Zirvəyə gedən yol

Tarixin bütün dövrlərində Azərbaycan qadını haqsızlığa, ədalətsizliyə, zülmə qarşı mübarizə aparıb, xalqın azadlığı uğrunda çarpışıb, ziyalılığı ilə seçilib. Bərdə hökmdarı Nüşabə uzaqgörənliyi, iti ağlı, dərin zəkası ilə böyük Nizaminin gözəllik simvolu kimi vəsf etdiyi bu torpağa göz tikənlərə silahdan da kəsərli sözlə cavab verib. Öz dövründə insanların əmin-amanlıqla yaşamasına çalışıb. Xan qızı Xurşud Banu Natəvan ədəbi məclislər təşkil edərək, qadınların Dünyaya baxışını dəyişib. Onların gözünə günəşdən nur verib. Dağlardan Şuşaya su çəkdirib. Şuşada Dünyaya göz açanlar onu "Xan Qızı Bulağı" ilə tanıyıb, böyüyəndə tarixi vərəqləyiblər. Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri silaha sarılaraq ərləri ilə çiyin-çiyinə düşmənlə döyüşüblər. Rus artillegiyasının Allahı sayılan general Əlağa Şıxlinskinin ömür-gün yoldaşı, ilk azərbaycanlı hərbiçi, Birinci Dünya müharibəsində zabit qadınlarla birlikdə, ilk dəfə "Qırmızı Xaç" cəmiyyətini yaradıb, həmin cəmiyyətin xəstəxanasına rəhbərlik etmiş Nigar xanım Şıxlinskaya, ilk təyyarəçi qadın, böyük Vətən müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini, 500-dən artıq döyüş uçuşu keçirmiş Züleyxa Seyidməmmədova, Şərqdə ilk opera yazan xanım bəstəkar Şəfiqə Axundova və daha kimlər, kimlər...

Bu gün Azərbaycan qadını alimdir, diplomatdır, rəssamdır, şairdir, yazıçıdır, xalq hakimidir, hərbiçidir, polisdir, çiynində rütbə daşıyan qanun keşikçisidir. Milli Məclisdə qanunlar qəbul edir, Beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın haqq səsini Dünyaya çatdırır, milli dəyərlərimizi qoruyur.

Əsl insan özündən sonrakı nəsillərin baxması üçün iz, görüb-götürməsi üçün pak əməl, yaxşı ad, san qoyub getməlidir. Bunu isə qanından, genindən, əsl nəcabətliyindən gələnlər, daxili Dünyası xeyirxahlıqla, mənəvi sərvətlə, sevgi ilə dolu olanlar bacarırlar.

İnsan həyatda düzgün yol tutmalıdır. Yollar çoxdur, hamısı da bir-birindən fərqli. İnam, əqidə, mənlik yolu var. İnsanları birləşdirən və ayıran yollar var. Əsas odur ki, öz yolun olsun. Bu yolu tutub gedəsən, yolunu azmayasan. Bir yol da var. Onun adı ömür yoludur. Bu yol hər kəsin yalnız özünə məxsusdur. Belə insanlar haram tikə yeməzlər, həyatlarının mənasını xalqa, vətənə xidmət etməkdə görür, bir şəxsiyyət kimi yetişirlər. Onlardan biri haqqında söhbət açacağam. O, bu cür yaşamağı bacarır, başı uca gəzir, hamının gözünə düz baxır. Çalışdığı vəzifələrə hörmət və şərəf gətirir. Ləyaqətə qulluq edir ona tapşırılan sahələrə. Respublikada tanınan, sayılıb-seçilən ziyalılarındandır. Ziyalı ailəsində böyüyüb, alim tərbiyəsi alıbdır. Təbii, sadə, təvazökar insandır. Ədliyyə müşaviridir.

