YURD HƏSRƏTLİ ŞEİRLƏR

 

Məhəmməd Nərimanoğlunun "Qala dərdim" şeirlər kitabı qarşımdadır və bu şeirlərin əksəriyyəti onun doğulduğu, boya-başa çatdığı Kəlbəcərə həsr edilib. Daha doğrusu, bunlar fiziki mənada Kəlbəcərsiz yaşayan, amma bir an belə Kəlbəcəri unutmayan bir şairin yurd həsrətini, sinəsində qövr eləyən yaraların göynərtisini əks etdirən şeirlərdir. Kəlbəcər deyəndə mən ilk növbədə, o yurdun dağlarını düşünürəm. İkincisi, Aşıq Şəmşiri xatırlayıram, onun ürəkləri tel-tel edən yanıqlı səsi qulaqlarıma gəlir. Və təbii ki, kəlbəcərli dostlarımı, tanışlarımı, o yurdun gözəl insanlarını.

 

Dədə Şəmşir, bilirsənmi gül açmır,

Xəzan vurub bahar çağı dağları!

Balaları şirin-şəkər dil açmır,

Bürüyübdü fəryad, ağı dağları.

 

Köç eyləyib, ellər səndən aralı,

Sinəsindən çalın-çarpaz yaralı.

Alıbdı nişana körpə maralı,

Salıbdı kəməndə yağı dağları.

 

Məhəmmədəm, ocağım yox bu yanda,

Qılınclar pas atır hələ ki qında.

Novruz günlərində, bayram ayında

Dağlayır sinəmin dağı dağları.

 

"Dağlayır sinəmin dağı dağları" - son illərdə bu cür ürək yandıran misra ilə qarşılaşmamışdım. Gözəl poetik bir lövhədir. Həm mübaliğədir, həm metafora. Sinənin dağı o qədər yandırıcıdır ki, dağı da dağlaya bilir. Bunu ancaq ŞAİR deyə bilər. Məhəmməd Nərimanoğlunun dağlara həsr edilən şeirləri çoxdur hər birində bax, beləcə şah misralar tapmaq olar.

Məhəmməd Nərimanoğlunun "Qala dərdim" kitabında əsas yeri qoşmalar, gəraylılar tutur. Hiss olunur ki, o, Dədə Şəmşir yurdunun havacatını uşaqlıqdan ciyərlərinə çəkib. Sinəsində saz havaları düşərgə salıb. yazdığı qoşmalar, gəraylılar dilimizin incəliklərinə, ilməsinə-naxışına, zərifliyinə yaxşı bələd olan bir şairin təmiz qələm məhsullarıdır. O, klassik ədəbiyyatdan, xalq poeziyasından yaxşı bəhrələnib, qoşmanın, gəraylının əsrlər boyu gələn ənənəsinə sadiqdir, amma bu günün qoşmasını, gəraylısını yaradır. Həsrətdən yazır biz onun həsrətindən doğan yanğıya qoşuluruq:

 

Tərpətməyin, hal-əhvalım qarışıb,

Yurd gedəli din-imanım yoxdu, yox.

Kökdən düşüb telli sazım, çalarmı,

Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!

 

Yaş da getdi, baş da getdi əlimdən,

Payız ötdü, qış da getdi əlimdən,

Uçdu, tərlan quş da getdi əlimdən,

Qayıtmağa bir gümanım yoxdu, yox!

 

Nərimanoğlu, iyirmi ildi dözürük,

Sərgərdanıq, haqq axtarıb gəzirik,

Canımızı bax beləcə üzürük,

Xoş gələcək bir zamanmı yoxdu, yox?!

 

Onun gəraylılarında da qoşmalarına xas olan o poetik incəliklər gözə dəyir. Əslində, gəraylı forması elə qoşmanın can qardaşıdır. Bir az nazikliyi, incəliyi var. Elə bil qoşmanı cilalayıb-cilalayıb gəraylı şəklinə salıblar. Amma həm özünəməxsusdu bu forma. gəraylıların əksəriyyətində yurd həsrəti havalanır:

 

Gör neçə ildi bağlıdır,

Kəlbəcərə gedən yollar?!

Sinəmiz kimi dağlıdır,

Kəlbəcərə gedən yollar.

 

Düşməni azdıra bilmir,

Qəbrini qazdıra bilmir,

Yazısın yozdura bilmir,

Kəlbəcərə gedən yollar.

