ÇİÇƏK TAPA BİLMƏDİM...

İradə TUNCAY

 

Elə adamlar var ki, onlar qocalmırlar, həmişə cavandılar Elə yazılar da var ki, onlar da həmişə oxunur Bax, illərin sürətinə nə qədər qoşulmağa çalışsaq da illər bizi qabaqlayır və bizi həmin o həmişə cavanların yanına, həmişə oxunan yazıların əhatə dairəsinə aparır. Onlardan biri də qocalmayan və barəsində həmişə cavanlıq sevgisi ilə yazılan yazıların qəhrəmanı olan Polad Bülbüloğludur

Bu yazı da onlardan biridi.

 

 

Mən qurd kimi gəmirərdim bürokratizmi, mandatlara qarşı yoxdu hörmətim...

 

Təbii ki, orijinalda gözəl səslənir. Niyə bu misraları xatırladım... Demək istəyirdim ki, vəzifəli adamlardan zəndeyi-zəhləm gedir. Onların ədalarını, iddialarını həzm edə bilmirəm. Bugünki qəhrəmanım da vəzifəlidi - amma burda istisna durumu var. Mən onu uşaqlıqdan sevirəm. Uşaqlığım deyəndə də Şüvəlanda Yazıçıların Yaradacılıq evini xatırlayıram və orada maqnitofonda bütün günü fırladılan mahnıları xatırlayıram. Bir də yadımdadı, bizdən bir 10-12 yaş böyük bir qız vardı, bu mahnılara qulaq asıb ağlayırdı və böyüklər pıçıldaşırdılar ki, qızın başı xarab olub, "ona vlyubilas v Polada". O vaxt çox populyar olan rus mahnısı da vardı - Saulskinin "Çernıy kot" mahnısı. İndiki dillə desək, xit, şlyager. "Çernıy kot"u qoyum o bəyaz günlərdə - bax o vaxtdan Polad mənim həyatıma daxil olub. Bir az böyüyəndən sonra "ya toje vlyubilas v neqo".

 

İndi də Poladın mahnılarına qulaq asanda bütün varlığımı saran nostaljidən qurtula bilmirəm. Və düşünürəm ki, dünyada kabinetdən, katibədən, kreslodan çox-çox önəmli şeylər var. Sənət, yaradıcılıq, tamaşaçı alqışı. Yalandan, nəyə görəsə, kiməsə tərif vurmaq olur, amma ürəyinin qapılarını açıb hər kəsi ora buraxmaq olmur. Olmur!

 

İndi 65 yaşını qeyd eləyən vəzifəli Polad Bülbüloğlu mənim üçün həmişə o yaraşıqlı, şıq geyimli, sevimli Poladdı.

 

10 il əvvəl 55 yaşının ərəfəsində, hələ mədəniyyət naziriykən görüşüb söhbətləşmişdik. Uzun fasilədən sonra yenidən yazı-pozuya qayıdırdım və obyektim nə az, nə çox nazir idi, həm də elə-belə nazir yox, mədəniyyət naziri idi, həm də elə-belə mədəniyyət naziri yox, Polad Bülbüloğlu idi.

 

Görüşə gedəndə xəyalımda yaratdığım sevimli obrazın dağılacağından çox qorxurdum. Yəni əvvəldə qeyd etdiyim vəzifə ədasını nahaqdan xatırlatmamışdım. Amma əbəs yerə - qarşımda görmək istədiyimi gördüm. Və ondan sonra müxtəlif vəsilələrlə dəfələrlə görüşdük, telefon söhbətlərimiz oldu. Hətta bir dəfə telefonda səsini tanımamışdım, o da zarafatla "koqda to mne platili za etot qolos, a teper ne uznayut" demişdi. Televiziyaya qayıdanda da ilk müsahiblərimdən biri oldu - Nazim Hikmətin 100 illiyi ərəfəsində burda keçiriləcək tədbirlərdən danışdıq. Yeri gəlmişkən, işlədiyim həmin o TV kanalında rəhbərlik dəyişəndə - (Poladı çox "sevən" birisini gətirmişdilər vəzifəyə) - mənim filmimin başlığında ( TV- dilində şapkasında) Poladın iki saniyəlik görüntüsünü çıxarmışdılar. İki saniyəlik görüntüyə görə bir saatlıq filmi bərbad eləmişdilər. Ay Allah, bizim bu bürokrat sistemində nə qədər yelli-belli dəlilər var. Və onlar bu gün bizim nəyə baxacağımızı müəyyən edirlər. Nə isə...

