Abadlığın ünvanı

 

Bu günün Ağcabədisi

 

 (Əvvəli ötən sayımızda)

Təhsil, səhiyyə

 

Yaxud işıq və sağlamlıq

 

Müdriklərin söylədikləri kəlamların içərisində ən önəmli məqam insanla, torpaqla bağlı olan deyimlərdi. Yəni bu deyimlərin həm kökündə, həm də onun qol-budağında insan amili dayanır. Bax bu mənada sağlam bədəndə sağlam ruhun vacibliyi danılmaz bir təlabat olduğu kimi, həm də bir gözəllik, kamillik deməkdi. Ruhu, sağlamlığı bir-birini tamamlayan, bir-birini öz köynəyindən keçirən və nəticədə də insanlığın dərk edən şəxs heç vaxt pis əmələ, vərdişə, hətta pis sözə belə meyl göstərməz. Deməli, insan üçün zəruri olan sağlamlıq və işıq, yəni daxili ziya özü-özlüyündə hər kəsi formalaşdırır, onu düşüncəsi, dərrakəsi yerində olan bir varlıq kimi cəmiyyətimiz önə çevirir.

Bax, bu mənada Ağcabədidə sağlamlıq və işıqla bağlı, yəni səhiyyə və təhsillə bağlı böyük işlər görülür. Təkcə statistikaya üz tutsaq, onda Ağcabədidə son illərdə tikilən təhsil və səhiyyə ocaqlarının sayındakı artımın, həmçinin bu sahələrə yönələn kapitalın hesabına aparılan təmir-bərpanın nəticəsi kimi müasirləşən xəstəxana və məktəblərin real mənzərəsi göz önündə canlanır. Elə rayon icra hakimiyyəti başçısının ötən ilin yekunları ilə bağlı keçirilən hesabatında icra başçısı Şahin Məmmədovun da vurğuladığı kimi, Ağcabədidə hər kəsin xüsusi diqqət yetirdiyi, insanların daha çox təmasda olduğu sahələr arasında təhsil və səhiyyə ön cərgələri tutub. Çünki hər kəsin övladı, ailə üzvü məktəblə, səhiyyəylə buya digər şəkildə bağlıdır. Bir az da konkret ifadə etsək, həmin sahələrdə kimlərsə işləyir, kimlərsə təhsil alır, kimlərsə müalicə olunur, kimlərsə də müalicə edir. Deməli, səhiyyə, yəni sağlamlıq, təhsil, yəni işıq bütün hallarda bir-birini tamamlayır. Məhz bu səbəbdən də təhsildəki uğurları yüksək qiymətləndirən rayon icra hakimiyyətinin başçısı nöqsanları da qəti və kəskin şəkildə ortaya qoyub, işinin öhdəsindən gələ bilməyən məktəb direktorları, xəstəxana rəhbərləri barəsində həmişə ciddi tədbirlər görüb. Keçirilən hesabat yığıncağında da son illərdə məzunlarından ali məktəbə qəbul edilənlər arasında nümayəndəsi olmayan elm ocağının rəhbərliyi barəsində sərt qərar qəbul edildi. Həm tədbir iştirakçılarının, həm də bütövlükdə ictimaiyyət nümuəyəndələrinin gözləri qarşısında yarıtmaz işinin cəzasını alan məktəb direktoru və digərləri bu cür qınağın, bu cür töhmətin təbii ki, dərslərindən nəticə çıxaracaqdı. Bu da sonda Ağcabədidə təhsilin və eləcə də digər sahələrin daha sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdi.

Əgər bu sahə ilə bağlı faktlara üz tutsaq, onda qeyd etmək lazımdı ki, Ağcabədidə təhsil işçilərinin peşəkarlığı ölkə rəhbərliyinin də diqqətini çəkmişdi. Elə ötən ilin oktyabr ayında rayonun Pərioğullar kənd orta məktəbinin kimya müəllimi Alagöz Quliyeva ölkə prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdü. Həmçinin 2013-2014-cü dərs ilində rayonun mövcud 62 ümum təhsil məktəbində, eləcə də 50 tam orta, 11 ümumi orta və 1 ibtidai məktəb fəaliyyət göstərmişdi. Hazırda bu məktəblərdə 19 min nəfərdən artıq şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 2700 nəfərə yaxın müəllim məşğul olur. Məhz həmin pedaqoji kollektivlərin məsuldar əməyinin nəticəsi kimi ötən ölkənin ali məktəblərinə əvvəlki illərlə müqayisədə daha çox məzun qəbul olunmuşdu. Onların arasında 11 nəfər 600-dən yuxarı, 34 nəfər isə 500-dən yuxarı bal toplamışdı. 686 bal toplamış şəhər 4 saylı tam orta məktəbinin məzunu Sevinc Vəliyeva Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasına qəbul olunmuşdu. Ümumiyyətlə, illərə nəzər yetirəndə məlum olur ki, ötən il ali məktəbələrə qəbul olunan məzunların say artımı respublika müstəvisində də qənaətbəxş hesab oluna bilər.

Ağcabədidə səhiyyə sahəsində də mühüm nailiyyətlər qeydə alınmışdı. Hesabat dövründə rayon mərkəzi xəstəxanasının fəaliyyəti, həmçinin 2 şəhər, 1 qəsəbə, 4 kənd sahə xəstəxanaları, 19 həkim məntəqəsi və 24 tibb məntəqəsi öz fəaliyyətini insanların sağlamlığını qoruya biləcək səviyyəyə yüksəltmək üçün həm təminat, həm də peşəkarlıq baxımından xeyli irəliləyişlər etmiş və nəticədə rayon sakinlərinin, eləcə də Ağcabədidə məskunlaşan məcburi köçkünlərin rəğbətini qazanmışdılar. Məhz bunun nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq 2013-cü ildə rayonda bir ana ölümü qeydə alınmışdır. Mərkəzi xəstəxana tərəfindən qeydiyyatda olan və dövlət tərəfindən dərman preparatları ilə təmin olunan xəstələrə diqqət daha da artırılmışdı. İmtiyazlı xəstələrin hər birinə, yəni 2628 nəfərə pulsuz dərman preparatları verilmişdi.

Görülən işlərə nəzər salanda məlum olur ki, rayonun Avşar kəndində həkim məntəqəsi, Qaravəlli kəndində sahə xəstəxanası, Yuxarı Qiyaməddinli və Şənlik kənd həkim məntəqələri, Köyük və Soltanlı tibb məntəqələri əsaslı cari təmir işlərindən sonra qapılarını onlara üz tutanlara açmışdı. Bütövlükdə isə rayonun ərazisində mövcud olan bütün səhiyyə ocaqları həmişə diqqət mərkəzində saxlanılır və bu gün də ölkə rəhbərliyinin diqqətinə, qayğısına və tələblərinə uyğun bir şəkildə həmin məsələlər nəzarətdə saxlanılır və Ağcabədi sakinlərinin sağlamlığı yüksək səviyyədə qorunur.

Bəli, bu gün Ağcabədiyə yolu düşən hər kəs xalq şairi Süleyman Rüstəmin məşhur şeirini xatırlayır, onu bir qədər zamanına uyğun şəkildə belə ifadə edə bilər.

- Abadlıq, quruculuq görmək istəyən Ağcabədiyə gəlsin!

 

Əbülfət Mədətoğlu

Ədalət.-2014.-12 iyun.-S.7.