ÜRƏYİNƏ ÜRƏK ÇATMAZDI

 

Unudulmaz müəllimim, görkəmli yazıçı, pedaqoq

Mir Cəlalı xatırlayarkən...

 

Əlli beşinci il. İlk zəng, ilk mühazirə! Səs-küylə auditoriyaya doluşduq. Gözümüz qapıda idi. İntizarımız çox çəkmədi. Ortaboylu, gülərüz, xoşsifət bir adam içəri daxil oldu. Üzündən nur tökülürdü. Əynində hava rəngli yüngül yay kostyumu var idi. Çoxdan dən düşmüş saçları seyrəlmişdi. Gözümüzü ondan ayırmırdıqg

Asta addımlarla irəlidə, partaların qabağında qoyulmuş stolun arxasına keçdi və uzun, mülayim baxışlarla auditoriyanı süzərək:

- Xoş gördük, əziz tələbələr! - dedi.

Biz onu dərs kitablarından, əsərlərindən tanıyırdıq. Və cədvəldən onu da bilirdik ki, bizə ilk mühazirəni kim oxuyacaq. Ona görə də hamımız bir ağızdan, qürur və sevinclə cavab verdik:

- Salam, Mir Cəlal müəllim!

- Uşaqlar, mən sizə "Ədəbiyyatşünaslığa giriş" fənnindən mühazirə oxuyacağam. - Sözünə azca ara verib, sakit bir axarla mühazirəyə başladı, - Yaxşı bilirsiniz ki, ədəbiyyat söz sənətidir. Həyatın güzgüsüdür. Qış sessiyasınacan bizim əsas söhbətimiz bu barədə olacaq.

O, aram-aram danışır, hərdən pəncərə qarşısında dayanıb dalğın-dalğın harasa baxır, auditoriyada olduğunu, mühazirə oxuduğunu belə unudurdug

Qoşa saatın yarısını başa vurduq. Tənəffüs boyu söhbətimizin mübtədası da, xəbəri də Mir Cəlal müəllim idi. İçimizdə bir qürur hissi çırpınırdı: "Görün bizə necə bir insan dərs deyir!"

Mən o vaxtacan Mir Cəlal müəllimin hekayələrini, "Bir gəncin manifesti" və "Dirilən adam" romanlarını oxumuşdum. Adı sevdiyim yazıçıların ilk cərgəsində idi. "Bir gəncin manifesti" sarsıtmışdı məni, əsərin qəhrəmanı Mərdanın "Bahar, mənim mələr quzum, körpə qardaşım!" - deyə qopardığı o dəli haray, ürək yandıran o göynəkli monoloq göz yaşlarıma qarışıb qəlbimə axmışdıg

Çox sonralar bu barədə Mir Cəlal müəllimə danışanda, kövrələrək:

- O dərdi, o faciəni yazanda mən özüm də ağlamışam, - dedi. - Bu əsərin qəlbimdə ayrıca yeri var.

- Onun ədəbiyyatımızda da yeri ayrıdır, - dedim.

Tərifdən həmişə uzaq qaçan, təvazökarlığı hər şeydən uca tutan Mir Cəlal müəllim cavabı döndərdi:

- Bunu zaman göstərər, gələcək göstərər.

gTənəffüsdən sonra tələbələrlə tanışlığa başladı. O, cərgələrin arasında ayaq saxlayır, bir-bir adımızı, soyadımızı soruşur, xoş sözlər deyirdi. Mənə çatanda əlini çiynimə qoyub mehribanlıqla:

- Bəs sənin adın nə oldu? - dedi.

- Nahid.

- Bizdə çox seyrək rast gəlmək olar bu ada, - dedi. - Türklərdə, ərəblərdə daha geniş yayılıb. Ərəblərin Nahid adında məşhur bir şairləri də var.

Azca irəli yeriyib təzədən soruşdu:

- Bəs rayonun hansı oldu?

- Gədəbəy.

- Özündənsən? - diqqətlə süzdü məni.

- Yox, Şınıxdanam.

