"SAAT SƏSİ"

 

Əlirza Həsrətin könül pıçıltıları

 

Mən Əlirza müəllimi həyatda cəmi bir neçə dəfə üzbəüz görmüşəm, qarşılaşıb hal-xoş etmişik. Amma onun özündən çox-çox öncə şeirlərini tanımışam. Dövrü mətbuatda, ekranda, efirdə həmkarımın bir-birindən maraqlı, ürəyəyatımlı misralarını dinləmişəm. Hər dəfə də mənə elə gəlib ki, Əlirza Həsrət sözü zaman, vaxta görə o qədər dəqiq ölçüb-biçir ki, sanki saatın mexanizmlərini işə salmağa hazırlaşır. İstəyir ki, hər şey zamanda səsləşin, hər söz, hər misra zamanın səsinə səs verə bilsin...

Bir neçə həftə bundan öncə nəşriyyatın poçtundan ünvanıma bir məktub gəldiyini söylədilər və onu da vurğuladılar ki, məktub birbaşa mənim özümədi, redaksiyaya deyil. Ona görə də adət etdiyim oxucu məktublarından fərqli olaraq bu məktubla tanış olmaq marağım, həvəsim artdı. Sonra o məktubu mənə çatdırdılar. "Ədalət"ə gələn məktubları qeydə alan çox hörmətli Gülər xanım qalın bir məktubu stolumun üstünə qoyub dedi:

- Əbülfət müəllim, bu şəxsən sizə çatacaq.

Məktubu aldım, açdım və üz qabığı çox nəfis şəkildə işlənmiş bir kitabı, yəni "Saat səsi"ni açıb öncə sağa-sola vərəqlədim. Düzünü deyim ki, avtoqraf axtarırdım. Amma Əlirza Həsrət bu kitabına bir vergüllükolsa avtoqraf yazmamışdı. Görünür, bu da onun bir üslubudu. Mən də elə həmin üsluba rəğmən xoşuma gələn kitablar barəsində nöqtə-vergülü yerində olan yazılar yazıram. Bu kitab da həmin siyahıda olduğu elə ilk şeirlərdən mənə özünü tanıtdı, özünü təqdim etdi. Və mən də "Saat səsi"ni artıq bir oxucu kimi mutaliə etməyə başladım.

Oxuculara xatırladım ki, kitab "Adiloğlu" nəşriyyatında Vaqif Yusiflininprofessor İsa Qayacanın yazdıqları qısa, amma məzmunlu təqdimatlarla işıq üzü görüb. Və kitabdakı bütün şeirlər də sanki bir muncuq kimi ardıcıllıqla düzülüb. Adətən kitablarda mövzulara görə fəsillər olur, bölmələr ayrılır. Amma bu kitabda şeirlər bir-birini həm tamamlayır, həm də davam etdirir. Ona görə də müəllif bu kitabda oxucunun hansısa konkret bölüm qarşısında qoymayıb. Sadəcə, pıçıltılarına Vətənlə başlayıb ürəklə başa çatdırıbdı. Yəni:

 

Bir ayrılıq çeşməsidir,

Gözümdəki su qürbətdə.

Əcəb Vətən dadı verir,

Gördüyüm yuxu qürbətdə.

 

Bu, Vətənlə başlayan şeirin ilk bəndidi. Ondan sonra şair həm vətənin, həm onun təbiətinin, coğrafiyasının, adamlarının bir silsiləsini yaradır, onların hər biri barəsində ürəyindəki ən həzin duyğunu, istəyi pıçıltı şəklində misraya, sözə çevirir və yazır:

 

Sənə açım qəlbimi,

Ürəyində sirr elə.

Gözlərimi dilə tut,

Yaxanda əsir elə.

 

yaxud:

 

Arazın suyu dərin,

Gəl içək, sərin-sərin.

Ürəyim sevənlərin,

Qoy olsun sülhün yeri.

 

yaxud:

 

Bir ocaq qalayfb dost sevgisindən,

Ürək isidirəm xeyirdə, şərdə.

Girmişəm qoluna uşaqlığımın,

Dost yeri tutmağa xatirələrdə.

