Don vurmuş bənövşələr

Dünyaya gəlməyən 24 yaşlı övladın dilindən

Atam da şəhid, anam da... Biri Vətən, torpaq qurbanı, o biri də eşqinin, məhəbbətinin şəhidi. Atam İlham, anam Fərizə. Heyf ki, onlara heç vaxt belə müraciət edilmədi. Birinə əlisilahlı, bədheybət qatil atəş açdı, o birinə isə elə öz zərif əlləri zəhər içirtdi...

Mən şəhid olacaq gənclə şəhidliyə qovuşacaq gözəlin arzusu - qarşılıqlı saf məhəbbətlərinin ilk bəhrəsi idim. Bu dünyaya gəlməyə qoymadılar. Bahara tələsirdim, yanvarda gülləbarana tutdular. Günəş həvəsliydim, bir zülmətdə dondurdular. Harayımı eşidən də olmadı. Məni dünyaya gətirməyə borclu insanların öz könüllərindəcə torpağın qoynuna düşdüm. Bəlli də olmadı kim idim, rəngim, ruhum necəydi, çəkim, ölçüm nə idi...

Ürəkdən ürəyə süzülən bir zəif işıq idim, söndürdülər. Qönçələnmiş vüsal çiçəyi idim, açılmağa qoymadılar. Mənə yaman qıydılar. Atama, anama övlad ola bilmədim.

 

Atam susdu qan içində,

Anam getdi an içində,

Bu səbəbdən doğulmadım

Ruh oldum can içində.

 

Bu daşlaşmış məhəbbətin qəm oylağıyam, dərd-səriyəm, həsrətiyəm, nakam bir ailənin don vurmuş bənövşəsiyəm, ya da bəlkə qartal balasıyam. Hərdən ziyarətə gələnlərin səsini - bayatılarını eşidirəm. Atam, anam ən yuxa, kövrək sözlərlə əzizlənir, gülə-çiçəyə bürünür. Yenə də harayım eşidilmir, səsim heç kimə çatmır. Nənə, baba, xala, bibi, dayı, əmi, ay bu qoşa məzarın sahibləri! Hərdən məni də yada salın, daha körpə deyiləm ki?! İndi mənim 24 yaşım var. Görmədiyiniz qamətimi oxşayın, gülməyən üzümə, açılmayan gözümə, silah tutmayan əllərimə, Vətənə sipər olmayan halıma, əsgər gedə bilməyən vücuduma bir ürəkdən ağlayın. Axı hardan biləsiniz kim idim mən?! Vətənə oğul da olardım, mərd ürəkli, qeyrətli bir qız da. Amma mən faciə qurbanı oldum. Atamın, anamın yolunu tutdum. Mən də beləcə, adsız-sansız şəhid oldum. Bir-birlərini candan sevən valideynlərimi tənha qoymadım. Onların ruhlarını öz körpəcə canımda birləşdirdim. Qovuşdurdum ki, atam, anam haqq dünyasında mənsiz olmasınlar. Bəlkə də bəxtəvərlikdir bu? Ciyərparaları da onlarla birlikdədir.

Atam Vətən aşiqi idi, onun azadlığı yolunda da şəhid düşdü. Anam da atamı çox sevirdi. Onun bu gedişinə dözmədi, sədaqətini, mətanətini göstərdi. Məhəbbətin ölümə qalib gəlmək qüdrətini zərif vücudu ilə dünyaya bəyan etdi. Əlisilahlı zalımlara meydan oxudu: "Siz öldürərsiniz, qətlə yetirərsiniz, amma bizi bir-birimizdən ayıra bilməzsiniz". Atam ölümsüzlüyə, anam da atama qovuşdu. Mən də bu hünərli, etibarlı əzizlərimə fəda oldum. Anamdan ayrılmadan atama yetişdim. Təki Vətən yaşasın!

