BÖYÜK ÜRƏKLİ İNSAN

Esse

 

 

Haşiyə:

Tofiq Hacıyev 1 may 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini 1958-ci ildə fərqlənmə diplomu ilə bitiribdilçilik ixtisası üzrə aspiranturaya daxil olub. 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyaları müdafiə edib.

1962-1968-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda işləyib. 1969-cu ildən ADU-nun Azərbaycan dilçiliyi kafedrasında çalışmağa başlayıb. 1970-ci ildən Türkologiya kafedrasının professoru, 1984-cü ildən həmin kafedranın müdiri olub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev 438 məqalənin, 11 monoqrafiyanın, 34 kitabın müəllifi olub, 19 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib. Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ilə təltif olunub.

Sona Çərkəz,

BDU-nun Humanitar fakültələr

üzrə rus dili kafedrasının baş müəllimi

 

Göynətdi noyabrın son günləri ürəklərimizi... Nə yazım... necə yazım... içimdəki sızıltını düşüncələrə necə çevirim... bilmirəm. Azərbaycan elminə, daha dəqiq desəm, türk dünyasına ağır itki üz verdi. Böyük türkçü alimi, gözəl insanı, yeri heç bir zaman dolmayacaq həmkarımızı - akademik Tofiq Hacıyevi itirdik. Kövrək və duyğulu dostumuzu, yaman günümüzdə təsəlli verənimizi, alicənablıq və ləyaqət təcəssümü olan məsləhət yerimizi apardı Tanrı öz dərgahına. Neçə gündür ki, sevənlərini və həmkarlarını göz yaşlarına boğan Tofiq müəllimin adının yanında ölüm sözünü işlətməyi özümə günah saysam da nə yazıq ki, belə oldu...

Şekspir qəhrəmanının fikrini xatırladım: "Dünən onunla ölüm sözünü heç tabutda belə yan-yana qoymaq mümkün olmazdı". Həyatı boyunca haqqa-ədalətə qol-qanad verən, haqsızlığa üsyan edərək hər zaman, hər yerdə qalib olan bu əvəzsiz insana zalım ölüm gizlincə qalib gələ bildi.

Onu tanıyanların və anlayanların hamısı bu qəfıl acının ağrısında qovrula-qovrula qaldı. Tofiq müəllimi 1970-ci ildən tanıyırdım. Həm universitetdən, həm də bir məhəllədə yaşadığımızdan ailəliklə tez-tez görüşərdik. Həyat yoldaşı Tamara xanım 52 nömrəli məktəbdə övladlarımın müəllimi olmuşdu. Tofiq müəllim isə ömür-gün yoldaşım Çərkəzi çox sevər, hər zaman elmi işləriylə maraqlanarbu mövzuların ətrafında onlar saatlarla söhbətləşərdilər. Təbiiliyi, sadəliyi, daxili mədəniyyəti Tofiq müəllimin qanında, canında idibu, insanlara olan münasibətinə də sirayət edirdi. Çox təmkinlı və ağır insan idi - Allah adamı idi! Ciddi görkəminin altında xoş gülümsəməyi ilə qarşısındakını özünə doğma və yaxın etməyi bacarırdı.

Bu yazını bu an keçmiş zamanda yazdığım üçün özümə çox acığım tutur. Axı biz Tofiq müəllimlə bu günlərdə Bəxtiyar Vahabzadənin Heydər Əliyev sarayında keçirilən yubiley geçəsində görüşdük. Yenə adəti üzrə əlini çiynimə qoyub təmkinlə təsəlli verməyə və hal-əhval soruşmağa başladı. Düz 22 ildir ki, (Çərkəzsiz keçən acılarla dolu ömrümdə) bu ipək ürəkli insan yorulmadan və dəyişilməyən tərzdə mənə ataqardaş kimi təsəlli olubdu. Tofiq müəllim belə böyük ürək sahibi idi, belə qarşısındakını başa düşən, anlayan insan idi... Çox doğmalarımdan doğma olub mənə qarşı Tofiq müəllim!

