Süleyman Zeynalov: Mən vətənimə bağlı müğənniyəm

 

"İndiki müğənnilər oxuyur, amma mən yaradıram. O mahnı ki, mənim səsimə uyğun gəlir, daxili dünyamı əks etdirir onu oxumağa çalışmışam bu fikirləri resbublikanın Əməkdar artisti, tanınmış müğənni Süleyman Zeynalov "Ədalət qəzetinə müsahibəsində deyib.

Süleyman Zeynalov - 1976-cı ildə Dövlət İncəsənət Universitetinin və Bakı Asəf Zeynallı adına Musiqi Kollecinin "Vokal şöbəsini bitirib. 1978-ci ildən dövlət qastrol konsert birliyinin 20 ildən artıq solisti olub. Eyni zamanda əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu ansamblının, Xalq artisti Nəriman Əzimovun rəhbərlik etdiyi Səyid Rüstəmov adına "Xalq-Çalğı alətləri orkestrinin, dövlət televiziyasının nəzdində əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə uşaq xorunun solisti olub. Oktay Kazımovun "Büllur sarayda tamaşası üçün bəstəsini xalq artisti Amalya Pənahova ilə duet və xalq artisti Sevda İbrahimovanın "Kəndçi qızı tamaşasında iki bayatılar ifa edib. "Fəryad filmində erməni əsilli məşhur fransız müğənnisi Şarl Aznaur rolunu canlandırıb.

"Özümə qiymət istəyirəm

Necəsiniz, səhhətiniz necədir?

Müalicəmi davam etdirirəm. İranda müalicə olunuram. Ayaqlarımda problem vardı. Həkimlər düzgün diaqnoz qoymamışdılar. Dedilər əsəbdəndir. İndi daha yaxşıyam.

Tez-tez mətbuatda şikayət edirsiniz...

Bəli şikayət edirəm, çünki mən xalqımın musiqisi, səhnəsi üçün az fəaliyyət göstərməmişəm. İndi özümə qiymət istəyirəm. Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Mənə cəmi 500 manat pulla yardım etdilər. Bu qədər təqaüd yazdırırlar, heç olmasa mənə də mükafat versinlər... 144 manat təqaüd alıram, 64 manat isə əməkdar artist olduğum üçün. Mən bunları deməkdən əvvəllər utanardım, amma artıq utanmaqdan keçib. Mən demirəm ki, başqa müğənnilərə şərait yaradılmasın, əksinə cavanlara yol açılmalı, onlara imkan tanınmalıdır. Amma bu o demək deyil ki, əvvəlki müğənnilər yaddan çıxmalı, diqqətdən uzaq olmalıdırlar. Cavanlar da yekaxana olmasınlar.

Nəsillərarası problemlər həmişə olub və bundan sonra da güman ki, olacaq. Bu, bütün sahələrdə var...

Amma mən də cavan olmuşam. Heç vaxt özümdən qabaqkı müğənnilərə qarşı yekəxanalıq etməmişəm. Həmişə hörmətlərini saxlamışam. Bacardıqca onlardan öyrənməyə çalışmışam. Həmişə dünya şöhrətli sənətkarların içində olmuşam. O vaxt mərhum Sara Qədimova deyərdi ki, "cavanlar nə karadır ki, bizlə tən gələ. Ancaq biz bu sözə də bir öyüd kimi əməl etmişik. Məndə olan səs tembri, səs şirinliyi, zövq kimdə var? Təvazökarlıqdan uzaq olsa da, bunları deməliyəm.

Elə bəlkə də, siz də əvvəlki nəsil korifeyləri kimi səhnədə daha tələbkar olmalıydınız. Hər mənəm-mənəm deyən yeni müğənnilər üçün səhnə bu qədər boş buraxılmamalıydı?

