İLLƏR ARXADA QALIR...

 

... İllər bəzən bizi sınağa çəkir və bizbu sınaqdan çıxaraq illəri başa vuranda çiynimizdən ağır yük götürülür. İnsan ki, ötən ili uğurla, sevinclə və qələbə ilə yola salır, bax onda sanki yeni bir tarix yazır. Füzuli rayonunda da təhsilin, elmin inkişafına zamanından və məkanından asılı olmayaraq, həmişə böyük diqqət yetirilir. Təsadüfi deyil ki, hər il ali məktəbə qəbul olan məzunlar rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən qəbul edilironlar mükafatlandırılır. Məzunların mükafatlandırılması və onlara diqqət yetirilməsi təbii ki, bu gəncləri həyata daha nikbin baxışlarla yanaşmağa səsləyir...

 

Yanmış kənd məktəbi bərpa edildi

 

Hamıya gün kimi aydındır ki, Füzuli rayonu ermənilər tərəfindən 1993-cü il avqustun 23-də işğal olunarkən orda bir yaşayış məskəni belə qalmamış, hər şey yandırılıb külə döndərilmişdi. Rayonun Əhmədalılar kənd tam orta məktəbi də erməni vəhşiləri tərəfindən od vurularaq yandırılmışdı. 1994-cü ilin yanvarında Böyük Öndər Heydər Əliyevin apardığı uğulu siyasəti nəticəsində Azərbaycan ordusu Füzulinin 22 kəndini və Horadiz şəhərini işğaldan azad etdi. İşğaldan sonra bütün sosial obyektlər, yaşayış sahələri kimi məktəblər də əsaslı surətdə yenidən tikildi. Əhmədalılar kənd tam orta məktəbi də inşa edilərək müəllimlərin və şagirdlərin istifadəsinə verildi. Bundan sonra çətinliklər arxada qaldı.

 

Direktor açılan sabaha böyük ümid bəsləyir

 

Məktəbin direktoru Füzuli Nüsrət oğlu Həşimov uzun illərdi ki, pedaqoji sahədə çalışır. O, Azərbaycan Pedaqoji İnstitutunun tarix, iqtisadiyyathüquq fakültəsini bitirib. Elə təyinatla da həmin məktəbə gəlib. Təbii ki, elmi biliyi və dərin savadı onu digərlərindən fərqləndirib. Çünki Füzuli müəllm həmişə öz üzərində çalışmağı həyat devizinə çevirib. Məhz bunun nəticəsidir ki, zaman ötdükcə onun nüfuzu daha da artır və 1991-ci ildə onu direktor təyin ediblər. Pedaqoji kollektivə rəhbərlik etmək və ziyalı insanlara yol göstərmək elə də asan deyil. Hər bir şagirdin və hər bir müəllimin "dilini tapan" və onlarla isti münasibətlər quran məktəb direktoru pedaqoji sahədə böyük uğurlara imza atır. Belə ki, məktəbin kollektivi və şagirdlər başqalarından fərqləniblər. Məhz buna görə də həmişə Füzuli Həşimov müəllimlərə və şagirdlərə güvənib qarşıya qoyulan məqsədə çatmaqda ciddi addımlar atır.

 

Addım atmaq çətin deyil

 

Bayaq dedik ki, bu məktəbin böyük uğurları olub. Ən azından məktəbin şagirdləri fənn olimpiyadalarında və müsabiqələrdə öz bilik və bacarıqlarını göstəriblər. Bu gün məktəbdə 180 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 26 pedaqoq məşğuldur. Əlbəttə, müəllim o vaxt sevinir ki, onun hazırladığı və yetişdirdiyi şagirdlər ali məktəb məzunları olurlar. Ötən il bu məktəbi bitirmiş üç məzun - Fərhad Misirli, Hüseyn Hüseynov və Aytən Qasımzadə müxtəlif ali məktəblərin tələbəsi adını qazanıblar. Müəllimi həmişə öz şagirdləri və məzunları ilə qürur duyur. Bu mənada yüksək bal toplayıb ali məktəbə qəbul olan məzunlarla həm müəllimlər, həm də valideynlər fəxr edirlər.

 

Onlar fərqləndilər

 

Məktəbin bir neçə şagirdi rayon fənn olimpiyadasında böyük uğurlara imza atıblar. Direktor Füzuli Həşimov bizimlə söhbət zamanı bildirir ki, məktəbin bir şagirdi tarix üzrə keçirilən olimpiyadada 1-ci yer tutub. Başqa bir şagirdimiz isə Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilən olimpiyada da 2-ci yer tutub. Digər şagirdimiz isə kimya fənnindən keçirilən müsabiqədə fərqlənib. Onu da qeyd etmək istəyirəm ki, rayon təhsil şöbəsinin müdiri, hörmətli Almaz xanım Həşimova həmişə bizə yaxından köməklik göstərir, kütləvi tədbirlərin keçirilməsində qayğısını bizdən əsirgəmir. Əsasən də vətənpərvərlik mövzusunda tez-tez müsabiqələr keçirilir. Çünki biz döyüş bölgəsində yaşayırıq və gənclərimizin vətənə sevgi ruhunda tərbiyə edilməsi önəmli rol oynayır.

 

Müəllim şərəfini uca tutanlar

 

Əhmədalılar kənd tam orta məktəbində müəllim şərəfini və qürurunu uca tutan əsl ziyalı pedaqoqlarla tanış olduq. Məktəbin direktoru Füzuli Həşimov bildirdi ki, uzun illər kollektivimizdə çalışan müəllimlərin əməyini nə valideynlər itirir, nə də şagirdlər. Çünki onlar saçlarını bu uşaqların dərindən savab alması və yüksək səviyyədə tərbiyə edilməsi yolunda ağardıblar. Adını və soyadını çəkəcəyim bu müəllimlər 15 ildən çoxdur ki, bizim kollektivdə işləyirlər. İbtidai sinif müəllimi və 35 ildir pedaqoji sahədə çalışan Adilə Yadigarovanın adını xüsusilə yada salmaq istəyirəm.

Çünki onun şagirdlərinin üzərində sözün həqiqi mənasında əziyyəti çox olub. Onunla yanaşı, Məleykə Həşimova, Bəxtiyar Gözəlov (Azərbaycan dili və ədəbiyyat), Ceyhun Tağıyev (riyaziyyat), Vəfa Süleymanzadə (biologiya) kimi pedaqoqların da çox böyük zəhmətləri var. Mən bir onu deyə bilərəm ki, məktəbimizdə ən müasir texnologiyalardan istifadə edilir. Cənab nazir Mikayıl Cabbarovun təhsildə etdiyi yeniliklər və islahatlar pedaqoji kollektivimiz tərəfindən dəstəklənir və bu istiqamətdə əməli addımlar atılır.

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-23 may.-S.7.