 

Polad Moskvaya gedəndə burda verdiyi sonuncu müsahibələrinin birində gözəl bir söz demişdi:

 

"Mən gedirəm, amma mən gedəndən sonra nə kimsə cavanlaşmayacaq, nə səsi gurlaşmayacaq, nə də istedadı artmayacaq". Poladdan narazılar yenə narazıdılar, heç nə dəyişməyib. Heç nə dəyişməyibsə, mən də 10 il əvvəlki söhbətimizi sizə təqdim etmək istəyirəm. Dəyişən odur ki, o vaxt nazir idi, indi səfirdi. Ancaq söhbətimizin məzmunu daha çox dəyişməyən Polad haqqında idi. 10 il əvvəlki müsahibə və...

 

FOREVER POLAD!

 

 

***

 

Bülbülün oğlu Polad. Bir tərəfdə xalq mahnılarının, vokal partiyaların əvəzsiz ifaçısı, bir tərəfdə tamam başqa janrlarla 250 milyon əhalisi olan Sovetlər İttifaqının hər bir kiçik guşəsində də tanınan və sevilən bir sənətçi. Bir tərəfdə ölümündən qırx ilə yaxın vaxt keçsə də xatırlanan, yaddaşlarda qalan Bülbül. Bir tərəfdə də səhnədə olduğu otuz beş ilə yaxın müddətdə yazdığı musiqilərlə hələ də populyar olan, bu gün də alqışlanan Polad. Bu musiqilər məndə indi də qəribə nostalgiya hisləri doğurur. Dinlərkən tələbəlik illərimi, ilk gəncliyimi, Bakının gözəl vaxtlarını xatırlayıram. Və maraqlısı budur ki, bu günün gəncləri də bu musiqilərə eyni həvəs və şövqlə qulaq asırlar...

 

Bülbülün oğlu Polad. Bəstəkar və müğənni. Milyonları cazibəsində saxlayan yaraşıqlı cavan oğlan. Və bu gün on ildən artıq bir müddətdə Azərbaycan Respublikasının mədəniyyət naziri olan Polad Bülbüloğlu. Yadımdadı ki, televiziyada işlədiyim illərdə Polad Bülbüloğlu nazir olduğu üçün televiziya və radioda bütün fonoqramlarına qadağa qoymuşdu. Yəni bu musiqilərdən istifadə etməyə icazə vermirdi. Nazir kimi təvazökarlıq edirdi, amma biz televiziya işçiləri bəzən bu qadağaları pozurduq və lazım olan mahnılardan istifadə edirdik. Və tamaşaçı da bundan ancaq udurdu...

 

Adı mətbuatda çox hallandırılan hökumət üzvlərindəndir. Haqlı-haqsız barəsində çox yazılar çıxır. Mətbuatdan incik adamla mətbuat nümayəndəsinin söhbəti heç də asan görünməsin. Ona görə də nazir Polad Bülbüloğlu ilə yox, müğənni və bəstəkar Poladla söhbətə başlayıram.

 

- Uzaqdan hamıya asan görünən yaradıcılıq yolunun başlanğıcı necə olub? Atası vəfat edəndə on altı yaşında uşaq olan, sonra bu "aldım-satdım, təmənna" dünyasında təkbaşına, arxasız necə duruş gətirib?