- Yəqin ki, Əli Rəsulovu tanıyarsan?

- Doğmaca əmioğluyuq.

- Çox gözəl! - Çöhrəsində bir işıq dalğası gəzdi. - Əli müəllim əvəzsiz ziyalıdır. O, Böyük Qaramurad kəndində məktəb müdiri idi. Hərdən rayon mərkəzində görüşürdük. O vaxt Gədəbəydə bank yox idi. Müəllimlərin aylıq məvacibini Şəmkir bankından alırdıq. Minik çətin tapılırdı. Bəzən bu qədər yolu atla, araba ilə gedib-gəlirdik. Başımıza hərdən qəribə-qəribə işlər gəlirdi. Bu əhvalatları danışmaqla qurtarmaz.

Əli müəllimlə sözümüz-söhbətimiz tuturdu. O, Qazax Seminariyasını, mən isə Gəncə Pedaqoji Texnikumunu bitirmişdim. Əli müəllim Osman Sarıvəlli ilə bir yerdə oxumuşdu. Onunla bağlı məzəli söhbətlər danışırdı. Hərdən də Səməd Vurğunla, Mehdi Hüseynlə dostluğundan söz açırdı. Geniş mütaliəsi var idi Əli müəllimin. Şeir də yazırdı. - Sözünə ara verib, soruşdu, - İndi nə işində çalışır?

- Gədəbəy Rayon İcraiyyə Komitəsinin sədridir.

- Xeyli vaxt onu görmədim, yalan olmasın, on il.

- Müharibə illərində Zəngilanda Rayon Partiya Komitəsinin katibi işləyib.

- Hə, belə de. Bir ara tez-tez görüşürdük. Əllinci illərə qədər bir-birimizi görmədik. Ötən il burda - Bakıda görüşdük. Elə bil dünyanı verdilər mənə. - Bir-iki addım aralanıb, geri qanrıldı, - Görəndə, məndən salam deyərsən Əli müəllimə.

- Mütləq! - sevinclə bildirdim.

Nəyi isə xatırlayırmış kimi gözlərini azca qıyıb:

- Heç soruşmursan, Gədəbəy hara, mən hara? - Tezcə də sözünə əlavə elədi, - Mən o torpağa çox bağlıyam. Gədəbəyin suyu, havası kimi, insanları da safdır. Gəncədə Pedaqoji Texnikumu bitirəndən sonra, 20-ci illərin axırlarında orada müəllim işləmişəm, - dedi, - Gədəbəyin özündə, həm də Söyüdlü kəndində, Mirzə Teymurla bir yerdə. İndi onun iki oğlu - Qoşqarla Şamil bizim universitetdə dərs deyir.

Arxa cərgədə oturan tələbələrdən kimsə həmin illərin təəssüratı əsasında yazılmış "Təzə toyun nəzakət qaydaları" hekayəsini yada saldı. Mir Cəlal müəllim deyəsən bir az kövrələn kimi oldug

Xatirələr onu ötən günlərə qaytarmışdı. Gənclik çağlarından, müəllimlik illərindən, ilk hekayələrini necə qələmə almağından maraqlı epizodlar danışdı. Fikrini belə tamamladı:

- Dağ adamları düz olur, halal olur. Mərd-mərdanə camaatı var Gədəbəyin. Orada çox hörmət-izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram.

Beləcə, Mir Cəlal müəllimlə "həmyerli" olduq, ülfət bağladıq, dostlaşıb-doğmalaşdıq.

Yaradıcılığı ilə daha yaxından tanış olandan sonra gördüm ki, Gədəbəy camaatından gördüyü hörmət və ehtirama öz əsərlərində ürək genişliyi ilə yer verib, hekayələrində dönə-dönə bizim yerlərin adını çəkib, onun saf insanlarından, gözəl təbiətindən məhəbbətlə söz açıb.

