"MƏN BİR DAĞ
ÇAYIYAM"...
İkinci dəfə idi onun evində qonaq olurdum. Amma hər
ikisində də ağzımı açıb,
bir sual vermək belə içimdən keçmədi.
O qədər maraqlı,
dolğun, həzin, özünəməxsus sinonimlərlə
dolu ifadələrlə
söhbətlər edir
ki, nəsə soruşmağa ehtiyac duymursan. O, bir canlı əfsanədi. Söhbətləri o qədər şirin,
maraqlıdır ki, anca susub dunləmək
istəyirsən. Özünü gözlərinə yığmaq,
sözlərini yaddaşına
həkk edib əzbərləmək, soy-kökünə
məxsus ləhcəsini
sonsuzadək dinləmək
istəyirsən. Amma xəstə
ziyarətçisinin ən
yaxşısı erkən
gedənidir, deyirlər.
Söhbətindən doymasaq da, müalicədən yenicə
dönmüş şairi
yormaq istəmirik.
Onlar - qarşımdakı saç-saqqalı
ağarmış, vaxtından
əvvəl ahıllaşmış,
baxışları sozalmış,
xəstəliyin üzündən
sifəti avazımış,
nəfəsini çətinliklə
alaraq, hərdən öksürərək danışan
Zəlimxan Yaqub və qapqara saçları, iri cüssəsi ilə nəzəri cəlb edən, qartal baxışlarına bənzəyən
iti gözləri, şaqraq səsi ilə tribunaları cingildədən, divarları
titrədən, insanı
içindən silkələyib
ayıldaraq gözünə
işıq, qəlbinə
nur verən, vətənpərvərliyə, soyuna, kökünə, ilkinə, əzəlinə,
yurd-yuvana, el-obana, adət-ənənənə, milli
qüruruna, el sənətinə,
xalq musiqisinə, Tanrına, Yaradanına səsləyən, hər
şeiri bir gerçək həyat hekayəsini, hər poeması bir yaşanmış dastanı
xatırladan, kəskin
zəkaya, iti sözə, havalı ürəyə, odlu könülə malik, zəngin təfəkkürün
məhsulu olaraq sıraya düzülmüş
ilahidən gələn
misralara nizam verən ... Zəlimxan Yaqubun arasında susub qalmışdım. Bu xəyaldan çox
əsl həqiqəti
xatırladırdı. Divarda müxtəlif rəssamların
əl işləri olan cürbəcür portretlərinin hamısında
şair odlu-alovlu nitqini söyləyirmiş
kimi baxırdı.
Bu ikiləşməni özümdən uzaqlaşdırıb,
nə qədər qarşımdakı böyük
ustadı dinləmək
istəsəm də alınmırdı. Hər iki
Zəlimxan Yaqub eyni anda səslənirdi
və mənim sakitcə hər ikisini dinləməkdən
başqa əlacım
qalmırdı. Bu ikiləşməni özümdən
uzaqlaşdırmaq üçün
kitabxanasına baxmaq bəhanəsiylə onu həmkarımla buraxıb
qalxdım. İş otağının
hər iki divarını tutmuş zəngin kitabxanasında nələr yoxdu... dünya ədəbiyyatı
- Avropa ədəbiyyatı,
sovet ədəbiyyatı,
Azərbaycanın təbabət
elmindən tutmuş, folkloruna, ensiklopediyasına
qədər hər cür rəngarənglik vardı burda. Bu zənginliyin içərisində
şair ən müasir gənc şair və yazıçılarımızı da unutmamışdı...
Onun saz muzeyi isə başqa bir aləmdi - saz suvenirlərindən başlamış,
cürə saza və əsl saza kimi. Qədim el sənətimizin
daşıyıcısı bu tutiyə insanın sazda çaldığı ruhu
təzələyən havalarını
xatırladım və
dönüb şairə
baxdım - görəsən
sazı indi də dilləndirə bilirmi şair - düşündüm. Soruşsam kövrələr,
kədərlənər deyə,
içimdə boğdum
bu istəyimi.
Ensiklopedik yaddaşa, zəngin təfəkkürə, dərin
zəkaya, tükənməz
istedada, sağlam ruha malik bu
insanı əslində
saatlarca dinləmək
istərdik, amma onu bu qədər
yormaq insafsızlıq
olardı.
Onun üçün
çətin olduğu
halda qarşıladığı
kimi, bizi yola salmaq üçün
də özü ayağa qalxdı. Təkidimizə, zəhmət çəkməməsini
israrla istəməyimizə
rəğmən qapıya
qədər bizimlə
gəldi. Bu, əsl Azərbaycan kişisinin qonaqpərvərliyinin
nümunəsi idi.