Dediklərim bütün gənc müğənnilərə aid deyil. Elə gənc müğənnilər tanıyıram ki, çox ləyaqətli insanlardılar. Böyük-kiçik yeri bilirlər. Özlərindən əvvəlki nəslə hörmətlə yanaşırlar. Lakin bir qrup müğənnilər var ki, nə səsləri, nə də zövqləri var. Bununla belə çox yekəxanalıq edirlər. Danışanda deyirlər ki, mən 2-ci Şövkət Ələkbərovayam, İbrahim Tatlısəsəm. Düşünmürlər ki, bu iki ad Azərbaycan və Türkiyənin sənətinə qızıl hərflərlə yazılıb, istəsəniz də onlar ola bilməzsiniz. Yaxşı müğənninin öz dəsti-xətti olmalıdır. Mən Şövkət xanımla, Tükəzban xanımla, Əbülfət Əliyevlə işləmişəm. 40 ildir səhnədəyəm, yenə də bu korifeylərdən öyrənməyə hazıram. Onları özümə məktəb sayıram, amma bu o demək deyil ki, onları olduğu kimi təqlid etməliyəm. Mən ifa üçün hər mahnını götürmürəm. O mahnı ki, mənim səsimə uyğun gəlir, daxili dünyamı əks etdirir onu oxumağa çalışmışam. İndiki müğənnilər oxuyur, amma mən yaradıram. Bir mahnı üzərində aylarla məşq etdikdən sonra onu lentə yazdırıram. Adi oxumağı hər kəs, hətta evdar qadınlar da qab yuya-yuya zümzümə edirlər.

Bugünkü müğənnilərin artıq möhürünü qoymuş mahnılara sintez eləməsinə, improvizəsinə necə baxırsınız? Bunlara tələbat varmı, yoxsa klassik ifalar olduğu kimi qorunub oxunmalıdır?

İmprovizələr oluna bilər, amma savadlı şəkildə. Deyək ki, Şövkət Ələkbərovanın ifasına müraciət edirlər, amma bunu elə etməlidirlər ki, o cür korifein dəsti-xəttinə, onun adına xələl gəlməsin, onun ifa etdiyi, artıq möhürünü vurmuş mahnılar korlanmasın. Ümumiyyətlə, bəstəkarın musiqisi, şairin sözlərinə müdaxilə olunmamalıdır. Sadəcə, bir müğənni kimi ona çalar qatmaq olar. Məsələn, bir mahnını beş müğənni oxuya bilər; hərənin öz dəsti-xətti, öz səs tembri var. Amma improvizələr yerində olmalıdır. Artıq xalq arasında qəbul olunmuş, öz təsdiqini tapmış mahnılar korlanmamalıdır. Ona görə də bəzi tanınmış müğənnilər öz mahnılarının oxunmasına icazə vermirlər. Düz də edirlər, çünki mahnını korlayıb, gözdən salırlar. Mən indiyə kimi İlhamə Quliyevanın bir mahnısını oxumuşam: Faiq Sücəddinovun bəstələdiyi "Ayrılıq mahnısını. Onun da xeyir-duasını almışam. Ümumiyyətlə, İlhamə xanımla, Tükəzban xanımla istər ölkədaxili, istərsə də xarici qasrtollarda çox olmuşam. O vaxt bölgələrə çox səfər olunurdu, xüsusilə məhsul bayramlarında, zəhmətkeş insanlar üçün konsert proqramları təşkil olunurdu. Müğənnilər üçün, onların səslərinə uyğun gözəl musiqilər yazılardı...

"İndi tamaşaçılar pisə əl çalırlar

Dediyiniz kimi o vaxt səhnə sırf xalq üçün nəzərdə tutulurdu. İllərin sənətkarı kimi, bugünkü Azərbaycan səhnəsini, musiqi mənzərəsini necə qiymətləndirirsiniz?

