalət.-2014.-10 iyun.-S.7.