“Məmurun işi heç də ona müraciət edən insanın problemini həll etməkdən ibarət deyil”

 

Rasim Məmmədov: “Gəncliyimiz ötən dövrdə üzləşdiyi problemlərdən daha da təhlükəli problemlə üzləşir”

 

Sabitlik və İnkişaf Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədovun Adalet.az-a müsahibəsi

-Rasim müəllim, siz bir müddət öncə "Ədalət” qəzetinə müsahibənizdə məmur özbaşınalığı ilə bağlı ciddi fikirlər söylədiniz. Üstündən qısa zaman keçmədi, Prezident İlham Əliyev keçirdiyi müşavirədə bu məsələyə toxundu və məmurların xalqa xidmət etməkdə borclu olduğunu bir daha vurğuladı…

-Hər zaman prezidentin toxunduğu məsələlərlə bağlı hər kəs öz payını götürür. Məmurlarımız heç də hamının bildiyi kimi deyil. O müşavirədə səslənən fikirlərdən sonra mövcud problemlər aradan qalxmağa başlayıb. Biz də məmur özbaşınalığı haqqında danışmışıq. Bu allahın bir qismətidir ki, bizim qaldırdığımız məsələyə prezident dərhal reaksiya verdi. Mən deyərdim ki, məsələlərin belə üst-üstə düşməsi ilahinin işidir və onu da qeyd etmək istəyirəm ki, bu həm də bizdə bu dövlətə, bu hakimiyyətə, cənab prezidentimiz İlham Əliyevə olan sevgi və istəkdən qaynaqlanır.

Bilirsiniz, bu gün sosial problemlərin yaranması heç də insanların pis yaşaması ilə bağlı deyil. Hərçənd ki, statistik rəqəmlər də bunu deməyə əsas verir ki, Azərbaycanda kasıb təbəqə yox vəziyyətindədir. Ancaq müəyyən kəsim var ki, bu insanlar haqsızlıq, ədalətsizliklə üzləşirlər. Məmurun işi heç də ona müraciət edən insanın problemini həll etməkdən ibarət deyil. Elə vətəndaş ola bilər ki, heç o doğru-dürüst müraciət etmək formasını bilməz, bu yöndə müəyyən problem olar. Bu gün isə vətəndaşları normal qəbul edib, onların dərdini dinləyib, vətəndaşın problemini öz problemi bilib bu işə həvəslə, canla-başla yanaşan məmur azlıq təşkil edir.

Türkiyə və digər ölkələrdəki yüksək çinli məmurlar vətəndaşlarla ünsiyyətdə öz vətənpərvərliklərini dərhal büruzə verir. Hətta vətəndaşların problemlərinin həlli mümkünsüz olduğu halda məmur o vətəndaşı elə qəbul edib onun dərdinə şərik çıxır ki, vətəndaş məmurdan çox razı halda ayrılır. Ancaq bizdə məmur kresloya yiyələnən kimi özünü ağa, şah kimi apararaq xalqdan uzaqlaşır.

 

Xalq adı gələndə nədənsə məmur

Əvvəl yuxarı yox aşağı baxır.

Hərə öz çiynindən aşağı duran

Kiçik adamları xalq bilir axı.

Bu dörd misra ilə yəqin ki, fikrimi çatdıra bildim.

-Yeri gəlmişkən, bu gün kadr siyasəti həyata keçirilir. Bu siyasət barəsində nə deyə bilərsiniz?

-Hər hansı məmur vəzifəyə təyin olunursa, onun vətənə və dövlətə xidmətləri əsas götürülür. Bu gün həyata keçirilən kadr siyasətində yeni-yeni simalar vəzifəyə təyinat alırlar. Bu siyasət müsbət qiymətləndirilir. Ancaq bəzi hallarda baxırsan ki, məmurlar dövlətə sədaqətli insanlara üstdən aşağı baxırlar. Onda özüm-özümə sual verirəm. Müxalifət liderləri bizi sevmirlər. Sevməməkdə haqlıdırlar. Çünki uzun illər biz radikal müxalifətə qarşı sərt mövqe göstərmişik, onları ifşa etmişik. Yumurta döyüşünə çıxmışıq və onların ətrafında olan sağlam düşüncəli insanları müxalif cəbhədən ayrılmasına nail olmuşuq. Bəzi məmurların bizi sevməməsini nə ilə izah etməkdə çətinlik çəkirəm. Bu sual həmişə məni düşündürür ki, məqsədimiz, ideyamız bir, siyasi mövqeyimiz bir olduğu halda məmurlar sədaqətli insanlara nədən biganə qalırlar. Yəqin münasibət də əbəs yerə formalaşmayıb. Çünki biz bu millət, dövlət üçün qanımızdan, canımızdan keçməyə insanlarıq. Mən özümdən deyim ki, mən ümummilli lider Heydər Əliyev siyasətinin yaşaması, bu siyasətin daha uzun ömürlü olması üçün qanımdan və canımdan keçməyə hazıram. Bu daxildən gələn bir hissdir. Kimsə buna görə mənə heç nəyi məcbur edə bilməz. Əqidəmiz bəlli, yolumuz bəllidir.