Bu gün bütün sahələrdə inkişaf var. Bu inkişaf incəsənətdə də özünü göstərir, xüsusilə muğam sahəsində. Hamımız şahidiyik ki, milli muğam sənətimizə dövlət səviyyəsində necə qayğı göstərilir, Heydər Əliyev Fondu bu sahəni daim diqqətdə saxlayır. Amma estrada sahəsi üçün bunu deməzdim. Ələlxüsus da əvvəlki müğənnilər diqqətdən kənarda qalırlar. Olmazdımı ki, mənim kimi illərini səhnəyə vermiş sənətkarlara daha böyük qayğı göztərilsin?! 2006-cı ildə Əbülfəs Qarayevin təqdimatında mənə Əməkdar Artist adı verilib. Amma mən bunu əslində 20 il bundan öncə almalıydım. Bu gün yerindən duran, dünən səhnəyə gələn müğənnilər bu ada layiq görülüblər. Sual yarana bilər ki, axı bi müğənnilərin xalqa, səhnəyə xidməti nə olub? Axı fəxri ad bu xidmətlərə görə verilir! Nə olsun ki, gözəl oxuyanlar var, mən də çox yaxşı oxuyuram. Hər halda Gülarə Əliyeva məni "Dan ulduzuna boş yerə, nəyinsə xatirinə solist etməmişdi... 1990-cı ildə xalq artisti bəstəkar Tofiq Quliyev mənim haqqımda "Baku qəzetində "Duşevnost adlı məqalədə sənətimə böyük qiymət verdi. Onu da deyim ki, bu gün Azərbaycan tamaşaçısı ilə əvvəlki tamaşaçılar arasında da çox böyük fərq var. O vaxt tamaşaçılar çox diqqətli və tələbkar idilər. Amma indi tamaşaçılar pisə əl çalırlar. Bu, bir çox tamaşaçının səviyyəsizliyini göstərir.

 

 

Yəni deyirsiniz ki, tamaşaçının zövqü korlanıb?

Bəli. Bugünkü tamaşaçıya şou lazımdır, əsl incəsənət yox! Müğənni deyir ki, solo konsert verirəm. Əslində isə o, sponsor konserti verir. Biletlər də sponsorlar üçün satılır. Mən də vaxtilə solo konserlər vermişəm. Xədicə Abbasova ilə böyük səhnə paylaşmışam, bütün konsertlərimiz də anşlaqla keçib. O vaxt sponsorlar yox idi, amma konsert administratoru olurdu. Elə bir Azərbaycan ərazisi yoxdur ki, mən orda konsert verməyim. Mən vətənə, torpağıma, xalqıma bağlı müğənniyəm. Ən çox da əsgərlər üçün konsertlər vermişəm. Güllələrin altında qorxmadan səngərlərdə əsgərlərimiz üçün mahnılar oxumuşam.

Bu gün də səhnə fəaliyyətiniz davam edirmi?

Əlbəttə! Davamlı olaraq telekanallara çıxıram, mahnılarımı səsləndirirəm. Səsim də, özüm də formadayam. İctimai kanalda, ANS-də dəfələrlə çıxışlarım olub. Sadəcə, hər verilişə getmək istəmirəm. Bunu bəzən özündənrazılıq kimi qiymətləndirirlər. Amma belə deyil. Özümə, sənətimə hörmət qoyuram, çağırılan yerləri dəyərləndirirəm.

"Xalqın qəlbinə yol tapmağı bacarıram

Bu günün müğənnilərindən daha çox kimləri bəyənirsiniz?

Dediyim kimi bu gün yaxşı oxuyan müğənnilər var: xüsusilə Azər Zeynalovu, Azərini, Könül Kərimovanı çox bəyənirəm. Amma estrada sahəsində, lirik janrda oxuyan gəncləri görmürəm.

Gənc nəsil müğənnilərdə nələr sizi qane etmir?

Özlərindən yersiz razılıqları. Baxırsan ki, dərin səsi yox, xüsusi üslubu yox, amma gözləri özlərindən başqa heç kimi görmür. Çox yekəxanadırlar. Mənim oxumağım göz qabağındadır, buyurub dinləsinlər: səsimdə olan çalar, şirinlik hansı müğənnidə var? Özüm də böyük məktəb keçmişəm, bu gün də məni istər zövqlü tamaşaçılar olsun, istərsə də böyük sənətkarlar dəstəkləyirlər. Mən xalqın qəlbinə yol tapmağı bacarıram.

 

Şəfiqə Şəfa

Ədalət.-2015.-23 may.-S.12.