Qədim Şamaxı prezidentin qayğısı ilə yenidən öz şöhrətinə qayıdır

Bu şəhərdən söz açanda...

 

Mövzusundan asılı olmayaraq (sosial, iqtisadi, mədəni, tarixi, ədəbi və s.) Şamaxı haqqında söhbət açarkən bəzi məsələlərə mütləq həssaslıqla yanaşmaq lazımdır. Bu mənada ki, sovet dövrü zamanı bu qədim və böyük şəhərin keçmiş məşhurluğuna qısqanclıqla yanaşılmış, Azərbaycan dövlətçiliyində tutduğu yer əksər hallarda "rus-sovet süzgəcindən" keçirilmişdir.

Əslində isə hələ "sıxışdırılmış" yaşı 2600 ilə hesablanan Şamaxı qədim və orta əsrlər tarixinin subyekti olaraq həmişə diqqət mərkəzində olmuşdur. Bu şəhər uzaq Çindən, Hindistandan tutmuş, Ərəbistana, Romaya qədər tanınmış və özünəməxsus yer tutmuşdur. Mən daha indiki Rusiya ərazisini, daha çox türkdilli xalqların yaşadığı ucsuz-bucaqsız torpaqları, Xəzərətrafı xaqanlıqları demirəm.

Şamaxının adı yazılı mənbələrdə ilk dəfə Yunan coğrafiyaşünası Ptolomeyin "Coğrafi təlimnamə" əsərində çəkilib. Görün Şamaxının tarixi nə qədər qədimlərə gedib çıxır ki, tarixçilər hələ də onun yaşını dəqiqləşdirə bilməyiblər. Şamaxı ətrafındakı qazıntılar zamanı eramızdan əvvəl V-IV əsrlərə və bəzən də daha qədimlərə aid şəhər həyatına xas olan maddi mədəniyyət qalıqları tapılmışdır. Roma, Arşaki sikkələri, Makedoniyalı İsgəndərin sikkələrinə oxşadılmış dirhəmlər qədim Şamaxının hələ antik dövrlərdə Şərq və Qərb ölkələri ilə iqtisadi, mədəni əlaqələrdə olduğu göstərilir.

Orta əsrlərdən üzü bu yana isə tarixi mənbələrdən də göründüyü kimi, Şamaxı həm ağır müharibələr, dağıntılar görmüş, həm də şöhrətin zirvəsinə ucalaraq Vətənimizin simvollarından birinə çevrilmişdir. Fəqət xoş günlərlə yanaşı, bəşəriyyətə məlum olan ən güclü zəlzələdən ikisinin Şamaxıda baş verməsi də unudulmayıbdır.

Tarixin bütün keşməkeşlərindən boy ataraq bu günlərə qədər uzaq bir yol gələn Şamaxı, indi özünün "ikinci gəncliyini" yaşamaqdadır. Təbii ki, dövlətçilik ənənələri, qədim türk tariximizdə oynadığı mühüm rol və eləcə də söz-sənət ucalığı unudulmayan Şamaxının belə bir şöhrətə tam haqqı da çatır. Məlum olan çox məsələləri təkrarlamayaq. Bircə faktın özü bəs edər. Yəni, təkcə M.Ə.Sabir, Şamaxı öz yerində, bütöv Azərbaycanın əlçatmaz zirvəsidir!

 

Gedib görmək və sevinmək lazımdır

 

Ölkəmizin bütün regionlarında olduğu kimi sosial-iqtisadi inkişafın uğurlu nəticələri Şamaxıda da özünü göstərməklə yanaşı, bu rayonun həm də ölkə rəhbərliyi səviyyəsində tarixi-mədəni məsələləri də ən yüksək münasibətlərdə həllini tapmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə verdiyi sərəncamlar rayonda uğurla həyata keçirilir. Son illər Şamaxıda görülən işlər barədə yazıb danışmaqla bütün bunları əhatə etmək mümkün deyil, gedib baxmaq, dəyərləndirmək lazımdır.