Bir neçə gün öncə, hələ nəfəsinin soyumadığı mənzilində gördüklərim sağalmaq bilməyən ürəyimi param-parça etdi, gözlərim o mənzildə nə Tofiq müəllimi gördü, nə də onun ustündə yarpaq tək titrəyən Tamarasını...

Tofiq müəllim əbədi yuxuya getmişdi, Tamara xanım isə bu acılardan bir az uzaqda xəstə yatağındaydı. Bu səhnə mənə xalq yazıçımız Anarın valideynlərinin bu dünyadakı nisgilli ayrılığını xatırlatdı. Ürəyim qan ağladı. İstədim ucadan qışqıram ki, sevənləri niyə belə xəbərsiz və qəfıldən ayırırsan, Allahım!?

Məni o an, o göynərtili anlardan qoparıb olanları dərk etməyə səsləyən, qəflətən Qızılgül müəllimənin yana-yana ağlayaraq mənim adımı çəkməsi oldu və elə bil yuxudan ayıldım. O an Tofıq müəllimin ləyaqətli gəlini Rəhilə xanımın üzünə sel kimi süzülən göz yaşlarını görüb onu bağrıma basdım. Qara paltarlı mələyi xatırladan bu xanımın gözlərinə baxmağa cürət edə bilmədiyimdən gözlərimi yumdum. O isə göynəyərək sanki hamıya sual verirmiş kimi deyirdi: - Hanı mənim atam qədər sevdiyim, ata bildiyim, varlığından qürur duyduğum qayınatam? Onu qoruya bilmədik. O müqəddəs insan, qeyri-adi ata və gözəl baba idi. Üstəlik ürəyi yaralı idi... Bunlar o an apaydın oxunurdu Tofiq müəllimin qeyrətli qızının - gəlininin gözlərindən və mən Rəhilə xanımın bu yüklü fıkirlərinin, bu selə dönən göz yaşlarının qarşısında acizliyimi (təsəlli üçün söz tapa bilməməyimi) bu gün bu yazını yazarkən də hiss elədim.

Həyatda təəssüf ki, atasına biganə olan namərd qızlar, nankor, qədir bilməyən gəlinlər çox görmüşük. Bütün bu üzdəniraq, ürək bulandıran nanəciblərin fonunda nə yaxşı ki, Rəhilə xanım kimi düşdüyü ocağa, evə və eləcə də soy-kökünə üzağlığı, başucalığı gətirən gəlinlərimiz var...

Tofiq müəllimin tabutuna sarılan övladına - gəlininə, hər zaman ömür-gün yoldaşı Azərin yanında dəyanətlə dayanmağı arzulamaqla, bu (öz taleyimə bənzəyən) pələsəng yazımı bitirməyə çalışıram. Tanrı heç olmasa Tamara xanımın böyüklüyünü tək balasına - Azərə və göz yaşları selə dönən gülüzlü nəvələrinə çox görməsin. Onu sevənlər, eləcə də yoxluğu ilə heç cürə barışmaq istəməyən həmkarları, dostları, öz kafedrasının əməkdaşları və ümumiyyətlə BDU-nun bütün kollektivi Tofıq müəllimin ətrini Tamara xanımdan ala bilsinlər...

Əzizimiz Tofiq müəllim! Amansız ölüm sizi bizdən qəfil alıb apardı. Yubileyinizə az qalmış yolunuzu kəsdi. Və bizlər sizin kimi böyük şəxsiyyətə, gözəl alimə ürəyimizdəkiləri deyə bilmədik. Bir sözlə, sizin kimi əvəzsiz insana çoxları mənən borclu qaldı. Siz isə Tanrıya olan borcunuzu verməyə tələsdiniz...

Allah sizə qəni-qəni rəhmət eləsin! Amin!

 

ədalət.-2015.-3 dekabr.-S.6.