"GÖYDƏN GƏLƏN BİR İŞIĞAM"

 

Akif Amal Qubadlıda dünyaya göz açıb. Tibb İnstitutunu bitirib və neçə ildir Sumqayıtda həkim işləyir. Şeir yazmağa səksəninci illərdə başlasa da, doxsanıncı illərdən mətbuatda imzasını tanıdıb. İndiyə kimi altı şeir kitabı çap olunub. Ancaq həmişə "gizlənib", ifrat təvazökarlığı  üzündən illər boyu üzə çıxmayıb, şeirləri barədə də bir kimsə söz deməyib. Deyir ki, Yazıçılar Birliyinə sənədlərimi təqdim etdim, xəbər çıxmadı. Amma bu yaxınlarda Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün yenidən sənədlərini təqdim edəndə ona dedilər ki, sən 2006-cı ildən üzvlüyə qəbul olunmusan. Niyə xəbərin olmayıb? Niyə gəlib biletini almamısan?

 Bax, buna nə deyəsən? Vaxtilə, doxsanıncı illərin əvvəllərində "Azərbaycan" jurnalında, "Ulduz"da onun şeirləri dərc edilmişdi, poeziyaya istedadlı bir gəncin gəlişini xəbər verirdi bu şeirlər. Sonra şeir kitabları da çıxdı, amma bundan çoxları xəbər tutmadı. Kimdir günahkar? O və həm də  Biz!

Akif Amalın nəşriyyata təqdim etdiyi şeirlərini əlyazması halında oxudum və bu yazını da isti-isti qələmə aldım...

  

Göydən gələn bir zamanam-

Yaşayıram an yerinə.

Arzu dolu asimanam-

Açılıram dan yerinə.

 

Göndərildim işıq kimi,

Doğuldum bir uşaq kimi.

Mən gəlmişdim aşiq kimi-

Görünürəm can yerinə.

 

İnsan gəlir dünyaya. Onun gəlişi adi bioloji, fizioloji hadisə olmayıb, daha çox Allahın (Xaliqin) sonsuz qüdrətinin təzahürüdür. Xaliqlə məxluq əslində mütləq bir vəhdət, bölünməz bir bütövlük təşkil edirlər. Allah insanı ona görə yaradır ki, öz gücünü bəyan etsin, öz idrakını sınağa çəksin.

İnsan gəlir dünyaya. Onun bu dünyaya gəlişi Zamanın Anda reallaşması, Anın Zamana qovuşmasıdır. O, işıq kimi gəlir. İşıq fəlsəfəsi Zərdüştdən, Xeyrin Şər üzərində əbədi mübarizəsindən yaranıb. Diqqət edin-İşıq sözü Aşiq sözü ilə həmqafiyədir. Aşiqlər də işığa bənzəyirlər. Məcnun öz zəmanəsində mənəvi zülməti işığa qərq etmək istəyirdi, onu məhz bu işıqlı idealları üçün yaşadığı mühit, orta əsr zehniyyəti səhralara çaldı. Prometey işığı allahlardan oğurlayıb insanlara payladığı üçün Qaf dağında çarmıxa çəkildi. Dünyanın ən işıqlı insanlarıdır Aşiqlər.

 

Yer şumladım, taxıl əkdim,

Çiçək dərdim, çələng bükdüm.

Ulu sözdən şirə çəkdim-

Yığdım qəlbə, - şan yerinə.

 

Dünyaya gəldi insan. Yer şumlamağa, taxıl əkməyə, çiçək dərməyə, sevməyə, sevilməyə, nəsil yaratmağa. Sözlərdən şirə çəkməyə. "Bu xəlvət pərdəsini açan zaman əlbəəl, Söz oldu bu cahanda cilvələnən ilk gözəl" (Nizami). Allahın "Kon" ("Ol") kəlməsindən yarandı dünya, insan, söz. Söz insanın başqa canlılardan fərqidir. Sözü Allah mənziləsinə ucaldan, onu insan qəlbinin ahənginə, musiqisinə çevirən isə şairlərdir. "Səfin önü, arxası o zaman ki, düzəldi, Əvvəlcə peyğəmbərlər, sonra şairlər gəldi" (Nizami).

 

Keçdim ömrün parasından,

Ayrıldım can sırasından.

Ulduzların arasından

Ruhum baxdı Dan yerinə.

 

Zərrəyəm-ərzi saracam,

İşığam-zülmət yaracam.

Bir ovuc haqqam-vuracam-

Ürəklərdə qan yerinə.

