RƏFAİL LAÇINLININ "VƏTƏN YANğISI"

(“Bölgələrdə ədəbiyyat” silsiləsindən)

 

Haqdan yanan şamam, sönən deyiləm,

Rəfail, arzumdan dönən deyiləm.

Laçına dönməsəm, ölən deyiləm.

 

Bu misralar qəlbi yurd həsrəti ilə döyünən, uca dağlar qoynu Laçında doğulub indi onun həsrətini çəkən Rəfail Laçınlınındır. Neçə illərdir ki, o, Sumqayıtda yaşayır, bu şəhərin ədəbi mühitində fəal iştirak edir, yurddaşları ilə-özü kimi dərdli olanlarla tez-tez görüşür, dərdini, nisgilini isə şeirə çevirir.

 

Dağlarda bağ saldım, bəhrəsin dərəm,

Vaxtsız xəzan vurdu, saraldı getdi.

Laçın bəsləyirdim, şikar ovlayam,

Bəxtə bax, əlimdən sar aldı getdi.

 

Şeirə həvəsi Laçında yaşayanda, orta məktəbin yuxarı siniflərində oxuyanda yaranıb. Amma illər keçib, yazdıqlarını bir kimsəyə göstərməyib. Şeirə gəlməyində iki şairin-Nəriman Həsənzadənin Ağa Laçınlının məsləhət tövsiyələrinin böyük rolu olub. İndi Rəfail üç kitabın müəllifidir, Yazıçılar Birliyinin üzvüdür.

Yeni kitabının adı "Vətən yanğısı"dır bu kitabda doğrudan da öz doğma kəndindən, Laçının yalçın qayalarından, buz bulaqlarından, səfalı yaylaqlarından, səmada süzən qartallarından, zərif bənövşələrindən ayrı düşən bir insanın dərdinin, nisgilinin şahidi oluruq.

 

Bulud idim, qəhərlənib dolmuşam,

Qönçə idim, kədərimdən solmuşam,

Yetim kimi boynu bükük qalmışam,

Bənövşəsin ühzəmmirəm dağların,

Qübarına dözəmmirəm dağların.

 

Tamarzıyam yazda açılan gülə,

"Alının düzü"ndə şanə sünbülə,

Özümü oxşadım qəmli bülbülə,

gilasın dərəmmirəm dağların,

Qübarına dözəmmirəm dağların.

 

Qocaman şairimiz İlyas Tapdıq R.Laçınlının "Vətən yanğısı" kitabına yazdığı ön sözdə deyir: "Rəfailin şeirləri rəngarəngdir. Müasir dünyamızın, bugünkü soydaşlarımızın bütün düşüncələri, kədəri, qəmi, sevgisi, sevinci onun şeirlərində öz çəhlimli izini buraxır. Lakin onun bir köçkün şair kimi qələminin can atdığı mövzu Vətəndir, girovluqda qalan torpaqlarımızdır, köçkünlərimizin, qaçqınlarımızın çəkdiyi ağrı-acılardır.

 

Dünyadan əlimi üzüb gedirəm,

Məni ağlamaq yox, gülüş qaytarar.

Bu nakam şairi son səfərindən

Doğma Laçınıyla görüş qaytarar".

 

Rəfail Laçınlı üçün Vətən öz doğma kəndindən Laçından başlayır. O, yuxusunda da Laçın dağlarını görür: "Ətəyində bostan, tağ görürəm mən, Yatıb yuxumda da dağ görürəm mən". Onun şeirlərində DAğ ayrıca obrazdır. Bir şeirində yazır ki, dostumla bir dağa getmişdim. Amma bu dağın: "Yalçın-yalçın qayası yox, Laçınların yuvası yox. Qartal süzmür göylərində, Lalə bitmir düzlərində, Çaşqın baxır gözlərim .. Turşsu kimi yaylağı yox, Qırxqız kimi oylağı yox. Bu dağ mənim dağım deyil". Ümumiyyətlə, bu dağ oğlunu kəndiylə Laçınla bağlı xatirələr tərk etmir. Çox sadə şəkildə həsrətini, harayını ifadə edir:

 

Laçın dağlarından salıb söhbəti,

Kövrəldib a dostum, ağlatma məni.

Qırxqız yaylağının tər gülü mənəm,

Hocaz ovlağının sünbülü mənəm,

"Dik daş"ın yaralı bülbülü mənəm,

Yaram qan verəcək, oxlatma məni,

Kövrəldib a dostum, ağlatma məni.

 

Rəfailin Laçın həsrəti o dərəcəyə çatır ki, oğluna yazdığı bir şeirdə deyir: "Oğlum, bu dünyadan köçüb gedəndə, Məni dağ döşündə, talada basdır...gİyirmi ildir ki, qana-qan deyən, Vətən, Vətən adlı yarada basdır". Bu hissləri təbii qəbul etmək lazımdır, çünki insan doğma torpağı, doğulduğu, kəndi, mahalı işğal altında görürsə o torpağa, yurd yerinə hələ qovuşa bilmirsə, bu hisslər heç vaxt boyatlaşmayacaq, həmişə o həsrətkeşin içində yaşayacaq.