 

-İllər keçdikcə, yaşlandıqca başa düşürəm ki, ən xoşbəxt vaxtlarım atamla birlikdə keçirdiyim günlər olub, əlimdən tutub gəzməyə apardığı günlər olub. Ömrünün axırıncı üç ilini konsertlərdə mən pianoda onu müşayiət edirdim, qastrollara birlikdə gedirdik. Qulluğunda mən dururdum, tərləyəndə köynəyini dəyişirdim, qalstukunu düzəldirdim, kostyumunu ütüləyirdim - yəni təbii ata-oğul münasibəti. Amma aramızdakı yaş fərqinə baxmayaraq, bu, birgə yaradıcılıq işi idi və tez-tez mübahisə edirdik. Evdə məşq edəndə atam mənə irad tuturdu ki, nəyisə düz çalmadın, nəyisə düz eləmədin. Mən də deyirdim ki, bax, burda belə yazılıb, amma sən başqa cür oxuyursan. Təbii ki, o, təcrübəli olduğu üçün mübahisə onun xeyirinə bitirdi. Çox mehriban adam idi. Yadıma gəlmir ki, bizim evə kimsə gəlsin, yemədən-içmədən getsin. Lap poçtalyon da gəlsə, bir stəkan çay içirdikdən sonra yola salırdı. Evin, ailənin bütün problemlərini özü həll edirdi.

 

- Yəni bazarlığı da Bülbül edirdi?

 

- Bəli, bazarlığı da özü edirdi - həm də xoşlayırdı bazarlıq eləməyi. Bazara gedəndə əvvəlcə bir-iki dövrə vururdu, hər şeyə baxırdı. Sonra seçib ən gözəl meyvələri alırdı. Xoşlayırdı ki, anam onun bazarlığını tərifləsin. Bazarda da hamı tanıyırdı, çox hörmətlə müraciət edirdilər, yaxınlaşıb söhbət edirdilər. Bir dəfə meyvə alanda atam satıcıya üç kilonun pulunu verdi və başı yanındakı adamla söhbətə qarışdı. Mən gördüm ki, satıcı iki kiloluq daşı qoyub meyvəni çəkir. Mən başladım atamın pencəyini dartıb işarə eləməyə. Çöndü məni sakitləşdirdi. Bazardan çıxanda dedim ki, ay papa, üç kilonun pulunu verdin, görmədin səni aldatdı? Atam da dedi ki, ay oğul, məni aldatmasın, bəs kimi aldatsın?

 

Həmişə deyirdi ki, "mən istəyirəm sən musiqinin necə yarandığını öyrənəsən, bəstəkar olasan. Oxumağı mən sənə səsin olmasa da öyrədərəm". Qismət olmadı.

 

Sonralar mən konservatoriyada oxuyanda Qara Qarayev mənə danışdı ki, atam ölümündən bir az əvvəl xahiş edibmiş ki, ona bir şey olsa Qara Qarayev Polada arxa dursun. Poladın bəstəkar olmağına kömək eləsin.

 

Atamın ölümündən sonra həyatla üzbəüz qaldıq. Anam ev xanımı idi, öyrəşmişdi ki, hər şey ilə atam məşğul olsun, qazansın-gətirsin. Maddi və mənəvi çətinliklər başladı. Həmişə qonaqlı-qaralı, haylı-küylü evimiz birdən-birə boşaldı. Telefon susdu. 1961-ci ilin sentyabrında atam vəfat etdi. 1961-dən 1962-yə keçən yeni il gecəsi bizə cəmi iki-üç adam zəng edib yad elədi. İnsanların soyuqluğu o qədər pis təsir elədi ki, biz də gecəynən oturduq maşına - anam, qardaşım və mən getdik atamın qəbri üstə...

 

(Ay gidi dünya, vəfasız insanlar. Amma bir neçə ildən sonra həmin bu unudulmuş ailənin başqa bir üzvü hamıya öz varlığını xatırlatdı. Salonlar alqışlardan titrədi, sevgi-məhəbbət seli, gül-çiçək yağışı başladı. Cəmi bir neçə ildən sonra. Amma ona qədər Qara Qarayevin tələbəsi Polad vardı...)

