NƏSİBOĞLU

 

Bir ilə yaxındır ki, stolüstü kitablarımın sırasında öz yerini almış "Haqqın Harayı" ilə bağlı duyğularımı, düşüncələrimi qələmə almaq fikri heç vaxt məni tərk etmirdi. "Haqqın Harayı"na hay vermək istəyim içimdə günü-gündən daha da alovlanırdı. Amma kimə deyirsən... Gündəlik iş qayğıları - tərcümə, redaktə və daha nələr, nələr məni öz ağuşuna alıb aparır, bu mübarək işin öhdəsindən gəlməyə aman vermirdi. Nəhayət, Yaradanın lütfü ilə buna da macal tapa bildim. İlk dəfə əlimə keçəndən dönə-dönə oxuduğum şeirlərə bir daha göz gəzdirdim, ədəbi camiələrdən uzaqlarda gəzib dolaşsa da, sözdən bircə addım da kənara atmayan şair Rövşən Nəsiboğlunun duyğular dəryasına bir daha baş vurdum. Oxuduqca arındım, duruldum, könlümü sazın Ulu Borçalı kökünə kökləyən qoşmaları, gəraylıları öz-özümə saz havaları üstündə oxumağa başladım:

 

Bir yana könülsüz ayaq basmaram,

Gedəndə ürəyi dolu gedirəm.

Bilmirəm yaxındı, bilmirəm uzaq,

Bir gündə beş günlük yolu gedirəm.

 

"Alma budağından düşməz uzağa",

Anlayan kəslərə canım sadağa.

Arxamca söylənib-söysə də ağa,

Bağrıma basıram qulu, gedirəm.

 

Tanrıdan dilədim tabı-dözümü,

Nəfsdən, tamahdan çəkdim özümü.

Bir yoldu; - tutmuşam haqqa üzümü,

Haqqa sarı üzüsulu gedirəm.

 

Mən Rövşən Nəsiboğlunu zatən hər zaman ürəyi dolu görsəm də bu doluluq başqa doluluğuydu. Çünki bu doluluğun ardınca Hələbdən Qarsa, Qarsdan Tiflisə yol gələn bir QƏRİB yolçuluğu başlayırdı. Bu misraların ardından Sənan dağının yelləri əsirdi. Bu misralarda ulularına sədaqət andı varıydı Rövşən Nəsiboğlunun. Bunu duymamaq tərəfimdən ən azı naşılıq olardı...

İkinci xanədə "Anlayan kəslərə canım sadağa" deyib də mətləbini qandırmaq istədiyi kəslərin yerini nişan verir. Ağanı da, qulu da yaxşı tanıdığını və kimsənin məsləhətinə ehtiyacı olmadığını bildirir. Əsas mətləbini isə üçüncü xanəyə saxlayır. "Haqqa sarı üzüsulu getməyin" mübarək düsturunu göstərir: "Nəfsdən, tamahdan çəkdim özümü..." Bu məqamda Rövşən Nəsiboğlunun irfan qatını duymamaq sadəcə mümkünsüz! Bu konuya baş vurub da oradan alnıaçıq çıxmağın zor bir iş olduğundan dolayı(bunun üçün gərək adam özündə mürid haqqı və gücü hiss eləsin) hələlik mətləbimə nöqtə qoyub, Nəsiboğlunun şeirlərinin başqa yönündən söz açmaq istəyirəm.

 

Mən şeir yazanda üfürüb gözə,

Haqqı dana-dana şeir yazmıram.

 

Yazıram gerçəyə, doğruya, düzə,

Şübhəyə, gumana şeir yazmıram.

 

Bax elə buna görədir ki, biz də sənin şeirlərini sevə-sevə, öyünə-öyünə, qürurlu-qürurlu oxuyuruq, Nəsiboğlu! Hətta bu şeiri yazmağa səni nəyin vadar elədiyini də gözəl anlayıram. Bu da doğrudur ki, görünür sən bunu bizlərdən gözəl anlayırsan. Bu addımı ərənlər göstərən yola talib olanlar atırlar - Sənin kimi!

 

Bu yolu ərənlər göstərib bizə,

Dönmərik süngülər dirənsə dizə.

Sürçək qadın kimi hər şərəfsizə

İrişən zamana şeir yazmıram!

 

Bu yerdə deyirlər: "Di gəl ölünü qoy, dirini ağla!" Nə qədər ağlanası dirilərimiz var, Nəsiboğlu, nə qədərğ Xəzərin biz tərəfi sel-su ha deyil - Sabirin, Hadinin, Cavidin, Vurğunun, Müşfiqin, Cavadın, Ağamalının, Akifin göz yaşlarıdı. "Dərya hicran dəryasıdı..." Sənin bu şeirin həmin göz yaşlarından əmələ gəlmiş dəryaya tutulan ayna misallıdı. Sənin içində hansı təlatümlərin baş verdiyindən, hansı qasırğalara sinə gərdiyindən xəbərdaram. Məclisdə-mərəkədə belə sakit-sakit hərlənməyimə baxma. O qasırğaların yelləri məni də vurur hərdən. İntəhası yaşamaq da lazımdı. Amma necə:

 

Bizim zamanada ixtiyarını

Hamının əlindən alıb yaşamaq.

