HORADİZDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏ

Son vaxtlar ermənilər bütün təmas xətti boyu işğal etdikləri ərazilərimizdən bizim yaşayış məntəqələrini fasiləsiz olaraq atəşə tuturlar. Elə təsəvvür edirlər ki, bu əvvəlki vaxtlardır və nəyəsə nail olacaqlar. Amma onlar unudurlar ki, Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmlənmiş və nizamlı Azərbaycan ordusu prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da güclənmiş və döyüş texnikalarına malik olmuşdur. Bu ordu hər an düşmənə cavab verməyə hazırdır. Təbii ki, atəşkəsin tez-tez pozulması təmas xəttində yaşayan insanların narahatlığına, həyəcanına və bir çox problemlər yaşamasına gətirib çıxarır. Ancaq onların əl-qolunu heç bir güllə səsi və erməni hücumu qorxuda bilməz.

Atəşkəs tez-tez pozulsa da...

...1994-cü ilin yanvarın da Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun Horadiz şəhəri və 22 yaşayış məntəqəsi erməni işğalçılarından azad olunub. Bu barədə bizimlə söhbət zamanı rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirir ki, rayonun təmas xəttində ATƏT nümayəndələri monitorinq keçirərkən ermənilər bir daha atəşkəsi pozdular. Mən həmin vaxtı ATƏT nümayəndələrinə bildirdim ki, biz həmişə sülh tərəfdarı olmuşuq və atəşkəs rejiminə əməl etmişik. Artıq bizim ordumuz hər bir gücə və qüvvəyə malikdir. 1994-cü ildə bir neçə günlük əməliyyat zamanı sizin gördüyünüz Horadiz şəhəri və 22 yaşayış məntəqəsi geri qaytarılıb. Rayon ərazisinə ikinci dəfə qayıdan sakinlərimiz nə ermənilərin güllə yağışından qorxur, nə də onların zəhmindən. Bizim insanlarımız və sakinlərimiz çox mübarizdir və bu çətin vəziyyətdə böyük quruculuq, abadlıq və tikinti işlərini həvəslə yerinə yetirirlər. Təbii ki, ATƏT nümayəndələri icra başçısının arqumentləri ilə razılaşmalı olub və atəşkəsin pozulmasını öz gözləri ilə görüblər. Və bu barədə lazımi qurumlara məlumatlar veriblər.

Onlar böyük ümidlə yaşayırlar

Rayonda olarkən mən təmas xəttində yerləşən bir neçə yaşayış məntəqəsinə baş çəkdim. Rayonun Mirzə Nağılar, Qazaxlar, Alxanlı kəndləri təmas xəttinin lap yaxınlığında yerləşir. İnsanlar atəşkəsin tez-tez pozulmasının şahidi olurlar. Ancaq bu sakinlər heç vaxt erməni güllələrindən qorxmayıblar və bu gün də qorxmurlar. Mirzə Nağılar kəndində bir neçə sakinlə söhbət eləyirik. Kənddə 60-a yaxın evdə yaşayış var. Cəbrayılın Cocuq Mərcanlı kəndi ilə bu yaşayış məntəqəsinin arasında məsafə çox yaxındır. Yəni demək olar ki, ermənilər hər gün gecə saatlarında bu yaşayış məntəqələrini atəşə tutmaqdan çəkinmirlər.

Mirzə Nağılar kəndinə asfalt yol çəkilib. Sakinlərin rahatlığı üçün rayon icra hakimiyyəti tərəfindən hər cür şərait yaradılıb. Elə ona görə də bu kəndin adamları öz yurdlarına, öz torpaqlarına daha ürəkdən bağlanıblar. Yaşlı nəslin bir neçəsi ilə söhbət edirik. Onlar bildirirlər ki, biz öz kəndimizdən bir metr də geri çəkilən deyilik. Şükür Allaha, qarşıda Azərbaycan ordusu var. Azərbaycan Ordusunun əsgərləri cəbhə xəttində səngərdə dayanaraq ermənilərə qarşı öz qüvvəsini və gücünü hər an göstərməyə qadirdir. Bax, biz də o qeyrətli oğlanların gücü və qüvvəsi hesabına kəndimizdə rahat yaşayırıq. Bir də bizim İlham Əliyev kimi xalqını və millətini sevən prezidentimiz var. O, heç vaxt Azərbaycan xalqını, o cümlədən cəbhə xəttində yaşayan insanları darda qoymayıb. Cənab Prezident həmişə bizə arxa və güvənc yeri olub.