Bəlkə də yeri deyil, ancaq bir məsələyə toxunmaq lazım gəlir. Yeni yaranmış bəzi saytlar Şamaxının bu cür sürətli inkişafına, keçmiş şöhrətinin qayıtmasına sevinmək, xoş münasibət bildirmək əvəzinə, reallıqdan uzaq yalanböhtanlar uydurur, naməlum niyyətlərdə bulunurlar. Təbii ki, bütün bunlar da Şamaxı camaatının, həm də rayon rəhbərliyinin haqlı narazılığına səbəb olur.

 

Rayon rəhbərliyi bütün məsələlərin ən optimal həllinə çalışır

 

Şamaxıda isə cənab Prezidentin qayğı və diqqəti sayəsində quruculuq və müasirləşmə işləri davam etməkdədir. Bütün bunlar barədə bu yaxınlarda keçirilən ümumrayon toplantısında geniş söhbət açılmışdır. 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Verdiyev demişdir:

- Bir sıra tarixi hadisələrlə zəngin olan 2013-cü il artıq başa çatmışdır. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüşcevik siyasət nəticəsində mürəkkəb xarici iqtisadi mühitə baxmayaraq ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qürur hissi ilə bildirmək istəyirəm ki, uğurlarımız kifayət qədər çoxdur. Keçən il əsas sosialiqtisadi məsələlər yüksək səviyyədə həll edilmiş, nəzərdə tutulmuş bütün proqram və layihələr uğurla yerinə yetirilmiş və ən əsası xalqımızın rifah halı daha da yaxşılaşdırılmışdır. Ölkəmizin Prezidenti cənab İlham Əliyev yanvarın 9-da keçirilən Nazirlər Kabinetinin iclasındakı nitqində demişdir: "2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik".

2013-cü ili rayonumuz üçün də müsbət qiymətləndirmək olar. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu dövrün ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 16 və 17-də rayonumuza iki günlük tarixi səfəridir. Həmin səfəri çərçivəsində dövlətimizin başçısı yüksək səviyyədə əsaslı bərpa olunaraq yenidən qurulan Şamaxı Cümə məscidinin, genişləndirilərək güclü idman bazasına çevrilən Şamaxı Olimpiya İdman Mərkəzinin, dünyanın unikal elm mərkəzinə çevrilən Şamaxı Asrofizika Rəsədxanasının, Şamaxı Uşaq İncəsənət Təhsil Mərkəzi üçün tikilən müasir binanın açılış mərasimlərində iştirak etmişdir. Dövlətimizin başçısının rayonumuza növbəti səfəri Şamaxıda böyük canlanmaya, yeni iqtisadi inkişafa səbəb olmaqla insanlarda dövlətə, dövlətçiliyə, xüsusilə möhtərəm Prezidentimizə olan inamı qat-qat artırmışdır.

Razılıq hissi ilə bildirmək istəyirəm ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən daim rayonumuza xüsusi diqqət və qayğı göstərilir. Bu gün əldə etdiyimiz bütün uğurların başlıca səbəbi məhz budur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 yanvar 2013-cü il tarixdə "Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamın imzalanması və rayonumuza Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsaitin ayrılması bunu bir daha sübut edir.

Fürsətdən istifadə edərək rayonumuza göstərdiyi daimi diqqət və qayğı üçün bütün şamaxılılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm...

 

Ümumi statistikadan...

 

Hesabat ilində rayonda 151,7 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Qeyd olunan müddət ərzində rayonda əsas kapitala yönəldilən investisiyaların həcmi 44,5 milyon, tikinti-quraşdırma işlərinin həcmi 41,8 milyon, sənaye məhsulunun həcmi 4,3 milyon manat təşkil etmişdir. Ötən ildə pərakəndə əmtəə dövriyyəsi 153,1 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 34 milyon manat olmuşdur. Rayonda sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzində olmuşdur. 2013-cü ildə Şamaxıda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 450 subyektə çatdırılmış, rayon üzrə 465 daimi yeri açılmışdır. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi artmaqda davan etmişdir. Ümumiyyətlə, Dövlət Proqramlarının qəbulundan sonra Şamaxı rayonunda 10043 yeni yeri açılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-5 mart.-S.7.