EKOLOGİYANIN VƏ TƏBİİ SƏRVƏTLƏRİN QORUNMASINDA YENİ MƏRHƏLƏ

Ekosistemlərin formalaşmasında meşələrin rolu

Meşələrin qorunması və artırılması son dövrlər dünya səviyyəli problem kimi səciyyələnir. Səbəbsiz deyil. Planetimizin gələcəyi dünya ekosistemlərinin formalaşmasından və meşələrin normal mövcudluğundan da asılıdır. Respublikamızda bu istiqamətdə çox işlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrimizin qorunması və bərpası ilə yanaşı, yeni meşələrin, yaşıl zonaların salınması üçün uzunmüddətli proqram-layihələr hazırlayıb həyata keçirir. Bütün bunlar bir neçə səbəbdən çox vacibdir. Birincisi yalnış fikirdir ki, Azərbaycan meşələri bol olan ölkədir, nə qədər istifadə etsən bitib tükənməz. Əslində isə meşələr Azərbaycan ərazisinin cəmi 6%-ni təşkil edir. Üstəlik respublikanın aran bölgələrində meşə anlayışı 50-60 il bundan əvvəllərin yaddaşına söykənir. Sonralar sosialist təsərrüfatının müxtəlif sahələrinin genişlənməsi naminə bu meşələrin demək olar ki, 90%-i məhv edilmişdi. O cümlədən də məşhur Tuqay meşələri. Şahidlərin söylədiklərinə görə aran rayonu olan Göyçayda o vaxtlar bütün kəndlərin öz meşəsi varmış. Müqayisə üçün bir faktı diqqətə çatdıraq. Bunlardan Qızılağac kəndindəki Mirzalıbəy meşəsi 110 hektar ərazini əhatə edirmiş. İndi xüsusi qoruma münasibətləri sayəsində vur-tut 5 hektara qədər saxlamaq mümkün olub.

Buradan üzü mərkəzi aran rayonlarına doğru da indən belə hələ çox işlər görülməlidir. Nə yaxşı ki, tədbirlər intensiv şəkil alıb və bütün məsələlər ciddi nəzarət altındadır. Xüsusilə son dövrlər.

Bu gün mövcud meşələrin ciddi mühafizəsi ilə yanaşı, yeni yaşıllıqların, meşə zolaqlarının salınması tədbirləri də xüsusi diqqətdə saxlanılır. Məsələnin ümumbəşəri mahiyyəti bütün mənalarda ciddiyə alınmalıdır. Yeni meşələrimiz həyatımızda həlledici rol oynayan təbii sərvətlərdən biri olmaqla onun qorunması və yenilərinin salınması ümumxalq işinə çevrilməkdədir. Hər halda bu işlərlə müvafiq qurumlar konkret bir formada məşğul olmaqdadır. Yaxşı haldır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi son illər aran bölgələrində də məsələyə ciddi diqqət yetirir və belə bir hal sevinc doğurur.

Aran bölgələri diqqət mərkəzindədir

Meşələri bol olan dağlıq və dağətəyi ərazilərimizlə bərabər aran yerlərində də hər il minlərlə hektar yeni yaşıllıqların salınması - gələcək meşələrin bünövrəsinin qoyulması fərəhli haldır. Aldığımız məlumata görə, ötən ili bu istiqamətdə uğurla başa vuran təsərrüfatlardan biri də Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsidir. Müəssisənin direktoru Cahid Dadaşovla söhbətimiz zamanı deyir:

- Nazirliyimiz qarşıya ciddi və perspektivli məsələlər qoyub. Bu məsələlər nədən ibarətdir? Məlumdur ki, bir zamanlar respublikamızın aran yerlərində də meşələrimiz geniş əraziləri əhatə edib. Sonralar müxtəlif səbəblər üzündən bu meşələrin tükənməsi prosesləri müşahidə olunub. O cümlədən də Tuqay meşələrinin taleyini xatırlamaq yerinə düşər. İndi məsələ tamam başqa yöndə həll edilir. İtirilmiş meşələrin əvəzinə mövcud meşələr daha ciddi şəkildə mühafizə olunmaqla, planlı və məqsədəuyğun tədbirlərlə yeni aran meşələri boy atır. Mən bu sahənin mütəxəssisi kimi həmin yaşıllıqların nə vaxtsa xəritələrimizdə yer alacağına inanıram. Belə hal əslində aran meşələrinin xüsusiyyətidir. Nazirliyin gələcək üçün hazırlayıb həyata keçirməyə başladığı uzunmüddətli tədbirlərin məqsədi də bundan ibarətdir ki, həmin meşələr qorunmaqla yanaşı genişlənsin, yeni yaranan yaşıllıqlar hesabına sıxlaşıb bir-birinə qovuşsun. Yəni relyef və mümkünlük baxımından...

