İLLƏR ÖTÜB KEÇDİKCƏ...

 

 

Adam da ağac təki yaman kövrək olurmuş,

Gəl indi qovhaqovda bir vaxt tapıb baş qaşı.

Atlı, qanadlı günlər daha seyrək olurmuş

İllər ötüb keçdikcə, haqladıqca yaş yaşı.

 

Həmişə bir gözəlin sözü düşür yadıma,

- Bu çatmaqaş səninki, bu göz sənin ha deyil!

Daha şirin sözlər də heç çatmaz imdadıma,

Dərd də qoşun-qoşundu, dərd də heç tənha deyil.

 

Qalıb yarsız, yoldaşsız bu yolu getmək olmur,

Ömür də sürüşkəndi, düşüb gedir əlindən.

Mən qayıdan deyiləm, axı, tökülən dolmur,

Qaçmaq da mümkün deyil vaxtın gəlhagəlindən.

 

Bu sənsiz bir yoluydu getdim - qurtarmadı heç,

Bu bir yuxuydu gördüm - qırx il, altmış il, yüz il.

Bax bu sonsuz yolun da bəlli deyil adı heç,

Bu gördüyüm yuxu da yozulan yuxu deyil!

 

Nə gözəl dünyam vardı bir zamanlar, ay Allah!

İndi nədəndir belə tükənir gücüm axı?!

Hardan çıxdı qarşıma bu yamanlar, ay Allah,

Görəsən bu həyatda nə imiş suçum, axı?!

 

Adam da ağac təki yaman kövrək olurmuş,

Gəl indi qovhaqovda bir vaxt tapıb baş qaşı.

Atlı, qanadlı günlər daha seyrək olurmuş,

İllər ötüb keçdikcə, haqladıqca yaş yaşı.

 

 

HEÇ

 

Soyuqlu q xanıma yaraşan deyil,

Görmədim sənintək soyuq adam heç.

Çox yandım bu qədər soyuqluğuna,

Sönmədi bir an da közüm, odum heç!

 

Bəlkə xəyallarda itib batmısan,

Adımın yerinə bir ad tapmısan.

Deyəsən, lap çoxdan silib atmısan,

Söylə, ürəyində varmı adım heç?!

 

Şamtək damla-damla axdım, əridim,

Dərdindən aləmə yayıldı dərdim.

Bu ömrü mən sənə qurban verərdim,-

Neynim, özüm ondan yarımadım heç!

 

 

SƏNƏ

 

İmkanlı və həris bir bədbəxt tanışıma

 

Nə qədər hərissən pula, dövlətə,

Zalım, nə söyləyim mən durum sənə?!

Bəs etməz axsa da qızılla dolu

Nə Arazım sənə, nə Kürüm sənə.

 

Heç vaxt bilmədiyin sirr açım gəlsən, -

Bədbəxt oğlu bədbəxt, sən ki, dəlisən!

Gözlərin doymursa payızda gəl sən,

Xəzəli pul kimi süpürüm sənə.

 

Dedilər adam ol, utan, olmadın,

Olmadın, ay aranqutan, olmadın,

Bir yetim qolundan tutan olmadın, -

Dünya kimə qalır, tüpürüm sənə?!

 

 

İSMAYIL

 

Mənə qardaş qədər doğma və əziz olan, el-oba içində böyük hörmət qazanmış, həyatda taleyi üzünə gülməyən qaynım İsmayılın unudulmaz xatirəsinə

 

Yoxluğun necə də mənə dan gəlir,

Mənəm dərd içində azan, İsmayıl!

Olum da, ölüm də Tanrıdan gəlir,

Gəlib belə yazıb yazan, İsmayıl!

 

Tökülür torpağa bu ömür dən-dən,

Bir xoş gün görmədin sən bu ömürdən.

Dünyada yalançı bu səs-səmirdən,

Yorulan İsmayıl, bezən İsmayıl!

 

Uzanır taleyin yolları hələ,

Fikrim o günlərə yollanır hələ.

Bəlkə qan ağlayır qolları hələ,

Kimiydi qəbrini qazan, İsmayıl?!

 

 

ÖLÜNCƏ

 

Nə yaman rahatsan bu xarabada,

Səni ağlayacam, səni, ölüncə!

Üstünə yüyürüb qarda, boranda,

Səni ağlayacam, səni, ölüncə!

 

Daha yaşamağa həvəsim yoxdu,

Sən yoxsan, kəsilib nəfəsim-yoxdu!

Mənim ağlamağa heç kəsim yoxdu,

Səni ağlayacam, səni, ölüncə!

 

Ömrümə qaralar, ağlar qoymusan,

Dərdli ürəyimi çağlar qoymusan,

Özün Zirəddini ağlar qoymusan,

Səni ağlayacam, səni, ölüncə!

 

 

DÜŞÜNCƏ

 

Kaş özüm yetəydim öz harayıma,

Çataydım ellərə soraq düşüncə.

Görəydim hardadır dünyanın sonu,

Görəydim,-gözümə torpaq düşüncə!