Zirvə həsrətiylə yaşayanları

Dərənin dibinə salıb yaşamaq.

 

Kimlər qoydusa da qızıldan tacı,

Toxudu tərsinə əriş-arğacı.

"Olma ofgə acı, ol quyruq acı,"

Var "Məğlub yaşamaq", "Qalib yaşamaq".

 

Savabdır yetimin yaşını silmək,

Qudurma əlinə keçəndə ilmək.

Bir var gün ərzində neçə yol ölmək,

Bir var könüllərdə qalıb-yaşamaq!

 

YAŞAMAQ! Min illərin, milyon illərin qovğasıdı bu, əfəndim! İndilərdə "könüllərdə qalıb yaşamaq" istəyənlərin sayı azalıb, "Qalib yaşamaq" istəyənlər seyrəlib, nə dersənğ! Məğribdən Məşriqə atını oynadan şah babalarımızdan bizə qalan bu param-parça məmləkədimiğ Səni dindirən də, göynədən də bu qəmlərdi. Yaxşı bilirəm.

 

Mən vüsalı soraqlaram,

Hicran daim güdər məni.

Asta-asta, aram-aram

Dimdikləyər, didər məni.

 

Sevindirməz bircə kərə,

Sürüklər böhtana-şərə.

Qucağından qoymaz yerə

Qüssə məni, kədər məni.

 

Göylər bulud, dərələr çən,

Karvan-karvan gələn-gedən.

Dönərəmmi dediyimdən -

Dansıtmayın hədər məni!

 

Əhvalını oxucuya bu cür çatdırmaq hər şairin işi deyil, Nəsiboğlu: "Qucağından qoymaz yerə, Qüssə məni, kədər məni!” Bu misraları dilə gətirmək üçün adamın gərək Uca Tanrıdan izni ola, adam gərək Türkün qannı bağrından qopa, diliylə duyğusu bir-birini oxuya. Bu yerdə kimsənin səni dansıtmaq haqqı yoxdur. Bu zamanacan dedyindən dönməmisən, indən sonra da dönmə...

Kimsə bilməsə də mən yaxşı bilirəm ki, sənin şair kimi poulyar olmamağıyın səbəbi nədir. Bu istək sənin ürəyinə yol tapsaydı sən hamımızdan çox oxunar, hamımızdan çox tanınardın. Bir çoxları kimi Yazıçılar Birliyində kitab təqdimatı keçirmirsən, böyük saraylarda yubileyini qeyd elətdirməyə can atmırsan, aşıqlara "mənim də bir qoşmamı, gəraylımı oxu" deməyi özünə sığışdırmırsan... Halbuki sənin yazdıqların da, filoloq olaraq klassik və çağdaş ədəbiyyata münasibətdə bilgilərin də, ədəbi şəxsiyyət kimi statusun da buna daha çox imkan verir. Bu təvazökarlığın arxasında nələrin dayandığını uzun illərdir dostluq etməyimizdən dolayı yaxşı bilirəm. Hər ikimizin əziz dostu, özümüzə böyük qardaş bildiyimiz görkəmli memar və alim, gözəl şair və publisist, nasir, folklorumuzun bilgini və araşdırıcısı, bir sözlə əsl və əsil türk aydını Ömər əfəndi - Ömər Qoçulu ilə guşənişin olub qurduğumuz məclislərdə sənə çox diqqət yetirmişəm, çox mətləbləri götür-qoy etmişəm. İndi isə sözümü demək zamanıdı. Bu məclislərdə türkün ruhunun tərcümanı olan SAZın sənin üçün nə yox, kim olduğunu özüm üçün ayırd etmişəm. Əlbəttə, ədəbiyyata Dədə Əmrahın, Dastan Saraclının, Xan Kamandarın dizinin dibindən, nəqşibəndi müridlərinin cezv məqamının şahidliyindən gələn şairin mayası halallıqdan tutulmalı, şeirləri ulu sazımızın havacatları üstə köklənməliydi. Odur ki, indilərdə "zorən şairlər"in söz cütləmələrinin fonunda sənin sadə və canlı, ana dilimizin şəhdi-şirəsi ilə yoğrulmuş şeirlərin bütüb parlaqlığıyla anındaca gözə çarpır.

Bu məqamda daha bir gəraylına diqqət yetirmədən ötüşə bilməyəcəm. Poeziyamızın əzəli-əbədi mövzusu olan SEVGİni bu cür - sadə və sanballı bir şəkildə vəsf etməyin məni yerimdən tərpətdi:

 

Mən onu görəndən bəri

Gözümdə hamı dəyişir.

Ürəyimin döyüntüsü,

Ağzımın tamı dəyişir.

 

Heç bilmirəm nədir adı,

Yurdu-yuvası haradığ..

Könlümün arzu-muradı,

İstəyi, kamı dəyişir.

