İradə Tuncayın "Uğurun sirri

Azadinform-un "Uğurun sirri” layihəsinin növbəti qonağı tanınmış publisist və yazıçı-jurnalist İradə Tuncayın müsahibəsini təqdim edir:

İradə xanım, sizcə, uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?

- Heç düşünmədim bu barədə. Amma cəhd eləmək olar. Dadı, qoxusu yəqin uşaqlıqda yemək istədiyimiz ən dadlı konfetin, ya dondurmanın qoxusu, dadı kimi olar. Görüntüsü isə... Atanın işdən gəldiyi və sənin də onun boynuna hoppandığın ana bənzəyər. Yuxarıda olmaq, hamını ordan seyr etmək kimi bir şey... Toxunuş, təmas var hər halda... Rəngi işıqlı olar yəqin...

Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar sizcə?

- Yanlış hər addımda gözləyir bizi - bundan qaçmaq mümkün deyil ki... Amma hər uğursuzluğu yanlışın boynuna qoymaq olmaz qənaətindəyəm. Bəzən doğru bildiyimizi yaparıq, amma alınmaz ...

Apardığınız mübarizədə uğursuzluqlarla üzləşəndə nə edirsiniz?

- Mübarizə bir az böyük söz oldu... Heç bilmirəm biz öz yaşam çabalarımıza nə ad verə bilərik. Burda da birmənalı cavab olmayacaq. Həyatın fərqli dönəmlərində fərqli reaksiyalar - körpə uşaqlar ağlayır, bir az böyüklər müxtəlif yollara əl atırlar, lap böyüklər gücdən istifadə edir... İndiki yaşım məni sakit seyr edir. Haqlıyamsa əvvəl-axır düzələcək... Belə fikirləşirəm.

Hər insanda bir istedadın olduğunu söyləyirlər, bunu necə üzə çıxarmaq olar sizcə?

- Mən hər insanda bəşəriyyətə lazım olan istedadın olacağını zənn etmirəm və buna görə də hər şeyi üzə çıxarmaq tərəfdarı deyiləm.

Bəzi gənclər birə başlayanda "Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?

- Mənim nə deyəcəyimdən asılı olmayaraq hər kəs kəndi həyatını yaşayır. Yıxılmaq, durmaq hər kəs üçün məqbul. Uğur sözcüyünün içində - düşünmədən hərəkət etmək də var, tətbiq edib təpəsi üstə aşmaq da, nəticələrə əhəmiyyət verməmək də var. Belə olmasaydı bəşəriyyət bir addım da irəliyə gedə bilməzdi. Bütün məşhur kəşflər məlum qaydaları inkar edərəkdən edilib. Və ya mühafizəkar qanunları pozaraq həyata keçirilib. Bunun uğuruna insanlar tonqala gediblər, sürgünü gözə alıblar. Uğur sözündə mən bir şıltaq qız ədası görürəm həm də. Amma cəzası da ola biləcək bir şıltaqlıq...

Qarşısındakına "əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?

- Bəlkə belə deyək - burda insan hikkəsi də var. Hamı kimi, sıradan biri olmamaq hikkəsi... Mən bu hikkəni (əhəmiyyəti) görə bilirəmsə, qarşımdakına bunu deyirəm çəkinmədən. Amma hamı özündən arxayın deyil və bu narahatlıq çox əməlləri qabardır. Heç bir söz demək istəməzdim, əhəmiyyəti yoxdur...

Övladlarınızın uğurlu ola bilməsi üçün nə edirsiniz? Daha fərqli davrana bilirsinizmi?

- Çalışmışam hər halda. Nə isə alınıb, nə isə alınmayıb. Övlad səndən əmələ gəlsə də onun öz taleyi var. Biz buna müdaxilə edəcək gücdə deyilik.

Sizcə insanların ən güclü silahı nədir-ağıl, yoxsa ürək?

- Məncə ağılla ürəyin vəhdəti. Amma dünya həmişə ağılın əlində olub. Ona görə də belə vəhşidir...

Uğurun yaşı olur yoxsa başı, bu barədə heç düşünmüsünüz?

- Uğurun nə yaşı, nə də başı var. Uğurun vaxtı, saatı var...

Fərqliliyiniz və fərdliliyiniz haqında nə deyə bilərsiniz? Nəyə görə Siz sizsiniz?

- Ona görə ki, mən elə mənəm...

İnanmaq asandır, yoxsa inandırmaq?

- Təbii ki, inandırmaq. İnandırmaq bir vergidir, ALLAH seçilmiş insanlara verir bunu.

Həyatın enini və uzununu ölçdünüzmü heç, Sizin fikirinizcə, yaşamı üzün edən nədir?

- Ölçmədim, amma həyatı uzun edən sevgilər və nifrətlərdir...

Əgər Sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, nəyi dəyişərdiniz?

- Yaşadığım mühiti, bəlkə də ölkəni... Mən buralara aid deyiləm...

Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir deyirlər, Sizin payınıza ən çox hansı əməl düşüb?

- Yəqin vurulmaq və bölünmək. Hasil və qismət....

Bəs Siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə Sizin kimi bir dost istəyərdinizmi?

- Məndən mənə dost olmaz. Mənə dözmək çətindir, ikinci bir mənə tabım qalmayıb.

Əgər siz balaca uşağa bütün həyatı boyu ona gərəkli ola biləcək bir məsləhət versəydiniz, nə deyərdiniz?

- Uşağa ancaq özünü tapacağı mühit arzulayardım. Uşaqlar məsləhət dinləmir ki....

Dəlinin doğru xəbəri nə olar sizcə? Dəliliyin gözəlliyi mümkünmü?

- Bütün doğruları sıradan olmayan insanlar deyib bəşəriyyətə. Bütün peyğəmbərlərə də dəli deyiblər...

Hesab - kitab dəftəriniz var?

- Var ... Onlar mənim xatirələrimdir.

Təbliğ etdiyiniz gerçəklər hansılardır, necə düşünürsünüz sevginin təbliğata ehtiyacı varmı?

- Heç görmüsünüz ki, kiməsə nəfəs al desinlər? Bunun təbliğata ehtiyacı yox ki...

Yaşamaq və var olmaq arasında fərq nədir?

- Bu uzun söhbətdir. Belə deyək - gün keçirmək və gündən günə keçmək...

ədalət.-2014.-25 yanvar.-S.6.