 

Dünyaya gəldi insan. Sufi təliminə görə, İnsan bütün ömrü boyu Allaha doğru yol gedir. Dörd mərhələdən keçir: şəriət, təriqət, mərifət və həqiqət mərhələlərindən. "İnsan şəriət dövründə mehr və pəhriz məqamlarını bilməli, halal və haram hüdudlarını ayırmalı, ikinci mərhələdə aydın təriqət tutmalı, mərifət mərhələsində Allahı dərk və qəbul etmək dərəcəsində kamilləşməli, nəhayət, həqiqət mənzilinə yetib haqqa qovuşmalıdır" (Ədəbiyyatşünas Sabir Əliyev).

Əsil insan özünün "bir ovuc haqq" olduğunu dərk edir və o, haqq yolunun yolçusu olur.  Və nəhayət:

 

Akif, ömrün son anında,

Nə yazılıb, - zamanında,

Ulu Tanrının yanında -

Duracam bir Xan yerinə.

 

Misal gətirdiyim və mümkün qədər izah etməyə çalışdığım bu şeir sufi ləfzinə uyğun gələn bir şeirdir.

Onun müəllifi Akif Amaldır.

Akif sufi düşüncəli bir şairdir və sözümü isbata yetirmək üçün onun eyni ruhda başqa bir şeirindən misal gətirmək istəyirəm:

 

Çəkdiyim eşq-dərdim, - haqdı,

Hər vaxt dərdi dərdim, - haqdı,

Ən ucada göpdüm Haqqı -

Uca tutdu bir söz məni.

 

Tanı bir az büküb göyə,

Qismətimi yazıb deyə,

Göz açandan üzü göyə

Çəkir bir əl, bir göz məni.

 

Əməllərim-ömrün barı,

Aydan arı, sudan duru...

Doğulandan Haqqa sarı

Aparır yol, bir iz məni.

 

Akif, haqqın dur izində,

Ucal Tanrının gözündə...

Güldürəcək göy üzündə

Açıq alın, üz məni.

 

Akif Amalın şeirlərində İnsanın bu dünyada Haqqa, Tanrı dərgahına qovuşmaq istəyi, bu istəyin, bu ali məram uğrunda çırpıntıları əks olunur - hər halda oxuduğum şeirlərdən gəldiyim ümumi nəticə budur. Amma bu, İnsanı, onun həyat, ölüm, varlıq, Vətən və sevgi haqqında düşüncələri ilə heç də ziddiyyət təşkil eləmir.

Onun təsvir etdiyi İnsan - lirik qəhrəman - şair Akif Amal dünyanı yetərincə dərk etməyə çalışır və özünəməxsus duyğu və düşüncələri ilə diqqəti cəlb edir. İlk baxışda onun bu düşüncələri arxaik təsir bağışlayır, axı, həyat, ölüm, varlıq, insan və zaman haqqında olan həqiqətlər orta əsrlərdən üzü bəri ustad şairlərimizin poeziyasında səslənib. Amma bu, zahiri aldanışdır. Akif Amal bu günün, çağdaş dünyamızın mənzərəsindən həmin məlum həqiqətlərə yenidən qayıdır və təbii ki, YENİ SÖZ deməyə çalışır. Axı, dünya dəyişib və əbədi meyarlar da dəyişilir, yeniləşir. Özü də bu dəyişmələr hamımızın gözləri qarşısında baş verir:

  

Əyri düzü ta sındırır,

Yalan doğrunu yandırır,

Qanmaz qananı qandırır,

Dünyanın üzü dəyişib.

 

Köhnə yazılar pozulur,

Hər şey tərsinə yazılır,

Yeni planlar cızılır,

Tarixin izi dəyişib.

 

Yer üstündən yellə axan,

Qara buludlarla yağan,

Ulduzla boylanıb baxan

Göylərin gözü dəyişib.

 

Akifin şeirlərində bu günün düşünən, həyatın, gerçəkliyin təzadları qarşısında səsini, səbrini içinə salmayıb etirazçı bir mövqedə dayanan bir fərdin duyğu və düşüncələri əks olunur. Oxuyursan bu şeirləri, razılaşdığın məqamlar da olur, razılaşmadığın da. Deyir ki:

 

Mənə dəli kimi baxma, qardaşım,

Hər kəs elə bir cür pünha, dəlidir.

Yoxdur dərd duyanım, bir qəm sirdaşım,

Saxta təbəssümlü dövran dəlidir.

Dəyişən dövranlar, çərxi-fələkdir,

Akif tək zərrələr, dalğa, küləklər...

Şeytanlar, iblislər, huri-mələklər-

Allahdan aşağı hər yan dəlidir!

