Etibarlı dost və yaradıcı insan

 

Camal Zeynaloğlu ilə ilk tanışlığımız 1997-ci ilə təsadüf edir. O zaman Camal "Son söz" qəzetinin baş redaktoru vəzifəsində çalışırdı. Dövrü mətbuatda az-çox tanınan dərgilərin yayım səbəbi çox vaxt onun redaktorunun şəxsiyyətilə bağlı olur. Əslində bu onun şəxsi işi idi. Bir şeir, bir hekayə, bir povest, nəhayət birinci kitab səviyyəsinə qədər...

Bu gün C.Zeynaloğlu doqquz kitab müəllifidir, amma buna baxmayaraq buna baxmayaraq onun qarşısında hələ çoxlu perspektiv planları vardır və bunun üçün onun bəs qədər yaradıcılıq potensialı da vardır.

90-cı illərin sonlarında Camalın Qarabağ mövzusunda kitabı çapa hazırlanırdı. Azərbaycan ziyalısının ruhunu incidən bu mövzu ona da əzab verirdi. O zamandan mən Camalın yazılarını izləyirəm. İndi düşünürəm ki, nə yaxşı ki, yollarımız kəsişdi, nə yaxşı ki, onu tanıdım. O zamandan bu günə kimi çox şeylər dəyişib. Bu sözü xüsusilə Camala aid etmək istəyirəm. Çünki o, indi mənim üçün bir zaman tanıdığım bir naşir deyil. Sevdiyim və sənətinə rəğbət bəslədiyim dostlardandır.

Dünyanın çox qəribəlikləri var. Bəlkə əvvəllər də belə olub, bilmirəm. Bu gün insanın ən ümumi ehtiyaclarından biri həmdərd tapmaqdır. Vəzifəsindən, milliyyətindən, cinsindən, irqindən, hətta əqidəsindən asılı olmayaraq insanlar bu axtarışdadır. Tapırlar və dostlaşırlar. Hiss edirəm ki, insan bəlli bir yaşda dünyanın faniliyini daha aydın dərk edir. Həyat adlandırdığımız intervalı isti münasibətlərlə yaşamağın dəyərini anlayırlar.

Haradasa beş-altı il əvvəl Camalla tez-tez görüşər, hal-əhval tutar, qayğılarımız ancaq bədii yaradıcılıq barədə olardı. Amma, indi arxaya boylanıb təəccüblənirəm. Bu illər nə taz keçdi, bu illər içində qocaldıqmı? Düşünürəm ki, yox qocalmadıq. Sadəcə həyatımızın, dövrümüzün çətinlikləri bizi yaşımızdan tez böyüməyə, müdrikləşməyə məcbur etdi. Camalın gənc olmasına baxmayaraq ona müdrik deyə bilirəm. Dahi Sokrat deyir ki, danış səni görüm. Mən də Camalı görürəm, çünki onu oxuya bilirəm. Hər yaradıcı insanın sərvəti onun dilindədir. Özü nə boydadırsa, yaradıcılığı da o boydadır. Onun çap edə bildiklərindən, çap edə bilmədikləri daha çoxdur. Lakin bəzən kiçik bir yazı, bir hekayə, insana münasibət onun haqqında qəti fikir söyləməyə imkan verir. Camal bu qəbildən olan yazarlardandır. Bəlkə də, camal kimi yazarlar respublikada yetərincədir. Amma onlardan heç biri məhz Camal deyil, hər fərdin qiymətli şəxsi dəyərləri onun yaradıcılığını tamamlamaqdadır.

Niyə Camala müdrik deyə bilirəm, çünki onda dünya ədəbiyyatının və klassiklərin bu günə qədər yaratdığı böyük ədəbiyyatın bəhrəsi, öyrəndiyi dillərin və ana dilinin harmonik vəhdəti var. İstər tərcümələrində, istərsə də ana dilində yaratdıqlarında eyni dərəcədə uğurludur. Onun nə qədər püxtələşdiyini yazılarının xronikasında açıq-aydın hiss etmək olur.