-Müasir gəncliklə ötən dövrün gəncliyi arasındakı fərq barəsində nə deyə bilərsiniz?

-Onu deyim ki, 1989-1993-cü illərdəki gəncliyin problemini hər birimiz bilirik. Gənclik vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə qədər şərəfli bir yol keçib, dünya gəncliyi qarşısında öz layiqli sözünü deyib. Azərbaycan gəncliyi dünyaya Xocalı Faciəsini qəbul etdirib. Müasir, yeniləşən və sürətli inkişaf edən ölkəmizi layiqincə tərənnüm edir.

SSRİ dağılandan sonra qısa zamanda Azərbaycan gəncliyi bir boşluqla qaldı. Onlar müxtəlif qruplaşmalara qoşuldular. Ancaq onlar harda olmalarından asılı olmayaraq vətən, millət və xalq üçün, müstəqilliyimiz üçün can atırdılar. Ancaq bugünkü gəncliyə nəzər salanda aydın olur ki, heç də bugünkü gənclik gələcək üçün müsbət fikirlərin formalaşmasına zəmin yaratmır. Gəncliyimiz ötən dövrün gəncliyindən də daha təhlükəli problemlərlə üzləşir. Müxtəlif təriqətlərə qoşulurlar. Bu azmış kimi xaricdə olan havadarların köməkliyi ilə dövlətçiliyimizə qarşı kompaniya aparırlar. Çox şükürlər olsun ki, Azərbaycan hüquq-mühafizə orqanları bu yöndə ayıq-sayıqdır. Başqa dövlətin missioner fəaliyyətini üzərinə götürən gəncliyə isə heç harda yer yoxdur. Çünki Azərbaycan gəncliyi Azərbaycan dövlətinə və xalqına, dahi Heydər Əliyev ideologiyasına xidmət etməlidir və dünya gəncliyinə sübut etməlidir ki, Heydər Əliyev siyasəti, ideologiyası hələ uzun illər yaşayacaq.

-Sizin bir deyiminiz var: "Kapital və siyasət dövlətə məxsusdur”. Bunu necə əsaslandırardınız?

-Dünyada hər bir şey ölüb gedəcək,

Dünyada ölməyən xalq olacaqdır.

Bu misralar Xalq şairi Söhrab Tahirin şerindən bir parçadır. Burdan da görün düyü kimi xalqın yaşaması zəruridir. Hər kəs bu yöndə fəaliyyət göstərməli, əlindən gələni etməlidir. Mən "Kapital və siyasət dövlətə məxsusdur” deyimimi belə əsaslandırıram ki, bir dövlətin yaşaması üçün kapital və siyasət vacib amildir. Bu dövlət daimidir. Dövlətin yaşaması üçün kapital ilkin şərtdir. Kapital olmasa vətəndaşların sosial-rifah halının yüksəldilməsi, beynəlxalq layihələrin həyata keçirilməsi mümkün olmaz. Siyasət isə ona görə lazımdır ki, mövcud müstəqilliyi qoruyub saxlaya biləsən və bu siyasətlə sabit bir ölkədə xalqın xoşbəxtliyinə nail olasan. Bu gün uğurlu siyasət həyata keçirilir. Dövlət öz siyasəti ilə xalqını yaşadır. Bu siyasət xalqa xidmət edir. Ancaq ailədə, dostluqda, kollektivdə siyasət yox, şəffaflıq və düzgünlük vacib şərtdir. Çox yerinə düşərdi ki, ölkə başçısı cənab İlham Əliyevin dediyi fikirləri sizə eynilə çatdırım: "Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.

Eyni zamanda kapitalla bağlı bu fikirləri demək olar ki, kapital məhdud çərçivəyə yönəldilərsə, o zaman bu siyasət də axsayar. Ümumi dövlətin mənafeyinə xələl gələr.

