Heç bir əsərimdən yüz faiz razı qalmamışam

 

Ömər Eldarov: " Mükafatlara həris insan olmamışam "

Ömər Həsən oğlu Eldarov 1927-ci ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub.

1945-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini bitirdikdən sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Sankt-Peterburqdakı İlya Repin adına Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib.

 

Sənətkarın yaratdığı heykəllər öz layiqli yerini tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, yazıçı- dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq-alimi Zərifə xanım Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, ümummilli lider Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.

 

Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də uzun illərdir Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib.

 

Ömər Eldarov 1969-1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb.

 

1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib.

 

Hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.

 

Məşhur mədəniyyət və incəsənət xadimi, heykəltəraş Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali dövlət mükafatları olan "Şərəf" və "İstiqlal" ordenləri ilə təltif edilib.

 

Adalet.az məşhur heykəltaraşla müsahibəni təqdim edir.

 

"Sovet dövründə sənətə daha çox nəzər yetirilirdi"

 

-Ömər Eldarov olmasaydı Azərbaycan heykəltaraşlığı necə görünərdi?

 

-Boşluq olmazdı. Bizdə çox güclü heykəltaraşlar var ki, məndən əvvəl fəaliyyət göstərib. Sovet dövründə Azərbaycanın çox güclü herykəltaraşları olub. Fuad Əbdürrəhmanov, Sapsay, Cəlal Qaryağdı, Hüseyn Əhmədov və digərləri. Onların yaratdığı "Nizami", "Sabir" və indi mövcud olmayan "Kirov", Əzizbəyov", "Lenin" heykəlləri bədii cəhətdən çox yüksək səviyyədə idi. Bunlar bütün SSRİ-də ən yaxşı heykəltaraşlıq əsərləri hesab olunurdu .

 

-Sənətə gəlişiniz barədə danışardınız...

 

-O zamanlar Bakıda heykəltaraşlar çox az idi. Atam hər zaman Sankt Peterburqda olan abidələrdən, şəhərin memarlığından danışardı. Məni özüylə ora aparardı. Aldığım xoş təəssüratlardan sonra məndə bu sənətə qarşı böyük istək yarandı. Çalışırdım bu sənətin sirrlərinə yiyələnim. Buna görə də Əzimzadə adına Rəssamlıq Texnikumuna qəbul oldum. Sonradan Sankt Peterburq Rəssamlıq Akademiyasında təhsilimi davam etdirdim.

 

 

 

 

 

 

-Sələflərinizdən daha çox kimdən təsirlənmisiniz?

 

 

-Müəllimim Fuad Əbdürrəhmanovdan. Onun "Nizami", "Azad qadın", "Mehdi Hüseynov", Düşənbədə tacik şairi Rudəkinin şərəfinə ucaltdığı abidələrin mənim yaradıcılığıma, bir heykəltaraş olaraq formalaşmağıma böyük təsiri olub. Bundan başqa rus heykəlataraşlığı nəinki mənim, bizim dövrün bütün sənətkarları üçün bir məktəb olub.

 

-Sovet heykəltaraşlığı ilə müasir Azərbaycan heykəltaraşlığını müqayisə etsək istər keyfiyyət, istərsə də kəmiyyət baxımından xoşagəlməz fərq hiss olunur. Baxmayaraq ki, o dövrlə müqayisədə indi imkanlar daha çoxdur...

 

- Şərait çoxdur. Amma bilirsiniz, sovet dövründə bizim sənətimiz planlaşırdı. Dövlət pul ayırırdı. Mədəniyyət Nazirliyində fond vardı. O vaxt çox nəzər yetiridilər bu işlərə. İndi çox azdır.

 

"Yaradıcılığımın şah əsəri Hüseyn Cavidin heykəlidir"

 

-Ancaq sizə bir misal gətirim; "Koroğlu" abidəsi üçün dövlət tərəfindən böyük məbləğ- 5 milyon manat ayrılmışdı. Lakin abidə gözlənilənləri doğrultmadı. İstər mütəxəssislərin rəyinə, istərsə də sıravi tamaşaçıların fikrinə əsasən Tokay Məmmədov bu heykəlin öhdəsindən gələ bilmədi...

 

-Mən deyə bilmərəm orda hansısa səhvlər var, ya yox. Bu düzgün olmaz.

 

-Şəxsi münasibətləri bir kənara qoyub, bir mütəxəssis kimi yanaşsaq, siz bu əsəri uğurlu adlandırarsınız?