 

Məhəmməd Nərimanoğlunun şeirlərində sazın sədalarını eşidirik. Elə bil, bir aşıq sazını sinəsinə basıb oxuyur. Bu da ənənədən, yaşadığı mühitdən gəlir. Onun şeirlərində Ələsgərdən, Dədə Şəmşirdən gələn xallar görürsən. Amma bunlar onun lisanında təzə səslənir, təkrar deyil. Çünki düşüncə tərzi yenidir. Qoşmanın, ya gəraylının formasını dəyişmək olmaz (hərçənd ki, Məhəmmədin bəzi gəraylılarında müəyyən forma dəyişiklikləri ilə üzləşirik, bunu yaxşı əlamət saymırıq), o "dar qəfəsdə" şair gərək standartdan-qəlibdən kənara çıxmaya, amma təzə məzmun ifadə edə. Bu günün qoşmaçısı, gəraylı yazanı bu günün həqiqətlərindən yazmalıdır, ya da "köhnə havalarda" təzə söz deyə bilə.

Məhəmməd Nərimanoğlu da buna can atır təbii ki, yaxşı şeirləri ilə müqayisədə ortabablığa da enir. Bəzən ithaflara ifrat dərəcədə uyur, hansı münasibətinsə təsirindən o cür şeirlər yazır. Hamısında uğur qazanmaq olmaz axı...

Deyək ki, oğlu Kənana bir ata məhəbbətilə yazdığı qoşmaları bəyənimlidir: "İstidən indidən solmuşdu balam, Sinəmə göz yaşım sərdim gəldim". Pərvanə xanım Zəngəzurluya da bir neçə şeir ithaf olunub hiss olunur ki, bu şeirlərdə yaşanılan duyğular ifadə edilir.

 

Bir qolum Borçalı, biri Göyçədi,

Həsrətim-hicranım yerlə göycədi,

Bilən bilir, hal-əhvalım necədi,

Ayrılıb qollarım bədəndən mənim.

 

Sağ gözüm Təbrizdi, solu Kəlbəcər,

Əsirdi, həm yesir Nigarla Həcər,

Bundan belə ha həsrət çək, dərd becər

Qan axır gecələr didəmdən mənim.

 

Bəs sevgi şeirlərində necə, Məhəmməd nəsə təzə söz deyə bilirmi? Bizim ustad aşıq şairlər gözəlliyi, sevgini duyaraq, yaşayaraq, içindən keçirərək vəsf ediblər. Ələsgər deyəndə ki: "Qazdır məzarımı çeşmə başında, Sal sinəm üstündən yol, incimərəm" - bu iki misrada bir sevgi dastanı oxunmurmu? Qurbani deyəndə ki: Dəstələ zülflərin, yerə dəyməsin, Yollar qubarlanar, toz dəyər sənə" - bu sevdiyi gözələ hədsiz məhəbbətin ifadəsi deyilmi? Xəstə Qasım deyəndə ki: "Qaşların qurar divanı, Taxtdan salar Süleymanı, Xəstə Qasımın canını Al, başına dolandığım" - bu sevgiyə sevgilisinə pərəstişin əlaməti deyilmi? Belə misallar çoxdur.

Görək, bizim müasir şairimiz, aşıq ruhunu ruhuna köçürən Məhəmməd Nərimanoğlu deyir:

 

Gözəl desəm, qoy dəyməsin xətrinə,

Deməyiblər məgər gözəlsən, gözəl?!

Gözlərimdə gülə dönüb açırsan,

Heç belə deyildin əzəl sən, gözəl.

 

Nəyim varsa dedim, qurtardı, getdi,

Bitdi bu söhbətim, qurtardı, getdi,

Almadın, nəsyətim qurtardı, getdi,

Mən necə deməyim gözəl sən, gözəl?!

 

Uzaq ol nəzərdən, qoru gözü sən,

Gözəlliyin anası sən, özü sən,

Bir almanın tən parca üzü sən,

Şeirini yazırmış göz, əl. Sən, gözəl!

 

Klassik gözəlləmələrə çatmasa da, hər halda, gözəlin təsvirində öz rəngini, boyasını qata bilib.

Məhəmməd Nərimanoğlunun kitabına şair-publisist, bir sıra nəsr əsərlərinin də müəllifi Eldar İsmayıl tutumlu bir ön söz yazıb və mənim bu yazıda deyə bilmədiklərimi o deyib. Ona görə də mətləbi uzatmıram, Məhəmməd Nərimanoğluya yeni yaradıcılıq uğurları arzulayıram və deyirəm ki, onun şeirlərindəki kədər, nisgil notları azalsın, qələbəmizə, Kəlbəcəri alacağımıza inam hissi çoxalsın...

 

Ədalət.-2014.-19 noyabr.-S.5.