 

- Mən xoşbəxt adamam ki, Qara Qarayev kimi bir nəhəngin tələbəsi olmuşam. Bəzən gözəl bir bəstəkar yaxşı musiqiçi olmur, bəzən də gözəl musiqiçidi, amma bəstəkar deyil. Qara Qarayevdə bu iki anlayış birləşirdi - musiqiçi və bəstəkar. Bu da bir Allah vergisidir. O musiqi haqqında bildiyi hər şeyi tələbələrinə öyrədirdi.

 

(Qara Qarayevin həmsöhbəti olduğum bütün tələbələrinin ürəyində bu böyük insanın işıqlı xatirələri yaşayır və maraqlıdır ki, bu gün onun tələbələri arasında qatı müxalifətçi və sırf iqtidar tərəfdarları var. Bu ideoloji mübarizədə musiqi nə qazanır, nə itirir?)

 

- Pasportunuza familiyanız Bülbüloğlu yazılıb?

 

- 1962-ci ildə pasport alanda Bülbüloğlu yazdırdım. Bir az keçmiş məni çağırdılar komsomolun Mərkəzi Komitəsinə. Getdim, dedilər bu nədir, sən pantürkizmi təbliğ eləmək istəyirsən? Dedim nə pantürkizm, atamın adını yaşatmaq istəyirəm. Təsəvvür edin ki, 60-cı illərdə 17 yaşlı bir uşaq bu barədə nə bilər? Amma bu söhbətdən sonra getdim kitabxanaya, tarix kitablarını vərəqlədim. Turançılığın da nə olduğunu öyrəndim, pantürkizmin də. Özləri məni itələdilər. Buna görə təşəkkür edirəm onlara.

 

- Şöhrət nə vaxt gəlib tapdı sizi?

 

- Şöhrət... Mən uşaqlıqdan şöhrətin içində olmuşam. Amma bilavasitə özümə aid olan şöhrət 1965-ci ildən sonra gəldi. Həmin ildə "İstintaq davam edir" filminə musiqi yazdım. Moskvanın "Dobroe utro", "Novoqodniy qoluboy oqonyok" verilişlərində çıxış etdim. Bu verilişlərdə çıxış etdiyim günün sabahı bütün ölkə məni tanıyırdı. İndi çətindi, amma o vaxt obyektivlik var idi.

 

- İndi çətindi? Əksinə kanalların sayı çox, harda istəyirsən, nə vaxt istəyirsən pulunu ver oxu.

 

- Məsələ elə puldadı da. Kimdənsə 30-40 manat borc alıb Moskvaya gedirdim, orda da sosiska yeyib dolanırdım. Amma mahnılarım xoşa gəlirdi, bəyənirdilər. Efirdən əvvəl neçə instansiyalardan keçirdi, bədii şura, redkollegiya, texsovet... amma gedib dinləyiciyə çatırdı. 1966-cı ildən sonra həyat öz axarına düşməyə başladı. Birinci valım 5 milyonluq tirajla bütün Sovet İttifaqında satıldı. 1968-ci ildə "Uşaqlığın son gecəsi" filminə musiqi yazdım. Sonra qastrollara başladım. (Yeri gəlmişkən bu filmlərə yazılmış mahnılar çoxdan filmdən ayrılıb öz müstəqil musiqi həyatlarını yaşayırlar. Bu gün də populyar və sevilən mahnılardır.)

 

- Yaradıcılığa başladığınız illər bütün dünyada "Bitls" qrupunun tufan qopardan illəri idi. Onların sizə təsiri olubmu?

 

- Əlbəttə, mən və mənim yaşıdlarımın hamısı bundan keçiblər. Mənim mahnım da var rus dilində "Vospominaniya o "Bitls". Səhv eləmirəmsə, bu qrupa öz münasibətini bildirən yeganə Azərbaycan bəstəkarıyam.