 

Bəli, sizlərə müəyyən bəndləri təqdim etdiyim bu şeirlərin adı, ifadə etdiyi məna məram fərqli olsa da, bunların hamısının mayası şairin ürəyidi, onun ürəyinin hərarətidi, ürəyinin ifadəsidi. Ona görə bu şeirləri bir-birindən ayırmaq heç asan deyil. Öncədən dediyim kimi daha çox pıçıltıların bir-birinə qoşulub həzin nəğməyə çevrilməsidi. oxucu da həmin pıçıltıların ona çalındığı laylay olduğuna, onun ruhuna səslənən şeh olduğuna zənnimcə çox rahatlıqla inanır həm bu inama könüllü şəkildə özünü təslim edir. Təsəvvür edin ki, biz oxucuları bu cür ustalıqla ələ alan şair özü həmin duyğuların girovuna çevrilir bunu da etiraf etmək zorunda qalır. Yazır ki:

 

Açıb pəncərəmi qar işığına,

Ahını üstünə çəkdim evimin.

Başımı aldadıb xatirələrlə-

Son varaq yerini öpdüm təqvimin.

 

yaxud:

 

Məni sevdiklərim adam elədi,

Yalan söyləməz ki, dilim bu yaşda.

Bu yolun hər başı divanəlikdi,

Sevməyə nə var ki, gülüm, bu yaşda.

 

Bir-birindən maraqlı, necə deyərlər, həm təsvir, həm də tərənnüm üzərində səslənən bu pıçıltılar şəxsən bir oxucu kimi mənim gözlərim önündə danışan rəsmlərin kinolenti kimi gəlib keçir. Elə bilirəm ki, şeirin qəhrəmanları özləri mənimlə danışırlar. Çünki:

 

Qayığ gözlərimdə gecələməyə,

Gözümdə yolların itən hayı var.

Qayıt, üzünə tut tənhalığını,

Görsünlər ruhunun bədən payı var.

 

yaxud:

 

Pöhrəsidir hər ahın, bu koğuşun,

Bu koğuş da olsun sənin ağuşun.

Xoş halına bizi tutan yağışın,

Üstümüzdə buludlardan çətir var.

 

yaxud:

 

Ürəyimə düşən sevda

Elə bil ada yeridir.

Gözlərini çəkən ola-

Düşəsən, oda, yeridir.

 

Ayrılığa qəm elçisi,

Yox qədəri, yox ölçüsü.

Gözlərim həsrət yolçusu,

Ürəyim vida yeridir.

Bu nə kələf, budüyün

Ürəkdi qəmə hördüyüm.

Gözümün üstə yer verdiyim,

Düşüb piyada yeridi...

 

Bəli, mən Əlirza Həsrətin "Saat səsi" kitabını bir pıçıltı kimi dinlədim və o pıçıltıların altında müəyyən duyğularla qol-boyun qaldım. Elə bildim ki, bu pıçıltıların hardasa mənim ürək səsimlə dostluğu, qohumluğu da var. Ona görə mənə bu qədər doğma gəlir. Təbii ki, söz adamları ruhən doğmadılar, bunu hər kəs bilir. Mən də bildiyimin təkrar şahidinə çevrildim. Ona görə də Əlirza Həsrətə, yəni "Saat səsi"nin müəllifinə adıma göndərdiyi kitaba görə təşəkkürümü bildirirona yeni uğurlar arzu edirəm.

Və nəhayət, bu əlboyda yazının sonunda bir cümləmə, bir fikrimə qayıdıram. Öncə xatırlatmışdım ki, kitab Vətənlə başlayıb ürəklə tamamlanır. Deməli, Vətənlə bağlı pıçıltıdan sizə də bir balaca işarə vura bilmişdim. İndi növbə kitabın tamamlandığı, daha doğrusu, şeirlərin vətəndən ürəyə gəlib ürəkdə bitdiyi yerindi. Yəni:

 

Sanki el-obası köçüb getmiş diyaram,

Gəl tut ovuclarını, qürbət damır bu yaram,

Yaşanmış günlərimə karvanbaşı zəvvaram-

Ürək nəzir qoymağa sən də pirimsən elə.

 

Bəli, diqqətli oxucular, xüsusilə təzə ruhu pıçıltılar dinləmək istəyənlər yəqin ki, "Saat səsi"ni axtarıb arayacaqlar.

 

Ədalət.-2015.-17 iyun.-S.6.