Ümumtəhsil sistemində müasirləşmə dövrü

(MÖVZU ƏSASINDA XXV YAZI)

Sosial dövlət olan müasir Azərbaycanda vətəndaş, onun maraqları, rifahı dövlətimizin siyasətinin mərkəzində dayanır. Bu baxımdan son dövrlər ölkəmizdə təhsilin inkişafına yönəldilən məqsədyönlü tədbirlər təbiidir. Ölkə başçısının 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmış, geniş marağa səbəb olmuşdur. Bu vacib sahənin inkişafı ölkənin gələcək sosial, iqtisadi, siyasi qüdrətinin daha da yüksəldilməsinə, vətəndaşların fəal həyat mövqeyinə əhəmiyyətli dərəcədə təsir edən amillərdəndir. Dövlətimiz təhsilin inkişafının hüquqi bazası ilə bərabər onun möhkəm, dünya standartlarına cavab verən maddi texniki bazasının da yaradılmasını diqqət mərkəzində saxlayır.

Təhsilin inkişafına göstərilən bu diqqət və qayğıdan yetərincə bəhrələnən Qax təhsili bölgənin zəngin təhsil ənənələrini davam etdirməklə, özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur.

Təsadüfi deyildir ki, yola saldığımız 2013-cü il rayon üçün genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri ilə bərabər təhsil sahəsində də əldə edilmiş çoxsaylı uğurlarla yaddaqalan, əlamətdar bir il olmuşdur.

Hazırda rayonda fəaliyyət göstərən 54 ümumtəhsil məktəbində 6975 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1309 nəfər müəllim məşğul olur. Rayondakı 4 məktəbdənkənar tərbiyəəssisəsinə cəlb olunmuş 1095 şagird müxtəlif dərnək və məşğələlərdə bilik və bacarıqlarını inkişaf etdirməklə respublika müsabiqələrində Qax məktəblərini layiqincə təmsil edirlər. Ötən tədris ilində və bu ilin ötən dövrü ərzində rayonun ümumtəhsil məktəblərində şagird kontingenti əsasən sabit saxlanılmış, təhsildən yayınma hallarına yol verilməmişdir.

Rayonun tarixində ilk dəfə olaraq son bir il ərzində 12 ümumtəhsil məktəbinin - Zəyəm, Qorağan, Zərnə, Dəymədağlı, Ləkit, Güllük kənd tam orta, Əmbərçay, Ləkit, Kötüklü, Güllük, Meşəbaş, Lələli və Lələpaşa kənd ümumi orta məktəblərinin yeni, müasirtipli binaları tikilib istifadəyə verilmişdir. Həmin məktəblər müasir tələblərə cavab verən kabinet və laboratoriyalarla, idman zalları, avadanlıq və texniki təlim vasitələri, kompüterlərlə təchiz olunmuşdur.

Məlum olduğu kimi təhsil sistemimizdə 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını əks etdirən kurikulum islahatı adı altında aparılır. Yeni kurikulumlarla tədrisə 2008-2009-cu tədris ilindən başlanılmışdır. Bu dərs ilindən etibarən proqram üzrə tədris VI siniflərdə aparılır. Bununla əlaqədar yeni dərs ili ərəfəsində 600 nəfər müəllimin kurikulumlarla üzrə hazırlanması, müxtəlif təlim kursları və treninqlərdən keçirilməsi təmin olunmuşdur. Həmin siniflərdə dərs deyəcək fənn müəllimləri fənn kurikulumları üzrə təlimin planlaşdırılması, yeni qiymətləndirmə mexanizminin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətləri və sair zəruri bilik və bacarıqlara yiyələnmişlər.

Hazırda rayonun təhsil işçiləri respublika rəhbərliyinin, həmçinin rayon rəhbərliyinin bu vacib sahəyə göstərdiyi diqqət və qayğıya cavab olaraq səylə çalışaraq yüksək təlim müvəffəqiyyətinə nail olmaqla yeni-yeni uğurlara imza atmaqdadırlar. Təsadüfi deyildir ki, son illər ümumtəhsil məktəblərinin şagirdləri buraxılış imtahanlarında və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında əldə etdikləri təlim müvəffəqiyyətinə görə respublika məktəbləri arasında ön yerlərdə qərarlaşırlar. Təqdirəlayiq haldır ki, XI siniflər üzrə buraxılış imtahanlarında Şəhər 3 saylı, Qum, Zərnə, Tasmalı, Qorağan, Almalı, Qaratala, Cəlayir, İngiloy-Kötüklü, İlisu, Marsan kənd tam orta məktəbləri, IX sinif üzrə keçirilən buraxılış imtahanlarında isə Zərnə kənd tam orta, Sarıbaş, Ağçay, Çinarlı və Aşağı-Malax kənd ümumi orta məktəbləri 100% müvəffəqiyyət əldə etmişdir. Ötən il ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş rayonun ümumtəhsil məktəblərinin məzunlarının 319 nəfərindən 170 nəfəri yüksək bal toplayaraq tələbə adını qazanmışdır. Bir qayda olaraq ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya fənləri üzrə topladıqları bal orta respublika göstəricisindən yuxarı olur. Tam orta məktəbi əla qiymətlərlə bitirən məzunların 92,3 %-i qəbul imtahanlarında yüksək bal toplayaraq seçdikləri ali məktəblərə qəbul olunmuşlar. Şəhər 2 saylı məktəb-lisey Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərtib etdiyi ən yaxşı 36 məktəbin siyahısında 20-ci yerdədir. Alman dili fənni üzrə Tasmalı kənd orta məktəbi məzunlarının əldə etdikləri nəticələrə görə respublikanın ən yaxşı məktəbləri sırasında 5-ci yerdədir. Çox sevindirici haldır ki, şəhər məktəbləri ilə bərabər Qum, Zərnə, Marsan, Tasmalı, Qorağan, Almalı, Cəlayir, İlisu, Qax İngiliy, İngiloy-Kötüklü kənd tam orta məktəblərinin məzunları da buraxılış imtahanlarında orta respublika göstəricisindən yüksək müvəffəqiyyət əldə etmişlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqçılamasına görə rayonun ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında əldə etdikləri bu göstərici kənd rayonlarının arasında ən yüksək göstəricidir.

Rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri bir qayda olaraq, respublika müsabiqələrində fəal iştirak edərək yüksək nəticələr əldə edirlər. Artıq ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri şagirdlərin təlim-tərbiyəsi prosesində müasir texnologiyaların tətbiqi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində xeyli müsbət təcrübə toplamışlar.

(ardı gələn sayımızda)

Novruz ŞABANOV

Ədalət.-2014.-10 yanvar.-S.7.