 

* * *

O, müəllim adını uca tutan, bu ada şərəf, şöhrət gətirən yazıçı-pedaqoq idi. Fəxrlə deyə bilərik ki, Abbas Səhhət, Firudin bəy Köçərli, Üzeyir Hacıbəyli, Camo Cəbrayılbəyli, Abdulla Şaiq kimi maarifçilərin, nurlu xalq ziyalılarının ənənələrini ləyaqətlə yaşadan, zənginləşdirən bir insan, bir vətəndaş idi Mir Cəlal müəllim!

Biz ondan təkcə "Ədəbiyyatşünaslığa giriş"i deyil, sənət sirlərini, həm də insanlıq və ömür-gün fəlsəfəsini öyrənirdik.

g Dərs deyən zaman Mirzə Cəlilin "söz ən böyük yadigardır" deyimi dilindən düşmürdü. Özü isə bu fikrə söykək olaraq deyirdi: "Söz ölməzdir, əbədidir. Zaman dağları belə uçurub aparır. Sözə isə onun gücü çatmır. Bunun ən yaxşı nümunəsi ulu sənətkarlarımızın, klassiklərimizin əsərləridir. Bir baxın, Nizami Gəncəvi "Xəmsə"si, Füzuli "Divan"ı, Sabir isə "Hophopnamə"si ilə ölməzlik qazanıb, üzlərini tutublar gələcək əsrlərə, gələcək nəsillərə".

Mir Cəlal müəllim böyük Hüseyn Caviddən həmişə yana-yana danışırdı. Hər dəfə ölməz sənətkarla bağlı hadisələri, aralarında olan söhbətləri yada salanda kövrəlirdi. Bir dəfə tələbələrdən biri soruşdu:

- Mir Cəlal müəllim, Cavid necə adam idi?

- Peyğəmbər kimi insan idi.

Bu sözləri eynilə Mir Cəlal müəllimin özünə də şamil etmək olardı. Heç kəslə işi yox idi. Tələbələri onu sevirdilər. Bu da səbəbsiz deyildi. O, gənclərimizə həm ədəbiyyatı, sənəti, həm də həyatı öyrədirdi. Yaşımız fərqli olsa da söz-söhbətimiz yaxşı tuturdu.

- Onda İçərişəhərdə yaşayrıdıq, - deyə Mir Cəlal müəllim sözünə davam etdi. - Tez-tez bizə gəlirdi. Çay içir, oxuduqlarımızdan, yazdıqlarımızdan danışır, fikirlərimizi bölüşürdük.

Bir dəfə gözləmədiyim halda soruşdu:

- Komsomol, nə yazırsan?

- Elmi iş, yəni dissertasiya.

- Mövzun nədir?

- Azərbaycan qadın yazıçılarının yaradıcılığı.

Bir az fikrə getdi. Sonra üzünü mənə tutub dedi:

- Komsomol, heç kağıza, mürəkkəbə heyfin gəlmir? Sənə bir məsləhətim var.

- Buyurun, Cavid əfəndi, - dedim. - Mən Sizi özümə ağsaqqal bilirəm. Məsləhətinizə də həmişə ehtiyacım var.

- Əgər belədirsə, onda sən bu mövzunu burax getsin. Üzünü Füzuliyə çevir. Füzulidən yaz, qoy sənin adın tarixdə Füzuli ilə bərabər yaşasın.

Ustadın bu sözləri məni çox düşündürdü. Gördüm ki, Cavid əfəndi düz deyir, mənə ağıllı məsləhət verir. O kişiyə min-min rəhmət diləyirəm ki, məni yuxudan ayıltdı. Ürəklə işə girişdim, gecəni-gündüzə qatıb "Füzuli poetikası" kitabını yazdım. Başqa bir xeyirxahın, böyük filosofumuz unudulmaz Heydər Hüseynovun məsləhəti, həm də köməyi ilə bu kitab namizədlik dissertasiyam oldu.

Cavid əfəndi ilə bir yerdə olmaq, ondan öyrənmək mənim üçün nə qədər xoş idi.

Söhbətlərimizin birində heç özüm də bilmədən ona belə bir sual verdim:

- Cavid əfəndi, siz həm nəzmlə, həm də nəsrlə pyeslər yazırsınız.

