Müasir kəndlərimizin ikisi - Rəncbər və Qubalıbaloğlan kəndləri

Bunlar Hacıqabul rayonunda yerləşir

 (əvvəli ötən sayımızda)

Xəlfəli müəllimin otağındakı çay süfrəsi bizi gözləyirdi. Maraqlı həmsöhbət olan Xəlfəli müəllim 20 ildir dövlət qulluqçusudur. 4 ildir ki, Rəncbər kəndində inzibati ərazi nümayəndəsi işləyir. Kəndin tarixini, adət-ənənəsini, sosial həyatını incəliklərinə qədər şərh edən Xəlfəli İsrafilov iqtisadi duruma da beləcə aydınlıq gətirdi:

- Mənim yaşadığm, həm də iqtisadi, sosial və ictimai həyatına cavabdeh olduğum Rəncbər kəndi rayonda öz sözü olan kəndlərdəndir. Dövləti, dövlətçiliyi həmişə dəstəkləyən bu kənd ruzisini əlinin qabarı ilə qazanıb. "Rəncbər" sözü də elə əkinçi mənasını verir. Bu kəndin 2800 hektar əkinə yararlı pay torpağı var. Açığı, torpağımız bir az şoranlığa meyllidir, ona görə də xeyli əziyyət çəkməli oluruq. Əkib-becərdiyimiz də əsasən taxıl məhsulları olur. 2013-cü ildə 1500 hektar ərazidə taxıl əkmişdik. Hər hektardan orta hesabla 26 sentner məhsul götürürük. Mal-qara üçün 800 hektar ərazini də örüş yeri eləmişik. İndi kəndimizdə 2500 baş iribuynuzlu, 9500 baş xırdabuynuzlu mal-qaramız var. Kəndçinin əkib-becərməyə torpağı, süd qatıq yemək üçün mal-qarası olmalıdır. Yoxsa, kəndçi ilə şəhərlinin nə fərqi?

Xəlfəli müəllimlə günorta görüşmək şərti ilə Qubalıbaloğlan kəndinə üz tuturuq.

Qubalıbaloğlan kəndi

Qubalıbaloğlan kəndi uzun müddət qonşu Rəncbər kəndinin tabeçiliyində olub. Nəhayət, 2003-cü ildən Qubalıbaloğlan inzibati ərazi vahidi statusu ala bilib. Bu kənd müstəqillik dövrünə qədər də Rəncbərin, eləcə də rayonun iqtisadi-siyasi həyatında əhəmiyyətli rol oynayıb.

576 təsərrüfat subyektindən ibarət olan kənddə 2936 nəfər əhali yaşayır. Rəncbərdə olduğu kimi qonşu Qubalıbaloğlan kəndində də əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Qubalıbaloğlan kənd inzibati ərazi nümayəndəsinin müavini Zülfüqar Məmmədov bildirdi ki, bu kənd 2192,3 hektar ümumi əraziyə malikdir. Ötən il 870 hektar sahədə taxıl əkilib və nəticədə 2557 ton məhsul götürülüb. 15 hektar tərəvəz sahəsindən 405 ton, 30 hektar bostan sahəsindən 432 ton məhsul əldə edilib.

Kənd sakinlərinin ənənəvi dolanışıq mənbəyi olan heyvandarlıq da bu kənddə geniş yayılmışdır.

İndi kənd sakinlərinin həyətlərində 2170 baş iribuynuzlu, 8968 baş xırdabuynuzlu mal-qara var.

Kəndin sosial həyatı

 

Zülfüqar kişi kəndin sosial həyatından da eyni həvəslə danışdı. Bildirdi ki, elektrik enerjisindən heç vaxt korluq çəkməyən bu kənddə mavi qaz problemi də yoxdur. Həm elektrikin, həm də evlərə istilik verən mavi qazın dəyəri də sakinlər tərəfindən müntəzəm ödənilir.

Talışdan Bakıya uzanan su kəmərindən kəndə uzunluğu 9,6 kilometr olan su borusu çəkilib. Bu borudan gələn su 600 kub metr həcmi olan hovuza tökülür. Hovuzdan da kənd sakinlərinin həyətlərinə su xətləri vasitəsilə dupduru su verilir.

Kənddə quraşdırılan 556 yerlik ATS-dən də hələlik 256 abonent istifadə edə bilir. Qubalıbaloğlan kəndində fəaliyyət göstərən tibb məntəqəsinin xalatlıları kənd sakinlərinin sağlamlığı keşiyində ayıq-sayıq dayanırlar. Sakinlərin istirahətlərini təmin etmək üçün əsaslı təmir edilmiş kənd klubu da daim qubalıbaloğlanlıların ixtiyarındadır.

2007-ci ildən Qubalıbaloğlan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi işləyən Mehman Əkbər oğlu Nəzərovla obyektiv səbəblərdən görüşə bilməsək də, sakinlərin ondan xüsusi razılıq etdiyinin şahidi oldum.

Möhtəşəm "Şəhidlər" Abidə Kompleksi

Kəndin mərkəzində, tam orta məktəbin girişində bu obanın Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş ərənlərinin şərəfinə möhtəşəm Şəhidlər Kompleksi ucaldılmışdır. 10 nəfər igidin qara mərmərdən boylanan baxışları uzaqlara zillənib. 16 yanvar 2014-cü ildə kompleksin açılışında iştirak və çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov bildirib ki, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan hər bir şəxs xalqın tarixində əbədi yaşayacaq və onların ailələri daim dövlətin diqqət mərkəzində olacaq.

Üç rəngli Azərbaycan Bayrağı altında yerləşən kompleksdə 1918-ci ildə ermənilərin bu kənddə törətdikləri soyqırımın nəticələri də tarixləşib. Kənd bələdiyyəsinin sədri Mircəfər Əsgərov erməni vəhşiliyinin şahidi olmuş insanların dilindən eşitdiklərini danışdıqca insanlarımızın hansı faciələri yaşadıqlarını dərk edirsən. Beləliklə, ermənilər bu kəndin 535 nəfər dinc sakinini xüsusi amansızlıqla qətlə yetirib. Bunlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri isə uşaq olmuşdur.

Heç nə unudulmur, heç nə yaddan çıxmır. Erməni qaniçənləri də nə vaxtsa törətdikləri vəhşiliyə görə mütləq cavab verəcəklər.

Bu da kənd məktəbi

2013-cü ildə tikilib istifadəyə verilmiş Qubalıbaloğlan kənd tam orta məktəbi müasir tələblərə cavab verən gözəl tədris müəssisəsidir. 400 şagirdi, 35 nəfər müəllimi olan bu məktəbin 4 nəfər məzunu ötən il ölkənin müxtəlif ali məktəblərinə qəbul oldu. 20 sinif otağı olan binanın ayrıca elektrik, su xətti, qazanxanası var. Dəhlizdə, sinif otaqlarında ideal təmizlik, səliqə-səhman hökm sürür.

25 ildir bu məktəbə rəhbərlik edən Bahadur Ağahüseyn oğlu Əzizov bildirdi ki, bu tədris müəssisələri 2011-ci ildə ali və orta ixtisas məktəblərinə qəbula görə respublikanın yaxşı məktəbləri siyahısına düşüb.

Ölkəmizin inkişaf eləmiş, müasir kəndləri çoxdur. Biz bunlardan ikisi haqqında danışdıq və yəqin ki, hələ çox danışacağıq.

 

Səxavət Məmmədli

ədalət.-2014.-28 yanvar.-S.7.