Bu yerlərin gözəllik tacı

Təbii ki, dağlıq və dağətəyi rayonlarımızda meşə sahələri çoxluq təşkil edir. Bu rayonlarda analoji qurumların fəaliyyəti bir qədər də intensivləşir. Məlumdur ki, Balakən respublikamızın şimal-qərb bölgəsinin sonuncu sərhəd rayonudur. Balakən camaatı öz zəhmətsevərliyi və ictimai-siyasi fəallığı ilə ölkə həyatında özünəməxsus dəst-xətti olan insanlardır. Bu rayonu şöhrətləndirən amillərdən biri də onun təbiət gözəllikləridir. Şübhəsiz, bu gözəlliyin, belə demək mümkündürsə, qüruru və tacı onun yaşıl örtüklü uca dağları, yamacları - zümrüd meşələridir. Balakən meşələri həm gözəlliyi, həm də təbii funksiyası ilə bu yerlərin həyat mənbəyidir. Bu dağlar, meşələr rayonu güclü tufan və daşqınlardan qoruyur, çayların yaşamında əvəzsiz rol oynayır, heyvan və quşların əbədi məskəni olmaqla faunamızın zənginliyinə xidmət edir. Bütün bunlar Tanrının verdikləridir. İndi nə qalır? Bu gözəlliyi, bu sərvəti layiqincə qorumaq, inkişaf etdirmək. Son dövrlər respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni bir dəst-xətlə həyata keçirdiyi tədbirlər də bu missiyanın təkcə ölkəmiz üçün deyil, həm də ümumbəşəri əhəmiyyətini təsdiqləyir. Elə bu səbəbdən də yerlərdə həmin qurumların rəhbərliyi ən bacarıqlı kadrlara həvalə olunur. İstər nazirlik, istərsə də yerlərdə rayon rəhbərlikləri qarşıya qoyulmuş məsələlərin həlli üçün ən optimal variant və tədbirlərə üstünlük verirlər. Yaxın vaxtlarda Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə direktor təyin olunan Paşa Koxnayev bu sahədə uzun illər təcrübə qazanmış bacarıqlı bir mütəxəssisdir. Onun bir direktor kimi səyləri bundan ibarətdir ki, müəssisənin əhatə etdiyi meşə zolaqları lazımınca qorunsun və mərhələ-mərhələ bərpa olunsun.

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də belədir. Müəssisənin direktoru təcrübəli mütəxəssis Səttar Səttarov çox maraqlı bir məqamı diqqətə çatdırır. Deyir ki, nazirliyimizin meşə təsərrüfatlarının inkişafı ilə əlaqədar mühüm bir təşəbbüsü olduqca faydalı bir perspektivə söykənir.

Biz hər hansı bir idarə, müəssisə, fermer təsərrüfatı, adamı ilə müqavilə bağlayıb meşəçiliyin inkişafı üçünəyyən işlər görməyi təklif edirik. Yəni təşkilatlar, özəl strukturlar və imkanlı şəxslər özlərinə məxsus ərazilərdə meşə təsərrüfatları yarada bilərlər. Bundan ötrü biz bütün köməklikləri göstəririk. Möhkəm baza da yarada bilmişik. Müxtəlif növ ağac tingləri yetişdirən sahələrimiz var.

Faunamızı qoruyan amillər

Məlumdur ki, quş və heyvanlar üçün ən münbit şərait mövcud dövlət qoruqları ilə yanaşı, həm də zəngin meşələr, çaylar və münasib düzənliklərdir. Bütün bunların hamısı bir-biri ilə bağlı ciddi məsələlərdir.

Bunu təcrübəli mütəxəssislərdən İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlham Qəribov, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İqbal Əliyev, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Mustafa Əhmədov və başqaları də təsdiqləyərək işlərini məhz bu istiqamətdə qurmağa çalışdıqlarını bildirirlər.

Mütəxəssislər eyni zamanda bir fikri də vurğulayırlar: bütün bunlar bizim birbaşa vəzifəmiz olsa da, bütövlükdə cəmiyyətin də fəal münasibətini tələb edən məsələdir. Hər halda gələcəyə nikbin baxmaq olar.

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-8 yanvar.-S.6.