 

-Son dövrlər bizdə planda böyük heykəllər olmayıb. Axırıncı nəzərəçarpan monumental heykəl Hüseyn Cavidin heykəlidir. Digərləri sadəcə kamera heykəlləridir. Dövlət planında olan heykəllər Fikrət Əmirovun, Bülbülün heykəli və Qara Qarayevin heykəlidir. Bunlar da bir o qədər də böyük heykəllər deyil. Ancaq "Koroğlu doğrudan da böyük monumental heykəldir.

 

-Məsələn, heykəldə Koroğlu atdan böyük götürülürüb...

 

-Siz Tokay Məmmədovla danışmısınız? Bəlkə o, sizə deyəcək, niyə belə alınıb.. Ola bilər ki, eposda "Koroğlu böyük təsvir olunub deyə, o, belə etmək qərarına gəlib. Bu barədə qəti fikir söyləmək mənlik deyil.

 

-Hazırda hansı heykəl üzərində işləyirsiniz?

 

-Mən hazırda dövlət sifarişi əsasında maestro "Niyazinin heykəli üzərində işləyirəm. Üç-dörd aydan sonra hazır olacaq. Bu heykəlin modelidir(eskizi göstərir), hazırda böyüdülür, çox güman 3-4 metr ölçüdə olacaq.

Siz mənə bu haqda sual verin. Yoxsa Tokay Məmmədov neylədi, neyləmədi...(gülür)

-Aydındır, Ömər müəllim. Bu barədə xalq rəssamı Xanlar Əhmədova da sual vermişdim, o da cavab verməkdən imtina etmişdi. Əsas gətirmişdi ki, sənət yoldaşımdır, qonşumdur...

 

-Tokay Məmmədovla Əzimzadə adına Texnikumda da bir yerdə oxumuşuq. Uzun illərdir bir yerdəyik...Həm də etika məsələsi var axı.

 

-Yaradıcılığınızın şah əsəri hansıdır?

 

-Bu barədə mən heç nə deyə bilməyəcəm. Müəllif heç zaman bu haqda düzgün fikir yürüdə bilməz. Çox çətindir demək. Mən sizə deyim ki, heç bir əsərimdən yüz faiz razı qalmamışam. Axırıncı hazırladığım böyük heykəl Hüseyn Cavid heykəlidir ki, mən bilən bu əsərdə nə isə edə bilmişəm.

 

Mən o heykəldə Cavidi ancaq yazıçı kimi təsvir etməmişəm, onu həm də bir tarixi şəxsiyyət kimi göstərmişəm. Çünki o tarixi dövr elə idi, ki hətta siyasi fəaliyyəti olmayan insanları belə, bir qasırğa kimi öz burulğanına alıb aparırıdı, neçə-neçə insanın taleyində həlledici rol oynamışdı. Hüseyn Cavid də o tarixi inqilabın içinə düşmüş şəxsiyyətlərdən biri idi. Baxmayaraq ki, onun heç bir siyasi fəaliyyəti yox idi, amma yazdığı əsərlər onu tarixin burulğanından xilas edə bilmədi. Halbuki, digərlərinin, məsələn, Üzeyir Hacıbəyovun siyasi fəaliyyəti varıydı, ancaq bu tarixi burulğan ondan yan keçdi.

 

-Ancaq siz müsahibələrinizin birində demişdiniz ki, mənim üçün ən doğma olan əsər "Natəvan", yaradıcılığımın şah əsəri isə ümummilli lider Heydər Əliyevin heykəlidir...

 

-Fikirlər dəyişir. Bir vaxt olub "Natəvan" heykəlinin vernisajı olanda dedim ax, bu nədir, mən nə etmişəm... Çox məyus olmuşdum. Sonra baxdım ki, yox, orda yaxşı cəhətlər var. Ümumilli lider Heydər Əliyevin heykəlində də yaxşı cəhətlər çoxdur. Ancaq yüz faiz razı qaldığımı deyə bilmərəm.

 

"Heydər Əliyev dünyasını dəyişəndən sonra fikirləşdim ki, mən bundan sonra kimin heykəlini düzəldəcəm!"

 

-Ümummilli lider Heydər Əliyevlə yaxın dostluq münasibətləriniz olub...