 

-Mahnılarınızın əksəriyyətini həm rus, həm də Azərbaycan dilində oxumusunuz. Evdə necə hansı dildə danışırdınız?

 

- Həm rus, həm də öz dilimizdə. Atamla həmişə Azərbaycan dilində danışmışıq. Bir də mən uşaqlıqda yayın bir hissəsini Mərdəkanda bağda qalırdım. Orda uşaqlarla oynaya-oynaya dili də təmiz öyrəndim, vuruşmağı da öyrəndim, söyüş söyməyi də öyrəndim, hələ desən kəllə atmağı da. Demək istəyirəm ki, özümü müdafiə edə bilərəm. Bu böhtanları ki, mənə yağdırırlar - elə eləməsinlər ki, mən də bir gün qarabağlıları yığıb gedim, kiminsə layiqli cavabını verim.

 

- Qarabağlılar hakimiyyətdə deyil axı.

 

- Mən qarabağlıyam, özüm də hakimiyyətdəyəm.

 

- Bir halda ki, söhbət bura gəldi çıxdı... Mətbuatla münasibətinizi niyə belə gərgin saxlayırsınız?

 

- Əvvəllər bütün qəzetlər dövlət nəzarətində olanda nadir hallarda qeyri-dəqiq informasiyalar gedirdi, yalan gedirdi. Adamlar da qəzetlərə inanırdılar...

 

- Ya da yalan dövlət səviyyəsində olurdu.

 

- O ideoloji məsələlərlə bağlı yalan idi. O vaxt əgər hər hansı bir nazir haqqında tənqidi yazı gedirdisə hamı bilirdi ki, bu nazirin "kitabı bağlanıb", onu işdən çıxardacaqlar. Tam səmimiyyətlə deyirəm, xoşa gəlmək üçün yox. Bu tabunu hörmətli prezidentimiz Heydər Əliyev yıxdı. 1980-ci illərin əvvəllərində məndən əvvəl mədəniyyət naziri işləmiş - çox gözəl, təmiz insan, ləyaqətli, yüksək səviyyəli bir ziyalı olan Zakir Bağırov haqqında "Pravda" qəzetində tənqidi məqalə getmişdi. Onu yıxmaq istəyən bir qrup azərbaycanlı müxtəlif vasitələrlə bunu təşkil etmişdilər. O zaman hamı elə fikirləşirdi ki, vəssalam, Zakir Bağırovu işdən çıxaracaqlar. Belə olmadı. Komissiya yaradıldı, araşdırdılar. Hər şey üzə çıxdı. "Pravda" kimi bir qəzetdə material çap elətdirənlərin qərəzli münasibəti, məqsədi aydın oldu. Zakir Bağırov düz on səkkiz il nazir işlədi. Bunu niyə xatırlatdım? İndi qəzetlər çox, hərəsinin öz sahibi və arxasında duranı. Nə istəyirlər yazırlar, məsuliyyət də daşımırlar. Düzdü, bəzən iş məhkəmələrə gedib çıxır, amma hər adamın pulu da yoxdu vəkil tutsun, məhkəmə xərclərini ödəsin. Bunu da nəzərə almaq lazımdır. Hər yazılan sözün arxasında fakt durmalıdır. Bir də ki xalqın mentalitetini də nəzərə almaq lazımdır.

 

Bu yaxınlarda bir hörmətli sənətkarımız qəzetlərin birində məndən şikayətlənir, Bülbülün və mənim yubileylərimizdən danışır. İşin əsli budur ki, həmin bu tarzən bir neçə il bundan əvvəl gəldi mənim yanıma dedi ki, qastrola gedirəm, tarım xarab olub, mənə tar verin. Dedim: Mədəniyyət Nazirliyində tar yoxdu axı. Dedi: muzeydə filankəsin tarı var, onu verin. Dedim: muzey əşyasını necə vermək olar? Sonra nəsə məsuliyyəti götürdüm boynuma, muzeyin direktoruna tapşırdım tarı versinlər. O da vermək istəmirdi. Dedim ki, qastroldan qayıdan kimi gətirib qaytaracaq. O qaytaran, bu qaytaran, beş il oldu gətirmədi. Tarın sahibinin qardaşı oğlu da bizdən şikayət yazdı ki, əmimin tarı muzeydən yoxa çıxıb. Nə isə, min bir müsibətlə tarı geri gətirtdik. Kimlər bizə zəng eləmədi bu tardan ötrü...

