Müşfiq Babayevə MƏKTUB

 

Əzizim Müşfiq, söz verdiyim kimi məzuniyyət vaxtı fəlsəfə və ədəbiyyatın qovşağında qərarlaşan xeyir və şərdən, nihilizm, nəfs, əxlaq, elm, bilik, elmdə ehkamçılıq, əsl alimlərdən, alimin məziyyətlərindən, sofistlərdən bəhs edən, Qərb ədəbiyyatından bol-bol bəhrələnərək yazdığın, faktlarla zəngin kitabının əlyazmasını oxudum.

Sən hələ mənim rəhbərliyimlə ABŞ yazıçısı, Nobel mükafatı laureatı "Con Steynbek yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqayisəli kontekstdə" adlı namizədlik dissertasiyası üzərində işləyəndə ciddi şəkildə fəlsəfəyə can atdığını görürdüm. Dissertasiyanın və çap etdirdiyin monoqrafiyanın I fəsli - "Con Steynbek yaradıcılığında şərq fəlsəfəsi, sufiliktranssendentalizm" çox məsələlərə aydınlıq gətirir. Sən Amerika transsendentalizmisufiliyin eyni olduğunu faktlarla təsdiq etmiş oldun. Bu ABŞ-da böyük marağa səbəb oldu. Məqaləni çap etdilər...

Mənə ünvanladığın üç səhifəlik məktubuna, fəaliyyətimə və şəxsiyyətimə verdiyin qiymətə görə təşəkkür edirəm. Sən həqiqətən də mənim ən çalışqan və dərrakəli dissertantlarımdan biri olmusan. Məsləhətlərimə ciddi əməl etmisən.

Lakin bu əsərin daha çox fəlsəfə yönlü olduğundan sənə çox gərəkli məsləhətlər verməkdə çətinlik çəkirəm. Axı, mən fəlsəfə ilə məşğul olmamışam. Doğrudur, bütün elmlərin açarı fəlsəfədir. Heç şübhəsiz elmi terminlər filologiya üzrə fəlsəfə doktoru, kimya üzrə fəlsəfə doktorus. təsadüfən yaranmamışdır.

Müşfiq, qardaşım, əsərinin mənə görə ən böyük məziyyəti ondan ibarətdir ki, Qərb fəlsəfəsini Şərq fəlsəfəsi kontekstində tədqiqata cəlb edibsən. Bu işdə ingilis dilini mükəmməl bilməyin böyük rol oynayıb. Doğrudur, qədim yunan filosofları Sokrat, Əflatun, Ərəstun, Platon və başqalarının əsərlərini ingiliscə oxumaq və tədqiq etmək üçün təkcə dil bilmək kifayət deyil, gərək bunun üçün içdən gələn məhəbbət də olsun.

Mən səndə fəlsəfəyə tükənməz məhəbbəti sənin hələ aspirantlıq dövründə görmüş və təqdir etmişdim.

Əzizim Müşfiq, insan kamillik zirvəsinə çatmaq üçün şəriət, təriqət, mərifət, həqiqət adlanan dörd mərhələ keçməlidir. Sonuncu kamillik dövrüdür. Məhz buna görə də bəşəriyyətin keçdiyi tarixi yolda elmbiliyin əxlaqla, insani keyfiyyətlərlə çox az əlaqədar olduğunu iddia edənlər, hətta isbatlayanlar həqiqətdən uzaqlaşırlar.

Bildiyin kimi ta qədimdən indiyə kimi elm, bilik əxlaqi-mənəvi kamilliyin açarı hesab olunmuşdur:

Bağlı bir qapıya açar axtarsan,

Ancaq alimlərdə axtar, taparsan.

Ətraf mühit, külli kainat yalnız elmin sayəsində dərk olunur.

Yazdığın kimi kamillik yoluna çıxan insan güclü iradə sahibi olmalı, nəfsinə, tamaha, hərisliyə qalib gəlməyi bacarmalıdır. Çünki bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir. Hardasa oxumuşam: Üç adama üç şey yaraşmaz - padşaha xəbislik, varlıya - xəsislik, alimə - hərislik.

