Kövrək olur qocalar

 

 (Hekayə)

Qardaşım Bəxtiyarın əziz xatirəsinə

 

Qorxmaz Abdulla

Yazıçı-publisist

 

Onlar adəti üzrə zəngləşib molla papağına oxşayan balaca, dəyirmi parkda görüşdülər. Qocalar: Hətəm, Teyyub, Qəhrəman, Məmmsədəli, Oruc... başladılar ayaqlarını dallarınca sürüyə-sürüyə, daim nəm çəkən gözlərinin suyunu silə-silə, ləngərlənə-ləngərlənə gəzişməyə. Onların sırası getdikcə artdı, çoxaldı. Parkın bir küncündə 10-12 veteran domino, onlardan azca aralıda isə iki nəfər şıdırğı nərd oynayırdı. Növbəyə duran azarkeşlər oyunçuları üzük qaşı kimi dövrəyə almışdılar. Səs-küy, gülüş səsləri, asqıraq-öskürək, şaqqıltı parkı başına götürmüşdü. Magistral yolun kənarında ucaldılan büstün qarşısında dayanan üç nəfər söhbət edirdi.

- A kişilər, vaxtilə Azərbaycanın şanlı tarixində, zəngin mədəniyyətində, ədəbiyyatında, siyasi həyatında əvəzsiz rol oynamış o boyda şəxsiyyətə qoyulan büstün təhər-dövrünə baxın, siz Allah. Alimdən, filosofdan, şairdən çox başı şiş papaqlı çobana oxşadıblar. - Ucaboy, enlikürək, qara meşin gödəkcə geymiş orta yaşlı kişi narazılığını bildirdi.

Müsahibi əlini büstə tərəf uzadıb:

- Sən hələ şükür elə ki, bunu da ona çox görməyiblər, - dedi. - Nə təhər olsa da, keçmişimizdən xatirədi, nişanadı, gələcək nəsillərə yadigardı. Əvvəllər təkcə pyedestalını qoymuşdular. Bir də altında adı-soyadı, anadan olduğu, öldüyü tarixlər yazılmışdı. Mən bu barədə mərkəzi qəzetlərə replikalar yazıb yolladım. Adını da qoymuşdum ::::Başsız bədən::::.

Yazılar böyük səs-küyə səbəb oldu. Sonralar televiziya kanalları da işə qarışdı. Yenə bir şey çıxmadı, xeyri olmadı. Üstündən on ildən çox vaxt keçdi. Axır ki, yerli hakimiyyət hərəkətə gəldi. Tənqidlərdən nəticə çıxartdı. Axır ki, kişinin başını-bədənini gətirib yapışdırdılar pyedestalın üstünə.

- Biz beləyik .

... Qocalar ordan-burdan söz saldılar. O ki var gaplaşdılar. Məmmədəli kişi demişkən, bekarçılıqdan yüz dərənin suyunu bir dərədən axıtdılar.

- Bekarçılıq köpəyoğlu şeymiş, qardaşlar. - Hətəm Hətəmov çal başını bulaya-bulaya gileyləndi. - qədər, vaxtacan divanda uzanıb pataloka baxmaq olar? Arvadağanın da deyingənliyi bir tərəfdən baş-beynimi aparır. Ay: ::::Genə yatırsan, a kişi? Dur get havanı dəyiş həyət-bacada. Mən evin tozunu alım.:::: bilim: ::::Aldığın ətin sümüyü ətindən çoxdu. Min dəfə saa demişəm belə ət alma. Dilin-ağzın yoxdu sənin?:::: ::::Çörəyin harda çiyi, köhnəsi var, soxuşdururlar sənə.::::

- Miənciyəz vaxt öldürməyin çəmini tapmışam. - Oruc kişi xırıtıl səsinə güc verdi. - Gündüzlər çox vədə televizora baxıram. Türk seriallarının birini keçirmərəm. Axşamüstü yenirəm yaxınlıqdakı pensiya idarəsinin asfalt həyətinə. Bir yastı, sığallı daşım var, onu top kimi qatıram qabağıma. O başa-bu başa vururam, taa yorulanacan. Mənə gülən olur, qınayan da olur. Neyniyim, qop olsun. Eləsi var ki, məni dəli hesab eləyir...

Məmmədəli onun sözünün arasına girdi:

- Televizorda maraqlı göstərirlər ki. Bir babat şey veriləndə tez-tez boş, mənasız, gülünc reklamları dürtüşdürürlər ortasına. Adam əsəbiləşir. Allah haqqı onda az qalıram televizoru salam çəliyimin altına, sındıram. Təzyiqim vurur kəlləçarxa.