 

Bir şirin nağıldı həyata uymaq,

Kimə gərəyiymiş yatıb uyumaq?!

Bizə nəsib olmur çox şeyi duymaq -

Bu göy düşüncədir, torpaq düşüncə...

 

Durub ağladıqca insan kiçilir,

Gözünün yaşını küləklər silir.

Ağaclar nə çəkir, bir Allah bilir,

Saralan sonuncu yarpaq düşüncə.

 

Bir gözəl varıydı-qəlbi şüşəydi,

Qocalıq vədəsiz xətrinə dəydi.

Təbiətin özü xəstə düşəydi

Onun tellərindən daraq düşüncə!

 

Zirəddin günləri ötürməkdədir,

Bu ömrü gətirib bitirmək nədir?!

İndi başa düşdüm itirmək nədir, -

Öləydim, əlimdən varaq düşüncə!

 

 

SƏNİ VERƏNƏ ŞÜKÜR...

 

İllər yuxuymuş demə, -

Sən niyə ləngiyirdin?!

Qalmışdıq əl-amanda,

Belə hardan yüyürdün,

Gəldin gözəl zamanda.

 

Adın Mehridir sənin,

Böyü, hər şeyi anla.

Adınla qoşa yaşa!

Bambalaca dünyanla

Verib baş-başa yaşa!

 

Üzünü görmədiyin

Nənənin adıdır bu,

Sənə yadigar qoyub.

Nənənin dadıdr bu-

Nənən səndə uyuyub.

 

Sən bizə xoş gəlirsən,

Gəl, balamın balası.

Qədəmlərin mübarək!

Gəl, balamın anası,

Sevinir neçə ürək.

 

Yerə, göyə sığmırıq,

Nə göyçəksən, nə göyçək!

Nə qəşəng ətirin var,

Qışda açılan çiçək,

Nənəndən xatirən var.

 

Yamanca darıxmışdıq -

Gəlib çıxa bilmirdin,

Sənsizlik çətiniydi.

Sən hələ bir sirr idin-

Günümüz nə günüydü?!

 

Özbaşına gəlmədin,

Yol var, bir ötürən var.

Hər tərəfə nur çökür,

Gəl, səni gətirən var,

Səni verənə şükür!

 

 

BİR TALESİZ QADINA

 

Hönkür-hönkür ağlama,

Elin, oban ağlayır.

Soyuq göz yaşlarından

İsti yuvan ağlayır.

 

Coşursan, çağlayırsan,

Ömürdü, haqlayırsan.

Evdə sən ağlayırsan, -

Çöldə tufan ağlayır.

 

Danışma kövrək anda,

Bax bu səsdə, bu tonda!

Əllərindən tutanda

Əllərim qan ağlayır.

 

Hanı o boy, yaraşıq?!

Yuxum pozuq, qarışıq...

Ağlama, şər qarışır,

Açılmır dan, - ağlayır!

 

Qalan deyil cahanda,

Gülən də, ağlayan da!

Axı sən ağlayanda

Bütün hər yan ağlayır.

 

PAYIZDA

 

Bu bir payız yağışıdır,

Dağ yolu islandı yenə.

Qatıq ayrana çevrildi,

Tez-tez atılandı yenə.

 

Gülü solmuş bağlar gördüm,

Qoca-qoca dağlar gördüm.

Sap-sarı yarpaqlar gördüm,

Dizlərim qatlandı yenə.

 

Günlər nə itirib gedir?! -

Vaxtını ötürüb gedir,

Ömürlər bitirib gedir,

Dostlar xatırlandı yenə.

 

Dünyanı dəyişən payız,

Çayları deyişən payız,

Yelləri döyüşən payız,

Ruhum qanadlandı yenə.

 

Doldum xəyala dalınca,

Yandım səs-soraq alınca,

Kövrək xatirə dalınca

Ürəyim atlandı yenə.

 

Gedənlər nə idi?!-getdi,

Könüllərə dəydi, - getdi.

Bir qız tez böyüdü getdi,

Bir oğlan aldandı yenə.

 

Yollar boşalıb yollanır,

Quşlar çaş qalıb yollanır.

Bu köç baş alıb yollanır,

Eh, canım odlandı yenə!

 

 

MƏNİM DEYİL

 

Yaş üstə yaş gəlir, axı, nə fayda?

Sağım yoxa çıxır, sol mənim deyil!

Bu fani dünyada o var, o dövlət

Nə qədər olsa da bol, mənim deyil!

 

Dincəlləm uzağa meylini salsa,

Həsrət ötüb getmir nə qeyli-qalsa...

Yarsız yar tərəfə uzalı qalsa

Deməli, o sınmış qol mənim deyil!

 

Zirəddin, aləmi dolanır bu yol,

Tozlanır, sulanır, bulanır bu yol,

Yerin o başına yollanır bu yol, -

Mənzildən o yana yol mənim deyil!

 

 

Ədalət.-2015.-12 fevral.-S.7.