TORPAQ BƏRƏKƏTLİ OLANDA...

... Bəzən elə anlar və elə məqamlar olur ki, insan onu uzun müddət unutmur, yaddan çıxarmır. Bunlar həm sevincli, həm də kədərli anlardır. Yəni insan torpağını itirəndə nələr çəkdiyini onun özündən başqa heç kim bilmir. Və yenidən yurduna qayıdanda onun sevincinin şirinliyini də yurda dönənlər daha yaxşı bilirlər. Ən azından ona görə ki, ağır anlarda onların bir gözü ağlayıb, bir gözü də yol çəkib. Nə yaxşı ki, bu yol çəkən, ağrıyan gözlər yenidən sevinir...

Qayıdış

Kimlər bilməsə də füzulililər torpaq itkisinin, yurdun ağrısını, acısını çox yaxşı bilirlər. Çünki 1993-cü ilin avqustun 23-də Füzuli rayonu erməni işğalçıları tərəfindən işğal olundu. Avqust ayından 1994-cü ilin yanvarın 4-nə qədər bu camaatın hansı məşəqqətlərlə və çətinliklərlə üzləşməsini sadalasaq, onda bizə saatlarla yox, günlərlə vaxt lazım olar. Sadəcə olaraq, həmin günləri, həmin ağrı-acılı və kədərli günləri yada salıb kimlərinsə qaysaq bağlamış yarasının gözünü qoparmaq istəmirik. Ona görə ki, yara həmişə adamı ağrıdır və ona dinclik vermir. Biz füzulililərin Füzulini 1994-cü ilin yanvarın əvvəllərində işğaldan azad olunmuş 22 kəndinin və 1 şəhərinin insanlarının sevincindən danışmaq istəyirik. Bax, onda yurda ikinci dəfə dönüş olanda o insanların vəərisi də mənim qohum-əqrəbam daxil olmaqla hansı sevinclər yaşadığının şahidi olmuşam. Onda sevincindən ürəyi gedən də var idi. Göz yaşları içində bir-birini qucaqlayıb hönkür-hönkür ağlayanlar da. Onda insanlar bütün ağrını-acını və sümüyünə qədər işləmiş dərdi ünutmaq istəyirdilər, amma unuda bildilərmi?! Qayıdış çox möhtəşəm idi. Amma bu qayıdışın içində itirilmiş insanlar, İtkin düşən adamlar və eləcə də sabaha ümidlə baxanların arzuları gerçəkləşirdi...

Ümid yeri

İnsanlar öz yaşadıqları məkanlara qayıdandan sonra rayonda böyük abadlıq və bərpa işləri görüldü. Yanmış kəndlər, məktəblər, xəstəxanalar və inzibati binalar bərpa edildi. Üstəlik də işğaldan sonra ölkə başçısının sərəncamı ilə rayon ərazisində 2107 ailəlik 11 Qayıdış, 1 Fin evləri, 2104 ailəlik Zobucuq qəsəbələri salındı. Bütün bunlar isə insanlarda işləməyə və yaşamağa ümid hisslərini daha da gücləndirdi. İkinci dəfə torpağına dönən, vətəninə qayıdan insanlar gördülər ki, həqiqətən də dövlət başçısı tərəfindən onlara böyük qayğı və diqqət var. Əgər bu qayğı və diqqət olmasaydı çətin ki, qısa zaman kəsiyində yandırılmış kəndlər, məktəblər, xəstəxanalar və inzibati binalar əsaslı surətdə yenidən tikilib bərpa ediləydi. Elə insanları da bax bu diqqət xüsusilə ruhlandırırdı. Hər şeyi əlindən çıxmış, var-dövlətini itirmiş adamlar Füzuliyə qayıdandan sonra iki əlli torpaqdan yapışmağa başladılar. Birincisi onlara dövlət dəstəyi oldu, arxa duruldu. Və bundan sonra rayon icra hakimiyyəti başçısı tərəfindən xüsusi bir diqqət yetirildi. Zaman-zaman çətinliklər və ağrı-acılar arxada qalmağa başladı. Və bu gün Füzulinin işğaldan azad olunmuş yaşayış məntəqələrində və ərazilərində 70 minə yaxın sakin məskunlaşıb. Bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü və düzgün siyasətin bəhrəsidir. Çünki insanlar bu siyasəti öz gündəlik həyatlarında, yaşayışlarında və dolanışıqlarında hiss edirlər.

100 min ton taxıl

Zarafat deyil, son bir neçə ildə hər il Füzuli rayonunda yüz min tondan çox taxıl istehsal olunur. Hansı ki, heç Sovet dönəmində bu qədər taxıl yığılmırdı. Əlbəttə, hər şey insanın öz əlindədir. Daha doğrusu, rəhbərlik yerində olanda, işlər düzgün qurulanda və haqq-ədalət öz yerini tapanda istər-istəməz çəkilən zəhmət də öz bəhrəsini verir. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin rayonda apardığı düzgün kadr siyasəti, dövlətçiliyə sədaqət və insanlara doğma münasibət bu uğurların qazanmasında çox böyük önəm yaradıb. Çünki icra başçısı A.Alıyev bir el ağsaqqalı kimi füzulililəri başına yığıb böyük abadlıq, quruculuq və tikinti işləri görməyə nail olub. Camaat görür ki, icra başçısı səhər saat 6-da Horadiz şəhərinin küçəsi ilə piyada gedir, səliqə-sahmana, iş-gücə, əkilmiş ağacların necə becərilməsinə diqqət yetirir. Təbii ki, bu münasibət başçının qəlbindən və zəhmətsevərliyindən irəli gəlir. Çünki Alı müəllim bundan əvvəl də uzun müddət Füzulidə məsul vəzifələrdə çalışıb. Həmişə də çalışdığı vəzifədə namusla, şərəflə və vicdanla işləyib. Elə bunun nəticəsidir ki, o, füzulililərin böyük hörmətini, inamını və etimadını qazanıb.

2 ildən sonra bar verir

Füzulidə torpaqda əkilən ağac 2 ildən sonra bar verir. Bu möcüzədir, yoxsa həqiqət? Amma fakt budur ki, ağacı əkirsən və çox gözləmirsən, növbəti ildə öz bəhərini verir. Bu da təbii ki, Qarabağ torpağının bərəkəti və zənginliyi ilə bağlıdır. Hələ üstəlik adi ağaclar da əkiləndən sonra çox sürətlə inkişaf edir və böyüyür. İnanmırsınız, gəlin Füzuliyə və bu ağacların necə inkişaf etdiyini gözlərinizlə görün. Rayonun girişindən Horadiz şəhərinə qədər yolun sağ və sol hissələrində 2 il bundan qabaq çinar ağacları əkilib. Bu 2 ildə həmin ağaclar o qədər sürətlə böyüyüb ki, adam bu ağaclara baxanda sevinir.

Çünki başqa torpaqda əkilən ağaclar 2 ildə bu cür yüksək sürətlə inkişaf etmir. Maşallah, ağaclara baxırsan, sevinirsən. Yayda onların kölgəsi və eləcə də təmiz havası adama ləzzət edir. Maşınla gedəndə darıxanda o ağacların yanında avtomobilimizi saxlayırıq və ağacın kölgəsində bir qədər dincəlib yenidən davam edirik. Bundan gözəl nə ola bilər?!.

(Ardı gələn sayımızda)

Faiq QİSMƏTOĞLU

Ədalət.-2014.-15 yanvar.-S.7.