 

İndi bu sözləri danışır, soruşmurlar ki, bu yaşa çatmısan, evin, maşının, geyimin-gecimin, amma tarın yoxdu? Odunçunun baltası olar, jurnalistin qələmi, sürücünün maşını və s. Muzey əşyasını sənə niyə verməliyik ki? Bunu soruşmurlar, amma yazırlar ki, nazir sənətkarın tarını əlindən alıb. Başqa yazılar da eləcə. Siz bilən mətbuata necə münasibətdə olmalıyam?

 

- Hər halda mətbuatla yaxşı münasibətdə olan iqtidar nümayəndələri də var.

 

- Bir qəzet ki, adını "Bulvar" qoyub, mən ona hörmət eləyə bilmərəm. Pul verib yazı yazdırmaq da mənim xasiyyətimə uyğun deyil. Yeri gəlmişkən, "Ədalət" qəzeti həmişə məni müdafiə eləyir, təşəkkürümü bildirirəm.

 

- Nazir olmasaydınız bu sözləri də eşitməzdiniz. Hakimiyyətdə olmaq sənət adamına nə verir? Siz onsuz da guruldayan bir adın sahibisiniz.

 

- İnanın ki, heç nə. Neçə illərdi yaradıcılıq da qalıb bir tərəfdə. Həmişə demişəm, hər an bu kabinetdən getməyə hazıram. Mənim insanlarla daim gözəl münasibətlərim olub. Amma indi işimlə bağlı o qədər problemlər yaranıb ki. Bax bu gün iki adamı işdən çıxarmağa məcbur olmuşam.

 

- Ümumiyyətlə, sərt adamsınız?

 

- Çox. Mənim sərtliyim olmasaydı, bu sistem çoxdan dağılardı. Nazirlikdə çox ciddi nizam-intizam var.

 

- Bəs evdə, ailədə necə?

 

- (Bir az fikirləşir.) Evdə də elə...

 

- İnanmaq olmur.

 

- (Gülür.)

 

- Özəl həyatınızı niyə belə yeddi qapı arxasında saxlayırsınız?

 

- Bir halda ki özəldir, deməli, gizli qalmalıdır...

 

- Amma hər halda çox adama maraqlıdır.

 

- Oğlum Moskvada yaşayır. O da musiqiçidir. Babasının adını daşıyır. Teymur Bülbül. Üç yaşında bir qızım var, Leyla. Çox şirin və şeytan qızdır. Ailədə də, bütün azərbaycanlı ailədə olduğu kimi patriarxat hökm sürür.

 

Bu gün baş alıb gedən zövqsüzlüyə mədəniyyət nazirinin münasibətini soruşuram.

 

- Bu, mənim ağrılı yerimdi. Təəssüf ki, bu tendensiya get-gedə artmaqdadır. Belə getsə bir beş-on ildən sonra gələn nəsil Baxı da, Bethoveni də, Motsartı da, heç Üzeyir Hacıbıyovu da tanımaya bilər.

 

- Bəs bunun qabağını kim almalıdır? Sənətin ciddi növləri dövlət nəzarətində, dövlət qayğısında olmalı deyil?

