Təklik mənim üçün əzabdı...

 

Bu günkü müsahibim "Gəlinlər, "Toy, "Miras seriallarından tanıdığımız sevilən aktrisa Xuraman Əlizadədi.

-Xuraman xanım, çox şən insansınız. Və bunu tamaşaçıya, həmsöhbətinizə ötürmək qabiliyyətiniz güclüdü. Bu pozitivlik bir görüntüdü, ya elə xasiyyətiniz belədi?

-Əslində uşaq vaxtı mən çox sakit olmuşam. Hətta baxçada, məktəbdə uşaqlar məni döyürdülər. Lakin sonralar, bu sənətə başlayanda, teatra gələndə gördüm ki, yox artıq dəyişmək lazımdır. Həm də ki, insanlara müsbət enerji ötürməyin vacib olmasını anladım. Çünki istər istəməz insanlar səhnədən, efirdən səni izləyirlər və onlar mənfi enerji arzulamırlar. Gülərüz sima görməyəndə kanalı dəyişirlər.

Amma içimdə hər zaman çılğınlıq, enerji çox olub. Sadəcə olaraq bunu insanlara çatdıra biməmişəm. Bu da komplekslərimlə bağlı olub. İndi də bəzən həmin komplekslərdən əziyyət çəkirəm.

Əvvəllər ruhi vəziyyətim çox bərbad olurdu. Hətta soyuq fəsillərin gəlişi məndə depressiya yaradırdı. Həftələrlə özümə qapanırdım. Elə bilirdim ki, payız, qış mənə ölüm gətirəcək.

-Bəlkə o vaxtlar həyatınızda müəyyən boşluqlar olub?

-Vallah, elə o zaman olan boşluqlar indi var (gülür). İnanın ki, indi mənim yerimdə olmaq istəyən xeyli adam var. Düzdü villalarda yaşamıram, bahalı avtomobillər sürmürəm. Amma vəziyyətim allaha şükür ki, pis deyil. Məclislərə gedirəm, ordan qazandığım pula həmişə şükür edirəm. İş həyatım da qaydasındadı. Hal-hazırda Atv kanalında yayımlanan "Miras serialına çəkilirəm. Bildiyim qədəri ilə reytinqli serialdı. Amma şəxsi həyatımdakı o dediyiniz boşluqlar hələ var.

-Ümumiyyətlə sizi bəxti gətirən, naxışlı altrisa hesab etmək olar?

-Əlbəttə. Mən bayaq da qeyd etdim. Yerimdə bir çoxları olmaq istəyərdi. Bəlkə elə buna görə çoxları məni vurmaq, müxtəlif yollarla mənə qanqaraçılıq gətirmək istəyirlər. Özü bu bir vaxtlar mənə yaxın olan adamların əli ilə olur. Amma mən allaha həmişə inanan adam olmuşam. Məni allah qoruyur.

Bir məqamı xüsusi vurğulamaq istərdim. İllər əvvəl bu qədər tanınmırdım. Amma "SOY kompaniyasının rəhbərliyi Oqtay Əliyev, Siyavuş Hüseynli məni həmişə reklamlara dəvət edirdilər qonararımı da artıqlaması ilə ödəyirdilər. Yəni bu gün çəkildiyim serialdan heç bir qonarar almasam belə onların bir zəngi kifayət edrdi ki, gəlib bu seriala heç bir zəhmət haqq olmadan çəkilim. Nədənsə onlara heç vaxt təşəkkür edə bilməmişəm. İçimdə etmişəm bunu. Amma indi qəzetiniz vasitəsi ilə Oqtay Əliyevə, Dilarə Əliyevaya, Siyavuş Hüseynliyə təşəkkür edirəm. Mənim tanınmağımda onların zəhməti çox olub.

-Bildiyimə görə on il Gənc Tamaşaçılar Teatrında işləmisiniz. İndi isə teatrdan ayrılmısınız. Teatrdan uzaqlaşmağınıza səbəb oldu?

-İstərdim bir az əvvələ qayıdım. Mənim valideynlərimin hər ikisi incəsənət adamı olublar. Atam da, anam da Aztv kanalında uzun müddət işləyiblər. Atam rəssam olub. O, Rusiyada kino sahəsi üzrə təhsil alıb. Bizim evimizdə həmişə kino lentlər olurdu. Hətta onun dəmir qablarını anam sonradan təmizləyib içərisində piroq bişirərdi. Yəni incəsənətlə təmasda olan ailədə böyümüşəm. Sonralar anam məndə teatra olan həvəsi görüb gətirdi məni Loğman Kərimovun yanına. Bir il teatrda ştatdan kənar işlədim heç bir məvacib almadım. Daha sonra ştata qəbul olundum. O vaxtlar teatrın rəhbəri rəhmətlik Kamal Əzizov idi. Üç dəfə şəxsi həyatımla bağlı mən teatra girib, çıxmışam. Hər dəfəsində o, məni anlayışla qarşılayırdı. 1998-ci ildən 2008-ci ilə qədər mən orda işlədim. Sonra rəhbərlik dəyişdi. Mənim kanallarda verlişlərim başladı, işlərim çoxaldı. Yeni rəhbərlik isə məndən ya teatrı, ya da efiri seçməyimi istədi. Baxmayaraq ki, mən hər iki işimi çatdıra bilirdim. Teatrın məşqlərinə tamaşalarıma da vaxtlı-vaxtında gəlirdim. Lakin bir gün müdriyyət mənə kəskin şəkildə bildirdi ki, efirdə görsənirəmsə, teatrdan uzaqlaşım. Mən öz xahişimlə ərizə yazıb işdən çıxmalı oldum.