Əflatunun sofist alimləri həris elm dəllalları adlandırması və bədnam etməsi bununla bağlı olmuşdur. Yazdığın kimi sofistlər yüksək təmənna və tamahları ucbatından nüfuzdan düşmüşlər.

Yazırsan ki, "Xəmsə"ni yazarkən Nizami "Zənbur", "Tövrat", "İncil" və "Quran" mətnlərini, "Kəlilə və Dimnə"ni, "Siyasətnamə"ni və s. dərindən öyrənibmiş.

Görürsənmi, Nizami həm elm, bilik qazanıb, həm də əxlaqi-mənəvi kamilliyin zirvəsinə yüksəlib. Bütün zamanların şairi təsadüfi yazmırdı:

 

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.

 

Əzizim Müşfiq, gəl etiraf edək ki, Nizaminin dövründə alim alim, kərpickəsən kərpickəsən idi. Təəssüf ki, indi meyarlar o qədər dəyişib ki, təsadüfi adamlar, istedadı olmayan bəzi kimsələr də alim adını daşıyır. Odur ki, həqiqi alimdən söz düşəndə mütləq əsl alim ifadəsini işlətmək zorunda qalırıq.

Müşfiq, qardaşım, fəlsəfə və yunan filosofları ilə bağlı bir çox məsələləri sənin əsərindən öyrəndim. Sokrat necə də dəqiqliklə göstərmişdir ki, ideal dövlətin tam gerçəkləşməsi heç vaxt mümkün olmayacaq. O, israrla bəyan edirdi ki, cəmiyyət üçün narahat olanlar, onun qayğısına qalanlar nizamlı dövlət qurmalıdırlar. Əks təqdirdə anarxiyadespotizm baş alıb gedər. Həyat göstərir ki, bu da bir həqiqətdir.

Əzizim Müşfiq, kitabında Sokratın, Aristotelin, Əflatunun, Platonun bir çox əsərlərindən söz açdığın halda, Aristotelin "Poetika" əsərinə toxunmayıbsan. Azərbaycan dilinə tərcümə edilərək keçən əsrdə böyük tirajla çap olunan bu əsərə Qərb aləmində münasibəti bilmək maraqlı olardı.

Kitabında Empirizm fəlsəfəsindən, bu sahədə alman alimi Kantın fəlsəfə elminə töhfələrindən bəhs edirsən.

Hər cür elmi bilik yalnız təcrübə yolu ilə əldə edilə bilər. Əzizim Müşfiq, bu da Kantın fikridir.

Kant yazırdı ki, Allah təcrübə fövqündə durduğuna görə onun mövcudluğunu nə təsdiq, nə də inkar edə bilirik. Eyni zamanda Kant göstərirdi ki, Yaradanın mövcudluğuna inamı bizim əxlaqi şüurumuz tələb edir.

Müşfiq, əslində əsərində filosoflara məlum məsələlərdən söz açırsan. Lakin sənin əsərinin fərqi ondan ibarətdir ki, araşdırmanı öz düşüncə tərzində, həm də Şərq-Qərb fəlsəfəsi kontekstində aparırsan.

Əsərdə mənə nöqsan görünən bəzi məqamlar da vardır. Təkrarlar çoxdur. Bəzən ardıcıllıq pozulur. Pərakəndəlik özünü göstərir. Bir çox sitatları və məxəzləri ingilis dilində veribsən. Onları Azərbaycan dilində də vermək lazımdır. Deməli, əsəri mükəmməl şəkildə, həm də dərindən işləməli olacaqsan.

Azərbaycanın ən görkəmli yazıçılarından biri Anarın 6 cildlik "Seçilmiş əsərləri"nin 1-ci cildinə (Nurlan, 2003, 578 səh.) fəlsəfə elmləri doktoru Rahid Ulusel 40 səhifəlik ön söz yazmışdır. Rahid Ulusel AMEA-nın Fəlsəfə İnstitutunda və mənim də çalışdığım Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. Fəlsəfəni və ədəbiyyatımızı yaxşı bilən tanınmış alimlə səni mütləq tanış edəcəyəm. Əminəm ki, onun məsləhətləri sənin elmi fəaliyyətində gərəkli olacaqdır.

 

Ədalət.-2015.-25 avqust.-S.4.