Ondan ayrılarkən
də içimdəkiləri
söyləyə bilmədim. Bu, daha çox xəstəlikdənmi, yoxsa
soy-kökündən gələn
ağsaqqallıqdan, el-oba
təəssübkeşliyindən, yurd həsrətli ruhundan bədəninə köçmüş erkən
ahıllaşma onu olduğundan çox-çox
yaşlı göstərirdi.
Onun bir misrasını xatırladım:
Şair dağ çayıdır, başı
bəlalı... Baxı-baxıb susdum. Nə vaxtsa onu da itirəcəyimizi düşünüb qorxdum.
Həmin
dəqiqə onun daha uzun yaşaması
üçün əlimdən
gələni etməyə
hazırdım. Üzünə baxıb demək istədiklərimin heç
birini deyə bilmədim. Nikbin görünməyə, xəstəliyə qalib gəlməyə çalışsa
da, solğun üzündən yorğunluq
tökülürdü. Şaqraq səsli, dağ çayını xatırladan
natiq susmuşdu, indi qarşımda yalnız ahıl Zəlimxan Yaqub dayanmışdı. Üzünə
baxaraq demək istədiklərim çox
idi: Amandır ustad, özündən muğayat ol, xəstəliyə məğlub
olma! Səndə elat kişilərinin təpərini, türk soyunun mədhini, Göyçə, Zəngəzur,
Borçalının, Dəmir
Qapı Dərbəndin,
Qarabağın, Təbrizin
havasını, nəfəsini,
el sənətinin dəyərini,
zərifliyini, Vətən,
torpaq, yurd həsrətinin tərənnümünü,
dinə-imana, Tanrıya,
Allaha sidq-ürəklə
tapınmanın səmimiliyini
... hiss edirik, görürük,
duyuruq. Sən bizi tərk
edərsən, biz Borçalını,
Göyçəni, Zəngəzuru...
əbədilik tərk
etmiş olarıq.
Sən kənd-şəhər mədəniyyətini
ortaq məxrəcə
gətirən, ədəbiyyatın,
mədəniyyətin, adət-ənənənin
kəndlə, şəhərlə
deyil, insanlıqda, tərbiyədə, əxlaqda
olduğunu sübut edən insansan. Sən sonsuz ilhamınla, zəngin təfəkkürünlə
özündən müştəbeh
çoxlarını susduran
söz, nitq, sənət sahibisən.
Sənə hələ
çox ehtiyacımız
var! Səndən öyrənməli çox
məchullar var. Allahdan
sənə möcüzə
kimi əta olunmuş, xəstə halında belə səni yatmağa qoymayıb sabaha qədər yazmağa vadar edən ilham çeşmən qurumasın! Xalq şairi adını
almış çoxları
var. Amma sən xalqın əsl şairi olaraq o ada möhürünü vurmuş birisən. Xalq şairinin sözləri xalqının ən aşağı təbəqəsinin
də dilində, müğənnilərin avazında
əzbər olmalı,
mahnılarda bəstələnməli,
qiraətlərin özəyini
təşkil etməlidir
- sənin sözlərin
kimi. O xoşbəxtliyi
Tanrı səndən
nəinki əsirgəməyib,
hətta sənə bol əlli verib.
Bu da açıq
ürəyinin, dünyanın
hər üzünü
görsən də dəyişməyib sabit qalan amalının, sadə insanlığının,
Vətən, yurd sevginin, itirilmiş torpaq həsrətinin, imanının, inancının,
halallığının mükafatıdır.
"Şairə öz
xalqı "can!" deməlidi"
yazmışdın bir
şeirində, gözəl
insan! Xalqın sənə "can!" deyir,
səni sevir, qiymətləndirir. Sən Azərbaycan
İNSANININ canlı portretisən
- əxlaqınla, mədəniyyətinlə,
halallığınla, savadınla,
vətənpərvərliyinlə, sevginlə, ağsaqqallığınla,
təəssübkeşliyinlə, varlığınla. Sən
də xalqın üçün bu qədər varı qoru, böyük şair, böyük ustad, dəyərli ziyalı, bizim üçün möhkəm
ol!
Ayrılarkən, içindəki sonsuz zənginliyi kağıza köçürən əllərindən
öpmək istədim. Üzündən öpdüm el ağsaqqalımın.
Qapıdan uzaqlaşınca arxamızca
baxdı şair. Məsafə, zaman fərqi olmadan ayrılığa heç tabım olmadığından içimə
bu ayrılığın
kədəri çökdü.
Dönüb şairə baxdım.
Eləcə sakitcə, kədərli
baxışlarıyla bizi
yola salırdı.
O an içimdən güclü
bir istək keçdi: Görəsən
şair bu an nə düşünür?..
Ədalət.-2015.-15
avqust.-S.9.