Tanış olmaq istəyirəm

 

Əl uzanır: - Tanış olaq!

Əl uzanır: - Salamat qal!

Əl uzanır dosta, yada,

əl - hələlik,

əl - əlvida.

Tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm

sahildəki qızıl qumla,

arxivdəki keçmişimlə,

bağçadakı tər çiçəklə,

sinəmdəki tər ümidlə,

tər arzumla.

Tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm.

Cib dəftərim telefonla,

adla dolu olsa belə,

əl açıram -

təzə insan istəyirəm,

təzə ünvan istəyirəm.

Qaldırıcı, endirici kranlarla,

ulduzla, buludla,

qəbirləri qucaqlayan

mərmər rəngli,

torpaq rəngli lal sükutla,

tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm.

Təyyarənin qanadının,

qatarların fit səsinin arxasınca

əllərimiz dalğalanır yaylıq tək,

əllərimiz dalğalanır ayrılıq tək.

Əl açılır üzümüzə qapı kimi,

Əl açılır üzümüzdə güllə kimi.

Barmaqlarla

pillə-pillə

dırmaşırıq harasa.

Mən əllərlə tanış olmaq istəyirəm,

doğma olmaq istəyirəm -

əlcək geyən,

qabar döyən,

çəlik döyən,

kətmən döyən əllərlə.

 

Hərdən məndən küssə ,

bir əlin ömrünü uzatmalıyam

oxşaya-oxşaya

isidə-isidə.

 

Mənim əlim havadadır,

mənim əlim yollardadır.

Qarşıma kim çıxasıdır,

Qarşıma çıxasıdır -

Əlimi kim sıxasıdır,

əlimi sıxasıdır -

sıxsın görək!

 

 

1941

 

Mənim doğulduğum il

naməlum bir əsgərin

adı, ünvanı oldu.

Mənim doğulduğum il -

səngərlər doğuldu,

tüstülər doğuldu.

Səngərlərdə doğuldu,

tüstülərdə doğuldu,

mənim doğulduğum il.

 

Mənim təvəllüdümü

torpağın sinəsinə

xəncər yarası kimi.

Yer kürəsisdən keçən

döyüş səngəri yazdı.

Uzunboğaz çəkmənin

nallı dabanı ilə

Vətən əsgəri yazdı,

Göylərin sinəsinə

topun lüləsi yazdı,

Ulduzları isidən

fişəng şöləsi yazdı.

 

Yazdı təvəllüdümü

balınca göz yaşları,

yollara - anaların

ümidli baxışları.

Mən təvəllüd günümü

keçirmək istəmirəm.

Badələrin səsilə

oyatmaq istəmirəm.

Xatirə beşiyində

uyuşmuş həsrətləri,

Küsəyən qardaşımın

qabda qalan payı tək

soyumuş həsrətləri

oyatmaq istəmirəm.

 

Doğulduğum tarixə

Hamıdan çox yanıram,

Qara həşyə geyinmiş

şəkildən utanıram.

 

1962

 

 

YAĞIŞ GÖLMƏÇƏSİ

 

Damcılar göylərdən əlini üzdü,

Buludlar

özünə boylanmaq üçün -

bulanıq güzgütək gölməçələri

torpağa düzdü.

 

Yağdı, tala-tala gölməçə yağdı,

göylərin dəlisov ilhamı yağdı,

sərçələrin soyuq "hamamı" yağdı.

Yağış gölməçəsi buludla doldu,

Günəşlə,

payızla,

sükutla doldu.

 

Göyə yuxarıdan aşağı baxdım -

bir vaxt Avropanın salonlarından

Bodenşted bizə baxdığı kimi,

Daş atıb, göylərin evini yıxdım,

Bir dərviş Parisi yıxdığı kimi.

 

"Atını" göylərdə sürdü çoxusu

ayağı çırmalı uşaqların da.

Çİlik-çilik oldu gölün yuxusu

çubuq köhlənlərin dırnaqlarında.

Uşaqlar yollandı yuxu dalınca.

Onların doluxmuş izi soğuldu,

Göy göyə çəkildi,

payız - ağaca,

Gölməçə kor oldu -

elə bil, torpağın gözü soğuldu.

Arabir göylərə boylanmaq üçün,

gəlinlər kimi,

özünə daha çox inanmaq üçün

torpağa güzgü ,

köz gərəkdir.

 

1962

 

 

HƏSRƏT

 

Sən qanadlı xəbər kimi,

yad qapını açan gündən -

Həsrətinlə yaşayıram bir otaqda,

həsrətinlə yaşayıram bir torpaqda,

bir dünyada.

Qatarlarda, təyyarələrdə, gəmilərdə

sənəd kimi öz yanımla

gəzdirirəm həsrətini.

Ora-bura sürüməkdən

bezdirirəm həsrətini.

İstəyirəm, azdıram mən həsrətini

alqış dolu salonlarda -

bacarmıram.

İstəyirəm, azdıram mən həsrətini

dalanlarda,

döngələrdə,

izdihamlı küçələrdə -

bacarmıram.

Həsrətinə gücüm çatmır, sənə - əlim,

İstəyirəm, həsrətini

Meşələrə, dənizlərə atıb gəlim -

Bacarmıram.

Həsrətinə gücüm çatmır, sənə - əlim

Süfrəmdəki çörək deyil, həsrətindir,

sinəmdəki ürək deyil, həsrətindir, - hey döyünən

Ürəyimin başını mən

ovuduram bir uşaq tək.

Səndən qalan xatirələri,

olub-qopan həsrətini

ürəyimin qabağına atıram mən

oyuncaq tək,

öz başımı qatıram mən

bir uşaq tək.

Həsrətini içirəm mən,

həsrətini çəkirəm mən.

yaxşı ki, həsrətin var!..

Həsrətinlə yaşayıram bir otaqda,

həsrətinlə yaşayıram bir torpaqda,

bir dünyada,

Yaşayıram,

yaşayıram,

yaşadıram həsrətini.

 

1963

 

 

ADSIZ ŞEİR

 

Saxlayım saatımı, söndürüm işığımı -

Heyfim gəlir saata da,

işığa da,

özümə ,

qaranlığa da.

Əl çəkin,

dodaqlarım bağlı qalsın

nənəmin qapısı kimi.

Gözlərim durulsun,

əllərim fikrə getsin.

Susum, susum

bir namərdin qəsdi kimi.

Sahildə qumları,

göydə ulduzları,

yerdə adamları,

nadanları

saymaq istəyirəm.

Canınız yanırsa mənə,

əl çəkin yaxamdan, əl çəkin:

bir mühasib çağırın,

ya da ağıllı bir maşın -

hesablasın görək

qədər yalan udmuşam,

qədər qəzəb,

neçə arzuma başsağlığı verilməyib,

nələr keçib könlümdən, yuxumdang

 

1965

 

İsa İsmayılzadə

Ədalət.-2014.-1 mart.-S.20.