Bizim dövrümüzdə kitab oxumaq dəbdə idi. Mənim yaşıdlarımın çoxu dövrümüzün dəbdə olan müəlliflərini və məşhur əsərlərini xatırlayırlar. Onların arasında mənim üçün Salam Qədirzadənin xüsusi yeri var. Onun "Kəndimizdə bir gözəl var" əsərini sevə-sevə, həyəcanla oxuduğumu hələ də xatırlayıram. Bu gün onu xatırlamağımın bir səbəbi də Camalın Salam Qədirzadə stilinə çox yaxın olmasıdır. Bunu əvvəllər də hiss etmişdim, amma özünə heç vaxt deməmişəm. Mənə Camalın lirik-romantik qəhrəmanı ədəbiyyatımızda Salam Qədirzadə qələminin duzunu, şirinliyini yaşadan birinin olduğunu deyir. C.Zeynaloğlunun "Tanrı cəzası", "Nakam məhəbbət", "Ölüm doğmalığı" kimi əsərləri bu qəbildəndir. Odur ki, deyirəm, əziz dostum, səndə Salam Qədirzadə qələmi var.

Camal heç vaxt mövzu dalınca qaçmayıb. Mövzu özü onu tapıb. Ürəyinin döyüntüsü sətirlərində həkk olunub. Buna görə də səmimidir. Səmimiyyət isə sevgi yaradır. Daim nəşr olunuroxunur.

Əhli-beytə bağlı olan bu mömin insan pafoslu çıxışlardan, qalmaqallardan, diqqət mərkəzində olmaqdan daim uzaq qaçır. Əxlaq və mənəvi dəyərlər onun üçün bütün münasibətlərin fövqündədir. Qəlbi insan sevgisi, məhəbbətilə doludur. İnsana sevgietibardan yoğrulub onun mayası. Ləyaqətini bayraq edib, daim başı üstündə saxlar.

Bu dəyərlərinə görə onu çox sevib qiymətləndirməyə bilmirəm. Camal kimi yaxşı bir dostum olduğu üçün mən də çox şanslıyam. Mən ondan soruşanda ki: "Camal, indiki dövrdə, riyakarlığın, yalanın, saxtakarlığın, inamsızlığın tüğyan etdiyi bir zamanda nədən insanlara bu qədər inanırsan, nədən onları bu qədər çox sevirsən?" sualına dostum gülərək belə cavab verir:

- Qardaşım Mirzəağa, mən insanların müxtəlif xarakterə və müxtəlif tiplərə malik olmasından asılı olmayaraq onları sevirəm, onlara inanıram, onlara rəğbət və hörmət bəsləyirəm. Çünki Allah-Təala insanları bir-birləri üçün yaratmışdır. Həyatda pis insan yoxdur. Sadəcə bizə "o, yaxşı insan deyil", deyə irad tutulması, qeyri-obyektiv fikirdir. Adamlarla ünsiyyətə girərkən ilk öncə, səmimi olmaq lazımdır. Onların daxilinə varmaq, nüfuz etməyi bacarmalısan. O zaman görərsən ki, sənə pis insan kimi qələmə verilən bu adamın içində necə də gözəl insani duyğular, mərhəmət, mehribançılıq, sədaqət, inam, qayğıkeşlik kimi yüksək insani hisslər yatır. Biz insanlara zahiri görkəminə, rəftar və davranışına görə qiymət veririk. İnsanlara verilən bu cür qiymət heç zaman düzgünobyektiv ola bilməz. Hər birimiz adamlarla ünsiyyət yaradarkən onların içlərində yatmış o gözəl mələkləri oyatmaq bacarığına və qabiliyyətinə malik olmalıyıq. O zaman bəlli olar ki, həyatda pis insan yoxdur. Sadəcə, həmin insanları bizim nəzərimizdə pis adam kimi qələmə verən, onu əhatə edən qeyri-sağlam mühit və cəmiyyətdir. Məncə, bütün insanlar gözəldir. Onları başa düşmək , onları anlamaq, onların dünyasına varmaq lazımdır...