Yaxından tanıdığım üçün bir jurnalist kimi haqqında mətbuatda yazmaq istədiyimi bildirsəm də razı olmamışdı. Deyir, əgər yaxşı işləyirəmsə, bu mənim vəzifə borcumdur. Dövlətimə, xalqıma, vətənimə olan sevgimdir. Mən belə düşünürəm, çünki bu cür görmüşəm. Bu yaxınlarda ölkə prezidentinin Fərmanı ilə təltif olunduğunu eşitdim. Təbrik edərək, əvvəlki fikrimi yenə dedim. Bu dəfə sözümü yerə salmadı Reyhanə xanım.

Bilirsiz, Vaqif müəllim, məni düzgün başa düşün. Mətbuata da, jurnalistlərə də böyük hörmətim var. Düzdür, insan bir anda dönüb arxaya baxanda illərin necə sürətlə keçdiyini görüb, özündən soruşur. Mən nə etmişəm? Gələcək nəsillər üçün, övladlarım üçün hansı yolu, pak əməli qoyub gedirəm? Əgər yaxşı iz, ad-san qalırsa, onda rahat nəfəs alırsan. Bu, övlad üçün də böyük qürur və baş ucalığıdır.

Ancaq cəmiyyətdə elə adamlar var ki, belə şeyləri özünü reklam elətdirmək, mən də varam, demək kimi başa düşürlər. Əgər işlədiyim sahədə rəhbərliyin diqqətindəyəmsə, yüksək vəzifələr etibar olunursa mənə, mükafat sayıram bunu. Rahat oluram ki, yaşadığım cəmiyyətdə dövlətimə, xalqıma az da olsa köməyim dəyir. Dövlətin mənə çəkdiyi zəhmətin əvəzində bir iş görürəm. Bir də, kim nə aparacaq bu dünyadan?

Reyhanə xanımın sözləri böyük şairimiz Məmməd Arazın bir misrasını yadıma saldı - "Dünya sənin, Dünya mənim, Dünya heç kimin".

Həmişəyaşar şair dünyasını dəyişəndən sonra sanki yenidən bu həyata qayıdaraq, Dünyanı beş əllə tutan insanlara deyir bunu. Ulu öndər Heydər Əliyev deyirdi ki, nə qədər böyük hörmət qazansan da, gərək başını o qədər aşağı tutasan, o qədər təvazökar olasan, qanun çərçivəsində işləyəsən, yüksək mənəviyyata malik olasan.

İnsanın mövqeyi nə qədər yüksək olsa da o, insan olduğunu heç vaxt unutmamalıdır. Burada Həzrəti Əlinin bir kəlamı yada düşür, "özüm də insan olduğum üçün, heç kəsi özümdən kiçik görmək istəmirəm".

Sadə və təvazökar adamlar səmimi, mehriban, vəzifəsi çərçivəsində ciddi, qanunu həmişə yüksəkdə görürlər. Reyhanə xanım elə bir ailədən çıxıbdır ki, O, belə də olmalıdır. Bu cür mühiti görüb, belə tərbiyə alıb.

Atası İbrahim Kərimov Azərbaycan Sənaye İnstitutunun birinci kursunda oxuyanda Böyük Vətən müharibəsi başlayır. Minlərlə azərbaycanlı gənc kimi o da könüllü cəbhəyə gedir. Döyüşdən-döyüşə atılır. Gənc döyüşçünün şücaəti komandirlərin diqqətindən yayınmır. Qələbə döyüşlərinin ardınca Ali Baş Komandan tərəfindən verilən mükafatlar, orden və medallar, təşəkkür dolu məktublar onu qələbəyə daha da ruhlandırırdı. 1944-cü ildə Belorusiyanın Qomel şəhəri uğrunda gedən döyüşlərdə İbrahim Kərimov bir ayağını itirir. Vətənə dönəndən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. İnstitutu fərqlənmə ilə bitirən gənci elə bu elm ocağında saxlayırlar. İllər bir-birini əvəz etdikcə, O da elmin yollarında irəliləyərək bir alim kimi yetişir. Tanrının verdiyi ömrü həmişəlik bu elm ocağıyla bağlayır. Onlarla hüquqşünas alim yetişdirir. Hüquq sahəsinə aid monoqrafiya və kitablar yazır. Bu fakültənin formalaşmasında İbrahim Kərimovun böyük rolu olmuşdur. Peyğəmbər kimi adam idi. Müharibədə həlak olanların uşaqlarına, imkansız tələbələrə necə deyərlər, çörək ağacı olubdur.