 

Təbii ki, hər bir fərdin dövr və zəmanə haqqında öz müstəqil fikri ola bilər və Akifin də belə düşünməyi onun öz içindən gəlir. O istəyir ki, Yaradanın yeri bilinsin, insanlar haqq yolunun yolçuları olsunlar. "Min il ötüb keçib, - sanki keçib an, Nə məslək dəyişib, nə din, nə iman... Dövran o dövrandı, zaman o zaman". Təbii ki, bu misralar da eyni əhval-ruhiyyəni ifadə edir. Bu nöqtədə Akiflə razılaşmayaq. Doğrudur, onun "Nə xəbər" şeirində böyük Nizamidən gələn "Dünyaya zülm edən padşahlar hanı" kəlamından doğan bir həqiqət var, amma zamanın, dövranın dəyişmədiyini "Ac elə ac qalıb, toxdan nə xəbər?" arxaik "modelinə" sığışdırmaq doğrumu? Zamanı da, dövranı da tənqid etmək olar, bu günün - XXI əsr - qloballaşan dünyanın təzadlarına münasibət prizmasından... Amma mən Akifin dövran və zəmanə haqqında şəxsi, subyektiv düşüncələrinə hörmətlə yanaşıram, bunu müstəqillik dövrü şairinin fərdi düşüncəsi hesab edirəm.

Akif Amalın şeirlərində Tarix və Müasirlik, dünən və bu gün bir-birindən ayrılmazdır. O, tarixə keçmiş kimi baxmır. Tarix təkcə yaşanılan, ötüb-keçən zaman deyil, tarix hər zamanda yenidən doğulan ibrət dərsidir. Tarixə bax, özünü, mənliyini, xalqını, millətini dərk elə. Akif Amalın "O daş bizi bağışlasın" adlı poeması var və bu poema DAŞ təkcə simvol, rəmz olaraq qalmır, Vətən tarixini səhifə-səhifə bizə oxudur. Bütün təzadları ilə.

 

Ulu Füzulinin

Dərdə dirsəklənən

Dünyəvi qəzəlləri

Qürbətdən çığırır.

Babəkin

Qırılmıqş qolları

Qəzəblə qalxır.

Türkün bir vaxt

Cahana sığmayan oğulları

İndi çöllərdə qurulan

Cırıq çadırlara sığır...

 

Bu şeir keçən əsrin doxsanıncı illərində qələmə alınıb. Səbr və dözümün, hiddət və qəzəbin sırası isə tükənmir, ona görə də: "Cənab Ali Baş Komandan! Siz bu gün, ən geci bu gecə müharibə əmrinə imza atsanız - əlinizdən öpərik. Biz O Əmrlə ən müasir silahların, tankların, topların keçə bilməyəcəyi səddə, sipərə dönərik".

Akif Amalın şeirləri təkcə mövzuya, toxunduğu mətləbə aydın, səlis münasibəti ilə deyil, həm də forma, şeir texnikası baxımından da diqqəti cəlb edir. O, sözün poetik rənglərini, çalarlarını yaxşı duyur, şeirdə artıq söz ifratçılığına, döyənək olmuş təşbihlərə, bədii təyinlərə müraciət eləmir. Hər şeirində sözün yeni, indiyəcən işlənməmiş xam qatına üz tutur. Məsələn, "Qərib bir qayıq"da sevdilinin obrazını belə yaradır: "Sən - Uca, çox uca göylərin ənginliyində, sonsuz dərinliyində asılıb qalmış Dan ulduzusan". Amma parıltılı və soyuq. Xəyala dalmış bir şairin şirin arzusu. Ləpələrin ağuşunda  yelkənsiz üzən qərib bir qayıq. Və orda-şahə qalxan dalğaların qoynunda tənha çarpışan bir şairin vüsala köklənmiş ümidi, gümanı. Qırıq... qırıq... Şeirdə bu könüllərin uzaqlığı, vüsala köklənmiş ümidin qırıqlığı baş tutmayacaq bir sevginin səssiz fəryadı kimi mənalanır.

Sevgini yaşanılan, duyulan hiss kimi qələmə alır. Payız ömrünə bir gecikmiş bahar sevgisi gələ bilər. Amma gecdir.

 

Sən payız ömrümə gecikmiş bahar-

Bir solğun çiçək də gətirməmisən.

Könlüm bir eşq üçün etsə də qubar

Qəlbimdə qərənfil bitirməmisən.

 

Oxuduğum şeirləri içərisində Akifin xalq poeziyasına, aşıq şeirinə vurğunluğunun da şahidi oldum. Şeir dilində kələkötürlüyün, yanlışlığın izinə rast gəlmədim. Müasir qoşma mədəniyyətinə, heca şeirinin yaşarı ənənələrinə yaxşı bələddir. Sərbəst şeirdə də "avazı" yaxşı gəlir.

Daha nə yazım? Uğurlar...

 

Ədalət.-2015.-17 mart.-S.7.