Sizə elə gələ bilər ki, onu çox yaxından tanıdığım, yaxud bir məsəldə deyildiyi kimi yaxşı yol- yoldaşı olduğu üçün haqqında bu cür qiymətli fikirlər söyləyirəm. Sizə məsləhət görürəm ki, Sizonu oxuyasınız. Çünki, camalı tanımaq üçün onunla yol-yoldaşı olmaq deyil, onu oxumaq kifayətdir.

Dahi yazarlar etiraf edirlər ki, hər əli qələm tutan mütləq bioqrafiyasını yazır. Bu belədir. Bunsuz səmimiyyət də yoxdur. İnsan yaşamadığı hissləri oxucusuna izah etməyə çalışsa, eybəcər bir uğursuzluqdan yaxa qurtara bilməz. Yazarlar da, Camal da bunu bilir. Oxucular yəqin ki, onun jurnalist Cəmil obrazını xatırlayır. Bəli, bu Camalın özüdür-halal zəhmətə münasibəti, insana sevgisi, bəşəri dəyərlərə bağlılığı ilə.

Xalqımızın istedadlı yazarı yazıb-yaratmaqla məşğuldur. Məsələ nə qədər yazmaqda deyil, necə yazmaqdadır. Onun yaradıcılığında elə obrazlarla və münasibətlərlə qarşılaşmaq olur ki, insan ən təbii hisslərlə hadisələrin axarına düşür. Bu mövzunun Camal yozumu insanın içini rahatladır. Bizim cəmiyyətin ən yaralı problemlərinə toxunan müəllif oxucusunu diskussiyaya cəlb edir, əlindən tutub aparır, onu taleyin ixtiyarına buraxır. Yerində mən olsaydım, belə edərdim ismarıcını verərək yol göstərməyə, qəhrəmanının dili ilə insana yardımçı olmağa çalışır. Uca peyğəmbərimizin (ə.s.ə.) bir kəlamı var: "Camalı gözəl olanın kamalı da gözəl olur." Bu fikirlə tam şərikəm. Bu fikri tam mənası ilə Camala aid edirəm. Hər dəfə onun üzünə baxdıqda eyni fikir yenidən ağlımdan keçir. Onu son vaxtlar ən çox narahat edən problemlərdən biri və ən önəmlisi qadın problemidir. O, bütün möminliyi ilə qadını "ana-ilahə" görmək istəyir. Allahın gözəl, nəcib, yaradan bir varlıq olaraq yaratdığı qadının problemlərinə Camalın münasibəti, ona kömək etməyə çalışması mənim yadıma mərhum şairimiz Rafiq Atəşin bir bənd şeirini saldı:

 

Rafiqəm işim yox şöhrətdə, şanda,

Yazıram hələ ki, həvəs var canda.

Özüm olmayanda bir gün cahanda,

Nəyim qalacaqdır işimdən başqa.

 

Yuxarıdakı fikrimə bir daha qayıdaraq demək istəyirəm ki, C.Zeynaloğlu cəmiyyətin ağrı-acısına laqeyd qala bilməyən vətəndaş-jurnalist, vicdanlı yazardır. Bütün yaradıcılıq fəaliyyəti bərabər Camal özü bir obrazdır. Öz həyatını yaşayan, cəmiyyətin sıravi üzvü, gözəl ailə başçısı olan Camal. Ata kimi, vətəndaş kimi, ziyalı kimi... Müxtəlif dillərdə danışan, müxtəlif ədəbiyyatların sintezini özündə birləşdirən, lakin daxili mənini həmişə qoruyub saxlayan, hətta, imkan daxilində pünhan saxlayan, Allahına Vətəninə çox sadiq olan Camal Zeynaloğlu. Mən onu belə tanıdım, belə sevdim.

Etibarlı dostum və qardaşım Camal Zeynaloğluna bundan sonra da yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Ədalət.- 2015.- 8 iyul.- S. 4.