Haşiyə: Hazırda ədliyyə orqanlarında yüksək vəzifə tutan, yaxından tanıdığım bir yoldaş danışır ki, kənddən gəlmişdim. Atam kolxozda naxırçı, anam isə sağıcı işləyirdi. Azərbaycan Dövlət Universitetinin ikinci kursunda oxuyurdum. Bizim dekan İbrahim müəllim idi. əllimlərdən biri mənə qiymət yazmırdı. Çox dilxor idim, bikef durmuşdum koridorda pəncərənin qabağında. Necə deyərlər, aranı dağa, dağı arana çəkirdim, özümdə deyildim. Arxadan kimsə çiynimdən çəkdi. Elə bil yuxudan oyandım. İbrahim müəllim idi. Soruşdu ki, niyə bikefsən? Dedim filan müəllim mənə qiymət yazmır. Xeyli fikrə getdi, qolumdan tutub kafedraya qayıtdı. əllimlər hamısı içəridə idi. İbrahim müəllim ciddi adam idi. Üzünü həmin müəllimə tutub dedi: "Həmişə adamı olanlara qiymət yazırsız. Bir dəfə də adamı olmayana yazın. Bu uşağın da adamı mənəm", - deyib çıxdı. Bir anda otağa sükut çökdü. Səhəri gün dedilər ki, dekan səni çağırır. Getdim, telefonla danışırdı. Başı ilə stolun üstündəki karopkaya işarə edib, götür dedi. Mən də götürüb otaqdan çıxdım. Yataqxanada açanda gördüm ki, corab, köynək, kostyum var içində. Düzü, həm sevindim, həm də kövrəldim. Əvəzolunmaz adam idi. Ömrümün axırına kimi unutmaram onu. Bugünkü həyatı O böyük insan verib mənə.

Tələbələr ürəklərini açırdılar ona. Onun böyük ürəyi vardı.

Təmənnasız yaşadı bu dünyada. Bu da nəsildən gəlirdi. İbrahim müəllimin atası Şeyx Əhməd əsrin əvvəllərində "İraq, Təbriz, İsgəndəriyyə" Ali Ruhani Universitetini bitirmişdi. Şeyx adını orada vermişdilər. Bir çox dini kitabların müəllifidir. 1945-54-cü illərdə Bakıdakı Hacı Əjdər bəy məscidinin axundu olub. Sadəlik, xeyirxahlıq, əl tutmaq atasından keçmişdi İbrahim müəllimə.

Alimin böyüklüyü onun sadəliyində, səmimiliyində, insanlara diqqət və qayğı göstərməyində, alicənablığındadır. Tarix xeyirxah insanları unutmur. Onlar yaddaşlarda qalır, qəlblərdə heykələ dönürlər. 1988-ci ildə dünyasını dəyişən İbrahim Kərimov kimi. Yetirmələri bu gün də onu böyük sevgi hissi ilə xatırlayır, tanınmış ziyalılar xatirələrini yazırlar.

Bax, belə bir ailədə böyümüşdü Reyhanə xanım.

Deyir, orta məktəbdə oxuyanda anam məni balaca müəllimə deyə çağırardı. İstəyirdi böyüyəndəəllim olum. Özü M.F.Axundov adına rus dili və ədəbiyyatı İnstitutunda müəllim işləyirdi. Atam isə deyirdi: mən xanım qızımı qanunlarımızın keşiyində görmək istəyirəm. Mən də gülüb deyirdim ki, inşallah, Şeyx babam köməyimə çatar.

Deyirlər insanın taleh yazısı, alın yazısı var. Sanki ulu Tanrı bu məsum qızın səsini eşidib anası Adilə xanımın, atası İbrahim müəllimin arzularını birləşdirdi. Reyhanə xanım həm tarixçi, həm də hüquqşünas oldu.