Bu gün cəmiyyətdə yaranan vəziyyətə nəzər salanda aydın olur ki, cəmiyyət yalandan bezib. Artıq yalan işləmir. Bir çox məmurlar isə dövlətin kapitalını məhdud çərçivəyə yönəltmək, öz ağırlığını qoruyub saxlamaq üçün yalan siyasət yürüdürlər. Bu da cəmiyyətdə sosial ədalətsizliyin yaranmasına gətirib çıxarır. Yaranan bu problem isə bir qrup insanların digər vətəndaşlara yuxarıdan aşağı baxması ilə nəticələnir. Yerlərdə bəzi icra başçıları dövlətin onlara ayırdığı vəsaiti elə istifadə edirlər ki, nəticədə rayon üçün ayrılan pul ailə büdcəsindən kənara çıxmır. Halbuki bu vəsait aidiyyəti üzrə xərclənsə, həm nəticə yaxşı olar, həm də narazılıqlar az olar.

-"Ədalətsizliklə ən sərt mübarizə ədalətli olmaqdır” – deyərkən cəmiyyətə nəyi açıqlamaq istəyirsiniz?

-Bu yaxınlarda Bakıda beynəlxalq bir tədbir keçirildi. Xocalı Soyqırımına həsr olunan tədbirdə bir sıra qonaqlar iştirak edirdi. Hər kəs Azərbaycana qarşı ikili standartlardan, ədalətsizlikdən danışdı. Mən isə məsələyə başqa aspektdən yanaşdım. Sual etdim ki, nəyə görə dünya birliyi hələdə bizə qarşı ədalətsizlik nümayiş etdirir. Bəlkə özümüzdə nəyisə axtaraq?

Bəlkə özümüzü dəyişək, dünyada dəyişsin prinsipinə üstünlük verək, bir-birimizə qarşı ədalətli olmaqla bu problemi həll edə bilərik?.. Qeyd edim ki, yaradan bu dünyanı haqq-ədalət üzərində qurub. Heç bir ədalətsizlik cavabsız qalmır. Bəlkə biz hardasa ədalətsizliyə yol veririk ki, uzun illərdir dünya birliyindən də bu kimi haqsızlıqla üzləşirik. Bu baxımdan mən düşünürəm ki, dünya birliyinin ədalətsiz mövqeyinə qarşı hər bir Azərbaycan vətəndaşı ədalətli olmalıdır. Bir-birinin probleminə sevgi ilə yanaşmalı, problemləri ilə maraqlanmalıdır. Bu gün müəssisə rəhbəri işçisinin problemi ilə maraqlanmırsa, onun işçisi problemləri üzündən işini də normal həyata keçirə bilməyəcək. Bütün bunlar isə dünya birliyinin ikili standartları ilə ən gözəl mübarizə vasitəsidir. Necə ki, ölkə prezidenti gördüyü işləri ilə dünyanı heyran qoyur, biz də özümüz-özümüzə qarşı ədalətli olmaqla dünyadakı ədalətsizliyə qarşı çıxmış olarıq.

-Bir məsələyə diqqət yetirmək istəyirəm. QHT sektoru da fəallığı ilə seçilən qurumlardır. Ancaq buna baxmayaraq cəmiyyətdə bu və ya digər problemlər hələ də qalmaqdadır.

-QHT sektoru ölkədə vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında körpü rolunu oynayır. Bir sıra QHT-lər var ki, daim aktiv fəaliyyəti ilə seçilir. Mütəmadi olaraq tədbirlər keçirir, cəmiyyətdə davamlı işlər görür. Vətəndaş cəmiyyəti olaraq onlar bu işləri öz hesabına görürlər. Bəzi hallarda heç bir dövlət qurumu onlara gördükləri işə görə adi, çox sağ ol sözünü demirlər. Bir çoxları da dözümsüzlük nümayiş etdirərək dövlətdən incik düşürlər. Bu kimi faktlarla rastlaşanda onlara izah edirik ki, problemi yaradan dövlət deyil, dövlətə kimlərsə tərəfindən sırınan sədaqətsiz insanlardırlar. Bu insanlar isə bizlərin hər birimizə yaxın və qohum olan insanlardır.

- Həyatda ən qiymətli hədiyyəniz?

-Düşünürəm ki, həyatım boyu ən qiymətli hədiyyəm dahi Heydər Əliyevin əziz xatirəsinə təsis etdiyimiz "Əbədi lider” qızıl döş nişanı və fəxri diplomudur ki, biz bu mükafatla ulu öndər Heydər Əliyevin müqəddəs ideyalarına sədaqətlə xidmət edən insanları təltif edirik və bununla Azərbaycanın qurucusu, ölkəmizi dünyaya tanıdan dünyanı idarə etmək gücünə malik, dahi Heydər Əliyevə olan sevgimizi bir daha sübut etmiş oluruq.

Ədil Ədilzadə