- Necə bəyəm?

- Mənimçün maraqlıdır. Bunun hansını daha çox sevirsiniz? Şeiri, yoxsa nəsri?

- Əgər sənə şeirlə cavab verə bilsəydim, mən söhbəti elə şeirlə davam etdirərdim.

- Mənə hər şey aydın oldu, Cavid əfəndi, - dedim.

 

* * *

gGözümüzü açıb-yumunca qış sessiyası gəlib çatdı. Gecəni gündüzə qatıb oxuyur, öyrənir, zaçot və imtahanlara hazırlaşırdıq. Deyirlər, tələbəliyin ən çətin dövrü birinci kursdur. Bu çətinliyi dəf etsən, yəni imtahan və zaçotları uğurla verib, gələcək illərə möhkəm təməl yarada bilsən, daha sənə zaval yoxdur. Yolu necə tutmusansa, eləcə də gedəcəksən. Vay o gündən ki, yolun başlanğıcında kəsirin olsun, adın düşəcək qara siyahıya.

Mən universitetə qəbul vaxtı yeddi imtahanın hamısından "dörd" və "beş" qiymətlər alıb, yüksək bal ilə tələbələr cərgəsinə qoşulmuşdum. Təqaüd də alırdım. Bunu da deyim ki, o vaxtlar bir "kafi"si (üçü) olana təqaüd verilmirdi.

Evdən heç bir köməyim yox idi. Qardaşım da ali məktəbi bitirib, bir neçə ay dərs deyəndən sonra əsgər getmişdi. O zaman birinci kurs tələbələrinin yataqxanada yer alması da müşkül idi. Texnikumda oxuyan iki yaxın tanışımla "Kömürçü meydanı"ndan azca yuxarıda adama beş manat verib kirayənişin qalırdıq. Bir sözlə, maddi sıxıntı içində çırpınırdım. Təqaüddən düşsəydim, illərdən bəri arzularımda yaşatdığım sevimli universiteti buraxıb, tələbəliyə "əlvida" deməkdən başqa çıxış yolu görmürdüm.

Zaçotların hamısını verdim. Qarşıda iki fəndən imtahanımız var idi - "Ədəbiyyatşünaslığa giriş" və "Məntiq". Qorxum yox idi. İkisinə də yaxşı hazırlaşmışdım. Yaxın dostlarımdan bir neçəsi ilə yığışıb, bir-birimizlə dəfələrlə sual-cavab eləmişdik. Dostlarım mənə ürək-dirək verib, "sənin qorxun yoxdur, ölüsü "dörd"ün var" - demişdilər.

Mən yenə də arxayınlaşmır, konspektləri, kitabları, əlavə dərs vəsaitlərini əlimdən yerə qoymurdum.

Mir Cəlal müəllimin imtahanına şövqlə, necə deyərlər, ilhamla gəlmişdik. Çünki qrupumuz onu həm ürəkdən sevir, həm də ona inanırdı. O da bizim hər birimizə öz doğması, övladı kimi baxırdı. İmtahandan hamımız "dörd", "beş" aldıq.

Mir Cəlal müəllim zaçot kitabçama "əla" yazandan sonra üzümə baxıb:

- Bundan sonra neçə imtahanın qalıb? - deyə soruşdu.

- Bircə dənəsi qalıb, - dedim.

- Hansı fəndəndi?

- Məntiqdən.

Gözlərini azca qıyıb fikrə getdi. Sonra da:

- Hazırlığın necədi? - soruşdu.

- Gücüm çatan qədər oxumuşam. Az qala bütün kitabı əzbərləmişəm.

- Məntiq elə fəndir ki, hardasa bir az əzbərçiliyi sevir. - Baxışlarını pəncərəyə sarı döndərdi. - İmtahan neçə gündən sonradır?

- Hələ bir həftə var.

 

(Ardı var)

 

Nahid HACIZADƏ

Ədalət.-2014.-15 may.-S.6.