 

Rövşən, dolan dünyanı gəz,

Doğma yurda yoxdu əvəz.

Nadan bunu duya bilməz;

Sevgi adamı dəyişir.

 

"Sevgi adamı dəyişir" - vurğunluğun əlamətlərinin cəmini bundan gözəl necə demək olardığ Yoxsa, "ay yandım, öldüm, ağlamaqdan gözüm kor oldu, çağırmaqdan dilim ləbbey oldu..." Var olsun sənin gözlərində "hamını dəyişən" sevgi də, ürəyindəki bu mübarək yaşantı da, bu yaşantını bu cür qələmə alan barmaqların da!

İthaf şeirlərin haqqında isə ayrıca danışmaq istəyirəm. Bəzən kitabda ithaf şeirlərinin çox yer almasından narazı qalan adamlarla rastlaşıram. Bir dəfə yazarların çoxluq təşkil elədiyi bir məclisdə ithaf şeirləri müzakirə mövzusu idi. Dostlar bu mövzuya o qədər primitiv və biganə yanaşdılar ki, əsəblərimi cilovlaya bilməyib dedim: "A kişilər, söhbət şeirin özündən gedir, onun kimə ünvanlanmağından yox. Adam var ki, Allaha, padşaha üz tutub şeir yazır, yazdığı şeir olmur. Adam da var ki, lap elə bacanağına bir şeir ithaf eləyir və oxuyursan ayağıyın altından yer qaçır. Şeirin kimə ünvanlanmağının mətləbə nə dəxli varğ Sən qarşındakı mətndən çıxış elə... " Bunları deyib ayrı-ayrı ünlü şairlərin ithaf şeirlərindən misallar gətirdim və dosatlar mənim fikrimlə razılaşmağa məcbur oldular. Düşünürəm ki, ithaf şeirlərində də yenə hər bir şair öz istedadını ortaya qoyur. Burda, sadəcə dərdini göyə üz tutub demirsən, sənə həmdərd ola biləcək bir kəsə söyləyirsən. Oxuyanlar, dinləyənlər də burdan bir mətləb anlayır, bir yaşantının şahidinə çevrilirlər.

Maraqlı burasıdır ki, sənin üz tutub şeir ithaf elədiyin insanlar da sıradan biri deyillər. Əqrəbadan, eloğludan tutmuş ünlü şairlərimizə qədər hər biri özlüyündə bir aləmdi, bir dünyadı. Rövşən Nəsiboğlunun üz tutub şeir ithaf elədiyi, dərdini danışdığı insanlar kimlərdir: Osman Sarıvəlli, Şəhriyar, Məmməd Araz, Əbülfəz Elçibəy, Bəxtiyar Vahabzadə, İsmixan, Məmməd Aslan, Ağamalı Sadiq Əfəndi, Aşıq Ədalət, Ramiz Rövşən, Zəlimxan Yaqub, Akif Səməd, Rüstəm Behrudi, Həmid Babayev, Aşıq Əli Quliyev, Ömər Qoçulu, Elxan Məmmədli, Aşıq Əmrah, Aşıq Hüseyin Saraclı, Aşıq Kamandar, Məmməd Dəmirçoğlu, Dünyamalı Kərəm, Dilənçi Xıdırov, Məmməd İlqar, Ziyad Yusifov, Cavanşir Əfəndiyev... Hər biri türk millətinin bağrından qopan, milləti və məmləkəti yolunda canını fəda eləyən aydınlarımız! Bu kişilərə də üz tutmayıb bə kimə üz tutub dərdini söyləyəsənğ... Nə xoş ki, bu böyük insanlara ünvanlanmış şeirlər də elə onların sanbalına, adına, ünvanına layiq poeziya nümunələridir. Bu şeirlərdə ithaf xətrinə yazılmış bir misraya da rast gəlmək mümkün deyil.

Təəssüf ki, mən ixtisasca filoloq, peşəcə tənqidçi deyiləm. Yoxsa Sənin bu kitabın haqqında daha əhatəli bir yazı yazar, çox mətləbləri incələyərdim. Neynək, hələ ki, heç də gec deyil, qoy mənim bu yazım tənqidçi dostlara, peşəkarlara bir mesaj olsun. Yəqin ki, onlar da sənin kitabını diqqətlə oxuyub öz sözlərini deyərlər...

 

P.S. Burda sözümü sonuclamaq istəyirdim ki, yadına bir dəfə sənə dediyim bir söz düşdü: "Türk qövmü atdan düşəndə itirdi çox şeyini..."

Amma yenə də mənə nə deyirsən de: Türkün qurdunun ulayan, atının kişnəyən zamanı gələcək. Bax elə bu yazını yaza-yaza mən o ulartını da, o kişnərtini də çox uzaqlardan da olsa duyuram. O SƏS özünü yetirəcək bu məmləkətə. Geci-tezi var... Buna adın Rövşənə inandığın qədər inan!!!

 

İbrahim İLYASLI

Ədalət.-2014.-22 may.-S.6.