Abadlıq işləri geniş vüsət alır

Ötən yazılarımızda qeyd etmişdik ki, Füzulidə abadlıq, tikinti və quruculuq işləri artıq kəndlərə ayaq açıb. Çünki kəndlərdə də böyük işlər görülüb. Füzulinin elə bir kəndi yoxdur ki, ora asfalt yol çəkilməsin. Əksər yaşayış məntəqələrinə təbii qaz verilir. Təbii qazın kəndlərə verilməsindən sonra insanlar əvvəlki kimi soyuq qış günlərində sobaları yandırmaq üçün odun, daş-kömür və digər yanacaqlar axtarmırlar. Ən soyuq günlərdə belə kimin evinə getsən orda təbii qazın hərarətini hiss edərsən. Sobalarda yanan təbii qaz evlərə bir hərarət verir ki, çöldəki şaxtanın soyuqluğunu adam hiss eləmir. Mən bu anları Böyük Bəhmənli kəndində - ata-baba yurdumda olarkən bir daha yaşamışam. Görmüşəm ki, çöldə nə qədər şaxta olsa da, evlərdə bir hərarət və istilik var.

Rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Qənimət müəllimlə Böyük Bəhmənli kəndində bizim evin yaxınlığında görüşdük. O bildirdi ki, icra başçısı Alı Alıyev bizə tapşırıq verib ki, bu kənddə də təmizlik və abadlıq işləri qısa zaman ərzində həyata keçirilməli və hər tərəfdə səliqə-səhman yaradılmalıdır. Tək bu kənddə deyil, digər yaşayış məntəqələrində də təmizlik və səliqə-səhman işləri mütəmadi olaraq davam etdirilir. Bu işdə kənd camaatı bizə yaxından köməklik göstərir.

Horadiz şəhərində 11 yeni obyekt inşa edilir

Erməni işğalçılarının hər gün atəşkəsi pozmasına baxmayaraq, onların "ağzının içində" olan Horadiz şəhərində abadlıq-quruculuq və yenidənqurma işləri səngimir. Əksinə, bu işlər daha geniş vüsət alır. Rayon icra hakimiyyətinin başçısı hörmətli Alı Alıyev bizimlə söhbət zamanı abadlıq, tikinti işlərinin geniş vüsət almasından fərəhlə danışdı. Dedi ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən həmişə Füzuli rayonuna böyük diqqət var. Üstəlik də rayonun hesabına əlavə vəsaitlərin verilməsi bu quruculuq işlərinin daha geniş vüsət almasına imkan yaradır.

Bəli, bu həqiqətən də belədir. Bu gün Füzulidə 11 obyektin inşası həyata keçirilir. Belə ki, 7 hektarlıq sahədə möhtəşəm Bayraq Meydanı inşa edilir. Burda 6 min ağac əkilib və yenə çoxlu sayda ağaclar əkiləcək. Eyni zamanda Horadizdə icra hakimiyyəti üçün inzibati bina, Horadiz şəhidləri və Milli Qəhrəmanlar xatirə kompleksi, tikiş sexi, uşaq bağçası, boulinq zalı, Veteranlar evi, Tarix-diyarşünaslıq muzeyi və digər yeni möhtəşəm obyektlər inşa edilir. Bütün bunlar isə onu göstərir ki, füzulililər cəbhə xəttində yaşasalar da erməni işğalçılarının fasiləsiz olaraq atəşkəsi pozmasından qorxmur və böyük quruculuq işlərini davam etdirirlər. Çünki onları qoruyan, müdafiə edən qüdrətli və yenilməz Azərbaycan Ordusu var!

FAİQ QİSMƏTOĞLU

Ədalət.-2014.-30 yanvar.-S.8.