Azərbaycanlı yazıçı Türkiyədə tələbələrlə görüşdü

Noyabrın 28-də Türkiyənin İstanbul şəhərində yerləşən Mərmərə Universitetində azərbaycanlı yazıçı Əzimə Ağalarovanın türk tələbələrlə görüşü keçirilib.

 

Adalet.az-ın məlumatına görə, İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin müəllim və tələbə heyəti, o cümlədən İstanbulda yaşayan azərbaycanlılar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp bildirib ki, "Yıpranmış hayallerin peşinde adlı kitabı çap etməkdə məqsədləri Azərbaycan ədəbiyyatını Türkiyə oxucusuna tanıtmaq, ədəbiyyatımızın bilinməyən dərin qatları barədə vətəndaşları bilgiləndirməkdir: "Bu kitab dəmir pərdənin olduğu Sovet dönəmini əks etdirir. Yadımdadır, biz uşaq olanda əlimizlə qarşı tərəfi göstərib deyərdik ki, babalarımız oradan gəlib. Bu vaxt anamız bizi qorxudardı ki, bir də göstərməyin, şəklinizi çəkərlər. 1970-80-ci illərdən bəhs edirəm. Belə bir ortamdan Türkiyəyə gəlmək istəyən gənc bir qızı düşünün. Roman həmin bu qız barədədir... Bütün İslam aləminin Kəbəyə baxışı necədirsə, türk dünyasının da Türkiyəyə baxışı o cürdür. Mən bu romanda həmin o baxışı gördüm.

 

Daha sonra kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran və redaktorluğunu edən yazıçı Metin Yıldırım Sovet dönəmi haqqında fikirlərini bölüşdü: "Mən də sərhəd bölgəsində böyüdüyüm üçün o tikanlı məftilləri görmüşəm. Ona görə də Sovet Azərbaycanından bir qızın o cür rejimdə Türkiyəyə gəlməsi, burada başına gələnlər marağıma səbəb oldu. Kitabı əlinizdən buraxmayacağınıza əminəm. Belə bir kitabı Türkiyə oxucusuna qazandırdığına görə Əzimə xanıma təşəkkür edirəm.

 

Ardınca əsəri haqqında fikirlərini bildirən yazıçı Əzimə Ağalarova kitabı yazma səbəbindən danışıb: "İllərdir ürəyimdə yığılıb qalmış bir nisgilim vardı. Bu nisgili mütləq türk candaşlarımıza çatdırmaq istəyirdim. 1980-ci illərdə, mənim gənclik dövrümdə biz millət olaraq Türkiyəyə aşiq idik. Bu elə bir sevgi idi ki, onu izah etmək mümkünsüzdür. Mən bu əsərdə də tam izah etdiyimi düşünmürəm... Biz şənbə günləri bir qohumumuzun evinə yığılıb türk filmini izləyərdik. O vaxtlar çətin idi, hər evdə videomaqnitofon, kasetlər olmazdı. Bəzən çox bəsit ticari filmlər olardı. Amma oturub baxıb ağlayardıq. O dərəcədə aşiq idik. Kitabı oxuyanlar bilir ki, Suzan bir röya görür. Anasına deyir ki, mən cənnətdə idim yuxuda. Anası deyir ki, nə cənnət? Suzan deyir ki, cənnəti-Türkiyəni gördüm. Bu yuxunu mən özüm görmüşdüm... Mən Suzanın timsalında Azərbaycanlı qızın Türkiyəyə olan sevgisini göstərməyə çalışmışam. Bunu nə qədər bacarmışam, oxuyandan sonra siz qərar verəcəksiniz.

 

Sonra Düzce Universitetinin Beynəlxalq münasibətlərlər fakultəsinin müəllimi, İstanbul Azərbaycan Kültür Evinin İdarə Heyətinin üzvü Gökmen Kılıçoğlu, İAKE-nin başqan yardımçısı Hülya Ağasoy, rejissor, aktyor Elçin İmanov çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

 

Daha sonra oxucularla yazıçı arasında kitab və ədəbiyyat ətrafında müzakirə aparılıb, müəllif türk tələbələr üçün kitablarını imzalayıb.

 

Ədalət.-2016.-1 dekabr.-S.4.