- Mən üç aydı pensiyaya buraxılmışam. Elə bilirəm, otuz ildi bekaram. Hər dəqiqəm bir il kimi gəlir mənə. Namərdlər, nainsaflar çoxları təki məni yaşı bəhanə gətirib işimdən uzaqlaşdırdılar. Guya əmək qabiliyyətimi itirmişəm. Ancaq elə deyil. Hələ canım suludu, sağlamlığımdan şikayətim yoxdu. Bundan belə küv olmasın, on il işləməyə gücüm, taqətim çatar. Amma qoymadılar. ::::Qocalmısan:::: deyə qədər təcrübəli, öz işinin kamil bilicisi, bacarıqlı, vicdanlı kadrları ucdantutma gərəksiz əşya kimi tökdülər çölə. Belə insafsızlıq, Allahsızlıq dünyanın harasında görünüb, a kişilər? Bu boyda zəngin ölkədə kasıbların sayını tay da artırdılar. - Əsəbindən sifəti haldan-hala düşən Qəhrəman müəllim plaşının düymələrini aça-aça nağılının ardını davam etdirdi. - Saki dövlət qulluqçusuydum. Əlli ildən çox əmək stajımın üstündən qara bir xətt çəkdilər. Elə bir pensiya kəsdilər ki, dilə gətiriləsi deyil. Çoxdan bir romanda oxuduğum, hələ yadımda saxladığım haqlı ittihamları deyim, siz eşidin. ::::Bütün atributları, hətta türməsilə başqa ölkələrin türməsindən seçilən Azərbaycan. Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başı uca edən, istedadları aclığa məhkum edən Azərbaycan. Faciə sərvətlərimizin sayına görə Ginnesin rekordlar kitabına düşməli olan gözəlim Azərbaycan!..:::: Əşi, yazmaqla, deməklə düzələn deyil. Bizimki bir Allaha qalıb.

- Hə? Deməli, sən də gəlib Aşıq Muradın briqadasına qoşuldun? Ürəyinə salma, canın sağ olsun, bacıoğlu. - Qərbi Azərbaycan qaçqını, 90-nı haqlamış Məmmədəli kişi əlindəki çəliyi qəribə tərzdə yellədə-yellədə söhbətə qoşuldu. - O az hesab elədiyin pensiyanı hələ yaxşı ki, qocalara verirlər. Gəlin Allaha şükür eləyək.

Bayaqdan dinib-danışmayan 73 yaşlı Muğan kişi dilləndi: - Bellərinə çöpdən dirək.

Qüdrət böyür-başına göz gəzdirərək: - Balam bu dəmdəməki Teyyub yenə hara əkildi? - soruşdu.

- Onun azarını bilmirsən? Dayanacaqda müştəri gözləyən gözəlçənin yanına əkildi. Bayaqdan gözləri gəzirdi. - Oruc ağzının suyunu dağıda-dağıda cavab verdi. Sonra cibindəki dəstərxanı çıxardıb əlləri əsə-əsə ağız-burnunu qaydaya saldı.

- İndi görün bu lələşiniz vaxtını necə keçirir. - Bu dəfə Həmid kişi ::::hesabat:::: verdi. Yerimdən qalxan kimi qəşəhcə idmanımı eləyirəm. Allah yetirəndən yeyib-içirəm, qayıdıram uzanıram yerimdə. Kimin nə həddi var məni 12-yəcən oyada. Naharımı eləyəndən sonra yavaş-yavaş gedirəm balaca oğlumgilə, nəvələrimi oynatmağa. Düz hava qaralanacan nəvələrimi əyləndirirəm. Gecələr... yanımı söykəyirəm qarımın kürəyinə. Qardaş, səhərə qədər yuxum gəlmir ki, gəlmir. Başlayıram 1-dən 100-cən saymağa, olmur. Təzədən başlayıram üzüaşağı saymağa. Bu əməliyyatı yalan olmasın, 20-30 yol təkrarlayıram. Yenə yuxum tutduq vermir. Hər gecə çox olsa, ikicə saat mürgüləyirəm. Arada da bir gic öskürək yapışır yaxamdan, buraxmaq bilmir.

- Yaxşı, çox gaplaşdıq, ay uşaqlar, lap əldən düşdük. İndigetdik çaylamağa. Şokoladnan. Necədi, xərcini də özüm çəkəcəm, - deyə Məmmədəli kişi şaytıya-şaytıya qoca həmkarlarının qabağına düşdü.

 

Ədalət.-2014.-30 oktyabr.-S.7.