 

-Mənim Heydər Əliyevlə müəyyən münasibətlərim olub, ancaq necə deyərlər, heç onunla bir stəkan çay belə içmək fürsətim olmayıb. Qara Qarayevlə, Tahir Salahovla Heydər Əliyevin daha yaxın, dost münasibətləri olub. Sadəcə, o məni bir insan və peşəkar kimi sevirdi. Çünki mən öz işimlə, əməllərimlə sübut etmişdim ki, həm peşəkaram, həm də dürüst insanam. Elə buna görə də öz büstünün hazırlanmasını məhz mənə həvalə etmişdi. Buna qədər o heykəlinin və büstünün hazırlanmasına icazə verməmişdi. Bundan əlavə Zərifə xanım Əliyeva dünyasını dəyişəndə onun qəbirüstü abidəsini hazırlamaq mənə tapşırıldı. Bir sözlə bütün bu münasibətlər mənim peşəkar işimin sayəsindəydi, amma birbaşa dostluq münasibətimiz yox idi.

 

-Heydər Əliyevin qəbirüstü abidəsini hazırlamağı sizə həvalə edərkən nə hisslər keçirdiniz?

 

-Tarix çox vaxt Azərbaycanla ədalətli davranmayıb. Amma bir məsələdə tarix bizimlə ədalətli davrandı ki, belə bir lideri Azərbaycana verdi. Bu bizim xoşbəxtliyimiz idi ki, belə bir siyasətçi başqa sovet xalqlarına deyil, məhz bizə nəsib olmuşdu. Bu siyasi liderlik xüsusiyyətləri onda ilahidən idi, təbiət vermişdi. Səmimi qəlbdən etiraf edəcəm; O dünyasını dəyişəndən sonra fikirləşdim ki, mən bundan sonra kimin heykəlini düzəldəcəm!

 

"Uzun illərdir rəhbərlik etdiyim təhsil ocağını çətin vəziyyətdə qoyub, gedə bilməzdim"

 

-Ali təhsil ocaqlarına rəhbərlik edən şəxslər arasında nadir insanlardan birisiniz ki, tələbələriniz sizi çox sevir, sizə qəlbən bağlıdırlar. Hətta keçən il sizin Rəssamlıq Akademiyasından getmək istəyinizlə bağlı xəbər yayılanda tələbələriniz çox kədərlənmiş, sosial şəbəkələrdə silsilə kədər statusları yazmağa başlamışdılar. Bəziləri hətta dərsə getmək belə istəmirdilər. Bu sevgiyə necə nail olmusunuz?

 

-Mən də tələbələri çox sevirəm. Onlara qəlbən bağlıyam. Hər zaman tələbələrimə yaxın olmağa, problemləri ilə yaxından maraqlanmağa çalışmışam. Sadəcə yaşla əlaqədar çox yorulmuşam. Getmək istədim. Amma həmin vaxt akademiyada vəziyyət yaxşı deyildi, ağır vaxtlar idi. Hazırda mövcud problemlər aradan qaldırılır. Akademiya bir neçə müddətdir ki, özündən maliyyələşir və bu səbədən bəzi çətinliklər olur. Uzun illərdir rəhbərlik etdiyim akademiyanı çətin vəziyyətdə qoyub, gedə bilməzdim. Bu yaxınlarda hər şey qaydasına düşməlidir. Onda vəzifəmdən getmək barədə qərarımı açıqlayacam.

 

-Akademiyada təhsil alan tələbələr arasında Azərbaycan təsviri sənətinə töhfələr verə biləcək gənclər varmı?

 

-İstedadlı gənc rəssam və heykəltaraşlar çoxdur. Düşünmürəm ki, bizdən sonra bu sənətdə boşluq olar. Akademiyada təhsil alan tələbələrin diplom işlərinə baxdıqda onların necə potensiallı olduğu nəzərə çarpır.

 

"Əsil sənətkar məhz öz sənəti ilə adını tarixə yazdırmalıdır

 

-Respublikanın bütün mümkün dövlət mükafatlarına layiq görülmüsünüz. Bu mükafatlar Ömər Eldarovun bir sənətkar olaraq əzəmətli görünməsində nə dərədəcə rol oynayır?

 

-Bəli, bütün ordenləri almışam(gülür). Bu mənim üçün böyük fəxrdir. Ancaq məni hər zaman öz sənətim maraqlandırıb. Mükafatlara həris insan olmamışam. Əsil sənətkar məhz öz sənəti ilə adını tarixə yazdırmalıdır.

 

-Sənətə yeni başlayanda qarşınıza qoyduğunuz məqsədə nail olmusunuz?

 

-Nə qədər ömür sürməyindən, yaradıcılıq uğurları qazanmasından asılı olmayaraq heç bir sənətkar deyə bilməz ki, mən məqsədimə çatmışam. Əgər belədirsə, o, özünəvurğundur. Özünəvurğunluq da peşəkarlıq əlaməti deyil.

 

Ədalət.-2014.-8 noyabr.-S.8.