-Rollarınız çox olurdu?

-Bəli olurdu. O vaxt xeyli tamaşalarda rol almışam. Bir az fakturama görə təbii ki, seçim olurdu. Amma mən dolubədənli adam olsam da istər səhnədə, istər efirdə çox plastik aktrisayam. O vaxtı "Nənəmin kələyi tamaşasına məni təsdiq edəndə mənim nənəmi ifa edəcək aktrisa Firəngiz Şərifova etiraz edir ki, mənə həmin rol verilməsin. Səbəb olaraq da mənim kök olduğumu rolumun öhdəsindən gələ bilməyəcəyimi göstərir. Sonra tamaşaya teatr daxili baxış olanda Firəngiz xanım tamaşadan sonra məni öpüb dedi: "sən köksən, ancaq şirinsən. Etiraz etməsini o, özü mənə danışmışdı.

-İndi teatr üçün darıxırsınız?

-Əlbəttə darıxıram. Çünki mən ilk dəfə ordan bu sənətə başlamışam. Teatra gələndə on səkkiz yaşım vardı. Bilirsinizmi, teatrda işlədiyim vaxt bir çox aktyorların işdən çıxmarılmasına qarşı çıxmışam. Aktyorlarımızdan imza toplayıb aparıb müdiriyyətin qarşısına qoymuşam ki, kollektiv bu aktyorun işdən çıxarılmasını istəmir. Dəfələrlə olub belə hal. Ancaq təəssüüf ki, mən işdən çıxan zaman heç kim məni müdafiə etmədi. Demədilər ki, axı bu aktrisa teatrın işlərini vaxtlı-vaxtında çatdırır, niyə ona qarşı belə davranırsınız? Hətta teatrdan çıxandan sonra mən öz cibimdən bilet alıb teatrın tamaşalarına getmişəm. Və həmin bileti də məndən qəbul ediblər. Heç kim deməyib ki, axı sən buranın aktrisası olmusan...

Bu baxımdan sonradan başqa teatrlara da üz tutmadım. Gənc Tamaşaçılar teatrı gözümü qorxutdu.

-Ailə həyatı haqqında düşünürsünüz?

-Bizim işimizlə ailə həyatı bir az alınmır. Düzdü, halal zəhmətlə, min bir əziyyətlə öz çörəyimizi qazanırıq. Amma edək ki, aktrisalıq peşəsi ilə ailə həyatı düz gəlmir. Ancaq mən ailəyə bağlı insanam. Çox istərdim ailəm, uşaqlarım olsun. Əgər ürəyim istəyən, arzuladığım bir insanla rastlaşsam, heç bir tərəddüd etmədən efirdən uzaqlaşıb ailəyə bağlanardım. Bəlkə indi belə deyirəm, sonra çətin olar. Çünki aktrisalıq elə bir sahədi ki, ona başladınsa, bitirmək qeyri mümkündü, çətindir... Hər halda ailəni çox sevirəm. Həm mənə elə gəlir ki, mən sənət ailə arasındakı işlərimi nizamlamağı bacararam. bilim qismət, tale bu kimi məsələlərdə önəmlidi...

-Xuraman xanım, hansı fikir sizi daima narahat edir?

-Təklikdən çox qorxuram. Tənha qalacağım fikri məni belə deyək məhv edir. Heç vaxt tək qala bilmirəm. yəqin ki, bundan sonra da bacarmaram. Evdə ata anamla birgə yaşayıram. Bayırda da daima ətrafımda ən yaxın adamlarım olur. Yəni təklik mənim üçün əməlli başlı əzabdı. Hətta bəzən fikirləşirəm ki, qırx beş, əlli yaşdan sonra ailə həyatım, uşaqlarım olmasa, ərizə yazıb qocalar evinə gedərəm. Çünki xarici ölkələrdən fərqli olaraq bizdə yaşlı aktyorlardan istifadə olunmur. Fikirləşirəm ki, o yaşdan sonra kim məni dəvət edəcək ki, gəl filan filmə ya seriala çəkil.

"Miras serialına necə oldu çəkilməyiniz?

Bu serialdakı Sayalı roluna məni Dilarə Əliyeva dəvət elədi. Dedi ki, kəndçi qadın obrazı var. Mən təbii ki, razılaşdım. Bir az ləhcəmlə bağlı tərəddüd etdim ki, ola bilər süni alnsın. Çünki mən bakılıyam, obrazdakı qadın isə rayondan gəlib. Amma sonra heç bir narahtlıq yaranmadı. Aktyor ansamblından da razıyam. Çox qiymətli insanlardılar. Telman Əliyev, Şövqü Hüseynov, Vüsal Murtuzəliyev təbii ki, Şüküfə xanımla tərəf müqabili olmaq olduqca xoşdur. Çəkilişdən həqiqətən də ləzzət alıram.

Samirə Əşrəf

Ədalət.-2015.-8 may.-S.8.