Rəfail Laçınlı da bir çox adı qaçqın olan soydaşlarımız kimi bir gözü ağlayırsa, bir gözündə yaş yox, qəzəb qığılcımları görünür. O da inanır ki, bir gün olacaq, Ali Baş Komandan əmr verən kimi düşmən üstünə yüyürəcəyik, qüvvətli ordumuzun zəfər sədalarını eşidəcəyik. Ona görə üzünü əsgərlərə tutub deyir:

 

And anaların birçəyinə,

And şəhidlərin qan köynəyinə,

And o tapdanmış qız ləçəyinə,

Namusa, qeyrətə, papağa and .

 

Murov, Kirs dağını aşmalısan sən,

Sel olub, kükrəyib daşmalısan sən.

Gözəl Şuşamızı almalısan sən,

And , Topxanaya qalxmağa and .

 

Rəfail Laçınlının şeirləri sadə, səmimi bir dillə qələmə alınıb. Onun şeirlərinin hamısı heca vəznindədir, xalq şeirinin qoşma, gəraylı kimi formalarına daha çox müraciət edir.

 

Gəzməli çağıdı indi dağların,

Yaz gəlib, dərəsi, düzü oyanıb.

Silkinib atıbdı çuxasını,

Talanın kövşəni ala boyanıb.

 

Qartal oylağını süzüb yoxlayır,

Sona "Qara göl"ü üzüb yoxlayır,

Bülbül, gül hicrinə dözüb yoxlayır,

Tər bənövşə kol dibindən boylanıb.

 

Rəfail saxlayır mərdlərin yasın,

Fələk qara gətdi neçənci yazın.

Şair ilham alıb de, nədən yazsın,

El-obası, yurd-yuvası talanıb.

 

Bir ağrılı məqamı qeyd etmək istəyirəm. Neçə il öncə Rəfail Laçınlının on yeddi yaşlı oğlu Şəhriyar dənizdə boğuldu. Bu, içində Laçın dərdi gəzdirən bir atanın ürəyində ikinci bir dərdin ucalmasına gətirdi. yaxşı ki, bir oğul uşağı da dünyaya gəldi (indi onun yeddi yaşı var), onun da adını Şəhriyar qoydu. Amma bu sevinc uzun sürmədi. Rəfailin həyat yoldaşı dünyasını dəyişdi, görünür böyük oğlunun ölümü onu yaman sarsıdıbmış.

 

Bir qərib köç etdi qürbət diyardan,

Ruhən öz yurduna qovuşmaq üçün.

Vətən həsrətindən alışıb yanan,

Qəlbini dağlarda soyutmaq üçün.

 

Bir Leyli köç etdi, usanıb candan,

Məcnunu səhrada sərgərdan qoyub.

Sevgi yox, dərd-bəla gördü həyatdan,

Getdi etibarsız dünyadan doyub.

 

Bir ana köç etdi küskün, pərişan,

Şəhid övladına qovuşmaq üçün.

Analı-balalı qohum-qardaşnan,

Əbədi bir yerdə uyumaq üçün.

 

Dərdlər böyükdür, amma Rəfail Laçınlı bu dərdlərə sinə gərməyi bacarır bir şeir onun dərdlərini ovunduran bir dərmandı. Biz Rəfail Laçınlı kimi yüzlərlə, minlərlə soydaşlarımızın Vətəndə Vətən həsrətini başa düşürük. R.Laçınlı deyəndə ki: "Öz yurdumda qaçqın adı almışam, Vaxtsız xəzan vurub, gül tək solmuşam..." biz onu onun kimi dərdli soydaşlarımızı anlayırıq. Bəli, bu dərdlər təkcə onların yox, hamımızın dərdidir. Bilirik ki: "Dağlar oğlu düşüb dağından ayrı, Bostanından ayrı, bağından ayrı... Həkərisi, Bərgüşadı alınıb... " - bu hamımızın dərdidir. Ona görə Rəfailə - bu dağlar oğluna bir tövsiyəmizi bildiririk ki, şeirlərində qələbəyə inam hissini gücləndirsin. O hisslə, o duyğuyla yaşasın ki, Laçın da, Qubadlı da, Kəlbəcər , Zəngilan da, Ağdam da, Füzuli gec-tez işğaldan azad ediləcəkdir. Bu inamlı misralarla R.Laçınlının şeirləri barədə sözümü bitirmək istəyirəm:

 

Türksən deyib qarı düşmən,

Savaş edir bu gün mənnən,

Qalx ayağa vətən oğlu,

Baban türkdü, sən türksən.

 

Büdrəsəm qalxacağam,

Yeni cığır salacağam,

Azad edib Qarabağı,

Qisasımı alacağam.

 

VAQİF YUSİFLİ

ədalət.-2014.-22 may.-S.7.