İnsan onu əhatə edən cəmiyyətdən də əvvəl ailədə yetişir, özünü tanıyır, gələcək həyat yolunu müəyyənləşdirə bilir. Reyhanə xanım Bakı Dövlət Universitetinə, tarix fakültəsinin axşam şöbəsinə qəbul olur. İşləmək lazım idi.

Dünya yaxşı insanlardan xali deyil. Atasının tələbəlik yoldaşı, yaxın dostu, səxavətli insan, müdrik şəxsiyyət, ictimai xadim Arif Əfəndiyev onu Ədliyyə Nazirliyinin notariat idarəsinə kargüzar təyin edir. Həyat yolu da burdan başlayır.

Bulağın suyu dərindən çıxırsa qurumaz, deyib babalar.

Tapşırılan işə məsuliyyətlə yanaşması, işçilərlə ünsiyyəti, hər şeydən əvvəl yüksək mədəniyyəti, etikası, səmimiliyi, davranışı, işinə olan marağı rəhbərliyin diqqətindən yayınmadı. Pillə-pillə yüksəldi Reyhanə xanım. Ümumi şöbənin rəisi, notariat və VVA idarəsində birinci dərəcəli məsləhətçi, 2004-cü ildən isə Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reysteri xidmətinin rəisi vəzifəsində çalışır. Yaxşı işlədiyinə görə vaxtından əvvəl ədliyyə müşaviri rütbəsi verilib. Bu yaxınlarda respublika prezidentinin Fərmanı ilə "Dövlət qulluğunda fərqləndiyinə" görə medalı ilə təltif olunub.

Atdığı bütün addımlarda qanunun aliliyini, haqq-ədaləti həmişə gözləyib. Milli-mənəvi dəyərlərimizi gözünün üstündə saxlayıb. Elə bacısı Kəmalə xanım, qardaşı, polkovnik-leytenant Böyükağa müəllim də belədir. Çalışdıqları sahədə insan amilini və qanunu həmişə yüksəkdə görürlər.

Reyhanə xanım heç vaxt adlı-sanlı, şöhrətli olmağı ağlına belə gətirməyib. Yaşlı qayınanasına, qayınatasına doğma valideynləri kimi baxır, yollarını saxlayır, diqqətli olur, onlara. Qohumları da ondan razıdırlar, çox istəyirlər onu.

Ailə xoşbəxtliyi insan ömrünün bəzəyidir. Bu xoşbəxtlik işığını Reyhanə xanımın evində yandıran elə onun özüdür. Ömür-gün yoldaşı Mübariz müəllim iş adamıdır. Rusiyanın böyük zavodlarından birinin Azərbaycanda nümayəndəsidir. İki min nəfərə yaxın işçisi olan bu istehsal müəssisəsində böyük nüfuz sahibidir. Geniş qəlbi, böyük ürəyi var. Xeyirxahlıq, adamlara əl tutmaq onun genindədir.

Hər ailə özlüyündə kiçik bir dünyadır. Reyhanə xanımın ailəsində sevgi işığı yanır, ailə məhəbbəti yaşanır. Bu işığın şöləsində iki gənc böyüyür. Dan ulduzu kimi parlayan qızı Səmra xanım anasının yolu ilə gedir, on iki yaşlı oğlu Ümid dərs əlaçısıdır. Şahmatla məşğul olur. Bakı məktəbləri arasında keçirilən yarışlarda Fəxri yerləri tutur həmişə. Gələcəyə ümid dolu arzularla gedir.

Hər bir insanın həyatı yazılmamış kitabdır. Yaxşı iş, xeyirxah əməl insanı mənən ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Qurani-Kərim qadının cəmiyyətdəki yerini və hörmətini həmişə yüksəklərə qaldırır. Çiçəklənən ölkəmizdə Azərbaycan qadını zirvəyə doğru gedir, yüksəlir. Zirvədən isə hər yer görünür.

Vaqif Şükürov

Ədalət.-2014.-14 yanvar.-S.6.