İllər ötəcək, atam, anam qocalacaq, mən də yaşa dolacağam. Amma bir bəxtəvərlik var ki, biz bir daha ölməyəcəyik. Elə bax bu Şəhidlər Xiyabanında daşlaşmış səadətin simvolu kimi əbədi məhəbbət dastanına dönəcəyik. Həmişə bizdən danışacaqlar. Hər kəs bizi yad edəcək, hər kəs bizə and əcək, söz verəcək!

Zəmanənin nəfəsi çox ağır idi. Atam, anam bu kələfi dolaşmış dünyanın düyününü açmaqda köməksiz qaldılar. Amma əyilmədilər. Atam silahlı düşmənin, anam da ölümün üstünə qorxub çəkinmədən, qalib kimi mərd-mərdanə yeridi. Azərbaycan övladlarının torpaq eşqini və məhəbbətini zirvələrə qaldırdılar. Öz ölümləri ilə ona əbədi heykəl qoydular. Adları tarixin pozulmaz səhifələrinə əbədilik yazılan şəhidlərimiz gələcək nəsil üçün, əslində, bir Vətən dərsliyi yaratdılar. İnsan Vətənini necə sevə bilər, insan sevgisi yolunda ölməyi necə bacarar? Atamla anamın həyatında bu sualların cavabları var. Unudulan mən oldum - körpəcə fidanları. Bu dünyanın rəngini görməyən, amma hər şeyi duyan mən. Vətən məhəbbəti gör necə qüdrətlidir, hər şeyə, hər istəyə qalib gəlir.

O gecə uşaqlara da güllə atdılar. O gecə dünyaya yeni körpələr də gəldi. Bir tərəfdə ölüm, bir tərəfdə həyat başladı. Bəzən də bir-birinə qarışdı. Bəlkə mənim gələcək sevgilim də o gecə doğulanların arasında olub. Bilən varmı? O uşaqların taleyində yaşarıq. Öldürülən də bizik, doğulan da.

Mənim şəhid atam, mənim şəhid anam! Ruhunuz inciməsin. Məni bu dünyaya gətirə bilmədiyiniz üçün küskün deyiləm ki! Mən sizsiz yetim olardım. Bəlkə sizin fədakarlığınızdan da gec xəbər tutardım. Bu qara mərmərdən boylanan şəklinizə baxa-baxa qalardım. Amma indi içinizdəyəm, birlikdəyik. Canım canınızdan ayrılmadı. Heç çoxu bilmədi bu dərdimizi. Bu qoşa məzarda bir varlıqda uyuyuruq. İndi mən 20 Yanvarla yaşıdam. Mən də bu cür şəhidəm! Qəmlənməyə dəyərmi? Şəhidlik ki ölməzlikdir.

...Dünyaya gəlməyən, kimliyi bəlli olmayan 24 yaşlı şəhidimiz! Sənə ağı deməyə kimin dili gələr? Sən Cənnət quşuydun. O müqəddəs ünvana da qanadlandın. Bizi yandıran odur ki, sən tək deyildin. O gecənin qara caynaqları həm də ana bətnində nə vaxtsa uyuyacaq neçə körpənin həyatına qəsd demək idi. Çoxu sənin kimi heç doğulmadı da! Yerə-göyə sığmayan bu dərdlərin çəkilməsi zor oldu. Bax, bu düşüncələrin əlində əzilərkən qəfildən qapı döyüldü. Qonşu idi. 1990-cı ilin 20 Yanvarında doğulmuş oğlu Qalibin ad gününə çağırırdı. Amma evə yığışmadıq. Hamılıqla Şəhidlər Xiyabanına yollandıq. Qalib Fərizə ilə İlhamın məzarı önündə sükuta qərq oldu. Kimsə ağı deyirdi:

 

Boya biç,

Qamətə tut, boya biç

Yaxasız köynəyimi

Göz yaşınla boya, biç...

 

Flora XƏLİLZADƏ,

əməkdar jurnalist

Ədalət.-2014.-18 yanvar.-S.10.