 

- Biz çalışırıq bunun qarşısını almağa. Uşaq filarmoniyası yaradılıb, tez-tez simfonik musiqi konsertləri təşkil olunur. Televiziya kanallarının da böyük təsir qüvvəsi var, onlar da bu prosesdə iştirak etməlidirlər. İndi çox şey Mədəniyyət Nazirliyinin tabeçiliyindən çıxıb, özəlləşdirilib. Kinonu dövlət nəzarətindən çıxardılar. Axırı nə oldu? Kino sənayemiz dağıldı. İndi yenə dövlətdən pul istəyirlər. Başqa sahələr də eləcə. "Mən özüm" demək sözdə çox asandır, sonra bu sözün arxasında durmağı bacarmaq lazımdır. Bu fürsətdən istifadə edib bəzi sənətçilərimizin yadına salmaq istəyirəm ki, Mədəniyyət Nazirliyi konsert təşkilatçısı deyil. Heç kimi də qastrola göndərmir. Bunu nəzərə alsınlar və bizdən inciməsinlər. Bununla özəl qurumlar məşğul olur...

 

Uzun illər "qardaş xalqlar" birliyinin sevimli sənətkarı olub. Qəribədir ki, özbək də, yakut da, latış da, çukça da, rus da onun mahnılarını bizim sevdiyimiz kimi sevib və qəbul edib. Hansı dildə oxusa da bu mahnıların Azərbaycan bəstəkarlarının yazdığı anlaşılıb. Xalq musiqisi ilə estrada janrının qovşağında yaratdığı "Bayatılar", "Dilin can incidəndir", "Çiçək tapa bilmədim", "Durnalar" bu gün də müasirdir, təzədir. Özü də eləcə. İllərin sığal çəkdiyi saçları bəyazlaşsa da otuz il əvvəlki şık geyimli, gözəl, cazibəli oğlandır. Başa vurduğumuz XX əsr onların əsri olub - atanın və oğulun. XXI əsrdən nə gözləyir?

 

- İnanın ki, özümçün heç nə. Ancaq Qarabağ. Mən Bakıda doğulub böyümüşəm, ömrümün çox hissəsi dünyanın müxtəlif şəhərlərində konsertlərdə, qastrollarda keçib. Amma görünür bu da yaşla əlaqədardır - illər keçdikcə insan dədə-baba torpağına daha çox bağlanır. Qarabağda keçirdiyim günlərin sayı o qədər də çox olmaya bilər. Vətəni sevmək üçün orda olmaq şərt deyil. Amma bu dərd məni içimdən yeyir. Şuşa yuxularımdan çıxmır...

 

Mən tam səmimiyyətlə ürəkdən yazdığım bu yazını kiməsə xoş gəlmək üçün yazmamışam. Sevdiyim, hörmət bəslədiyim bəstəkar və müğənni üçün yazmışam. İndiyə qədər nazir kreslosunda çox adamlar oturublar. Vəzifə gəldi -gedərdi. Amma bu gözəl melodiyalarıi bizə bəxş edən Polad Bülbüloğlu var və olacaq. Bunun üçün təşəkkürlər, Polad müəllim. Yeni mahnılar eşitmək ümidi ilə, hələlik.

 

***

 

10 il əvvəlki müsahibəsinin sonunda "Şuşa yuxularımdan çıxmır" demişdi. Neçə illər sonra rəsmi şəxs qismində Şuşaya getdi. Amma bu onun ağrılarını azaltmadı yəqin ki. Şuşaya getmək heç nəyi dəyişmədi.

 

 

 

55 yaşını qeyd edəndə böyük səhnədə üç saatlıq konsert vermişdi, yadımdadı gül gətirən qızlara baxıb dedi: "Bakıda bu qədər gözəl qızlar var, mənimsə 55 yaşım var". Amma fikirləşirəm ki, 55-də də, elə 65-də də min cavana dəyən oğlandı.

 

Gəncliyimizin Poladı. İndi hər yerdə o qədər gözəl-gözəl güllər var ki, amma gəncliyimizin o ətirli çiçəkləri yoxdur. Çiçək tapa bilmədim, Polad, sənə göndərəm. Təbriklərimi qəbul elə!

30.01.2010

 

Ədalət.-2015.-5 fevral.-S.3.